70 yaşlı gənc
Xalq
elçiləri
Yeniyetməlik mətnlərimizdə dostluğun mahiyyətini bu sözün tərkibindəki hərflərə uyğun mənalandırardıq: D - dəmir kimi möhkəm, O - od kimi isti, S - su kimi təmiz, T - torpaq tək müqəddəs.
Təxəyyül imkanlarına uyğun, bu sözlərin yerinə eyni hərflə başlayan digər kəlmələri qoyanlar da vardı. Amma bu, mahiyyəti dəyişmirdi. Çünki bütün hallarda söz elə seçilirdi ki, hərf başlanğıcı şərtindən başqa, həm də hansısa ali bir keyfiyyəti ifadə etsin.
O vaxtdan anlamağa başlamışdım ki, əsl dostluq dünyanın ən uca dəyərlərinin ümumiləşmiş adıdır.
Sizin heç 65 il
dostluq etdiyiniz biri varmı?!
Bu sualı kiməsə ünvanlamaq
o qədər çətindir ki... İnsanın
uşaqlıq illərindən dostluq etdiyi biri ilə
ömrün yetmişinci illərinə gəlib yetişməsi,
bu zirvələri də sağ-salim halda birgə
addımlaması, qoşa fotolardan bərabər baxması, bu
fotolarda bir yaşlanması əgər Tanrının
böyük lütfüdürsə, həyatın hələ
məsum çağlarında təməli qoyulmuş dostluq
münasibətlərini bu illərə qədər
daşıyıb gətirməyin özü də
ömrün başqa bir bəxşişidir.
Uşaq yaşlarından gələn
dostluq əlaqələrisə bütün bu məsuliyyət
duyğularının bir insan üçün yaşın lap
erkən çağlarından başlanması deməkdir. Dostluq könül
işidir, heç kim zorla bir-birinə dost
olmur. İnsanları bir-birinə mənəvi
ehtiyaclar, daxili dünyalarını paylaşmaq istəyi
yaxınlaşdırır. Bu münasibətləri
başlamaq kimi bitirmək də çox asandır. Bəzən adi bir söz illərin dostluğuna son
qoyur. Yaxud həyatın hansısa anı yetişir, dost
saydığın birinin davranışlarından
görürsən ki, onu özünə yaxın buraxmaqla xətaya
yol vermisən. Həyat ətrafındakı
insanları beləcə ələyir, illərin
sınağı sənə əsl dostluğun hekayətini
anladır. Görürsən ki, bu
sözün mahiyyəti sandığın kimi deyilmiş.
Və əgər bu məqamdan
sonra da yanında yenə uşaqlıqdan gələn bir
dostunu görürsənsə, dünyanın ən xoşbəxtisən,
demək. Çünki illər təkcə o dostunu
sınaqdan çıxarmayıb. Sən
özün də başqa birinin həyatında zamanın
sınaqlarından şərəflə çıxa bilmisən.
Mənəvi dəyərlərə sədaqətini
bir insanın həyatında göstərmisən. Ən azı, bir nəfər buna heç bir tərəddüdsüz
şəhadət gətirəcək.
Sizin heç 65 il
dostluq etdiyiniz biri varmı?! Mənim var...
***
Biz Lerikin Nuravud kəndindən
idik, onların ailəsi Lənkəranın Viravul kəndindən. Gəlib Lənkəran
şəhərindəki 2 nömrəli məktəbdə
tapışmışdıq.
Düz 65 il əvvəl
həmin məktəbdə eyni parta arxasında əyləşmişdik.
Bu günsə Azərbaycan parlamentinin iclas
salonunda eyni masanı paylaşırıq. Bəhs etdiyim
o insan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
sədri, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
professoru, siyasi elmlər doktoru, tanınmış ictimai-siyasi
xadim Hadi Musa oğlu Rəcəblidir.
Birinci sinifdən başlanan
dostluq münasibətlərimizin xoş xatirələrini Hadi
bir neçə ay əvvəl doğum günüm münasibətilə
qələmə aldığı təəssürat
yazısında bölüşüb. O ağır illərdə ərk
edib bir-birimizin paltarlarını geyinməyimizə, 7-ci sinifdə
Lənkəranın “Leninçi” qəzetində dərc
edilmiş ilk hekayəmin məktəbimizdə
qopardığı səs-küyə, ilk sevgi sirlərimizi
bir-birimizlə bölüşməyimizə,
buraxılış gecəsində səhnələşdirdiyimiz
pyesə, hətta bir bayram günü ömrümüzdə
birinci dəfə içdiyimiz spirtli içkinin adına -
“Tri semyorki” çaxırına qədər hər şeyi
yada salıb.
O, uzaq uşaqlıq
cağlarımıza 70 yaşının zirvəsindən
boylanıb...
Ona görə də daha
geniş təfərrüatlara və təkrarçılığa
varmadan, Anadolu türkləri demişkən,
yazdıqlarının tamamına qoşuluram. Bunlar iki
ömürdə bir yaşanmış ortaq xatirələrdir.
Amma elə məqamlar da var ki, onları bu sətirlərin
müəllifinin qələmindən duymaq, yəqin, daha
maraqlı olar.
Çünki Hadinin
özünə qalsa, təvazökarlığa qapılıb
bunları yazan deyil.
***
İkimiz də imkansız
ailələrdə böyümüşük. İşıq üzü
görmüş ilk hekayəmdə təsvir etdiyim “Bir tikə
çörək”imiz həmişə olsa da, yəni, ac
qalmasaq da, bu bir tikə çörəyin hansı əziyyətlər
hesabına başa gəldiyini hər zaman fərq etmişik.
Ona görə də indi Hadinin
ara-sıra qalmaqal yaradan müsahibələrini, insanları
israfçılıqdan, mənasız dəbdəbədən,
qeyri-təvazökar həyatdan çəkindirməyə, tənbəllik
etməməyə, dövlətdən müftə nəsə
gözləməməyə, işləyib zəhmət
çəkməyə çağıran fikirlərini bu sətirlərin
müəllifindən gözəl anlayan kimsə yoxdur, bəlkə
də...
Hadinin sosial həyat
anlayışı belədir, çünki o özü belə
bir həyatdan gəlib. Körpəlikdən zəhmətə
alışıb, həyatın ən böyük
uğurlarının gərgin zəhmət üzərində
bərqərar olduğunu anlayıb və özü də gərgin
zəhmət bahasına bu uğurlara zərrə-zərrə
nail olub.
14-15 yaşımız
vardı, çoxumuz ailəmizə kömək
üçün dərsdən sonra hansısa bir işin
qulpundan yapışmağa çalışardıq. Hadi isə
gündüzlər məktəbdə oxuyur, gecələr Lənkərandakı
14 nömrəli çörək zavodunda fəhlə işləyirdi.
O, bunu sinifdəki başqa uşaqlardan gizlətməyə
çalışırdı. Əlbəttə,
burada nəsə qəbahət yox idi. Amma
sovet quruluşu uşaq əməyindən istifadəyə
qarşı olduğundan məktəb şagirdinin gecə
növbəsində işlədiyi bilinsəydi, yəqin bir
olay çıxa bilərdi. Ağır iş növbəsindən
sonra bəzən dərsdə mürgülədiyini
görürdüm. Müəllim və sinif
yoldaşlarımız Hadini belə vəziyyətdə
“yaxalamasınlar” deyə, tez-tez dümsükləyib
oyadardım onu. İndi isə şirin xatirələrin
işığında həmin epizodları təbəssümlə
anırıq...
***
Hadi tələbəlik həyatına
və karyerasının ilk pillələrinə də elə
çalışdığı çörək zavodundan
başladı.
Burada işləyə-işləyə Moskva
Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsində
qiyabi təhsil aldı. Zavodda fəhlə,
mühasib, texnoloq, iqtisadçı oldu. Xeyirxahlığı,
prinsipiallığı, əqidəsinə, peşəsinə
sadiqliyi, bir sözlə, şəxsiyyəti ilə həyatımızda
gözəl bir nümunə yaratmış Lənkəran
Şəhər Partiya Komitəsinin birinci katibi İsa Məmmədov
da onu elə burada gördü.
Onda xalqımızın
ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik
fəaliyyətinə yeni başlamışdı. Cəmiyyət
həyatının bütün sahələrində
köklü islahatlar gedirdi. Ölkədə
böyük bir inkişaf dalğası hiss olunurdu. Yerlərdə mənəvi-psixoloji iqlimin
sağlamlaşdırılmasını, qabiliyyətli
kadrların seçilməsi, yetişdirilməsi və
müxtəlif vəzifələrdə irəli çəkilməsini
də Heydər Əliyev mühüm vəzifə kimi
qarşıya qoymuşdu. İsa müəllim
rəhbərlik etdiyi Lənkəran rayonunda belələrini,
adətən, özü arayıb tapırdı. Hadini də çörək zavodunda görüb bir
gənc kimi tərbiyəsinə, dərrakəsinə,
çalışmaq həvəsinə şahid olandan sonra
onunla daha dərindən maraqlanmağa
başlamışdı. Qısa söhbətdən
sonra belə nəticəyə gəlmişdi ki, bu zirək gənc
həm də yüksək əxlaqa sahibdir. Siyasi cəhətdən hazırlıqlıdır və
onu komsomol işinə irəli çəkmək olar.
1971-ci ildə Hadi Rəcəbliyə
yüksək etimad göstərildi, Lənkəran Şəhər
Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə
seçildi. Yeni işində də yüksək təşəbbüskarlığı,
bilik və bacarığı, təşkilatçılıq
məharəti ilə diqqəti çəkməyə
başladı. Bundan sonra pillə-pillə yüksəldi:
1972-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin
birinci katibi, 1978-ci ildən “Bakinski raboçi” qəzetinin
xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər
İcraiyyə Komitəsinin sədri oldu. Bu arada
indi professoru olduğu Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında - o vaxtı Ali Partiya Məktəbində də
təhsil aldı.
1981-ci ildən Azərbaycan
KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər
Partiya Komitəsinin birinci katibi oldu. On birinci
çağırış Azərbaycan SSR Ali Sovetinin
deputatı seçildi. 1989-1995-ci illərdə
Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis,
bölmə müdiri, şöbə müdirinin müavini,
şöbə müdiri vəzifələrində
çalışdı. 1995-ci ildən
sonrakı karyera həyatı isə parlament ilə
bağlandı. Beş
çağırış Milli Məclisin deputatı, komitə
sədri oldu.
Ömürlüyündən
də göründüyü kimi, sadə kəndli ailəsindən
çıxan bir uşaq zəkasının gücü, əlinin
zəhməti, mənəvi-əxlaqi keyfiyyətlərinin
qazandırdığı rəğbətlə ölkənin
tanınmış ictimai-siyasi xadimi mərtəbəsinə
yüksəldi. Bu yolda çətinliklərlə də üzləşdi,
yolun enişi, yoxuşu da oldu, amma ömrün heç bir məqamında
dəyişmədi, başqalaşmadı, 65 il əvvəl
onu bu sətirlərin müəllifinə
doğmalaşdıran saflığını, səmimiyyətini,
obyektivliyini, əməksevərliyini, həyat eşqini,
nikbinliyini hər zaman qorudu.
Elə insanlar var ki,
başqalarının onun haqqında tək xoş sözlərində
deyil, hətta ən kəskin tənqidi fikirlərində də
bir doğmalıq duyursan. Haqqında mənfi nələrsə
danışıb yazmaq istəyənlərdə də ərkyanalıq,
istilik nifrəti üstələyir və son nəticədə
tənqid də pozitiv məzmun almağa başlayır. Bunu dostum Hadı Rəcəbliyə münasibətdə
də müşahidə etmişəm. Bu
insana nifrət etmək, kin, hiddət bəsləmək sadəcə,
olaraq mümkün deyil. Çünki bu
cür hisslər onun özünə də yaddır. 65 illik dostum saçının qar bəyazlığı,
üzündən yağan şəxsiyyət və səmimiyyət
işığı ilə bütün mənfi hisslərdən
çox ucada dayanır. Çalışdığı,
göründüyü bütün sahələrdə
insanlara faydalı olmağa çalışır.
Əlindən gələn köməyi göstərməyə
can atır. Gecələr zavodda işlədiyi
uşaqlıq illərindəki fədakarlıq əzmini
yaşın indisinə qədər qoruyur.
Başqalarının karına gəlir,
xeyrinə-şərinə yarayır. Bu keyfiyyətləri
ilə də onu tanıyan hər kəsin qəlbində
özünə uca bir şəxsiyyət abidəsi
ucaldır.
***
Hadi uzun illərdir ki, Azərbaycan
parlamentində ən ağır, problemli bir sahəyə -
Sosial siyasət komitəsinə rəhbərlik edir. Bu, elə bir
sahədir ki, insanların faydasına saysız-hesabsız nələrsə
edəndə, sıravi vətəndaşın sosial problemlərinin
həllinə yönələn, həyatını
yaxşılaşdıran qanunvericilik sənədlərinin qəbulu
üçün illərlə zəhmət çəkəndə
bu, o qədər gözə görünmür. Heç
kim buna görə sağ ol demir. Amma elə ki, məsələnin dərinliyinə
varmaq istəməyənlərin maraqlarına toxunacaq nəsə
bir açıqlamaya yol verdin, hamı yerbəyerdən
üstünə gəlir. Bu mənada,
Hadinin işi çox ağırdır. Milli
Məclis seçkili orqan olaraq vətəndaşların ən
çox müraciət etdikləri dövlət
qurumlarındandır. Belə bir maraqlı statistika:
parlamentə göndərilən müraciətlərin 60
faizindən çoxu məhz Hadiyə ünvanlanır. Özü də bu müraciətlər sıravi
insanların həyat və məişətində ortaya
çıxan ən ağlagəlməz problemlərə qədər
bir çox məsələləri əhatə edir. Amma uşaqlıq dostum bunlardan yorulub usanmır,
hansısa müraciəti etinasız buraxmır, siyasi səbatının,
təcrübəsinin gücü ilə vətəndaşların
bu dövlət orqanından gözləntilərini imkan
daxilində doğrultmağa çalışır.
Özüm dəfələrlə
şahid olmuşam ki, parlamentin təmizlikçi,
sürücü, fəhlə və bu qəbildən olan
başqa sadə peşə sahibləri də Hadinin
qapısını sıxılmadan, çəkinmədən
açıb, öz problemlərini, qayğılarını
sanki yaxın bir dostlarına danışırlarmış
kimi, onunla bölüşə bilirlər. Bu
münasibəti yaradan Hadinin səmimiyyətidir. Müqəddəs dinimizin də lənətlədiyi
təkəbbür hissini heç zaman öz şəxsiyyətinə
yaxın buraxmamasıdır.
***
Hadi Rəcəbli ulu öndər
Heydər Əliyev kimi böyük şəxsiyyətin
dövlətçilik məktəbinin yetirmələrindəndir. Maraqlı bir
faktı xatırladım ki, 1994-cü ilin avqustunda ümummilli
liderin müqəddəs Kəbə evinə ziyarətinin təşkilatçısı
da Hadi idi. Ölkəmizin sosial-iqtisadi,
siyasi cəhətdən ən ağır günlərində,
xüsusilə qaçqın və məcburi
köçkünlərimizin problemlərinin müzakirəsi
və həlli prosesində də o, daim ulu öndərin
yanında olub. Bu sahədə həyata
keçirilən dövlət siyasətinin icrasında fəal
iştirak etməklə yanaşı, daim fərdi inkişafa,
öyrənməyə, savadını, təcrübəsini
artırmağa meyilli biri kimi ümummilli liderdən
bacardıqca öyrənib. Bu böyük
dövlət adamının ustad dərslərindən əxz
etməyi fərdi inkişaf üçün özünə
fürsət bilib. Heydər Əliyevin
yetirməsi olmağı ilə hər zaman qürur duyub.
Heydər Əliyevdən öyrəndikləri
sayəsində Hadi çox parlaq təşkilatçı və
təşviqatçıdır, bəlağətli tribundur, mətbuata
hər zaman açıq, jurnalistlərin sualları
qarşında heç vaxt dili dolaşmayan mahir siyasət
adamlarındandır.
65 illik uşaqlıq dostum, mətin
əqidə adamı bu gün də öz məsləkinə,
ona həyatının ən böyük nailiyyətlərini
qazandırmış Heydər Əliyev yoluna sadiqdir. Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü kimi möhtərəm
Prezident İlham Əliyevin yürütdüyü siyasətə
bütün varlığı ilə bağlıdır.
Hadinin dövlətçiliyimizə sədaqəti,
fədakarlığı, malik olduğu mənəvi dəyərlər
ölkə rəhbərliyi tərəfindən hər zaman təqdir
edilib, yüksək qayğı, isti münasibətlə
qarşılanıb.
***
Biz uşaq olanda Hadinin
yaxşı şeir yazmağı vardı. Sonralar bu maraq yerini daha
çox publisistikaya verdi. 1970-ci
illərin sonlarında o, “Bakinski raboçi” qəzetinin
bölgə müxbiri kimi çalışdı. Jurnalistika təcrübəsi qələmini də
siyasi təfəkkürünü də itilədi, püxtələşdirdi.
İndi də onun hərdən işdən-gücdən
başı açılıb, bir az da
insafa gəlib ölkə mətbuatında dərc etdirdiyi
aktual məqalələri ilə rastlaşanda bu
yazıları sadə üslubuna, oxunaqlığına, məntiqi
sisteminə görə, az qala, su kimi başına çəkmək
istəyirsən. Əfsuslar olsun ki, o, publisistikada az görünür. Çünki
jurnalistikanın qazandırdığı səriştədən
daha çox, elmi-pedaqoji fəaliyyətində
faydalanmaqdadır. O, hazırda ölkəmizdə
çox az sayda - 6 siyasi elmlər doktorundan biridir, professordur,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Elmi Şurasının
üzvü, buraxılış imtahan komissiyasının sədridir.
***
Nəcib bir nəslin, halal
ailə ocağının təmsilçisi olan Hadinin ailə
həyatının onun ictimai-siyasi, elmi karyerasını
tamamlamasına hər zaman fərəhlənmişəm. O, gözəl ailə
başçısıdır, əldə etdiyi nailiyyətlərdə
45 illik ömür-gün yoldaşının böyük əməyi
var. Bu ailə cəmiyyətə dörd saleh övlad bəxş
edib. Onlardan ikisi elm yolundadır, fəlsəfə
doktorudur. Şərəflə yaşanmış,
xeyirxah əməllərə sərf olunmuş ömrün
uşaqlıq dostuma ən böyük hədiyyəsi, dostlar
yanında atalarının üzünü ağ,
başını uca edən yüksək mənəviyyatlı
övladlardır, Tanrının əta etdiyi 9 nəvə
payıdır.
Bu övladlar da Hadinin
çoxsaylı dostlarına onun özü qədər
doğmadırlar. Hadidə bir keyfiyyət də var ki, onun
kiminləsə qurduğu ülfət, kəsdiyi
duz-çörək tədricən ailəvi dostluqlara
çevrilir. Ailələri,
övladları, ocaqları da bir-birinə
doğmalaşdırır. Əvvəllər
elə bilirdim ki, bu doğmalıq təkcə ikimizin
münasibətlərimizə aiddir. Necə
də olmasa, bizimki daha köhnə dostluqdur. Amma həyatın sonrakı dönəmlərində
rastlaşdığı insanların da ona münasibətinə
şahid olunca anladım ki, Hadi bütün dostları ilə
münasibətində belədir.
İkimizə də doğma olan Milli Məclisin komitə sədri Eldar İbrahimovun maraqlı bir sözü yadıma düşür. Onlar Hadi ilə ailəvi dostdurlar, deyir, biz altı bacanağıq, bir dəfə Hadi müəllimin də iştirak etdiyi ailə məclislərinin birində qərara gəldik ki, xanımlarımızın, övladlarımızın da bir-birinə doğmalığını nəzərə alaraq onu özümüzə yeddinci bacanaq elan edək. O vaxtdan həmişə bir yerə düşəndə zarafatla deyirik “Yeddi bacanaq yol gedirdi...”
***
Bu sətirləri qələmə aldığım anlarda qəfildən yadıma düşür ki, bu 65 ildə uşaqlıq dostumla bir-birimizə saysız-hesabsız suallar versək də, ona niyə məhz Hadi adının qoyulması ilə o qədər dərindən maraqlanmamışam. Bəlkə nə vaxtsa söyləyib, amma fakt budur ki, indi dəqiq tarixçə yadımda deyil. Əvəzində o, mənim üçün həmişə ədəbiyyat tariximizdə alov kimi yanan Məhəmməd Hadinin adaşı olub. “Cahana gəlmədə məqsəd nədir insana bilməm ki...” yazırdı nakam taleli şair.
İlk dəfə oxuduğumda buna cavab tapmaq çox çətin idi. Amma indi əsrin o biri üzündən eşidilən suala bəlli bir cavabım var. Düşünürəm ki, insan həyatının ən böyük məqsədi elə bu yazının qəhrəmanı kimi əzab-əziyyətli, amma halal bir ömür yaşamaq, 65 illik dostluğu, ülfəti qoruyub saxlaya biləcək qədər səmimiyyətə, uca mənəviyyata sahib olmaqdır.
Bu günsə onun - illərimin yol yoldaşı Hadi Rəcəblinin 70 yaşı tamam olur. Doğum günün mübarək, əziz dostum!
Hər zaman qəlbində yeni arzulardan həyatında böyük nailiyyətlərə yol görünsün!
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-publisist
Azərbaycan.-
2017.- 25 oktyabr.- S.5.