Azərbaycan BMT-də maraqlarını layiqincə təmin
edir
Oktyabr ayının 24-ü dünyada BMT Günü kimi qeyd olunur. 1945-ci ilin həmin günü BMT-nin Nizamnaməsi təsdiq edildikdən sonra Birləşmiş Millətlər Təşkilatı rəsmi olaraq yaradılmışdır. 1948-ci ildən etibarən 24 oktyabr tarixi BMT Günü kimi qeyd edilir.
Ənənəyə uyğun olaraq, bu gün bütün dünyada təşkilatın məqsəd və müvəffəqiyyətlərinə həsr olunmuş müşavirələr, müzakirələr və sərgilər keçirilir. 1971-ci ildə isə BMT Baş Məclisinin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
Beynəlxalq səviyyədə mühüm
tribuna
BMT ilə əməkdaşlığa başlanılmasından sonra respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmiş, BMT-nin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışmışdır. 1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 30 aprel 1993-cü ildə 822, 29 iyul 1993-cü ildə 853, 14 oktyabr 1993-cü ildə 874 və 12 noyabr 1993-cü ildə 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını, Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğalı faktını təsdiq edərək işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür. Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan əhalisinin doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsindən narahatlıq hissi keçirərək BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” qətnamə qəbul etmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra ölkəmizin BMT tribunasından daha səmərəli istifadə etməsi diqqət çəkir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha çox cəlb etməyə başlamışdır. 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin iclasında nitq söyləyən Heydər Əliyev bu tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırmış, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etmişdir. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən ulu öndər Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək mövcud qlobal problemlərə dair Azərbaycan Respublikasının prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. Ümummilli lider Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında da iştirak etmiş, çıxışında qlobalizasiya mövzusuna toxunmuş, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir.
İlham Əliyev BMT ilə əlaqələrin inkişafına
önəm verir
Prezident İlham Əliyev də xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Məclisinin sessiyasında iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.
2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev diqqəti bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir.
Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistana növbəti siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Bununla həm də Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı. Prezident İlham Əliyev çıxışında öncə Ermənistanın işğalçılıq siyasətindən və BMT-nin qərarlarının hələ də icra olunmamasından bəhs etdi. Prezidentin xüsusi vurğuladığı məqam isə Ermənistan prezidentini hərbi kriminal adlandırması idi. Tam yerinə düşən bu ifadə hazırda Ermənistana rəhbərlik edən Serj Sarkisyanın terrorçu mahiyyətini bütün incəliklərinə qədər ifadə edir. Ən əsası isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti S.Sarkisyanın hərbi cinayətkar olduğunu heç vaxt təkzib edə bilmədi.
Prezident İlham Əliyevin sessiyada Dağlıq Qarabağ məsələsi ilə bağlı toxunduğu digər aktual məsələ BMT qətnamələrinin icrasız qalması barədə idi. BMT-nin qərarları 24 il əvvəl qəbul olunsa da, hələ də icra edilməyib. Baxmayaraq ki, ötən müddətdə təşkilatın digər qərarları vaxtında icra olunub. Azərbaycana qarşı olan bu haqsızlıq təəssüf doğurmaqla yanaşı, ölkə ictimaiyyətində dünyanın bu mötəbər təşkilatına olan etimadı da azaldır. Azərbaycan tərəfi dəfələrlə bu məsələni gündəliyə gətirib və qərarların dərhal icra olunması üçün BMT-də islahatların keçirilməsinin zəruriliyini bildirib. Çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev BMT tribunasından ikili standartlara son qoyulmasını tələb etdi.
Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışı ilə ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu. Təbii ki, bu çıxış Azərbaycan diplomatiyası qarşısında bundan sonra daha yeni hədəflər müəyyənləşdirir. Bu hədəflərin uğurla dəf edilməsi, Ermənistanın diplomatik sıxışdırılması torpaqlarımızın azad edilməsi istiqamətində ən mühüm vəzifələrdən biridir.
Tarixi diplomatik uğur
2011-ci ildə Azərbaycanın həm beynəlxalq, həm də BMT-dəki diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə əlavə olundu. Həmin il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə, Azərbaycan bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. Bu möhtəşəm hadisə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf etdiyi üçün cəmiyyətimizin xoş ovqatını daha da rövnəqləndirdi. Bu əlamətdar hadisə münasibətilə bəyanat verərək xalqımızı təbrik edən Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini tarixi nailiyyət kimi qiymətləndirdi.
Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT TŞ-nin üzvü seçilən ilk ölkə olmuşdur. Bununla yanaşı, Azərbaycanın BMT TŞ-nin üzvü olarkən ən mühüm müvəffəqiyyəti 2012-ci ilin may ayında, BMT TŞ-yə sədrlik etdiyi dövrdə terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli konfransın keçirilməsi idi. Bu, Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin beynəlxalq aləmdə çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi demək idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi konfransda BMT-nin Baş katibi Pan Gi Mun və Təhlükəsizlik Şurasının digər yüksək səviyyəli nümayəndələri iştirak etmişlər.
Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var idi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordan və işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.
BMT-nin qurum və orqanları ilə fəal
əməkdaşlıq edilir
Azərbaycan ötən 25 ildə BMT-nin bir çox xüsusi qurum və orqanları ilə də fəal əməkdaşlıq etmişdir. Bu sırada BMT-nin İnkişaf Proqramı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı və digər qurumları qeyd etmək olar.
Azərbaycan və BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq məcburi köçkün, qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Azərbaycan UNICEF İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur. Respublikamız həmçinin 2000-2002-ci illərdə Qadınların statusu haqqında komissiyanın üzvü olmuşdur. Azərbaycan komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.
Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı və BMT-nin Sənaye İnkişaf Təşkilatı ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir. BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi, onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir.
UNESCO ilə əlaqələr bəşəri dəyərlərin
təşviqinə böyük töhfədir
BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO təhsil, elm və mədəniyyət məsələləri sahəsində beynəlxalq əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Bu təşkilatın fəaliyyəti ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlib.
Bu gün Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Təbii ki, əlaqələrin yüksələn xətlə inkişafında, möhkəmləndirilməsində, milli-mədəni irsimizin UNESCO xətti ilə bütün dünyada təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Məhz Mehriban Əliyevanın sayəsində UNESCO ilə daha da canlanan əməkdaşlığın nəticəsində Azərbaycanın qədim və zəngin mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə çıxaraq ümumdünya mədəniyyətinin bir hissəsinə çevrilib.
Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr UNESCO-nun diqqətindən yayınmayıb. 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın “Xoşməramlı səfiri” adına layiq görülüb. Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərinə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Mehriban xanım Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı da verilib.
UNESCO qeyri-hökumət təşkilatları ilə yaxından iştirak edir. Belə təşkilatlardan biri də Heydər Əliyev Fondudur. Məhz Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondu Azərbaycan mədəni irsinin UNESCO səviyyəsində təbliği istiqamətində mühüm işlər görüb. 2007-ci ildə Heydər Əliyev Fondu, Azərbaycan hökuməti və UNESCO arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair saziş imzalanıb. 2009-cu ildə isə Heydər Əliyev Fondu və UNESCO arasında qeyri-maddi mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmaq məqsədilə əməkdaşlıq sazişi imzalanıb.
İndiyədək Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, N.Tusinin 800 illik, Mirzə Kazım bəyin 200 illik, akademik Yusif Məmmədəliyevin 100 illik, rəssam-xalçaçı Lətif Kərimovun 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, akademik Musa Əliyevin 100 illik, yazıçı Mir Cəlal Paşayevin 100 illik, rəssam Səttar Bəhlulzadənin 100 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi ölkəmizlə bu təşkilat arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
Azərbaycan bu gün bir çox mötəbər təşkilatların üzvü olmaqla onların işində yaxından iştirak edir. Belə təşkilatlardan biri olan BMT ilə səmərəli əməkdaşlıq Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynamaqla yanaşı, respublikamızın dünya miqyasında nüfuzunun möhkəmlənməsinə, imicinin yüksəlməsinə yol açır. Eyni zamanda bu cür əməkdaşlıq nəticəsində Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına, multikulturalizm dəyərlərinin yayılmasına öz töhfələrini verir.
Hadi RƏCƏBLİ,
Milli Məclisin Əmək və sosial
siyasət komitəsinin sədri
Azərbaycan.-
2017.- 24 oktyabr.- S.1; 4.