İlham Əliyevin “Dəmir İpək Yolu”
layihəsi Avrasiya məkanının iqtisadi coğrafiyasını dəyişdirəcək
İldə 3 milyon sərnişin və
20 milyon ton yük daşımaq potensialı olan “Bakı-Tbilisi-Qars”ın tranzit
imkanlarından Azərbaycanın əldə edəcəyi gəlir
1 milyard dollardan çox olacaq
Avrasiya məkanında dünyanın iki nəhəng iqtisadi güc mərkəzi yerləşir: Qərbdə Avropa Birliyi, Şərqdə isə Çin. Bu iki nəhəng iqtisadi mərkəz arasında olan ticarət əlaqələri, yük daşımaları hər il genişlənir. Hazırda Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 milyard dolları keçir. İki güc mərkəzi arasında yük daşımalarının həcmi illik 100 milyon tonu keçir. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir.
“Bakı-Tbilisi-Qars”ın siyasi
özəyini Heydər Əliyev müəyyənləşdirdi
Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Transsibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu vasitəsilə daşınır. Şimal dəmir yolu marşrutu əsasən siyasi cəhətdən Avropa Birliyi ölkələri ilə sabit münasibətləri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşrutu ilə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir.
Dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30 faizinin, 2050-ci ilə qədər isə 50 faizinin dəmir yolları üzərinə keçirilməsi proqnozlaşdırılır. 2050-ci ildə 2005-ci ilə nisbətən dəmir yolu ilə daşımaların 87 faiz artması gözlənilir. Məhz bu kontekstdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranmışdı.
Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixində Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.
Saziş 12 dövlətin - Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Bakı Bəyannaməsi Bakı-Tbilisi-Qars layihəsinin siyasi özəyini təşkil edirdi.
İlham Əliyev Qars-Gümrü-Tbilisi
layihəsinin reallaşmasına imkan vermədi
2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalandı. Qeyd etmək lazımdır ki, o zamanlar digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə, Qars-Gümrü-Tbilisi layihəsi idi. Bu layihənin həm də bəzi hissələri hazır idi.
Ancaq Azərbaycan dövlətinin gücü, Azərbaycan Prezidentinin nüfuzu və Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə qalib gəlməsinə səbəb oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra hər üç ölkənin reallaşdırdığı üçüncü böyük layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya məkanının iqtisadi coğrafiyasını dəyişdirmək imkanına malikdir. Tarixi İpək yolunun keçdiyi marşrutdan keçən Bakı-Tbilisi-Qars dəmir yolunu “Dəmir İpək Yolu” layihəsi də adlandırmaq olar.
Üç ölkə arasındakı ticarətin
həcmi 10 milyard dollara
çatacaq
Sabah istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq gücünə malikdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var. BTQ layihəsi Qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Qeyd etmək lazımdır ki, hazırda Qazaxıstan Respublikası Aktau limanının yükaşırma gücünü ildə 19,5 milyon tona çatdırmışdır. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanının da ilkin mərhələdə yükaşırma gücü 10 milyon ton ətrafındadır.
Hazırda Türkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4,2 milyard dollardır. İlkin hesablamalara görə, BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 milyard dollara çatacaqdır. Layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaqdır. Layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcəkdir.
Türkiyənin İran, Rusiya, Körfəz və Orta
Asiya ölkələri ilə əsas
ticarət əlaqələri BTQ vasitəsilə aparılacaq
Türkiyənin Körfəz və Orta Asiya ölkələrinə ixracının artırılmasında ən böyük əngəl nəqliyyat problemləridir. Türkiyə ilə İran arasındakı yol müasir ehtiyaclara tam cavab verə bilmədiyindən iki ölkə arasında artan ticarət dövriyyəsinin təmin olunması üçün Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayacaqdır. Belə ki, iki ölkə arasında dəmir yolu üzərindən ildə 1 milyon ton yük daşınmasının planlaşdırılması Van gölü və Saraksda ləngimələrin baş verməsi üzündən nəqliyyat şirkətlərinin bu yollardan uzaqlaşıb Bakı-Tbilisi-Qars dəmir yoluna keçməsinə stimul yaradacaqdır. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında illik 16 milyon tondan çox yük daşımalarının da sürət və tarif baxımından daha əlverişli olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Şimal xətti üzərindən həyata keçirilməsi gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasının mühüm bir nəticəsi də regionda yeni bir enerji dəhlizi yaranması olacaqdır. Azərbaycanın neft-kimya məhsullarının bu xətt üzərindən bütün dünyaya çatdırılması imkanları xeyli artacaqdır. Buna əlavə olaraq Türkiyə ilə Orta Asiya ölkələri arasındakı yük daşımalarını həyata keçirən mövcud nəqliyyat qurumları bu xətdən faydalanmaq istəyəcəklər.
Bakı-Tbilisi-Qars dəmir yolu hər üç ölkədə məşğulluq və kiçik ticarət baxımından da böyük bir canlanma yaradacaqdır. Yüklərin marşrutlar boyunca emal edilməsi, əlavə dəyərlərin yaradılması, ixrac və xidmət üçün yeni sahələrin yaranması imkanları daha da artacaq, bu isə son nəticədə insanların rifahının daha da artmasına gətirib çıxaracaqdır.
“Dəmir İpək Yolu” “Vikinq qatarı”na inteqrasiya
edəcək
Digər mühüm bir layihə olan Ukrayna, Belarus və Litvadan keçərək Qara dəniz ticarət limanlarını Litvanın Klaypeda limanı ilə birləşdirən marşrutla hərəkət edən “Vikinq qatarı” layihəsinə inteqrasiya imkanları BTQ layihəsinin əhəmiyyətini daha da artırır. Bu layihə Baltikyanı ölkələrin Xəzər dənizi hövzəsinə çıxışını təmin etməklə yanaşı, Şərq (Orta Asiya və Çin) və Cənub (Fars körfəzi və Hindistan) istiqamətlərində və əksinə yüklərin daşınmasına geniş imkanlar yaradır.
Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) ölkələrinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsini nəzərə alaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xətti nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə və tranzit yükdaşıma həcminin artmasına şərait yaradacaq.
Avropa-Qafqaz-Asiya ticarət dəhlizinin istinad nöqtəsi
Əlavə üçün xatırlamaq lazımdır ki, Azərbaycanın iştirakçısı olduğu digər mühüm bir beynəlxalq dəmir yolu layihəsinin bu yaxınlarda işə düşməsi planlaşdırılır. Bu Şimal-Cənub beynəlxalq dəmir yolu layihəsidir ki, bu layihənin də Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası Azərbaycan üçün əlavə böyük iqtisadi fayda yaradacaqdır.
Ümumilikdə, Avropa-Qafqaz-Asiya “Orta Dəhliz”inin mühüm həlqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Avropa və Asiya ölkələri arasında ticarətin daha sürətli və daha əlverişli olmasına şərait yaratmaqla yanaşı, regiondakı bütün ölkələrin hərtərəfli iqtisadi inkişafına güclü təkan verəcək, regionun dünyada əhəmiyyətini daha da artıracaqdır. Layihənin əsas hərəkətverici qüvvəsi olan Azərbaycanın həm siyasi nüfuzu, həm də iqtisadi potensialı dayanıqlı olaraq artmaqdadır.
Tahir MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi siyasət,
sahibkarlıq
və sənaye komitəsinin üzvü,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
Azərbaycan.-
2017.- 29 oktyabr.- S.1; 3.