Pan-Afrika Parlamentinin prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

 

Bakıda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq oktyabrın 24-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Sonra Şəhidlər xiyabanına gedən Pan-Afrika Parlamentinin prezidenti ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Jurnalistlərə müsahibəsində Rocer Nkodo Danq Bakıya səfərin məqsədinin Azərbaycan və Afrika ölkələri arasındakı münasibətlərə yeni bir istiqamət vermək olduğunu deyib. O, səfər zamanı yüksək səviyyəli görüşlərin keçirildiyini söyləyib və aparılan danışıqların faydalı nəticələr verəcəyindən əminliyini ifadə edib. Pan-Afrika Parlamentinin prezidenti Azərbaycanda gördüyü qonaqpərvərlikdən məmnunluğunu bildirib.

 

Azərbaycan.- 2017.- 25 oktyabr.- S.2.