İlham Əliyevin “Yeni Daşkəsən” layihəsi uğurla icra olunur

 

Regionun güclü sənaye mərkəzlərindən birinə çevrilən Daşkəsən istehsal potensialı ilə “Made in Azerbaijan” brendinin təşviqinə böyük töhfə verir

 

Ötən 14 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması ölkəmizin sanki onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir.

Bu uğurların kökündə dayanan əsas səbəb ulu öndər Heydər Əliyevin siyasi kursunun, müəyyən etdiyi inkişaf strategiyasının bu müddətdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsidir. Prezident İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıl an uğurların müəllifi oldu.

Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xarakterizə edən başlıca xüsusiyyətlərdəndir.

Fəaliyyəti ilə ölkə cəmiyyətindən daim dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə nail olan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir.

 

Düşmənin qarşısında mətinliklə dayanan alınmaz qalaya çevrilib

 

Cənab İlham Əliyevin 14 illik prezidentlik dövrü olduqca mühüm siyasi, sosial-iqtisadi, mədəni-humanitar hadisələrlə əlamətdardır. Onların arasında diqqətçəkən əsas məqamlardan biri 14 ildə Azərbaycanın bölgələrinin inkişaf etməsidir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yaxşılaşıb. Bölgələrdə geniş abadlıq və quruculuq işləri aparılıb. Bu sırada Daşkəsən rayonunda görülən işlər də təqdirəlayiqdir. Ötən 14 ildə Daşkəsən rayonunda da geniş tikinti, quruculuq, abadlıq işləri aparılıb, ucqar dağ kəndlərinə yollar çəkilib, körpülər inşa olunub, sakinlərin su, elektrik, qaz təchizatı yaxşılaşdırılıb.

Öncə onu qeyd edək ki, Daşkəsən istər iqlimi, istər yerləşdiyi coğrafi məkan baxımından əksər rayonlardan fərqlənir. Bu rayonda ilin çox hissəsində soyuq və sərt, yayda isə sərin iqlim şəraiti hökm sürür. Buna baxmayaraq, başı qarlı uca zirvələri, bumbuz və gursulu çayları, təmiz və saf havası olan, yayda yaşıllığa bürünən Daşkəsən gözəlliyi və təbiətinin əsrarəngiz mənzərəsi ilə insanın ruhunu oxşayır. Ən əsası isə odur ki, cəbhə xəttində yerləşən düşmənin qarşısında mətinliklə dayanan Daşkəsən uca dağları, sıldırımlı qayaları ilə alınmaz qalaya çevrilib.

Daşkəsənin iqtisadi inkişafı da qürurvericidir. “Daşkəsən Filizsaflaşdırma” kombinatı, “Çovdar” qızıl zavodu, süd zavodu, alunit və mərmər-qranit müəssisələrinin işə düşməsi nəinki bu rayona, bütün ölkəmizə gəlir gətirir. Rayonda ötən illərdə möhtəşəm quruculuq işləri həyata keçirilib, Daşkəsən şəhərinin kanalizasiya və küçələrinin işıqlandırma sistemləri yenidən qurulub, yaşayış binalarında bərpa-gücləndirmə işləri aparılıb, “Bayraq meydanı” yaradılıb.

 

2017-ci ilin ötən dövrü müsbət göstəricilərlə yadda qalıb

 

Daşkəsən rayonunda 2017-ci ilin 9 ayı ərzində yüksək nailiyyətlər əldə olunub. Belə ki, rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən xeyli artıb. Bu dövrdə rayonda 22 milyon 412 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 6,8 faiz çoxdur. İlin 9 ayında 2 milyon 309 min manatlıq (4,9 faiz çox) nəqliyyat xidmətləri, 17 milyon 519 min manatlıq (7,4 faiz çox) ticarət və ictimai iaşə xidmətləri göstərilib. İlin əvvəlindən indiyədək rayonda 495 yeni iş yeri açılıb.

Daşkəsəndə tikinti, təmir-bərpa, abadlıq-quruculuq işləri də yüksək ahənglə davam etdirilməkdədir. Bu ilin geridə qalan ayları ərzində Daşkəsən şəhərində yeni hotel istifadəyə verilib, rayon məhkəməsinin inzibati binası əsaslı təmir olunub, Dövlət Notariat Kontoru və rayon Qeydiyyat şöbəsi yeni binaya köçürülüb, kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi başa çatdırılıb. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılıb, Bayan kənd tam orta məktəbinin dam örtüyü yenisi ilə əvəz olunub. Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binasının təmir işləri isə başa çatmaq üzrədir.

Həmçinin Güneykənd kəndində isə 56 şagirdlik modul tipli yeni məktəb binasının tikintisinə başlanılıb, 8 kənddə polis sahə məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında isə Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Yaponiyanın Azərbaycandakı səfirliyinin qrantı hesabına “Yuxarı Daşkəsən qəsəbəsində İçməli Su Təchizatının Yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsi də başa çatdırılıb.

 

Bu il Daşkəsəndə 85 milyon dollarlıq qızıl hasil olunacaq

 

Daşkəsən rayonunun iqtisadi potensialı böyükdür. “Yeni Daşkəsən” layihəsi isə bu iqtisadi potensialın tam hərəkətə gətirilməsi məramına xidmət edir. Bu layihə rayon ictimaiyyətinin razılığı ilə qarşılanıb, bəyənilir və dəstəklənir. Layihədə qarşıya qoyulan əsas vəzifələrdən biri “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınmasına nail olmaqdır. Xatırladaq ki, Prezident İlham Əliyev 17 aprel 2017-ci il tarixdə Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu barədə deyib: “Bizim böyük bir sərvətimiz də var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik. Bu da dəmir filizidir. Hələ çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməmişdir. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Hətta dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər”.

Daşkəsəndə bu sahədə olan vəziyyətlə bağlı rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin fikirlərini öyrəndik. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü inkişaf siyasətindən və rayonumuzun yüksəlişindən qaynaqlanan “Yeni Daşkəsən” ideyasının reallaşması bölgənin iqtisadi həyatında inqilabi dəyişikliklərə gətirib çıxaracaq: “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib hazırlanıb və rayonun hərtərəfli sosial-iqtisadi inkişafını, mövcud problemlərin həllini əhatə edir. “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirilməyə açıq elan olunmuşdur. Vaxtilə Daşkəsən rayonunda məşhur olan “Alunit” istehsal müəssisəsi və “Daşkəsən Filizsaflaşdırma” ASC bu gün yenidən işə salınıb fəaliyyəti bərpa olunarsa, nəinki regionumuza, hətta respublikamıza böyük iqtisadi gəlir gətirən müəssisə olacaq, yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılması ilə nəticələnəcək, həm də Daşkəsən regionda inkişaf etmiş rayona çevriləcək”.

Əhəd Abıyev qeyd etdi ki, “Yeni Daşkəsən” layihəsində “Çovdar” qızıl zavodunun işə salınması məsələsi da əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə “Çovdar” qızıl zavodunun daxil olduğu “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Qısa müddət ərzində “Çovdar” qızıl yatağının müasir texnologiyalarla istismarının təşkil edilməsi, zavodun işə salınması üçün müvafiq hazırlıq işləri tam başa çatdırıldı və zavod müasir texnologiyalar əsasında tikildi. Zavodun işə salınması təbii sərvətlərin ən dəyərlisinin emalı ilə yanaşı, həm də rayon əhalisinin işsiz hissəsini hazırda məşğulluqla təmin edir. Əsasən yerli əhalinin mədən sahəsində işə qəbuluna üstünlük verən “AzerGold” QSC-də hazırda 450 nəfər işləyir.

“Həqiqətən, “Çovdar” qızıl zavodunun müasir formada tikilərək hasilata başlaması Daşkəsən rayonunda işsizliyi aradan qaldırmaqla ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Yeni, müasir qızıl zavodunun istehsal edəcəyi yüksək əyarlı brend 999,9 əyarlı Daşkəsən qızılı ölkəmizə valyuta gətirməklə dünyada şöhrət qazanacaq, rayonumuz isə regionda sənaye zonasına çevriləcək” - deyə Əhəd Abıyev bildirir.

Xatırladaq ki, “Çovdar” qızıl zavodunda ixrac üçün hasil olunacaq qızıl və gümüş xəlitələrin miqdarının 2017-ci ilin sonunadək 160 min unsiyaya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) çatdırılması planlaşdırılır ki, bu da qiymətli metalların cari qiymətlərini nəzərə alsaq 85 milyon ABŞ dolları (təqribən 145 mln. manat) təşkil edir.

 

2017-ci il də Daşkəsənin tarixinə sürətli inkişaf dövrü kimi yazılacaq

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulmuşdur. Artıq bu tədbirlərin əksəriyyəti yerinə yetirilib.

Daşkəsən həm də ənənəvi kənd təsərrüfatı rayonudur. 2017-ci ilin məhsulu üçün 713 hektar sahədə buğda əkilmiş, 1568,6 ton məhsul istehsal edilmiş, 61 hektar sahədə isə arpa əkilərək 156,6 ton məhsul istehsal olunmuşdur. Cari ilin keçən dövrü ərzində rayon ərazisində 1308,4 hektar sahədə kartof, 83 hektar sahədə kələm, 66,4 hektar sahədə lobya və 4 hektar sahədə qarğıdalı əkilmişdir. Əkilmiş sahələrdən 13087 ton kartof, 1445 ton kələm, 17,4 ton tərəvəz lobyası və 15,2 ton qarğıdalı bitkiləri istehsal olunmuşdur.

Rayonda 2 kartofçuluq üzrə toxumçuluq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda bir kənddə (Quşçu) süni mayalanma məntəqəsi fəaliyyət göstərir. 2017-ci ilin 9 ayı ərzində 137 baş süni mayalandırılmış heyvanlardan 54 baş buzov alınmışdır. Gələcəkdə də məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.

Bununla belə, rayon sakinləri bəzi çətinliklərlə də üzləşib. Son günlər rayon ərazisində baş vermiş intensiv dolu, leysan yağışları, dağlara yağan qar və külək ilə müşayiət olunan əlverişsiz hava şəraiti Daşkəsən şəhərinin sosial infrastrukturuna ziyan vurub. Təbii fəlakət nəticəsində sel suları şəhərdəki sututucu, ötürücü quyuları, kanalları yararsız hala salıb, şəhərin yolları, yol kənarı istinad divarlarının çox hissəsi uçaraq dağılıb, beton bardürlərin, səkilərin tomet üzlük daşları, yaşayış binalarının fasadları, ümumiyyətlə, şəhərin infrastrukturu bərbad vəziyyətə düşərək şəhər sakinlərinin yaşayış şəraitini çətinləşdirib.

Prezident İlham Əliyev təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün xüsusi göstəriş verib. Hazırkı vəziyyətlə bağlı icra hakimiyyəti rayonun daxili imkanları hesabına şəhərdə abadlıq-quruculuq, ən əsası, şəhərin dağılmış yollarının yeni asfalt örtüyü salınmaqla təmir-bərpa işlərini həyata keçirir.

Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri fonunda bu fikri də əminliklə söyləmək olar ki, 2017-ci il Azərbaycanın təbii sərvətlərlə zəngin rayonu olan Daşkəsənin tarixinə sürətli inkişaf dövrü kimi yazılacaq. Qarşıda isə daha mühüm vəzifələr dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısını, göstəriş və tapşırıqlarını öz fəaliyyətlərində rəhbər tutan Daşkəsən rayonunun aidiyyəti orqanları bu il ərzində qarşıda dayanan bütün vəzifələri layiqincə və tam həcmdə yerinə yetirəcəklərinə inanırlar.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2017.-24 oktyabr.- S.1; 3.