Milli-mədəni dəyərlərə sadiqlik
Şəxsiyyətləri ümumi bir missiya birləşdirir. Bu liderlər dövlət quruculuğunu uğurla həyata keçirərək xalqın müstəqil inkişafını təmin edir, elmə, mədəniyyətə, təhsilə, bir sözlə, cəmiyyətin mənəvi həyatına zəngin töhfələr verir, bununla da bəşəriyyətə xidmət etmiş olurlar. Zaman keçdikcə bu missiya onları tarixi-siyasi dəyərlərin fövqünə ucaldır və əbədiləşdirir.
Ulu öndər Heydər Əliyevin şəxsiyyət obrazı cəmiyyətə ona görə doğmadır ki, həyatımızın bütün məqamlarında xalqı üçün qurub yaratdıqlarının şahidiyik, formalaşdırdığı zəngin irsin işığını duyuruq. Bu mənada Heydər Əliyev Azərbaycan ictimai fikri üçün təkcə böyük dövlət xadimi deyil, eyni zamanda xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutan, bütün dövrlərdə millətinin mənəvi yüksəlişinə yol açan bir çox dəyərlərin yaradıcısıdır. Ulu öndərin strateji inkişaf kursunu davam etdirən, ölkəsinə nailiyyətlər qazandıran, onu milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirən Prezident İlham Əliyevin də siyasi portretindəki ən mühüm əlamət elə budur. Respublikanın sosial-iqtisadi tərəqqisi, mövcud imkanlardan səmərəli istifadə, insanlarımızın sosial rifahının, güzəranının yaxşılaşdırılması, beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, cəmiyyət qarşısında dayanan bir çox problemlərin həlli və s. məsələlər dövlət başçısının yürütdüyü məqsədyönlü siyasətin əsas prioritetlərini təşkil edir. Bu siyasətin mahiyyətində bir mühüm məsələ də öz əksini tapır: Azərbaycan Prezidenti nəzərdə tutduğu strateji hədəflərlə bir xalqın öz dövlətindən gözləntilərini doğrultmaqla bərabər, həm də milli tarixi dəyərlər yaradır, vətəninin bütün dövrlərdə mənəvi yüksəlişini təmin edir, xalqını ucaldacaq əsaslar formalaşdırır, toplumu gələcəyə hazırlayır. Bu, ulu öndərin dövlətçilik irsindən əxz edilmiş ən mühüm mənəvi keyfiyyətdir. Milli kimliyi ifadə edən dəyərlər, eyni zamanda xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir.
Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən xalqın mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. İlk fərman və sərəncamlar da məhz milli-mənəvi intibaha, mədəni yüksəlişə xidmət etmişdir.
İnsanları işıqlı gələcəyə aparan ən qüdrətli vasitə kitablardır, ənənə və müasirlik arasında bağların yaradılmasıdır. Azərbaycan xalqının fikir xəzinəsinə açar olan bir çox kitabların latın qrafikasında təkrar nəşri barədə “Azərbaycan dilində latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam milli-mənəvi irsə sadiqliyin daha bir nümunəsi oldu. Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin zaman-zaman kütləvi tirajla nəşr edilib ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilməsi xoş bir ənənəyə çevrildi. Milyonlarla kitab Azərbaycan oxucusunun, xüsusilə gənc nəslin ixtiyarına verildi. Ölkə rəhbəri belə bir mühüm qərarı ilə nəsillər arasında rabitəni təmin etdi, gənclərin mütərəqqi ruhda tərbiyəsinə, dünyanın korifey yazıçı və şairlərinin əsərləri ilə tanış olmasına, həm də mənəvi cəhətdən kamilləşməsinə zəmin yaratdı. Dövlət başçısı “Azərbaycan Milli Ensiklopediyası haqqında” sərəncamı ilə 25 cildlik nəşrin hazırlanması prosesinə start verdi. Bu da xalqın mədəni intellektual səviyyəsinin yüksəldilməsinə, milli özünəməxsusluğunun qorunub saxlanmasına xidmət edən bir addım oldu.
Azərbaycan Prezidentinin ana dilimizin qorunması və inkişafı ilə bağlı gördüyü işlər ulu öndərin bu sahəyə həssas münasibətinin davamıdır. Hər şeydən öncə aparılan tədbirlər dilimizin inkişafında yeni bir mərhələ açdı.
Qloballaşma dövrünün müəyyən reallıqları ilə bağlı Azərbaycan dilinin istifadəsi sahəsində yaranmış bəzi problemləri ciddiliklə nəzərə alan ölkə rəhbəri “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasına dair sərəncam imzaladı. Belə bir dövlət proqramının qəbul edilərək icraya yönəldilməsi mənəviyyatımızın güzgüsü olan doğma dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm bir tarixi hadisəyə çevrildi.
Son illərdə həyata keçirilən mütərəqqi ruhlu islahatlar cəmiyyətdə mənəvi və mədəni intibah prosesinin keyfiyyətcə müasir mərhələyə qədəm qoymasını da təmin etmişdir. Yeni mərhələnin səciyyəvi xüsusiyyətlərindən biri də milli mədəniyyəti ümumbəşəri dəyərlər səviyyəsinə yüksəltmək, bu zəngin mənəvi xəzinənin qorunmasında nüfuzlu beynəlxalq təşkilatların iştirakını təmin etməkdir. Azərbaycanın mədəniyyət abidələrinin qorunması, milli irsin təbliği məqsədilə ötən illər ərzində UNESCO və digər beynəlxalq təşkilatlarla bağlanmış əməkdaşlıq münasibətləri də məhz bunun nəticəsidir. UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və s. daxil edilməsi ölkədə həyata keçirilən mədəniyyət siyasətinin məntiqi nəticəsidir. Bu günlərdə Mərakeşin paytaxtı Rabatda ISESCO-nun İcraiyyə Şurasının 38-ci sessiyası keçirilmişdir. Həmin sessiya ərəfəsində Naxçıvan türbələri İslam mədəniyyəti irs siyahısına təqdim edilmişdir.
Prezident İlham Əliyevin klassik irs və milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində həyata keçirdiyi tədbirlərin praktik nəticələr verməsində Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Fondun çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun qorunması məqsədidir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam, aşıq musiqisi, Novruz bayramı UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir.
Mədəniyyət sahəsində idarəçiliyi, onun hüquqi təminatını və maliyyələşdirilməsini, informasiya texnologiyaları ilə təchizatını, beynəlxalq əməkdaşlığını, əhalinin mədəni həyatda fəal iştirakını və s. məsələləri əhatə edən xüsusi strateji proqramın hazırlanması da olduqca vacib əhəmiyyət kəsb edir. Bundan başqa, ölkə rəhbərinin bir sıra sərəncam və fərmanları Azərbaycan ərazisində tarixi mədəniyyət abidələrinin qorunmasını, onların əsaslı bərpasını və yenidən qurulmasını nəzərdə tutur.
Prezident İlham Əliyev hesab edir ki, cəmiyyət həyatının müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi, elmi-texniki yüksəlişin gücləndiyi bir mərhələdə sovetlər birliyi dövrünün geridə qalmış texnologiya və infrastrukturu əsasında fəaliyyət göstərən, yenidənqurmaya ciddi ehtiyac duyan milli teatr və muzeylər, mədəniyyət ocaqları zəruri tamaşaçı auditoriyası cəlb edə bilməzlər. Əhalinin bir çox hallarda bu mədəniyyət ocaqlarına laqeyd münasibətinin əsasında da məhz belə amillər dayanır. Reallığı düzgün dəyərləndirən ölkə Prezidenti Azərbaycanda, demək olar ki, bütün aparıcı mədəniyyət müəssisələrinin, teatrların, o cümlədən kinoteatrların, muzeylərin əsaslı təmiri və yenidən qurulmasına yönələn sərəncamlar imzalamışdır. “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar qəbul olunmuşdur. Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” və s. qoşulmuşdur. Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlığa başlamış və əməkdaşlıq çərçivəsində milli mədəniyyətimizin mühafizəsi, inkişafı və təbliği sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bu gün beynəlxalq qurumlar vasitəsilə də Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur, eyni zamanda dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir. Belə bir dövlət siyasəti tarix boyu bəşər mədəniyyətinə nadir incilər bəxş etmiş Azərbaycanı beynəlxalq arenaya çıxarır və ölkəmizin dünyaya mədəni inteqrasiya prosesini uğurla davam etdirir.
İlham Əliyevin həyata keçirdiyi mədəni-humanitar siyasət yönümündə inkişaf yoluna qədəm qoyan sahələrdən biri də milli teatrımızdır. Azərbaycan teatrı bu illərdə istər qanunvericilik bazasının təkmilləşdirilməsi, istər teatr binalarının abadlaşdırılması, istərsə də tamaşaçı maraqlarının qorunması baxımından böyük irəliləyişə nail olmuşdur.
Ölkə rəhbərinin 2013-cü il
1 mart tarixli sərəncamına əsasən, martın 10-u hər il Milli Teatr Günü kimi qeyd edilir. Ənənələrindən qürur duyduğumuz milli teatrımız əslində ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ciddi inkişaf yoluna qədəm qoyub, öz taleyinin sahibi olub. Azərbaycan teatrının tərəqqisi, yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətə gələndən sonra insanların üzünü həm də teatra çevirib. “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır” - deyən Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə bu sahənin maddi-texniki bazası gücləndirilmiş, peşəkar aktyor və rejissor kollektivi yaranmışdır. Əgər 1969-cu ilə qədər cəmi 12 peşəkar teatr fəaliyyət göstərirdisə, hazırda 30-a yaxın peşəkar, 50-dən artıq xalq teatrı mövcuddur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə heç bir teatr bağlanmamış, əksinə, Pantomima, “Yuğ”, İrəvan və Azərbaycan dram teatrları dövlət statusu almışlar. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” qanun təsdiq edilmişdir. Bu, MDB məkanında və dünyanın inkişaf etmiş ölkələrində ilk dəfə olaraq atılan addım idi. Qanun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına böyük yaradıcılıq imkanları vermiş, hər iki teatrda çalışan insanların əməkhaqqı 100 faiz artırılmışdır. Həmin fərman az sonra daha beş teatra şamil edilmişdir.
Dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamı milli teatr sənətinin inkişafı ilə bağlı bir çox tədbirlərə yol açdı. 2009-cu ilin mayında Prezidentin sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı” qəbul edildi. MDB məkanında analoqu olmayan proqram çərçivəsində Azərbaycan milli teatrı özünün yenidənqurma mərhələsinə uğurla qədəm qoydu. Azərbaycan teatrında 2006-cı ildən bu ilin avqustunadək 1042 yeni və bərpa olunan tamaşalara quruluş verildi. Həmin tamaşaların 215-i dövlət büdcəsindən ayrılmış əsaslı vəsaitlə, 827-si isə teatrların daxili imkanları hesabına ərsəyə gətirildi.
Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. 2010-cu ildən başlayaraq artıq dörd dəfə keçirilən bu ənənəvi konfranslara dünyanın müxtəlif ölkələrindən 500-dən çox teatr tənqidçisi, teatr tarixini və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar qatıldılar. Tədbirin nəticəsi olaraq Azərbaycanın müxtəlif teatr institutları ilə əməkdaşlığı daha da genişləndi.
Bu illər ərzində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində problemli olan bina məsələsi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istifadəyə verilib. Bu teatrlarda ən mürəkkəb quruluşlu tamaşalara səhnə həyatı vermək üçün lazım olan bütün texnika və mexanizmlər, işıq və səs sistemləri, tamaşaçıların rahatlığına hesablanmış havalandırma və istilik sistemi, gözəl interyer və s. yaradılıb.
Son illərdə onlarla sənət adamına dövlət başçısının sərəncamı ilə yüksək fəxri adlar verilib. Hər il 100-150 nəfər Prezident təqaüdünə layiq görülür. Onlarla insanın mənzil və digər problemləri həll olunur. Böyük xidmətləri olan ustad sənətkarlar ömürlük təqaüd alanlar siyahısına daxil edilir.
Ötən dövrdə Azərbaycan teatrları dünyanın 30 ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, İsveçrə, Moldova və başqa respublikalarda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə məhdudlaşmır. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması isə yeni teatr fəaliyyəti formalarının meydana çıxmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. İndi həmin formanın ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
2013-cü il martın 1-də Azərbaycan Prezidenti “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” sərəncam imzaladı. Həmin ilin iyun ayında yubileylə bağlı təntənəli mərasim keçirildi. Mərasimdə xüsusi qeyd olundu ki, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirzağa Əliyev, Sidqi Ruhulla, Fatma Muxtarova, Ülvi Rəcəb, Mustafa Mərdanov, İsmayıl Osmanlı və başqa görkəmli teatr xadimlərinin fəaliyyəti sayəsində Azərbaycan teatrı bir-biri ilə üzvi vəhdətdə olan iki xətt üzrə - Avropa və rus klassiklərinin, Azərbaycan dramaturqlarının əsərləri əsasında inkişaf edib. Bu iki istiqamət ölkə teatrında milli ilə bəşəriliyin, Şərq mentaliteti, sənət spesifikası ilə Avropa teatr ənənələrinin vəhdətini yaradıb. Bu vəhdət isə Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayaraq onun xarakterik xüsusiyyətinə çevrilib. Belə bir xarakterik xüsusiyyət nəticəsində Cavid teatrı, Cabbarlı teatrı, sonrakı dövrlərdə S.Vurğun teatrı, İ.Əfəndiyev teatrı kimi anlayışlar Azərbaycan mədəniyyətinin mühüm hadisələri olub. Kollektiv sənət olan teatrın inkişafı isə eyni zamanda ədəbiyyatın, musiqinin, vokal sənətinin, rəngkarlığın, nitq mədəniyyətinin, rəqsin, fərdi aktyorluq və rejissorluq sənətinin, sənətşünaslığın inkişafı deməkdir. Avropa operasının yüzilliklər boyu keçdiyi keşməkeşli yaradıcılıq yolunu Azərbaycan teatrı bütün Şərqdə ilk dəfə olaraq Üzeyir Hacıbəylinin yaradıcılığının timsalında “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər qısa bir müddətdə qət edib. Üzeyir bəy bütün Şərqdə ilk dəfə olaraq “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi klassik operettalar yazaraq onları teatrımızın səhnəsinə gətirib.
Azərbaycan teatrı artıq öz hüdudlarından çox-çox kənarlarda sevilir. Üzeyir bəyin əsərləri hazırda Avstriyada, Almaniyada, Amerikada səhnələşdirilir. Rejissorlarımızın ən gözəl əsərləri Rusiyada, İngiltərədə, İranda, Misirdə, Hollandiyada və s. dövlətlərdə yeni quruluşda tamaşaya qoyulur. Azərbaycanlı rejissorlar dünyanın ən nüfuzlu teatrlarına dəvətlər alırlar. Atılan hər bir uğurlu addım dünya məkanında mədəniyyətimizə və incəsənətimizə dərin marağın yaranmasına səbəb olur.
Hazırda Azərbaycan musiqi sənətinin inkişafı, onun dünyada təbliği, musiqiçilərin yaradıcılığının dəstəklənməsi istiqamətində də bir sıra layihələr həyata keçirilir. Ötən dövr ərzində ölkəmizdə respublika və beynəlxalq əhəmiyyətli minlərlə konsert, festival, müsabiqə təşkil edilmişdir. Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri, Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı, Qəbələ, Muğam aləmi, Bakı caz, Rastropoviç beynəlxalq musiqi festivalları, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzunun və potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Azərbaycan bunun sayəsində dünyanın musiqi mərkəzlərindən birinə çevrilib.
Ölkəmizdə kino sahəsinin inkişafı, onun fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, ayrı-ayrı studiyaların işinin əlaqələndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Kinemotoqrafiyanın istehsalat, texniki, informasiya, hüquqi və maddi bazasının möhkəmləndirilməsi, eləcə də maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilən və kino tariximizdə ilk genişmiqyaslı sənəd olan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti var. Hazırda icrası davam edən həmin proqram çərçivəsində bir sıra iri layihələr, mühüm məqsədyönlü tədbirlər həyata keçirilir.
Heydər Əliyev Fondu mənəviyyatın digər sahələri ilə yanaşı, milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini neçə illərdir ki, davam etdirir. Dünyanın ən nüfuzlu kino festivalı olan Kann Film Festivalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə ölkəmizi təmsil edən xüsusi pavilyon fəaliyyət göstərdi. Fondun ən böyük töhfələrindən biri də 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş “Arşın mal alan” filminin Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan Hollivudda bərpa edilərək rəngli formatda hazırlanması olub.
Bu gün həyata keçirilən dəyərli bir kino layihəsi də “Bakı, mən səni sevirəm” adlanır. Layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Mosfilm” kinokonsernində istehsal olunan bu layihə hər biri doqquz dəqiqədən ibarət olan qısametrajlı filmləri özündə birləşdirir.
Oktyabrın 17-də Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi keçirilib. Filmin mövzusu Xeyir və Şər qüvvələri arasında mübarizəyə həsr olunub. İnsanlar hər zaman Xeyirlə Şərin qarşıdurmasında yaxşıların necə qalib gəlməsini düşünüblər. Filmin qəhrəmanları pisliklərlə mübarizə aparır, onlar üzərində üstünlük əldə etmək üçün bütün qüvvələrini səfərbər edirlər. Bu filmin də ideya müəllifi və baş prodüseri Leyla Əliyevadır. Təqdimat mərasimində ekran əsərindən danışarkən bildirib ki, filmin Xeyir və Şər haqqında olduğunu demək istəmirəm. Film Xeyir haqqındadır. Ona görə ki, dünyada ən böyük qüvvə - sevgi, xeyir və inamdır.
2013-cü ildən Arzu xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Media Mərkəzində ötən müddətdə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-video materiallar, müxtəlif videoçarxlar hazırlanıb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsi yaradılıb. Həmçinin Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmlər çəkərək tamaşaçıların ixtiyarına verib. Fransanın “C&C” şirkəti ilə birlikdə istehsal edilən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli film “National Geografic” kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanıb. Bundan başqa, mərkəz tərəfindən istehsal olunan Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli-bədii filmi də böyük tamaşaçı rəğbəti qazanıb.
Son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 208 sənədli, 44 tammetrajlı, 50 qısametrajlı bədii, 22 cizgi filmi, “Mozalan” kinojurnalının 18 buraxılışı çəkilib. Ümumilikdə 344 adda film məhsulu istehsal edilərək tamaşaçılara təqdim olunub. Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə dövlət sifarişi ilə 9 bədii, 85 sənədli film həsr edilib. 2013-2016-cı illərdə “Azərbaycanın milli qəhrəmanları” silsiləsindən 75 sənədli film çəkilib. Bakı şəhərində üç dəfə beynəlxalq turizm, iki dəfə beynəlxalq idman filmləri festivalı keçirilib. Bir faktı da qeyd edək ki, Azərbaycanın mədəniyyətini, adət-ənənələrini, tarixini, turizm potensialını əks etdirən bədii və sənədli filmlərin nümayişi məqsədilə Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, İngiltərə, Koreya, Özbəkistan, Tacikistan, Braziliya, Macarıstan və s. dövlətlərdə Azərbaycan kinosu günləri keçirilib. İndiyədək dövlət sifarişi əsasında çəkilmiş “Nabat”, “40-cı qapı”, “Çölçü”, “Azərbaycan xalçası”, “Axınla aşağı”, “Qırmızı bağ”, “İçəri Şəhər”, “Qisas almadan ölmə”, “Nar bağı” və s. bədii, sənədli, cizgi filmlərimiz 50-dən çox ölkədə olan beynəlxalq kinofestivallarda 200 dəfədən çox nümayiş etdirilib.
Gələn il Azərbaycan
kinosunun 120 yaşı tamam olur. Bu əlamətdar
hadisə ilə bağlı hazırlıq işləri
aparılır, kino sənətimizin inkişafı
üçün bir sıra mühüm qərarlar qəbul
edilir.
Həyata keçirilən
siyasətin uğurları, qapılarını dünyaya
açmış ölkəmizdəki sabitlik və inkişaf
mühiti sayəsində Azərbaycan bu gün bütün
dünyada sülh, tolerantlıq, mədəniyyətlərarası
dialoq ünvanı kimi tanınır. Fərqli mədəniyyətlər
bu məkanda bir araya gəlir. Ölkəmiz
müasir dünyada bir çox problemlərin həllinə zəmin
yaradan multikulturalizm ideyalarının carçısı kimi
çıxış edir. Dünyanın
taleyinə görə narahatlıq keçirən
düşüncə adamlarını bu ideya ətrafında
birləşdirməyə çalışır. Beləliklə, Azərbaycan tarix boyu üzərinə
götürdüyü bəşəri missiyanı bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir tərzdə
davam etdirir. Bu baxımdan vətənimizdə
ənənəvi şəkildə keçirilən humanitar
forumlar, ölkəmizin bu cür qlobal tədbirlərə
evsahibliyi etməsi xüsusi əhəmiyyət
daşıyır.
Bir vaxtlar üzləşdiyi
tənəzzül mərhələsini çoxdan geridə
qoyan Azərbaycan mədəniyyəti artıq
özünün keyfiyyətcə yeni inkişaf
dövrünü yaşayır. Prezident İlham
Əliyevin cəmiyyətin fəal dəstəyi ilə həyata
keçirdiyi alternativsiz siyasət ölkəmizə bundan
sonra da möhtəşəm nailiyyətlər qazandıracaq.
İradə ƏLİYEVA
Azərbaycan.-
2017.-27 oktyabr.- S.1; 4.