Meliorasiya və su təsərrüfatı sisteminin modernləşməsi regionların inkişafına böyük töhfə verib

 

Sürətli inkişaf, müstəqil siyasət və qüdrətli dövlət quruculuğu mərhələsi

 

Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür- Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Ölkə ərazisi arid zonada yerləşdiyinə görə burada meliorasiya və suvarma işləri aparılmadan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılmasına baxmayaraq, onun genişmiqyaslı, intensiv inkişafı ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə olmuşdur.

 

Meliorasiya və irriqasiya sisteminin məhsuldarlığı 13 ildə 2 dəfə artıb

 

Ulu öndərin respublikaya rəhbərlik etdiyi illər ərzində 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Meliorasiya və su təsərrüfatı sahəsində təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə iqtisadiyyatının dinamik inkişafında, onun su təhlükəsizliyinin təmin edilməsində unikal əhəmiyyətə malik olan bir çox layihələr Prezident İlham Əliyevin diqqəti sayəsində başa çatdırılmış, bəzi layihə və tədbirlər isə hazırda uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq sahəyə ayrılan vəsaitin və buna müvafiq olaraq yerinə yetirilən bərpa, yenidənqurma və tikinti işlərinin həcmi ildən -ilə artmaqdadır. Mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizmlər alınmış, onların məhsuldarlığı 2004-cü il ilə müqayisədə 2 dəfəyə yaxın artmışdır.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Bütün maliyyə mənbələri hesabına 2004-2016-cı illərdə 3700 kilometr uzunluğunda suvarma kanallarının, 2246 km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 329 min hektar sahədə torpaqların su təminatının və 239 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 55 min hektardan artıq yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Çaylarda sel və daşqınlara qarşı 183 km-dən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1803 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

 

4 milyondan artıq insanın sosial-iqtisadi durumuna töhfə verəcək layihə

 

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan su elektrik stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır. Eyni zamanda, ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin başa çatdırılması ilə Samur-Abşeron kanalına əlavə su verilməsi təmin edilmişdir.

Prezident İlham Əliyev 28 sentyabr 2013-cü ildə Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalının açılış mərasimində respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir: “Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək, su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda, su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir”.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində respublikanın şimal zonasında 150 min hektar suvarılan torpaqların su təminatının, Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında əhalinin, sənayenin və kənd təsərrüfatının içməli, texniki və suvarma suyuna olan tələbatının yaxşılaşdırılması, 31 min hektar yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsi, Taxtakörpü su anbarında inşa olunan su elektrik stansiyasında quraşdırılan 3 turbin vasitəsilə 25 MVt elektrik enerjisinin istehsal olunması, kanal üzərindəki mövcud Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 13-15 milyon manatdan artıq elektrik enerjisinə qənaət edilməsi, layihə ərazisində ekoloji vəziyyətin və orada yaşayan 4-4,6 milyon nəfər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması təmin ediləcəkdir.

Taxtakörpü su anbarının tikintisinin başa çatdırılması ilə beynəlxalq layihə şirkəti tərəfindən “Xızı, Siyəzən və Şabran rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi”nın layihə sənədlərinin hazırlanmasına başlanıldı. Layihədə 2014-cü ildə Xızı rayonunda 12579 ha (onun 9609 hektarı yeni suvarılan və 2970 hektarı su təminatı yaxşılaşdırılacaq torpaqlardır), Siyəzən rayonunda 12137 hektar (onun 6972 hektarı yeni suvarılan və 5165 hektarı su təminatı yaxşılaşdırılacaq torpaqlardır) və Şabran rayonunda 30207 hektar ( onun 13806 hektarı yeni suvarılan və 16401 hektarı su təminatı yaxşılaşdırılacaq torpaqlardır) olmaqla, 54923 hektar sahədə meliorativ tədbirlərin aparılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin iştirakı ilə 22 iyul 2014-cü ildə Taxtakörpü-Ceyranbatan kanalından suyun Xızı rayonunun yeni suvarılan sahələrinə verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması, 4 sentyabr 2015-ci ildə isə 1-ci mərhələdə Xızı rayonunda 3396 hektar (onun 3084 hektarı yeni suvarılan torpaqlardır) və Siyəzən rayonunda 1466 hektar (onun 1424 hektarı yeni suvarılan torpaqlardır) torpaq sahələrinə Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsi mərasimi keçirilmiş və bu torpaqların istifadəsinin tezləşdirilməsi üçün dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Ümumiyyətlə, 2015-2016-cı illərdə Xızı rayonunda 7746 hektar və Siyəzən rayonunda 6172 hektar olmaqla, cəmi 13918 hektar sahədə meliorativ tədbirlər başa çatdırılaraq, 10801 hektar yeni suvarılacaq sahələr istifadəyə verilmiş və 3117 hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmışdır. Şabran rayonunda isə 2016-cı ildə 13806 hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 16401 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinə başlanılmışdır.

 

Qərb bölgəsinin yüksəlişinə böyük dəstək

 

Ulu öndər Heydər Əliyevin Şəmkirçay su anbarının tikintisi ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, 2009-cu ildə onun iştirakı ilə su anbarının tikintisinin təməlqoyma, 2014-cü ildə isə açılış mərasimləri keçirilmişdir. SES-lə birlikdə Şəmkirçay su anbarının, ondan su götürən 60,5 km uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, 17 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə, ildə 56 milyon kvt elektrik enerjisinin istehsal olunmasına, Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinə ildə 50,0 milyon kbm-ə yaxın ekoloji təmiz içməli su verilməsinə imkan yaranmışdır. Hazırda su anbarından Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətti hazır olduqdan sonra suyun verilməsi təmin ediləcəkdir.

Şəmkirçay su anbarı istifadəyə verildiyi vaxtdan keçən müddət ərzində ona yığılan 715 milyon kbm su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35000 hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, Şəmkir və Göygöl rayonlarının 4000 hektar, eləcə də “Şəmkir” Aqroparkın 543 hektar yeni suvarılacaq sahələri su ilə təmin edilmişdir.

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının keçən əsrin 80-ci illərində inşa olunmuş 1-ci növbəsinin davamı olaraq uzunluğu 27,95 km olan 2-ci növbəsinin tikintisinə 2015-ci ildə başlanılmışdır. Bu kanalın tikintisi ilə əkin sahələrinin suvarma su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 26584 hektar (onun 8293 hektarı yeni suvarılan torpaqlardır) torpaq sahəsi suvarma suyu ilə təmin ediləcəkdir. 2016-cı ildə kanalın “İpək yolu”na qədər 8,55 km-lik hissəsinin tikintisi tamamlanaraq Goranboy və Samux rayonlarının 8000 hektardan çox torpaq sahələrinə suvarma suyu çatdırılmışdır.

Kompleks layihəyə daxil olan Şəmkir və Göygöl rayonlarının 24663 hektar (onun 7878 hektarı yeni suvarılan torpaqlardır) əkin sahələrinə Şəmkirçay su anbarından suvarma suyunun verilməsi üçün müasir paylayıcı kanalların və suvarma şəbəkəsinin, eləcə də Samux və Goranboy rayonlarının 26584 hektar (onun 8293 hektarı yeni suvarılan torpaqlardır) torpaq sahəsini suvarma suyu ilə təmin edəcək uzunluğu 27,9 km olan Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 2-ci növbəsinin tikintisi işlərinə 2015-ci ildə başlanılmışdır.

Şəmkir, Samux və Göygöl rayonlarının 20 min hektara yaxın (onun 2 min hektardan çoxu yeni suvarılan torpaqlardır) torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda Şəmkir- Samux-Goranboy magistral suvarma kanalının 2-ci növbəsinin 2016-cı ildə “İpək yolu”na qədər 8,55 km-lik hissəsinin tikintisinin tamamlanması ilə Samux və Goranboy rayonlarının 8 min hektar (onun 980 hektarı yeni suvarılan torpaqlardır) torpaq sahəsinə suvarma suyu çatdırılmışdır.

2016-cı ildə tikintisi tamamlanmış ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarına yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, 300 hektar yeni suvarılacaq torpaqlar isə su ilə təmin edilmişdir.

 

İnfrastruktur təkmilləşdirilir və müasirləşdirilir

 

Cəlilabad rayonunda ümumi sututumu 3,7 milyon kubmetr olan Göytəpə su anbarının tikintisi 2010-cu ildə başa çatdırılaraq 681 hektar yeni suvarılacaq sahələr suvarma suyu ilə təmin edilmişdir.

Ölkəmizdə iri kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə əlaqədar Şəmkirçay su anbarından “Şəmkir” Aqroparkın 543 hektar, Samur-Abşeron suvarma sistemindən “Yalama” Aqroparkın 523 hektar, Yuxarı Mil kanalının 15,25 km-lik hissəsinin tikintisinin tamamlanması nəticəsində Füzuli, Beyləqan və Ağcabədi rayonları ərazilərində pilot “Qarabağ” və “Kroun-Ko” iri taxılçılıq təsərrüfatlarına məxsus 10525 hektar sahədə özəl taxılçılıq təsərrüfatlarının, Neftçala rayonunda 20204 hektar (onun 6804 hektarı yeni suvarılan torpaqlardır) torpaq sahəsinə suvarma suyunun verilməsini təmin edəcək Kür çayında üzən nasos stansiyasının, təzyiqli boru kəmərinin və Neftçala magistral kanalının 9,55 km-lik hissəsinin tikintisinin başa çatdırılması ilə 967 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılmış və 1200 hektar yeni suvarılan torpaq sahəsinə suvarma suyu çatdırılmışdır. Yuxarı Şirvan kanalından su götürən və uzunluğu 28 km olan Hacıqabul magistral kanalının tikintisi ilə Hacıqabul rayonunda yaradılmış iri kənd təsərrüfatı müəssisəsinə məxsus 1625 hektar, Padar qəsəbəsinin və Qarasu kəndinin 1587 hektar yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş, Ağcabədi rayonunun 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi davam etdirilmiş, Sabirabad və Biləsuvar rayonlarında 15950 hektar az məhsuldar qış otlaq sahələrinə Kür çayından suvarma suyunun verilməsi məqsədilə nasos stansiyasının tikintisi işlərinə başlanılmışdır.

Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin 11698 hektar (onun 200 hektarı yeni suvarılan torpaqlardır) torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 2015-ci ildə rayonun Azadkənd kəndi yaxınlığında Kür çayından su götürən “H” kanalında yenidənqurma işlərinin aparılmasına başlanılmışdır. Ötən müddət ərzində Kür çayında nasos stansiyasının, 4 xətli təzyiqli boru kəmərinin 2 xəttinin və kanalın 7,8 km-lik hissəsinin tikintisi işlərinin aparılması nəticəsində 3947 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılmış və 200 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin edilmişdir.

Eyni zamanda işğal ərazisi ilə təmas və sərhəd zonalarında yerləşən Füzuli və Qazax, eləcə də Kürdəmir, Goranboy, Zərdab və digər rayonların 2862 hektar torpaqlarını suvarma suyu ilə təmin etmək üçün nasos stansiyalarının və suvarma kanallarının tikintisi işləri tamamlanmışdır. Salyan rayonunda 12589 hektar az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlərin işçi layihəsinin hazırlanması işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2016-cı illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın əhalisi 1,3 milyon nəfərdən çox olan 40 şəhər və rayonunun 560 yaşayış məntəqəsində 957 subartezian quyusu qazılmışdır.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda Sudan istifadəedənlər birliklərinin institusional gücləndirilməsi və onların 85 min hektar xidmət ərazilərində təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işlərinə başlanılmışdır. Bu məqsədlə layihə çərçivəsində 198 ədəd ofis binası, 4 rayonda (Sabirabad, Quba, Qax və Zərdab) Regional dəstək mərkəzləri tikilmiş və 88 ədəd ekskavator alınaraq Sudan istifadəedənlər birliklərinin balansına verilmişdir. Layihənin başa çatmamasına baxmayaraq, artıq 114 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri tamamlanmış və cari ilin sonuna qədər daha 4 min hektardan artıq sahədə bu işlər başa çatdırılacaqdır.

 

İçməli su ilə təminat problemi aradan qaldırılır

 

Eyni zamanda respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmış, Yardımlı rayonunda isə bu işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 və 19 iyul 2013-cü il tarixlərində Siyəzən və Şabran şəhərlərində içməli su və kanalizasiya şəbəkəsinin, 14 avqust 2013-cü il tarixdə İsmayıllı, 4 sentyabr 2013-cü il tarixdə Yardımlı, 17 sentyabr 2015-ci il tarixdə Ağsu şəhərlərində içməli su xəttinin, 3 sentyabr 2016-cı il tarixdə Masallı şəhərində içməli su təchizatının (şəhər su və kanalizasiya sisteminin) istifadəyə verilməsi mərasimlərində iştirak etmişdir.

Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2004-2016-cı illərdə respublikanın 24 rayonunun sel və daşqın təhlükəli 41 çayında 183427 metr sahilbərkitmə tədbirləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikada həyata keçirilən infrastruktur layihələri arasında meliorasiya məsələlərinin ön planda durduğunu, meliorativ tədbirlərin növbəti ilin Dövlət İnvestisiya Proqramında və ondan sonrakı illərdə də daim prioritet olacağını qeyd edən ölkə rəhbəri tərəfindən suvarılan torpaq sahələrini hər il artırmaqla pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın, çayçılığın və digər kənd təsərrüfatı sahələrinin sürətli inkişafının təmin edilməsi istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması sahəsində bizim qarşımızda mühüm vəzifələr qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin ölkədə pambıqçılığın, taxılçılığın, tütünçülüyün və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar səhmdar cəmiyyəti qarşısına qoymuş vəzifələrin vaxtında yerinə yetirilməsini təmin etmək üçün əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də uğurlu fəaliyyətini davam etdirir.

Dünya Bankının krediti ilə həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi”ndə qənaət edilmiş vəsait hesabına respublikanın İmişli, Ağcabədi, Goranboy, Saatlı və Beyləqan rayonlarının ərazilərində 13836 hektar sahədə suvarma və drenaj şəbəkələrinin bərpası və yenidənqurulması işləri davam etdirilmiş, 81 km uzunluğunda drenaj şəbəkələrində,180 km uzunluğunda suvarma kanallarında bərpa və təmizləmə işləri aparılmış, 14 km uzunluğunda mövcud kanallar betonla üzlənmiş, onların üzərində 198 mövcud qurğu təmir-bərpa işləri görülmüş və 862 ədəd yeni hidrotexniki qurğu tikilmişdir.

Bankın krediti ilə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 5 rayonunda (Şabran, Siyəzən, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilərək 10 kilometr uzunluğunda içməli su və 14 km uzunluğunda kanalizasiya xətləri çəkilmiş, su nasos stansiyası və 4 ədəd su anbarı tikilmişdir. 2 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Viləşçay su anbarından Cəlilabad şəhərinə içməli suyun verilməsi üçün uzunluğu 30 km-dən çox olan magistral su xəttinin və su təchizatı şəbəkələrinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

 

Əkin sahələrinin suvarılması sistemi yenidən qurulur

 

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Şabran, Siyəzən və Xızı rayonları ərazisində 21 min hektar, ondan 11 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 10 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün 86 km uzunluğunda paylayıcı boru kəməri və 48 km qapalı drenaj xətti çəkilmişdir. Hazırda Siyəzən rayonu ərazisində 2205 hektar yeni suvarılan torpaqlara suvarma suyunun çatdırılması və 4425 hektar sahədə su təminatının yaxşılaşdırılması işləri tamamlanmışdır. Xızı rayonu ərazisində 4833 hektar (onun 3575 hektarı yeni suvarılan torpaqlardır) və Şabran rayonunda 9255 hektar (onun 5189 hektarı yeni suvarılan torpaqlardır) sahədə meliorativ tədbirlər davam etdirilir və cari ilin sonunda başa çatdırılacaqdır.

Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayı üzərində inşa edilmiş nasos stansiyasının hidrotexniki avadanlıqlarının quraşdırılması işləri görülmüş və “H” kanalının 7,78 km hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi işləri cari ildə başa çatdırılmışdır. Bununla da, 1-ci mərhələdə 3947 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmış və 200 hektar yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda Sabirabad rayonunun qış otlaqlarında 5000 hektar yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılmasını (paylayıcı kanallarsız və kollektor-drenaj şəbəkəsiz) təmin etmək üçün 1-ci mərhələdə Kür çayı üzərində nasos stansiyasının, 1 xətli təzyiqli boru kəmərinin, 35 kV elektrik hava xəttinin və tənzimləyici hovuzun tikintisi işləri aparılmışdır. Ağcabədi rayonunda isə Yuxarı Mil kanalının 5092 m (ondan 2642 m qapalı olmaqla) hissəsi, 2 ədəd selötürücü qurğunun tikintisi tamamlanaraq 2700 hektar torpaq sahəsinə suvarma suyu çatdırılmışdır.

Cari ildə Neftçala magistral kanalının beton üzlükdə 3,94 km-lik hissəsi, 1 ədəd suburaxıcı və 1 ədəd baş su bölüşdürücü qurğu, Muğan-Salyan sutullayıcısı üzərində akveduk və avtomobil körpüsünün tikintisi ilə kanalın 13,5 km-lik hissəsinin tikintisi tamamlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 sentyabr 2017-ci il tarixində kanalda görülən işlərlə tanış olmuş və Kür çayından 1-ci mərhələdə Neftçala rayonunun 7772 hektar, o cümlədən 5805 hektar qış otlaq, 1000 hektar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə məxsus yeni suvarılan və 967 hektar mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevin iştirakı ilə 19 avqust 2017-ci il tarixində kanalın “İpək yolu”na qədər 1-ci mərhələsinin 8,55 km-lik hissəsinin tikintisinin başa çatdırılması ilə əlaqədar Samux və Goranboy rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi mərasimi keçirilmişdir. Cari ildə bu ərazilərdə əkilmiş pambıq, eləcə də digər kənd təsərrüfatı bitkiləri Samux-Goranboy magistral suvarma kanalının yeni inşa olunmuş hissəsindən tələbata uyğun olaraq suvarma suyu ilə təmin edilmişdir.

Hazırda Goranboy rayonunun daha 8000 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün “İpək yolu”nun Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı ilə kəsişməsindən sonra 4950 pm hissəsinin qurğularla birlikdə tamamlama işləri yerinə yetirilir. Kanalın “İpək yol”u ilə kəsişmə qurğusunun tikintisi başa çatanda bu torpaqlara suvarma suyunun çatdırılması təmin ediləcəkdir.

Goranboy (3495 hektar) və Samux (1200 hektar) rayonlarında yaradılan aqroparkların 4695 hektar sahəsinə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı ilə suvarma suyunun çatdırılması üçün 1-ci mərhələdə sugötürücü qurğunun, 12,1 km suvarma boru kəmərinin və həcmi 100 min kbm olan dəmir-beton üzlüklü su hovuzunun tikintisi başa çatdırılmışdır. Hazırda 2-ci mərhələ üzrə həcmi 300 min kbm olan su hovuzunun və uzunluğu 7 km-ə yaxın olan boru kəmərinin tikintisi işləri davam etdirilir.

Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə Araz çayının yeni qolu vasitəsi ilə Saatlı (24325 hektar), İmişli (5812 hektar) və Biləsuvar (9356 hektar) rayonlarının 39493 hektar qış otlaq sahələrində yaradılacaq aqroparkların və iri təsərrüfatların suvarma suyu ilə təmin edilməsi üçün 54,2 km kanalın tikintisi işləri cari ildə başa çatdırılacaqdır. Şabran rayonu ərazisində “Şabran Aqropark” MMC-yə məxsus 1738 hektar sahəyə suvarma suyunun verilməsi üçün sututumu 150 min kbm olan su hovuzunun, səviyyəqaldıran suburaxan qurğunun və 4,96 km uzunluğunda kanalın qurğularla birlikdə tikintisi tamamlanmışdır. Hazırda bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə kollektor-drenaj şəbəkəsində tikinti işləri davam etdirilir. Qax rayonunda yaradılan aqroparka məxsus 1553 hektar torpaq sahəsinə, o cümlədən 1-ci mərhələdə 665 ha sahəyə suvarma suyunun çatdırılması üçün suvarma şəbəkəsinin tikintisi işləri yerinə yetirilmişdir.

 

Cocuq Mərcanlının suvarma suyu ilə təminatı həll edilir

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Yuxarı Şirvan kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanmış və aidiyyəti struktur təşkilatları ilə razılaşdırılmışdır. İndi layihə və tender sənədlərinin tərtib olunması üçün hazırlıq işləri yerinə yetirilir. Yenidənqurma işləri hesabına respublikanın 10 rayonunun 125 min hektardan çox əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq və 106 min hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli müvafiq sərəncamı ilə respublikanın 36 şəhər və rayonunun 136 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılması nəzərdə tutulmuş 150 ədəd subartezian quyusunun 74 ədədində hazırda qazma işləri tamamlanmış, 18 ədədində isə qazma işləri davam edir.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanılmışdır. Geri qaytarılmış torpaqlarımızı suvarma suyu ilə təmin etməklə burada kənd təsərrüfatının inkişafına geniş imkanlar yaranmışdır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 450 hektar və həmin sahəyə bitişik Mirzənağılı kəndinin 200 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar “Azdövsutəslayihə” İnstitutu tərəfindən layihə-axtarış işləri aparılmışdır.

Eyni zamanda Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın müvafiq olaraq 10000 hektar və 2000 hektar sahəsinin və Ağsu rayonu Gəgəli kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə “Azdövsutəslayihə” İnstitutu tərəfindən layihə-axtarış işləri yerinə yetirilmişdir.

Yuxarıda qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində cari ildə 100 min hektara yaxın sahədə, o cümlədən 71 min hektar yeni suvarılan sahələrə suvarma suyunun çatdırılması və 29 min hektar mövcud suvarılan sahələrin su təminatının yaxşılaşdırılması mümkün olacaqdır.

Rayon icra hakimiyyətlərinin təklifləri əsasında səhmdar cəmiyyətinin “Azdövsutəslayihə” İnstitutu tərəfindən Ağdaş (15 min 800 hektar), Salyan (5 min hektar), Kürdəmir (10 min 650 hektar), Hacıqabul (4 min 800 hektar), İmişli (3 min hektar), Neftçala (8 min hektar) və Samux (2 min hektar) rayonlarının ümumilikdə 49 min 250 hektar sahələrinə suvarma suyunun çatdırılması üçün müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə layihə-smeta sənədləri hazırlanaraq rayon icra hakimiyyətlərinə təhvil verilmişdir.

Cari ildə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqın sularının maneəsiz axıdılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.

Cəmiyyət tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür.

 

Suvarma mövsümündəki fəallıq məhsuldarlığın artmasına təkan verib

 

Suvarma mövsümünün əvvəlinə respublikanın su anbarlarında 15,6 mlrd. kbm su yığılmışdır ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaratmışdır. Bunun nəticəsində respublikada 1 oktyabr 2017-ci il tarixə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 437 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmış, o cümlədən taxıl 544691 hektarda 2,3 dəfə, pambıq 136104 hektarda 3,1 dəfə, tütün 2914 hektarda 4,5 dəfə, yem bitkiləri 423053 hektarda 3,6 dəfə, bostan-tərəvəz 67408 hektarda 5,3 dəfə, çoxillik əkmələr 105157 hektarda 3,3 dəfə və həyətyanı sahələr 157725 hektarda 4,6 dəfə suvarılmışdır.

Suvarma mövsümünə hazırlıqla əlaqədar cəmiyyətin yerli istismar idarələri tərəfindən 3084 hidrotexniki qurğu, 565 hidropost, 107 nasos stansiyası, 1175 subartezian nasosları təmir edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 29,9 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır.

Çay məcralarında 7,7 mln. kbm həcmində məcratəmizləmə işləri aparılmış, 4752 kbm şax-daş və faşın bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 9,8 min kbm həcmində təmir işləri görülmüşdür.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aparılan təmir və bərpa işləri əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaratmışdır.

Bütün bu tədbirlərin həyata keçirilməsi və yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.

Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və doğma Azərbaycanın tərəqqisini, müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin edən siyasət kursu Prezident

İlham Əliyev tərəfindən layiqincə davam etdirilməklə yanaşı, həm də yeni çalarlarla, mexanizm və vasitələrlə zənginləşdirilir. Bu vaxta qədər ölkəmizdə sürətli inkişafa xidmət edəcək möhkəm bazanın formalaşdırılması isə qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi tərəqqi yolunun, o cümlədən sosial inkişafının yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük sosial nailiyyətlərə imza atacağını qətiyyətlə deməyə əsas verir.

 

Əhməd ƏHMƏDZADƏ,

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri

 

Azərbaycan.- 2017.-28 oktyabr.- S.1; 3.