İlham Əliyevin daha bir möhtəşəm layihəsi reallığa çevrilir

 

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanı Avrasiyanın logistik mərkəzi kimi tanıdacaq

 

Tarixin bütün dövrlərində öz ərazisi ilə Avropa və Asiyanı, ümumilikdə ən uzaq dövlətləri birləşdirən Azərbaycan qlobal dünyada strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi qəbul olunur. Ölkəmizin tranzit potensialının genişləndirilməsi və tam reallaşdırılması hazırda iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur.

Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi praqmatik siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə Azərbaycanı mühüm nəqliyyat qovşağına çevirməkdədir.

 

Strateji əhəmiyyət daşıyan transmilli layihələr

 

Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində də mühüm rol oynayır. Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir.

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda bu istiqamətdə görülən işlər xüsusilə vurğulanmalıdır. Son 14 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bunun əyani sübutudur.

 

Regionun tranzit, istehsal və investisiya mərkəzi

 

Bu günlərdə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin tranzit sisteminin əsas halqasını təşkil edəcək. 2007-ci il fevralın 7-də Azərbaycan, Gürcüstan və Türkiyə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə imzalanan sazişlə başlanan bu proses nəticə etibarilə Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaqdır. Bu gün daşımaçılıq sahəsində mövcud olan ən böyük yük axını Çinlə Avropa arasındadır. Bunun təmin olunması əsasən dəniz daşımaları vasitəsi ilə həyata keçirilir və bu da vaxt etibarilə 25-30 gün təşkil edir.

Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün təşkil edəcək və nəticədə dəniz daşımaçılığına nisbətən yüklərin mənzil başına çatdırılması müddəti 2 dəfədən çox azalacaqdır. Bu bağlantı vasitəsilə yük daşımalarının həcmi 5-ci istismar ilindən sonra 3 milyon ton, 8-ci istismar ilində 6-8 mln. ton, sonrakı dövrlərdə isə 10 mln. ton və daha çox olacağı proqnozlaşdırılır.

 

Prezidentin böyük himayədarlığı

 

Azərbaycan Prezidentinin 2007-ci il 18 oktyabr tarixli sərəncamının icrasına uygun olaraq Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi davam edir.

Xəzər dənizi boyu 900 km-dən cox sərhəd xəttinin olmasına baxmayaraq, yeni limanın məhz Ələt qəsəbəsində inşası barədə qərar qəbul edilb. Sözsüz ki, bu, təsadüfi deyildir.

Ələt qəsəbəsi ölkə ərazisindən keçən mühüm beynəlxalq nəqliyyat dəhlizləri: Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi mahiyyət etibarilə bu ərazinin mühüm nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək və daşımalar üçün geniş logistik imkanlar yaradacaq. Məhz bu kontekstdən yanaşaraq yeni limanın Ələt qəsəbəsində inşasına qərar verilib. Azərbaycan Prezidentinin sərəncamı ilə verilmiş tapşırığa uyğun olaraq, yeni limanın inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb.

Limanın strateji əhəmiyyətini səciyyələndirən ən mühüm amillərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolunun başlanğıc nöqtəsinin məhz bu məkanın olmasıdır. Təsadüfi deyildir ki, 2010-cu ilin noyabr ayında limanın təməlqoyma mərasimində Prezident İlham Əliyev bu məqamı xüsusi vurğulayıb: “Biz hazırda bölgə və Avropa qitəsi üçün çox vacib olan dəmir yolu layihəsi üzərində fəal işləyirik. Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə Azərbaycanın nəqliyyat imkanlarını böyük dərəcədə artıracaq, regional nəqliyyat mərkəzi kimi rolumuzu daha da gücləndirəcək, Avropanı Asiya ilə etibarlı və keyfiyyətli dəmir yolu ilə birləşdirəcəkdir. Yəni, bütün bu amillər bizə diktə edirdi ki, mütləq Azərbaycanda yeni, müasir dəniz ticarət limanı tikilməlidir. Görülən bu işlərin cədvəli və sürət templəri bir-biri ilə bağlıdır. Beləliklə, bölgədə nəqliyyat sahəsində tamamilə yeni vəziyyət yaranacaqdır. Bu vəziyyəti biz yaradırıq, praktiki addımlarımızla, düşünülmüş siyasətimizlə”.

 

Bütün növ gəmilər limana təhlükəsiz və sərbəst yan alacaq

 

Hazırda tikintisi davam edən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində işlərin hansı səviyyədə olduğu hər kəs üçün maraqlıdır. Elə bu məqsədlə dünən İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə əraziyə media-tur təşkil olundu. Media nümayəndələri tikinti işlərinin gedişatı ilə yaxından maraqlandılar.

İqtisadiyyat Nazirliyinin tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin müdiriyyətinin direktoru Heydər Turabov görülən işlərlə bağlı ətraflı məlumat verərək bildirdi ki, kompleksin Baş Planı, ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən işlənib hazırlanıb və müvafiq qaydada təqdim edilib. İnşaat işləri müvafiq müqavilələrə əsasən liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılır. 1200 nəfər işçi qüvvəsinin, 300-ə yaxın texnikanın cəlb edildiyi böyük tikinti işləri 24 saat davam edir.

Hollandiyanın “Van Oord Dredging and Marine Contractors” B.V. şirkəti tərəfindən liman akvatoriyasında aparılmış dibdərinləşdirmə işləri nəticəsində uzunluğu 7,5 km, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa edilib. Bu, Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yan almasını təmin etmək imkanı verir.

Tikintiyə texniki nəzarət xidmətlərinin həyata keçirilməsi məqsədilə Hollandiyanın “HaskoningDHV UK Ltd.” şirkəti ilə müvafiq müqavilə imzalanıb və hazırda bu xidmətlər müqavilənin müddəalarına uyğun olaraq yerinə yetirilməkdədir.

 

Limanın Baş Planı daha da təkmilləşdirilib

 

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və başa çatdırılması üçün görüləcək işlərin sifarişçisi İqtisadiyyat Nazirliyidir.

Perspektivdə yük axınlarının həcminin artacağı təqdirdə, onların aşırılmasını təmin edəcək yeni infrastrukturun yaradılması (layihənin 2-ci mərhələsinin tikintisi) üçün böyük vəsait sərf etmədən, layihənin 1-ci mərhələsi daxilində infrastrukturun təkmilləşdirilməsi yolu ilə onun yükaşırma imkanının artırılması dövlət investisiya xərclərində əhəmiyyətli dərəcədə qənaət olunması baxımından rasional qiymətləndirilib və bunun nəzərə alınması ilə layihənin birinci fazası üzrə Baş Plan təkmilləşdirilərək, müvafiq qaydada razılaşdırılıb və təsdiq edilib.

“HaskoningDHV UK Ltd.” şirkəti tərəfindən yeni Baş Plana edilmiş dəyişikliklərin limanın fəaliyyəti üçün təhlükəsizlik və funksionallıq baxımından texniki təftişi aparılıb və nəticə olaraq müvafiq hesabat hazırlanaraq nazirliyə təqdim edilib. Sözügedən hesabata əsasən, Baş Plana edilmiş dəyişikliklər liman əməliyyatlarının təhlükəsizlik və funksionallığı baxımından müsbət qiymətləndirilib.

 

Ümumi körpülərin sayı 8-dən 12-yə çatdırılıb

 

Heydər Turabov vurğuladı ki, layihənin 1-ci fazası üzrə inşaat işlərini əks etdirən razılaşdırılmış Baş Plana əsasən, birinci mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü və 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı inşa olunacaq. Həmçinin xidməti donanma gəmiləri üçün körpünün və təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, bütövlükdə təxminən 34 ədəd müxtəlif təyinatlı binaların tikintisinin həyata keçirilməsi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması nəzərdə tutulub.

Baş Plana əsasən, 1 ədəd Ro-Ro və 3 ədəd ümumi yük körpüsü əlavə olunmaqla, ümumi körpülərin sayı 8-dən 12 ədədə çatdırılıb ki, bunun da nəticəsində layihənin birinci fazasının yükaşırma imkanı illik 10 milyon ton yükdən 15 milyon ton yükə və 50000 TEU-dan 100000 TEU konteynerə qədər artırılması təmin edilib.

Yeni limanın inşası zamanı hədəfə alının əsas məsələlərdən biri də müasir tələblərə cavab verən İT və təhlükəsizlik infrastrukturunun yaradılmasıdır.

Bu hədəfə nail olmaq məqsədilə liman ərazisində əməliyyatların effektiv idarəolunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sisteminin və digər İT komponentlərinin tətbiqi, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin (İSPS) tələblərinə uyğun olaraq mühafizə sisteminin yaradılması nəzərdə tutulub.

 

İnşaat işləri böyük sürətlə davam edir

 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xəzər dənizində buna bənzər ikinci liman yoxdur və bu liman bizim iqtisadi gücümüzü artıracaq”. Hazırda limanda tikinti işləri yüksək sürətlə davam etdirilir. Liman kompleksinin bütün seqmentlərində inşaat işləri icra edilməkdədir. Davam edən tikinti fəaliyyəti torpaqtökmə, dibdərinləşdirmə, metal konstruksiya, infrastruktur (elektrik, rabitə, su, kanalizasiya, yanğınsöndürmə, drenaj xətləri), mülki inşaat işlərini əhatə edir.

Heydər Turaborun sözlərinə görə, yeni liman kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bura 7 ümumi yük körpüsü, 2 Ro-Ro körpüsü, xidməti donanma gəmiləri üçün körpünün inşası daxildir. Layihəyə əsasən, 2018-ci ilin birinci rübünun sonunadək olan dövrdə anbarlar, yardımçı binalar, digər əlaqəli infrastruktur obyektləri inşa olunacaq, onların mühəndis-kommunikasiya xətləri (elektrik, rabitə və s. daxil olmaqla) çəkiləcəkdir. Bu dövrdə həmçinin yardımçı sistemlərin (drenaj, siqnalizasiya, yanğınsöndürmə və yanğın xəbərdarlığı, İT, videomüşahidə, İSPS tələblərinə uyğun olaraq mühafizə sistemi və s. daxil olmaqla) quraşdırılması nəzərdə tutulub.

Eyni zamanda, yeni liman kompleksində yükləmə-boşaltma əməliyyatlarının effektivliyinin yüksəldilməsi məqsədilə Almaniyanın “Ardelt” şirkətindən 6 ədəd yeni portal kranın alınması, eləcə də 2 ədəd mövcud portal kranın modernizasiya edilərək təchizatı və quraşdırılması nəzərdə tutulub. Bu çərçivədə 2 ədəd 80 tonluq, 2 ədəd 40 tonluq Kondor tipli və 2 ədəd 32 tonluq Sokol tipli yeni kranların alınması, təchizatı və quraşdırılması yerinə yetiriləcək. Bu proses artıq başlamışdır və hazırda 2 ədəd 80 tonluq Kondor tipli kranın təchizatı və quraşdırılması işləri icra edilməkdədir. İcra qrafikinə uyğun olaraq, digər kranların da quraşdırılması yerinə yetirilməkdədir. Daha 2 ədəd mövcud 32 tonluq Sokol tipli kranın modernizasiya edilərək yeni limanda istismara daxil edilməsi nəzərdə tutulub.

 

Effektiv, sürətli və təhlükəsiz bərə keçidi təmin ediləcək

 

Yeni liman kompleksi ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşir. Bu coğrafi mövqe, yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verəcək, Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək.

Bu ayın sonunda istismara verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün yeni liman bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcəkdir. Başqa sözlə desək, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınları yeni liman kompleksində cəmlənəcək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql edilməsini təmin edən effektiv və dayanıqlı logistik zəncir yaradılacaq.

Qeyd edilənlərlə bərabər, yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə tikilməkdə olan Azad İqtisadi Zona öz növbəsində mühüm nəqliyyat qovşağı kimi yeni limana daha geniş tranzit və daşıma imkanları təmin edəcək.

“Limanın istismara veriləcəyi gün Azərbaycan tarixinə yazılacaqdır. Biz və gələcək nəsillər bu gözəl işlərin nəticələrini görəcəyik. Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir, bizim bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik” - Prezident İlham Əliyevin limanın təməlqoyma mərasimində böyük uzaqgörənliklə söylədiyi bu fikirlər artıq tam reallaşıb.

Azərbaycan öz Liderinin rəhbərliyi altında Beynəlxalq Dəniz Ticarət Limanının timsalında növbəti möhtəşəm tarixə, yeni nailiyyətə imza atır...

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-26 oktyabr.- S.1-2.