Azərbaycan Qafqazın meqalayihələrinin müəllifidir
Prezident İlham Əliyevin çoxşaxəli
inkişaf strategiyası ilə ölkəmiz
regionda effektiv və
dayanıqlı logistik zəncir yaradır
Son illərdə öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən, daxili-xarici investisiyalarından uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilən Azərbaycan həm də Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan ölkədir. Müstəqil Azərbaycanın adının bu gün qaz ixrac edən böyük dövlətlər sırasında çəkilməsi isə qürurverici gerçəklikdir.
Çünki son 14 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət xətti ölkənin beynəlxalq münasibətlər sisteminə sıx inteqrasiyası, dövlətin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, ayrı-ayrı xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həmçinin rəsmi Bakının regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsi və həllində yaxından iştirakı ilə səciyyələnir.
Enerji resursları və transmilli layihələr
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Düşünülmüş, qarşılıqlı etimada əsaslanan müstəqil siyasət həyata keçirən, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, tərəqqinin məkanı kimi tanınır.
Bu siyasi sabitlik, əlverişli işgüzar mühit ölkəmizə marağı daha da artırır. Şübhəsiz ki, burada etibarlı tərəfdaş amili xüsusi rol oynayır. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir.
Bakıdan İtaliya sahillərinədək
uzanan kəmər sistemi
Son 14 ildə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən və Prezident İlham Əliyevin “XXI əsrin layihəsi” adlandırdığı “Cənub qaz dəhlizi” layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək.
Bu layihə hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Dəyəri 40 milyard dollara yaxın olan bu layihə 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Bu layihə Avropanın enerji xəritəsini dəyişərək və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Əlbəttə ki, bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də XXI əsrin layihəsidir.
Artıq “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 98 faizi, TANAP layihəsi üzrə işlərin 82 faizi, TAP-ın inşası üzrə isə 53 faizi icra edilib. Hazırda inşaat işləri davam etdirilir.
“Yeni əsrin müqaviləsi” - 125 milyard dollardan çox birbaşa mənfəət
Ötən ay Prezident İlham Əliyevin müəllifi olduğu Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması isə ölkəmizin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bu həm də “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan saziş idi. Yeni sazişdən sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə yüksələcək və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Qeyd edək ki, 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə 33 mlrd. dollar sərmayə qoyulub və 440 mln. ton neft hasil edilməklə ölkəmiz 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə edib. Növbəti 32 il müddətində isə AÇG-yə 40 mlrd. dollardan artıq sərmayə qoyulması potensialı var.
Çinlə Avropa arasındakı
ən qısa marşrut
Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayır. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.
Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan həm də dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmır. Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənmiş kompleks tədbirlər həyata keçirilir. Son 14 ildə Azərbaycanın tranzit imkanlarının reallaşması üçün həyata keçirilən layihələrə nəzər yetirək. Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Gəmiqayırma Zavodu, Ələt Azad Ticarət Zonasının yaradılması istiqamətində görülən işlər, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində həyata keçirilən proseslər, bu günlərdə istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xüsusilə vurğulanmalıdır.
Çünki Şərq-Qərb nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradacaq.
Fars körfəzindən Rusiyaya, Şərqi
və Şimali Avropa
ölkələrinədək...
Azərbaycan həmçinin alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı mühüm işlər görüb. Bu nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Hazırda İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin tikintisi, eləcə də Astarada (İran) yükdoldurma və yükboşaltma terminalının inşası işləri aparılır. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb.
Bununla yanaşı, İran ərazisində Rəşt-Astara dəmir yolu layihəsinin reallaşdırılması istiqamətində tədbirlər görülür. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastrukturu tam təmin ediləcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq. 2016-cı ildə Bakıda keçirilmiş Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşündə Prezident İlham Əliyev bu layihəni belə qiymətləndirmişdi: “Şimal-Cənub nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq”.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan ərazisindən keçən bütün dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi, dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yükdaşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək. Görülən işlər Azərbaycanın bundan sonra da dinamik inkişafına, maliyyə imkanlarının genişləndirilməsinə, dünya miqyasında öz mövqeyini daha da gücləndirməsinə əlverişli zəmin yaradacaq.
Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu bir daha təsdiqləyir. Məhz İlham Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı siyasəti respublikamızın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldilib.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.- 29 oktyabr.- S.1; 3.