Uğurlu xarici siyasət xətti

 

Azərbaycan milli müstəqilliyini bərpa edib beynəlxalq hüququn subyektinə çevrildikdən sonra gənc dövlət bir-birindən çətin problemlərlə qarşılaşmışdı. Hələ keçmiş sovet imperiyası dağılmamışdan əvvəl Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları irəli sürməsi ilə əlaqədar qondarma Dağlıq Qarabağ Respublikası məsələsi ortaya atılmışdı.

Zaman keçdikcə süni problem Moskvadakı mərkəzi hökumətin təhriki ilə silahlı qarşıdurmaya çevrilmiş, SSRİ süqut edəndən dərhal sonra Rusiya qoşunlarının dəstəyi ilə Ermənistanın Azərbaycan torpaqlarına genişmiqyaslı hərbi təcavüzü başlamışdı. Beləcə Azərbaycan müstəqil dövlət kimi dünya siyasətinin səhnəsinə çıxar-çıxmaz müharibə aparmalı olmuşdu. Qüvvələr nisbəti qeyri-bərabər idi və ona görə də düşmən qısa müddət ərzində havadarlarının köməyi ilə ərazimizin 20 faizini işğal etmiş, 1 milyondan çox həmvətənimizi yurd-yuvalarından didərgin salmışdır. Eyni zamanda ölkə ümummilli böhrana yuvarlanmışdı. Cəmiyyət həyatının istisnasız olaraq sahələri tənəzzül keçirirdi. Üstəlik, o vaxt gənc dövlətə rəhbərlik edənlərin səriştəsizliyi, bacarıqsızlığı vəziyyəti daha da ağırlaşdırırdı.

Beləliklə, Azərbaycan milli müstəqilliyinin ilk illərində heç bir xalqın arzulamadığı mürəkkəb vəziyyətə düşmüşdü. Bir çoxlarına elə gəlirdi ki, dərin böhrandan çıxış yolu tapmaq mümkün olmayacaq və gənc dövlət beşiyindəcə boğulacaq. Lakin hər gecənin bir səhəri olduğu kimi, Azərbaycan xalqı da zülmətdən işığa çıxa bildi. 1993-cü ildə təcrübəli siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra vəziyyət dəyişməyə, tənəzzülü tərəqqi əvəzləməyə başladı. Gənc Azərbaycan Respublikası böyük tarixlə müqayisədə son dərəcə qısa zaman kəsiyində inqilabi dəyişikliklərə imza atdı: cəbhə xəttində atəş dayandırıldı, ölkədə hərc-mərclik yaradan qüvvələr zərərsizləşdirildi, daxili siyasi sabitlik bərqərar edildi, dördrəqəmli inflyasiya cilovlandı, genişmiqyaslı islahatlar başladı. Üç il keçdikdən sonra, daha doğrusu, 1996-cı ildə ölkə davamlı inkişaf yoluna qədəm qoydu.

Milli iqtisadiyyatın lokomotivi - neft sənayesi dirçəlməyə başladı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə xarici sərmayədarların ölkə iqtisadiyyatının müxtəlif sahələrinə marağının artması müşahidə olundu. Bütövlükdə yenicə müstəqillik qazanmış ölkənin hərtərəfli inkişafı üçün əsaslar yarandı. Sonrakı illər müstəqil Azərbaycanın sürətli inkişaf dövrü kimi yadda qaldı. 2003-cü ildə cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra siyasi varislik davam etdi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyası ardıcıllıqla həyata keçirildi.

Son 14 ildə Azərbaycan Respublikasının reallaşdırdığı xarici siyasət xətti ölkənin beynəlxalq münasibətlər sisteminə sıx inteqrasiyası, dövlətin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, ayrı-ayrı xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həmçinin rəsmi Bakının regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsi və həllində yaxından iştirakı ilə səciyyələnir.

Bütün bu məsələlərə yanaşmada milli maraqlar ön plana çəkilir, dövlətin təhlükəsizliyi ilə əlaqəli məqamlar diqqət mərkəzində saxlanılır.

Ötən dövrün ən əlamətdar hadisələrindən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi idi. Məlum olduğu kimi, ölkəmiz 2011-ci ilin oktyabrında BMT Baş Assambleyasının 66-cı sessiyasının iclasında BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə 155 üzv-dövlətin dəstəyi ilə Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında Azərbaycan rotasiya qaydasına uyğun olaraq BMT Təhlükəsizlik Şurasında sədrlik etmişdir. Bu iki ay müddətində Təhlükəsizlik Şurası 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirmiş, 7 qətnamə və sədrinin 3 bəyanatını qəbul etmiş, mətbuat üçün 13 bəyanat vermişdir.

Sədrlik dövründə ilk mühüm beynəlxalq tədbir mayın 4-də Prezident İlham Əliyevin sədrliyi ilə “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda BMT Təhlükəsizlik Şurasında keçirilmiş yüksək səviyyəli görüş oldu. Görüşdə BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin yüksək vəzifəli nümayəndələri iştirak və çıxış etdilər. Dövlətimizin başçısı çıxışında Azərbaycanın xaricdən dəstəklənən terrora məruz qaldığını bildirdi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və terror siyasəti barədə ətraflı məlumat verdi, işğal altında olan ərazilərimizin terrorçuluq, separatçılıq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif formaları arasında əlaqələr baxımından ciddi narahatlıq mənbəyi olduğunu qeyd etdi. Prezident İlham Əliyev dünya ictimaiyyəti tərəfindən münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, xüsusilə dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı şərti əsasında həll edilməsi və dövlətlərə öz əraziləri üzərində suverenliyinin bərpa edilməsinə yardım göstərilməsinin əhəmiyyətini vurğuladı.

Görüşün yekunlarına dair BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edildi. Sənəddə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məqamlar, xüsusilə dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi vurğulanmış, terrorun bütün forma və təzahürləri pislənmiş, terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dövlətlərin fərdi imkanlarının artırılmasının əhəmiyyəti qeyd olunmuşdur.

Ölkəmizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi də səmərəli keçmişdir. Azərbaycan 2013-cü il oktyabrın 28-də Təhlükəsizlik Şurasının sədri kimi BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda yüksək səviyyəli görüş təşkil etmişdir. İƏT-in baş katibi Əkmələddin İshanoğlu və BMT-nin baş katibi Pan Gi Mun ilə bərabər Təhlükəsizlik Şurası üzvlərinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi konfransın əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması və iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsi üçün BMT ilə İƏT arasında əlaqələrin nəzərdən keçirilməsi olmuşdur. İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT ilə İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlandı və onun gücləndirilməsinin vacibliyi, həmçinin münaqişələrin BMT-nin Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirildi.

Azərbaycan Təhlükəsizlik Şurasında üzvlüyü dövründə dövlətimizin milli maraqlarının qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərdi. Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif aspektləri Təhlükəsizlik Şurasının müvafiq iclaslarında mütəmadi olaraq diqqətə çatdırıldı. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi ardıcıl olaraq qaldırılırdı və müvafiq müddəalar Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə əksini tapdı.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrlik etməsi ölkəmiz üçün başqa bir cəhətdən də əhəmiyyətli oldu. Diplomatlarımız bu missiyanı həyata keçirərkən BMT-nin digər üzv-dövlətləri, Təhlükəsizlik Şurasının bütün üzvləri, beynəlxalq təşkilatın rəhbərliyi, eləcə də qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə sıx təmasda oldular ki, bu da qarşılıqlı münasibətlərin inkişafına imkan yaratdı. BMT Təhlükəsizlik Şurasına üzvlük və sədrlik Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmlətdi və haqq işimizi dəstəkləyən dövlətlərin sayını artırdı.

Energetika diplomatiyası Azərbaycanın xarici siyasət xəttinin prioritet istiqamətlərindəndir. Ötən 14 il ərzində diplomatiyamız bu sahədə böyük uğurlara imza atmışdır. İlk növbədə XXI əsrin layihəsinin - “Cənub qaz dəhlizi”nin reallaşdırılmasını qeyd etmək lazımdır. 2014-cü il sentyabrın 20-də Bakıda Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək möhtəşəm layihənin - 45 milyard dollara başa gələcək “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimi keçirildi. Ümumiyyətlə, bu layihə dörd hissədən ibarətdir: “Şahdəniz” qaz-kondensat yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. 2015-ci il martın 17-də “Cənub qaz dəhlizi”nin birləşdirici komponenti olan TANAP layihəsinin təməli qoyuldu. Bir il sonra isə TANAP-ı tamamlayan TAP layihəsinin təməli qoyuldu. Beləliklə, əsrin layihəsinin icrası istiqamətində konkret iş başladı. Beş il ərzində reallaşdırılması nəzərdə tutulan “Cənub qaz dəhlizi” layihəsi mərhələ-mərhələ həyata keçirilir və ilk mərhələ gələn il başa çatacaq. 2020-ci ildə “Şahdəniz” yatağından bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatacaq. İlk dövrdə kəmərlə nəql olunacaq 16 milyard kubmetrlik Azərbaycan qazının 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə satılacaq.

Hazırda layihənin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Sonrakı mərhələdə Balkan ölkələrinin də “Cənub qaz dəhlizi”nə qoşulacağı gözlənilir. Beləliklə, Azərbaycan tezliklə Cənubi Avropa ilə energetika sahəsində uzunmüddətli əməkdaşlıq yoluna qədəm qoyacaq və qitənin yeni enerji xəritəsinin çəkilməsində yaxından iştirak edəcək.

Ötən ay isə Azərbaycan daha bir tarixi gün yaşadı. Sentyabrın 14-də Bakıda 23 il əvvəl imzalanmış “Əsrin müqaviləsi”nin davamı olaraq dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının (AÇG) dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalandı. Başqa sözlə, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı.

“Əsrin müqaviləsi” imzalananda AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Amma ehtiyatlar proqnozları üstələdi. İndiyədək AÇG-də 436 milyon ton neft çıxarılmışdır. Hazırda yataqlar blokunda hələ hasil edilməmiş 500 milyon ton neft var. “Yeni əsrin müqaviləsi”nə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı 25 faiz təşkil edəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz olacaq. Saziş çərçivəsində qoyulacaq sərmayənin məbləği 40 milyard dolları ötəcək. Bütün bunlar ölkəmizin gələcək inkişafına əsaslı zəmin yaradır.

Ötən il Azərbaycan üçün regional və beynəlxalq əməkdaşlıq baxımından ən çox diqqətçəkən hadisələrdən biri Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatının yaradılması oldu. Həmin ilin avqust ayında üç dövlətin başçılarının Bakıda keçirilmiş görüşü və üçtərəfli sammit çərçivəsində əldə olunmuş razılaşmalar fövqəladə əhəmiyyəti ilə yadda qaldı. Yeni regional əməkdaşlıq formatı yaratmaq təşəbbüsü məhz Azərbaycan rəhbərliyinə məxsus idi. Belə bir formatın meydana çıxması üç ölkənin ikitərəfli əlaqələrinin yüksəldiyi səviyyəni əks etdirirdi. Belə ki, həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə - Azərbaycan milli müstəqilliyini bərpa edəndən bəri hər iki qonşusu ilə müxtəlif sahələrdə qarşılıqlı əlaqələri yüksək səviyyədə qurmuşdur. Öz növbəsində Rusiya-İran əlaqələri xüsusilə son illər nəzərəçarpacaq şəkildə inkişaf etmişdir. Bütün bunlarla yanaşı, yeni əməkdaşlıq formatının iştirakçısı olan ölkələri bir araya gətirən təkcə sırf coğrafi yaxınlıq - qonşuluq yox, həm də onların oxşar maraqları bölüşməsi, regional və beynəlxalq problemlərə münasibətdə ortaq məxrəcə gəlmək istəyidir.

Azərbaycan-İran-Rusiya formatı regional əməkdaşlıqda konkret olaraq bir sıra mühüm nəticələr vəd edir. Söhbət ilk növbədə regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələsindən gedir. Məlum olduğu kimi, beynəlxalq terrorizm və ekstremizm ən əcaib formalarda təzahür etdiyi Yaxın Şərq regionumuzdan çox da uzaq deyil. Suriya və İraqda cərəyan edən hadisələr Azərbaycan, Rusiya və İranı da ciddi narahat edir. Odur ki, yeni regional formatın üzvü olan ölkələr beynəlxalq terrorizmlə mübarizədə uğurun yalnız birgə səylər hesabına təmin ediləcəyinə əmindirlər.

Digər tərəfdən, üç ölkə başqa bir mühüm inkişaf layihəsini - “Şimal-Cənub” nəqliyyat dəhlizini reallaşdırmaq əzmindədir. Ümumi uzunluğu 7200 kilometr olan beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İran və Fars körfəzi ölkələrindən Azərbaycan və Rusiya ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin və sərnişinlərin daşınması üçün optimal imkanlar yaradır.

Ümumiyyətlə, Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı təkcə qeyd olunan istiqamətlərlə məhdudlaşmır, istisnasız olaraq bütün sahələrdə üçtərəfli əlaqələri ən yüksək səviyyəyə çatdırmaq məqsədi güdür. Sözsüz ki, qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması nəticə etibarilə regional və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfə verəcək.

Bütövlükdə Azərbaycan diplomatiyası son 14 il ərzində xarici siyasət xəttinin prioritet istiqamətlərini rəhbər tutaraq dövlətin maraqları naminə geniş fəaliyyəti ilə diqqəti cəlb etmişdir. Rəsmi Bakı yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş, dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə nail olmuşdur. Prezident İlham Əliyevin yeritdiyi xarici siyasət qarşıda duran bütün vəzifələrin icrasını təmin etmişdir.

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2017.- 25 oktyabr.- S.1; 3.