Azərbaycan İslam iqtisadi əməkdaşlığına mühüm töhfə vermək iqtidarındadır

 

Prezident İlham Əliyev: "Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq"

 

Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu get-gedə artır. Dövlətimizin əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirakı bunu bir daha sübut edir.

Azərbaycanın oktyabrın 20-də Türkiyənin İstanbul şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin (Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, MisirNigeriya) İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında keçirilmiş IX zirvə görüşündə təmsil olunması da ölkəmizin müsəlman dünyasında nüfuzundan irəli gəlir.

Qeyd etmək lazımdır ki, Azərbaycan D-8-in iştirakçısı olmasa da, Prezident İlham Əliyev xüsusi qonaq kimi toplantıya dəvət olunmuşdu. Bu, Azərbaycan-Türkiyə dostluq və qardaşlığına nümunə olmaqla yanaşı, dövlətimizin müsəlman dünyasında rolunun artdığını göstərir.

Prezident İlham Əliyev zirvə toplantısında çıxış edərkən ilk növbədə, ölkəmizin uzun illərdir qarşılaşdığı problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır nəticələri bir daha iştirakçıların diqqətinə çatdırdı. Dövlət başçısı xatırlatdı ki, Ermənistan Azərbaycanın əzəli torpaqlarını - Dağlıq Qarabağı və ətrafdakı yeddi rayonu işğal edərək bu ərazilərdə etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Erməni işğalçılarının 1992-ci ildə törətdikləri Xocalı soyqırımı nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilmişdir. Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşmüş və yaralanmışdır. Prezident nəzərə çatdırmışdır ki, BMT Təhlükəsizlik Şurası münaqişənin tənzimlənməsi ilə bağlı dörd qətnamə qəbul edib, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.

Prezident vurğulamışdır ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağı olduğundan münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. O vurğulamışdır ki, Azərbaycan dövləti və xalqı öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Odur ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyilolmayacaq.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində ətraflı dayanmaqla, təkcə problemin məğzini beynəlxalq ictimaiyyətə çatdırmaqla kifayətlənməmiş, həm də diqqəti başqa bir mühüm məqama yönəltmişdir. Belə ki, Ermənistan uzun illərdir müsəlman ölkələri ilə münasibətlər qurmağa çalışır, özünü islam dünyasının dostu kimi qələmə verməyə cəhd edir. Prezident İlham Əliyev zirvə görüşündə çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, Ermənistan Dağlıq Qarabağda və ətraf bölgələrdə təkcə etnik təmizləmə həyata keçirməyib, həm də bu ərazilərdə məscidləri və dini abidələri dağıdıb. Ona görə də məscidləri dağıdan ölkə heç vaxt müsəlman dünyasının dostu ola bilməz.

Zirvə görüşünün gedişində D-8-in 20 illik fəaliyyəti müzakirə olundu, qarşıdakı mərhələ üçün məqsədlər müəyyənləşdirildi. Qeyd edək ki, D-8-in yaradılması ideyası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülmüşdür. Bir il sonra 1997-ci il iyunun 15-də İƏT-in dövlət və hökumət başçılarının İstanbulda keçirilmiş sammitində D-8 rəsmən təsis edilmişdir. Məqsəd üzv-ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadisosial sahələrdə əlaqələri genişləndirməkdir. Qurumun IX zirvə görüşündə onun gələcək inkişafının istiqamətləri müzakirə mövzusu oldu. Qeyd edildi ki, qarşıda duran vəzifələrdən biri gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malik D-8 ölkələrinin potensialından səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsini hazırkı 100 milyard dollardan 500 milyard dollara çatdırmaqdır. Təbii ki, bu məqsədə çatmaq üçün ilk növbədə D-8 üzvlərinin sayının artırılması vacibdir. Odur ki, Azərbaycan dövlətinin başçısının IX zirvə görüşünə dəvət olunması təsadüfi deyil.

Ölkəmiz D-8 çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verə bilər. Belə ki, Azərbaycan dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparanİslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar atan ölkə kimi tanınır. 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ilielan olunmuşdur. Eyni zamanda bu il ölkəmizdə 54 müsəlman ölkəsini təmsil edən 3 minə yaxın idmançının qatıldığı IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Ciddi problemlə qarşılaşan elə bir müsəlman ölkəsi olmamışdır ki, Azərbaycan ona imkanı daxilində kömək əli uzatmasın.

Digər tərəfdən, milli müstəqilliyini cəmi 26 il əvvəl bərpa etmiş Azərbaycan qısa müddət ərzində uğurlu inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin D-8-in zirvə görüşündə qeyd etdiyi kimi, 2004-cü ildən bəri milli iqtisadiyyatımız üç dəfədən çox artmış, 2 milyona yaxın yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub.

Eyni zamanda Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün ölkəmiz tərəfdaşları ilə birlikdə dünyanın ən böyük infrastruktur layihələrindən birini - “Cənub qaz dəhlizi”ni reallaşdırır. Tezliklə istifadəyə veriləcək başqa bir layihə - Bakı-Tbilisi-Qars dəmir yolu iki qitə - AvropaAsiya arasında ən qısa yol olacaqdır. Həmçinin Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır.

Göründüyü kimi, Azərbaycanın D-8 kimi böyük perspektivlər vəd edən yeni iqtisadi əməkdaşlıq təşkilatına qoşulmaq imkanı kifayət qədər realdır. Ona görə də şübhə etməmək olar ki, ölkəmizin gələcəkdə bu qurumun sıralarına daxil olması islam dünyasında əməkdaşlığın genişlənməsinə yalnız fayda verəcək.

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2017.- 22 oktyabr.- S.1-2.