Azərbaycanda ən
müasir yol infrastrukturu qurulur
Sürətli
inkişaf, müstəqil siyasət və qüdrətli
dövlət quruculuğu mərhələsi
“Bu il 40 layihənin həyata
keçirilməsi nəzərdə tutulur. Yəni, 40 layihə ən azı
40 kənd yolu layihəsi - əlbəttə ki, kəndlərin
sayı daha çox olacaq, çünki hər bir layihə
bir neçə kəndi birləşdirir - ən azı 40
layihə bu il icra ediləcək və lazımi səviyyədə
vəsait də bu məqsədlər üçün
ayrılacaq. Bu, həm insanların
rahatlığı deməkdir, həm də kənd təsərrüfatının
inkişafı üçün lazımdır”.
İlham ƏLİYEV
Beynəlxalq standartlara cavab
verən bugünkü magistral yollarımız ölkəmizin
simasını başdan-başa dəyişdirmişdir. Respublika
iqtisadiyyatının qüdrətini artıran bu yollar indi
Avropa ölkələrinin yollarından heç də geri
qalmır. Fərəhlidir ki, avtomobil
yollarının tikintisi və yenidən qurulması işlərinin
həcmi ilbəil artır.
Hazırda ölkədə
yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi
ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı
vəsait qoyuluşları ilə yanaşı, dövlət
büdcəsi hesabına da irimiqyaslı layihələr icra
olunur. Yol şəbəkəsinin yenidən qurulması,
sözün əsl mənasında, ürək açır.
Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə,
yollarımızın formalaşdırılmasına və
inkişafına hələ 24 il əvvəl
ümummilli lider Heydər Əliyev tərəfindən
başlanılmışdır. Ulu öndər
yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru
deyil, həm də bütünlüklə həyat mənbəyi
hesab etmişdir.
Ümummilli lider Heydər
Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə
davam etdirən cənab İlham Əliyev də bütün
sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq
standartlara cavab verən yolların tikintisini prioritet məsələ
kimi daim gündəmdə saxlayır. Təsadüfi deyil ki, ölkə
Prezidenti bu il sentyabrın 20-də BMT-nin Baş
Assambleyasının 72-ci sessiyasında çıxış
edərkən ölkəmizdə aparılan uğurlu
islahatlardan danışmış, son illərdə respublikada
11 min kilometr uzunluğunda müasir avtomobil yollarının
çəkilməsini diqqətə
çatdırmışdır. İndi istər
paytaxt Bakıda, istərsə də bölgələrdə
uzanan müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini
və rahatlığını təmin edir, məhsulun itkisiz
daşınmasına şərait yaradır və
regionların sosial-iqtisadi inkişafına kömək edir.
Öz fəaliyyətini müasir tələblər
səviyyəsində quran və nailiyyətlərini
artıran “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti
respublikanın ümumi istifadəsində olan 17 min 500 kilometr
avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr
uzunluğunda olan küçə və prospektlərinə,
eləcə də bu yollar üzərində yerləşən
1400-dən çox yolötürücüsünə,
körpü və tunellərə göstərdiyi nümunəvi
xidməti günbəgün yüksəldir.
Prezident İlham Əliyevin
imzaladığı 2015-ci il 28 dekabr tarixli
sərəncamı da respublikanın avtomobil yolları təsərrüfatında
qarşıya çıxan iqtisadi və texniki məsələlərin
operativ həllinə güclü təkan vermişdir. Bu sərəncamın imzalandığı vaxtdan
keçən qısa dövr ərzində uzunluğu 1700
kilometr olan avtomobil yolları, küçə və prospektlər
tikilmiş, habelə yenidən qurulub təmir olunmuşdur.
Ümumi istifadədə olan avtomobil
magistrallarında və Bakı şəhərindəki
yollarda 26 yeni və müasir tipli körpü və 8 piyada
keçidi tikilib istifadəyə verilmişdir. Dövlət başçısı yol
infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi
ilə bağlı işlərə xüsusilə
böyük əhəmiyyət verərək bu sahədə
həyata keçirilən tədbirlərin gedişi ilə
şəxsən maraqlanır. Ölkə
Prezidenti ötən yaxın dövr ərzində 51 dəfə
avtomobil yolu və yol qurğularının
açılış, təməlqoyma mərasimlərində
iştirak etmiş, öz dəyərli tapşırıq və
tövsiyələrini vermişdir.
Azərbaycan Prezidenti İlham
Əliyev elə bu yaxınlarda - oktyabrın 2-də Qobustan
rayonuna səfəri çərçivəsində
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101 kilometrlik
hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun
açılışında iştirak etmiş, yolun rəmzi
açılışını bildirən lenti kəsmişdir.
Bakı-Şamaxı-Muğanlı yolunun Cəngi-Bədəlli
hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə
yenidən qurulub. Dövlət başçısı elə həmin
gün Qobustan rayonunda 15 min nəfərin
yaşadığı 6 kəndi birləşdirən və
“40 yol” layihəsindən biri olan Təklə-Sündü-Xilmilli,
Şamaxı-Göylər-Padar və əsaslı surətdə
yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yollarının
açılışında iştirak etmişdir. Layihə
çərçivəsində yol boyu tikilən 16 yeraltı
və 6 yerüstü piyada keçidləri, avtobus
dayanacaqları tikilmiş, 150-yə yaxın yol nişanı
quraşdırılmışdır. Pirqulu-Dəmirçi
avtomobil yolu 5 kəndi birləşdirir. Dağlıq
ərazidə yerləşən Pirqulu-Dəmirçi yolunun
uzunluğu 8 kilometrdir. Bu yol uzun müddət
gözdən uzaq olmuş və təmir edilməmişdir.
Ümumiyyətlə, Pirqulu-Dəmirçi
yoluna asfalt qatı vurulmadığına görə hərəkət
hissəsi tamamilə sıradan çıxmışdı.
Bu acınacaqlı vəziyyət nəqliyyat
vasitələrinin payız və qış aylarında hərəkətində
ciddi problem yaradırdı. “Azəravtoyol”
ASC-nin gördüyü operativ işlər nəticəsində
Pirqulu-Dəmirçi avtomobil yolu iki hərəkət
zolaqlı olmaqla dördüncü texniki dərəcəyə
uyğun yenidən qurulmuşdur. Yolun hərəkət
hissəsinin eni 3,5-4 metr, çiyinlər də
daxil olmaqla yol yatağının eni 7-8 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli 14
suötürücü boru tikilmişdir. Şamaxı
rayonunun dağlıq ərazisində yerləşən bu
avtomobil yolu əlbəttə, regionda yük və sərnişin
daşımalarını xeyli yaxşılaşdıracaq,
bölgədə turizmə və sosial-iqtisadi inkişafa təkan
verəcək, habelə əhalinin rifahının yüksəlməsinə
xidmət göstərəcək. Bu yol həm
də piyadaların təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayacaqdır. Ən
başlıcası isə, kənd təsərrüfatı
işçiləri öz məhsullarını daha tez və
rahat bazara çıxara biləcəklər.
Artıq dünyada idman ölkəsi
kimi tanınan Azərbaycanda və paytaxt Bakıda keçirilmiş
uğurlu mötəbər yarışlarla bağlı
ölkənin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə fəaliyyət
göstərən Təşkilat Komitəsi tərəfindən
həmin dövr ərzində “Azəravtoyol” ASC-yə
verilmiş bütün tapşırıqlar da vaxtında və
yüksək səviyyədə yerinə yetirilmişdir.
Prezident İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda
demişdir: “2004-cü ildən bu günə qədər təxminən
11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm
magistral yollara, həm də şəhərlərarası və
kənd yollarına aiddir. Bu yol infrastrukturu
həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf
üçün də mühüm amildir. Yol olmayan yerdə
nə investisiya, nə iş yeri, nə də bir inkişaf
olacaq. Ona görə yol infrastrukturuna çox
böyük diqqət verilmişdir. Bununla
bərabər, yol tikintisində kifayət qədər
çox işçi qüvvəsi iştirak edir və beləliklə
biz məşğulluğu təmin etmişik. Müasir
yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Qarşıya məqsəd qoyulub ki, bütün
yollar yüksək səviyyədə olsun, magistral şəhərlərarası,
kənd yolları, fərq etməz, bütün yollar”.
Azərbaycan Prezidentinin sərəncam
və göstərişlərinə əsasən indi əsas
diqqət regionlarda kənd və qəsəbələri birləşdirən
yolların, həmçinin yaşayış məntəqələrinin
daxili yollarının təmirinə və yenidən
qurulmasına yönəldilib.
Cari ilin yanvar ayında Prezident
İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
dair həsr olunmuş iclasında da kəndlərarası “40
yol” layihəsinin həyata keçirilməsi “Azəravtoyol”
ASC qarşısında mühüm vəzifə kimi
qoyulmuşdur.
“Azəravtoyol” ASC-nin kollektivinin fədakar
əməyi sayəsində həmin dövr ərzində
imzalanmış 81 sərəncama əsasən 48 rayon və
şəhər ərazisində 3,6 milyon əhalinin
yaşadığı 761 yaşayış məntəqəsini
birləşdirən, uzunluğu 1.816 kilometr olan avtomobil
yollarının tikintisi və yenidənqurulması işləri
uğurla davam etdirilir. Cəmiyyətin yol
inşaatçıları var qüvvələrini səfərbərliyə
alaraq bu günədək 3 milyon əhalinin
yaşadığı 500-ə yaxın yaşayış məntəqəsini
birləşdirən, uzunluğu 1030 kilometr olan 56 layihənin
icrasını da artıq başa çatdırmışlar.
“Azəravtoyol” ASC-nin
kollektivi cəbhə bölgəsində avtomobil yollarının
tikintisini xüsusilə diqqət mərkəzində
saxlayır. Azərbaycanın Silahlı Qüvvələri
2016-cı ilin aprel ayında təcavüzkar Ermənistanın
işğalı altında olan torpaqlarımızın bir hissəsini
qəhrəmancasına azad etməklə ölkədə qələbə
coşqusu yaratdılar. Nəticədə
təhlükəsiz əraziyə çevrilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi öz normal həyatına
qayıtdı. Dövlət
başçısının 2017-ci il 10
fevral tarixli sərəncamına əsasən “Azəravtoyol”
ASC-nin yol inşaatçıları Cocuq Mərcanlıya gedən
90 kilometr uzunluğunda yolu qısa bir zamanda uğurla bərpa
etmişlər. Yeni qurulmuş bu yol Cocuq Mərcanlı
daxil olmaqla Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli və
İmanverdi kənd sakinlərinin də gediş-gəlişini
xeyli yaxşılaşdırıb. “Azəravtoyol”
ASC-nin kollektivi Cocuq Mərcanlıya gedən yolu yenidən
qurmaqla bütün Azərbaycana ilk qələbə yolunu
açmış oldu.
Bu il iyunun 14-də
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə
“Böyük qayıdış”ın ilk ünvanı olan Cocuq
Mərcanlı yolunun açılış mərasimi
keçirilmişdir. Hazırda dövlət
başçısının tapşırığına
uyğun olaraq “Azəravtoyol” ASC-nin yol
inşaatçıları həmin istiqamətdən Bəhramtəpə-Horadiz-Mincivan
magistral avtomobil yolunun 64 kilometrlik hissəsinin bərpa işlərini
sürətlə davam etdirirlər. Bəhramtəpə-Horadiz-Mincivan
avtomobil yolu cari ilin sonunda istifadə üçün
planlaşdırılır. Amma “Azəravtoyol”
ASC kollektivinin müqəddəs arzusu odur ki, erməni
tapdağı altında olan bütün ərazilərimiz azad
edilsin və başdan-başa Qarabağa müasir avtomobil
yolları çəkilsin.
İyirmi birinci yüzillikdə
çox böyük aktuallıq kəsb edən Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun bir çox hissəsində tikinti işləri
artıq başa çatmışdır. “Azəravtoyol”
ASC-nin inşaatçıları layihə çərçivəsində
iki gediş və iki gəliş olmaqla dörd hərəkətli
müasir yol 1B texniki dərəcəyə uyğun olaraq
inşa edirlər. Kollektiv 25 kilometrlik Yenikənd-Salyan
(Kür körpüsü 1,6 kilometr), 24,8 kilometrlik
Salyan-Şorsulu, 70,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2
kilometrlik Cəlilabad-Masallı və 61,4 kilometrlik
Masallı-Astara hissələrində tikinti işlərini
sürətləndirir və keyfiyyətə diqqəti
artırırlar. Bu hissələrdə yol əsasının
inşası asfalt-beton örtüyünün döşənməsi,
yamacların bərkidilməsi və dəmir-beton baryerlərin
qoyulması işləri aparılır. Salyan-Şorsulu
və Şorsulu-Cəlilabad hissələrində isə 179
dairəvi boru və düzbucaqlı su keçidi, 21
yeraltı keçid, 5 körpü, həmçinin 1 tunel
inşa edilmişdir. Yolun Şorsulu-Cəlilabad hissəsində
12,5 kilometrlik yol trası Mahmudçala və
Ağçala bataqlıq və göl ərazilərindən
keçdiyi üçün burada yol yatağının
torpağın xüsusi bərkitmə texnologiyası əsasında
inşası başa çatdırılmışdır. Onu da qeyd edək ki, həmin ərazilərdə
heç vaxt insan məskunlaşmamışdır. Burada yol strukturu olmadığından yol
yatağının tikintisi üçün 70 kilometrlik məsafədən
qaya və daş parçaları gətirilmişdir. Ən əsası isə yol tikintisi normalarına
uyğun olaraq drenaj sistemi qurulmuşdur. Yolun
əsası isə daş-dolğudan inşa olunmuşdur.
“Azəravtoyol” ASC-nin yol
inşaatçıları yeni magistral yolun bataqlıq və
göl ərazisindən keçən ərazisi
üçün bir milyon tondan çox qaya və daş
dolğusundan istifadə etmişlər. Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
yolunun tikintisi başa çatmış 73,7 kilometrlik hissəsində
ümumilikdə 303 dairəvi boru, düzbucaqlı su
keçidləri, 32 yeraltı keçid, 2 tunel və 31
körpü inşa edilmişdir. Lənkəran
çayı üzərində inşa edilən və
uzunluğu 205 metr olan yeni avtomobil körpüsü də bura
daxildir. Bununla yanaşı, yeni magistral yol
boyu zəruri olan yerlərdə yol nişanları və məlumatlandırıcı
lövhələr quraşdırılmış, yolun
işıqlandırılması, yol cizgi və yolgöstərici
xətlərin çəkilişi işləri də
yekunlaşdırılmışdır.
Mühüm əhəmiyyət
kəsb edən Ələt-Astara-İran İslam
Respublikası ilə dövlət sərhədi avtomobil yolunun
ümumi uzunluğu 243 kilometr təşkil edir. Yeni yol istifadəyə
verildikdən sonra burada məsafə 38,4
kilometr qısalacaq. Şübhəsiz ki,
müasir olan bu yol Azərbaycanda turizmin və kənd təsərrüfatının
sürətli dirçəlişinə, xüsusən də
regionların sosial-iqtisadi inkişafına güclü təkan
verəcək. Həmçinin Şimaldan Cənuba
avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən
biri olan Ələt-Astara yolu daşımaların daha rahat və
itkisiz həyata keçirilməsinə şərait yaradacaq.
Nəticədə isə
yükdaşımaların artımı müşahidə
ediləcək.
Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
yolunun əsas hissəsi artıq istifadəyə
hazırdır. Amma beynəlxalq əhəmiyyətli bu
müasir yol tam olaraq 2018-ci ildə istifadəyə veriləcək.
Prezident İlham Əliyevin təsdiq
etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”na əsasən paytaxt Bakıda
və ölkənin bütün bölgələrində
avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur
təzələnir və müasirləşir. Yol
təsərrüfatındakı quruculuq və abadlıq
işləri hər kəsdə qürur hissi oyadır.
Respublikamızda yeni
yolların tikilməsi ilə bağlı son aylarda Azərbaycan
Prezidenti İlham Əliyevin müvafiq sərəncamlar
imzalaması yol inşaatçıları üçün
yeni vəzifələr açır. Həmin sərəncamlar
“Azəravtoyol” ASC-nin kollektivi qarşısında daha
mühüm öhdəliklər planlaşdırır.
Belə ki, cəmiyyətin yol inşaatçıları həmin
sərəncamlara uyğun olaraq Şamaxı rayonunun Göylər-Quşçu,
Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sorov,
Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşkəli-Zalqarağac-Çöl
Ağaməmmədli-Aradkənd-Muğan Cəmilli, Bakı
şəhəri Xəzər rayonunun Zirə-Türkan, Bərdə
rayonunun Yeni Daşkənd-Umudalılar, Ucar rayonunun Ucar-Gərayılbəyli-Cəlayır,
Astara rayonunun Taxtanəkaran-Miki və Taxtanəkaran-Toradi,
Şamaxı rayonunun Dəmirçi kəndini
İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə
birləşdirən Dəmirçi-Lahıc, Göyçay
rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı
avtomobil yollarının tikintisinə başlamışlar. Bütün bunlarla yanaşı, “Azəravtoyol” ASC
Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi
avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı
təmirini və Qorağan-Qax-Zaqatala avtomobil yolunun bərpasını
da həyata keçirəcəkdir.
Dövlət
başçısı oktyabrın 23-də Şəki şəhərinin
Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında daha bir sərəncam imzalamaqla “Azəravtoyol”
ASC-nin yol inşaatçıları qarşısında yeni
bir vəzifə müəyyənləşdirmişdir.
“Yol həm mədəniyyətdir,
həm rahatlıqdır, həm müasirlikdir, həm də
ölkənin səviyyəsini göstərir”. Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin bu sözlərini
artıq özümüzə deviz seçmişik. Azərbaycanın yol infrastrukturunun başdan-başa
təzələnməsi barədə öhdəlik
götürən kollektivimiz regionların sosial-iqtisadi
inkişafına kömək etmək, ölkənin
iqtisadiyyatına yeni töhfə vermək və daha
böyük nailiyyətlər qazanmaq uğrunda əsl
yarışa qoşulmuşdur. Eyni zamanmda,
əzmlə çalışırıq ki, Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin “Azəravtoyol”
ASC-nin yol inşaatçıları qarşısında
qoyduğu vəzifələrin öhdəsindən layiqincə
gələk. Şübhəsiz, biz
dövlət başçısının etimadını
mütləq doğruldacağıq. Bu sözləri isə
bizə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dedi.
Artıq Azərbaycan
dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin
göz oxşayan rahat və müasir magistral yolları əcnəbi
turistləri daha çox cəlb edir. Ölkəmizə
gələn bir də gəlmək istəyir. Turistlər
rahat və təhlükəsiz yollarla Qubanın Xınalıq
kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə,
cənub mirvarisi Lənkərana, Qusarın “Şahdağ”
Qış-Yay Turizm Kompleksinə, Şəkidəki Kiş
Alban məbədinə, Şəki Xan sarayına, dənizkənarı
bulvarı ilə seçilən gözəl təbiətli
Astaraya və başqa görməli, səfalı turizm məkanlarına
baxmaqdan doymurlar. Təsadüfi deyil ki, cari ildə
Azərbaycana gələn turistlərin sayı 2 milyona
yaxın olmuşdur.
Müasir yol infrastrukturu
artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur. Magistral
yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə,
regionlarımızın sürətli inkişafına, ən əsası
isə, xalqın sosial rifahının yüksəldilməsinə
öz töhfəsini verməkdədir. Bir
sözlə, müasirləşən yol şəbəkəsi
infrastrukturu insanlara həm rahatlıq verir, həm də
turizmin və regionların sosial-iqtisadi inkişafı
üçün mühüm amilə çevrilir.
Bu gün də, sabah
da “Azəravtoyol” ASC yol inşaatçılarının bir
amalı, bir məqsədi var: xalqımızın həyat səviyyəsini
yüksəltmək, müstəqil Azərbaycanın
çiçəklənməsinə nümunəvi xidmət
göstərmək, mürəkkəb yol tikinti layihələrini
bundan sonra daha da uğurla yerinə yetirmək və yeni-yeni
zirvələr fəth etməkdir. Bütün
bunlar həm də “Azəravtoyol” ASC kollektivi üçün
günün şüarı, əsl deviz və əməli fəaliyyət
proqramıdır.
Məhərrəm
SƏFƏRLİ,
Azərbaycan.-
2017.-25 oktyabr.- S. 4.