Rəcəb Tayyib Ərdoğan: Bu gün Azərbaycanla
əlaqələrimizin strateji müttəfiqlik səviyyəsində
olması qürur mənbəyimizdir
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın AZƏRTAC, APA və TREND agentliklərinə müsahibəsi
-Türkiyə-Azərbaycan əlaqələri və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının budəfəki iclasının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
-Azərbaycanla diplomatik əlaqələrimizin
yenidən yaradılmasının 25-ci ildönümünü
bu ilin yanvar ayında qeyd etdik. 25 il bundan əvvəl
Can Azərbaycanla yenidən yaradılan əlaqələrimizin
bu gün strateji müttəfiqlik səviyyəsində
olması isə bizim xüsusi sevinc və qürur mənbəyimizdir.
Azərbaycan müstəqilliyini
bərpa etməsindən bu günə qədər keçən
müddət ərzində ümummilli lider Heydər
Əliyevin müəyyən etdiyi kurs və Prezident İlham
Əliyevin səbatlı rəhbərliyi altında regionda
sabitlik və əməkdaşlığın, eyni zamanda, mədəniyyətlərarası
tolerantlığın alınmaz qalasına çevrilib.
Türkiyə ilə Azərbaycan
arasındakı strateji müttəfiqliyin ruhuna uyğun ikitərəfli
əlaqələrimiz iqtisadiyyat, enerji, hərbi, müdafiə
sənayesi və təhlükəsizlik məsələləri
başda olmaqla bütün sahələrdə artmaqda davam
edir. Son olaraq qardaşım İlham Əliyevi D-8 Zirvəsində
xüsusi qonaq statusunda İstanbulda qarşıladıq.
Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının iclasında
gündəliyimizdəki bu məsələlərə
baxacağıq. Şuranın iclasında bir Protokol və
bəzi sazişlər də imzalayacağıq. Bu sənədlər şübhəsiz ki, mövcud
ikitərəfli əməkdaşlığımızın
hüquqi bazasını daha da möhkəmləndirəcək.
Şuranın iclaslarının hər il
sistemli şəkildə keçirilməsindən
böyük məmnunluq duyuruq. Gələn il
7-ci iclası Türkiyədə keçirəcək, əziz
qardaşım Prezident İlham Əliyevi bu münasibətlə
ölkəmizdə qarşılamaqdan şərəf
duyacağıq.
-Cənab Prezident, Türkiyə hər
zaman Dağlıq Qarabağ probleminin həlli istiqamətində
Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Problemin həlli istiqamətində təəssüf ki, ikili
standartlar tətbiq olunur. Sizcə, Dağlıq
Qarabağ məsələsinin həlli üçün
xüsusilə hansı ölkələrə
üstünlük verilməlidir və problemin həllinin hələ
də uzadılmasının başlıca səbəbləri
nələrdir?
-Dağlıq Qarabağ məsələsi
Azərbaycanın olduğu kimi, bizim də qanayan
yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin
işğalına son qoymayana qədər əfsuslar olsun ki,
bu məsələ həll oluna bilməyəcək. Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi və sərhədlərinin toxunulmazlığı
prinsipləri əsasında işğala dərhal son
qoyulmalıdır.
Ermənistanın
işğalçı siyasəti ilə yanaşı, son
dövrlərdə mülki əhalini hədəf seçən
təxribatlarını da lənətləyirik. Belə hərəkətlər
regionda sülhün təmin olunmasına heç bir halda
kömək edə bilməz.
Minsk qrupu başda olmaqla beynəlxalq
ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində
daha fəal işləməli olduğu qənaətindəyik. Biz hər məsələdə
olduğu kimi, bu məsələdə də Azərbaycanın
bu haqq işində onun yanında olmağa davam edəcəyik.
-Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu
xəttinin açılışı Türkiyə, Azərbaycan
və Gürcüstanın iştirakı ilə nəqliyyat
sahəsində yeni başlanğıc kimi qiymətləndirilir.
Bu dəmir yolu xəttinin uzun illərdir ki,
arzuedilən Yeni İpək Yolu layihəsinin bir hissəsi
olması imkanını necə qiymətləndirirsiniz?
-Bu gün Türkiyə, Azərbaycan
və Gürcüstan qədər regionumuz üçün də
strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir
yolu xəttində ilk qatar yola
düşür. Bununla artıq Londondan Çinə
qədər Orta Dəhliz vasitəsilə birbaşa dəmir
yolu əlaqəsi yaradıldığını da elan
etmiş oluruq.
Hazırda Cənub dəhlizində
və Şimal dəhlizində dəniz də daxil olmaqla
Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa
ölkələrinə yükdaşıma müddəti təxminən
45-62 gündür. Eyni yük BTQ-nin istifadəyə
başlaması ilə Orta Dəhliz vasitəsilə 12-15
gün arasında Avropa İttifaqı (Aİ) ölkələrinə
çatacaq. Başqa sözlə, Çin
tərəfindən Aİ-yə göndərilən yüklər
BTQ xətti ilə birlikdə əvvəlki dövrdəki
müddətin dörddə biri qədər vaxt ərzində
təyinat yerinə çatmış olacaq.
Hazırda Çin ərazisindən
Avropaya daşınan yükün həcmi 240 milyon tondan
çoxdur. Ölkələrimizin ərazisindən keçən
Orta Dəhlizdən hətta bu yükün 10 faizi daşınsa,
24 milyon ton əlavə yük daşınmış olacaq.
Bu yükün Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə
daşınmasının digər dəhlizlərə nisbətən
30-45 gün daha az olması isə
yükdaşıyıcılar üçün daha sərfəli
hesab ediləcək.
BTQ-nin hətta sadəcə
bu səbəblərlə Orta Dəhliz Nəqliyyat Xəttini
tarixi İpək Yolunun mühüm əhəmiyyətli xəttinə
çevirməyə kifayət edəcəyi qənaətindəyəm. Bununla
yanaşı, regionumuzda paralel olaraq üzərində işlənilən
nəqliyyat layihələrinin bir-birini tamamlayıcı və
gücləndirici xarakterdə olmasına inanırıq.
İqtisadi
üstünlükləri ilə yanaşı, siyasi
baxımdan da sülh, təhlükəsizlik, sabitlik və
sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin
axını ilə bərabər, məlumat axını ilə
də ölkələrimizin qlobal müstəvidə
inkişafına öz töhfəsini verəcək.
-“Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan
TANAP layihəsinin tikintisi bu gün hansı mərhələdədir? Bəzən TANAP-ın “Türk Axını”na rəqib layihə olması fikirləri səsləndirilir.
Bu fikirlərlə
razılaşdığınız məqamlar varmı?
-TANAP Türkiyə və Azərbaycanın
birlikdə işləyib hazırladığı, həmçinin
Avropanın enerji təhlükəsizliyi baxımından da
böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə
davam edir. İnşallah, yaxın vaxtlarda
bu layihəmizi də istifadəyə verməyin sevincini
yaşayacağıq.
Enerjiyə olan tələbatın
artmasında İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı (İƏİT) ölkələri
arasında Çindən sonra ikinci sıradayıq. Buna görə TANAP
Türkiyənin hər il sürətlə
artan təbii qaz ehtiyacının ödənilməsi
baxımından həlledici əhəmiyyətə malikdir. Eyni zamanda, “Şahdəniz” sahəsindəki qazı
Avropaya nəql etməklə Avropanın enerji şaxələndirməsinə
də töhfə verəcəyi birmənalıdır. Türkmən qazının da bu layihənin bir hissəsi
olması üçün ciddi səylər göstəririk.
TANAP-ın birinci
fazasından aldığımız qazın həcmi Türkiyənin
qarşıdakı dövr üzrə qaz ehtiyacı
hesabatında öz əksini tapıb. Digər tərəfdən,
Rusiyanın hazırda Balkan ölkələri ərazisindən
keçməklə aldığımız qazı birbaşa
Qara dəniz vasitəsilə ölkəmizə istiqamətləndirmək
istəyi çərçivəsində formalaşan
“Türk Axını” layihəsində də işləri
davam etdiririk.
Şərqi Aralıq dənizi
və İraq başda olmaqla yeni layihələri də nəzərdən
keçirməyə hazırıq. Aparılan
araşdırmalarda Şərqi Aralıq dənizi qazı da mənbələri
şaxələndirilmə işlərimizdə yeni alternativə
çevrilib. Türkiyə bütün bu
təchizat layihələri ilə təmin edilən qazın
maliyyə baxımından ən sərfəli və qısa məsafədən
Avropaya nəql edilə biləcəyi marşrutda iştirak
edir. Ölkəmizin təbii qaz və
enerji üzrə ticarət mərkəzinə çevrilməsi
üçün yeni investisiya qoyuluşlarını davam etdirəcəyik.
-Türkiyə ilə
Azərbaycan arasındakı iqtisadi əlaqələrin indiki
vəziyyəti və gələcək əməkdaşlıq
sahələri məsələsi haqqında nə demək
olar?
-Türkiyə və Azərbaycan hər
şeydən əvvəl qardaş ölkələrdir və
bu sahədəki əlaqələrimiz qardaşlıq
bünövrəsi üzərində formalaşır. Faktiki olaraq reallaşan qarşılıqlı
kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin
sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub.
İnvestisiyalarımızı beş il ərzində
30 milyard ABŞ dolları səviyyəsinə
çatdırmaq imkanımız var.
Təbii ki, qlobal
iqtisadiyyatdakı və regionumuzdakı geosiyasi proseslər
hamımıza təsir göstərir. Bildiyiniz kimi,
Türkiyə son dörd ildir ki, onu zəiflətmə məqsədi
güdən müxtəlif istiqamətlərdən gələn
çoxsaylı hücumların hədəfinə
çevrilib. Lakin yenə də dik dururuq.
Azərbaycana isə neftin qiymətinin
ucuzlaşmasının təsirləri oldu. Hər çətinliyin özündə müəyyən
imkanlar da ehtiva etdiyinə inanırıq.
Azərbaycanın qeyri-neft
sektorunu inkişaf etdirmək cəhdlərinin cənab Prezident
Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla
artdığını müşahidə edirik. Xarici
investisiyaların təşviq edilməsi, böyük türk
şirkətlərinin Azərbaycana investisiya qoyması və
özəlləşdirmə məsələlərində azərbaycanlı
qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində
işləyəcəyik. Bu məqsədlə
qarşıdakı günlərdə Türkiyədə
Xarici İqtisadi Əlaqələr Şurasının da əməkdaşlığı
ilə “Road Show” tədbirinin keçirilməsi
üçün İqtisadiyyat nazirliklərimiz arasında
işlər davam etdirilir.
Həmçinin Naxçıvanla
ticarət əlaqələrimizin canlandırılması,
iş adamlarımızın həvəsləndirilməsi
üçün müxtəlif tədbirlər həyata
keçirdik. Oktyabrın 28-də iqtisadiyyat nazirlərimiz
İğdıra toplaşıb iş adamlarımızla görüşdülər, bu məsələdə
görülən işlərlə bağlı iş
adamlarımıza məlumat verdilər. Yaxın
vaxtlarda Naxçıvanla ticarət həcminin
artırılması istiqamətində konkret nəticələr
əldə edəcəyimizə inanıram.
-Ölkələrimizin
yerləşdiyi coğrafiyada gərginlik və terror təhlükəsi
davam edir. Ölkələrimiz arasında bu sahədə
əməkdaşlığı dərinləşdirmək və
terror təhlükəsinə qarşı səmərəli
tədbirlər görmək üçün nə kimi
imkanlar var? Həmçinin FETÖ-yə qarşı
mübarizə haqqında nə deyə bilərsiniz?
-DAEŞ, PKK, PYD, YPG, DHKP-C və MLKP
terror təşkilatlarından birinin digərindən fərqi
yoxdur. Onların məqsədi birdir, o da
Türkiyəni zəiflətməkdir. Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın
ölümünə, 2 min 193 vətəndaşımızın
isə yaralanmasına səbəb olan, tariximizin ən xain
çevriliş cəhdini də millət olaraq terror və
terror təşkilatları qarşısında bir bədən,
bir can olmağımız sayəsində uğursuzluğa
düçar etdik. Əziz qardaşım
Prezident İlham Əliyevə və Azərbaycan xalqına da
bu xain təşkilat qarşısında nümayiş
etdirdikləri həmrəyliyə görə xüsusilə təşəkkür
etmək istəyirəm. Azərbaycan
xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedən
çıxış edərək Türkiyədən daxil
olan xəbərləri izlədiyini, xain çevrilişin
uğursuz olmasını səmimi qəlbdən dilədiyini
bilirəm. Bu da Türkiyə-Azərbaycan
qardaşlığının nə qədər güclü
olduğunu göstərir. FETÖ
olduğu bütün ölkələr üçün təhlükə
mənbəyidir. Buna görə də Azərbaycanın
FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən
razı qaldığımızı bildiririk.
Bütün sahələrdə
olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində
də Azərbaycanla yaxın əməkdaşlıq edirik. Səlahiyyətli
orqanlarımız arasında kəşfiyyat və məlumat
mübadiləsi, eyni zamanda, əməliyyat sahəsində əməkdaşlığımız
da artan sürətlə davam edir. Azərbaycan
xarici terroristlərin Suriyaya keçməsinin
qarşısını almaq sahəsində mühüm
ölkədir və bu istiqamətdə faydalı işlər
görür.
-Türkiyənin
regionda baş verən proseslərlə bağlı mövqeyi
hər kəs tərəfindən maraqla izlənilir. Suriya və İraqda yaşananlarla bağlı
Türkiyənin ümumi mövqeyi haqqında nə deyə
bilərsiniz? Xüsusilə DAEŞ-in məğlubiyyətə
uğradılmasından sonra Suriya ilə əlaqələr,
İraq Kürdüstanı və Kərkükün taleyi ilə
bağlı Türkiyənin nə kimi planları var? Bu kontekstdə PKK-ya qarşı mübarizə məsələsində
fikirlərinizi bilmək istərdik.
-İraqın siyasi birliyi və
ərazi bütövlüyünün qorunmasına
böyük əhəmiyyət veririk. Şimali
İraqda baş verən hadisələr sadəcə kürdləri
deyil, eyni zamanda, ərəbləri, türkmənləri və
digər qrupları yaxından maraqlandırır. Yaddan çıxarmayaq ki, İraq təklikdə
kürd, ərəb və ya türkmən dövləti
olmadığı kimi, Kərkük və Mosul da təklikdə
kürdlərin məskəni deyil.
İraq Kürdüstanı
Regional Hakimiyyəti keçirdiyi qondarma referendumla beynəlxalq
hüququ və İraq Konstitusiyasını pozub. Təəssüf
ki, Kürdüstan Regional Hakimiyyəti bizim və beynəlxalq
ictimaiyyətin bütün xəbərdarlıqlarına
baxmayaraq, qondarma referendum keçirmək yolunu seçdi.
Bu yolla yalnız İraqda deyil, bütün
regionda sülh və sabitliyi təhlükəyə atdı.
Keçən dövr ərzində verdikləri
bəyanatlar tədricən də olsa səhvlərini başa
düşdüklərini göstərir. Ən
qısa müddətdə gözləntilərə cavab verəcək
addımlar atmalarını istərdik.
İraq ərazisindəki
PKK-nın mövcudluğuna son qoyulması kontekstində
İraq hökuməti ilə hər cür əməkdaşlığa
hazırıq.
Kərkükdə ictimai asayiş və
sülhü pozmağa cəhd edə biləcək PKK terror təşkilatının
bu regionda sığınacaq tapmasına vasitəçi
olanlar buna görə bizim tərəfimizdən cavabdeh hesab
olunacaqlar. İraq hökumətinin Kərkükü
geri almasını, eləcə də PKK terror təşkilatının
hərəkətlərinə göz yumulmayacağına,
bunların səfərbər edilməsinin müharibə elan
olunması kimi qəbul ediləcəyinə dair bəyanatını
razılıqla qarşıladıq.
Türkiyə ölkədə
daimi sülh və sabitliyin təmin olunması məqsədilə
atacağı addımlarda İraq hökumətinin yanında
olacaq.
Suriyada münaqişəyə
yalnız siyasi həll yolu ilə son qoyulacağına olan
inamımız dəyişməzdir. İstər Astana, istərsə
də Cenevrə görüşləri ilə Suriyada
inkişaf etdirilməyə çalışılan siyasi
keçid prosesinə olan güclü dəstəyimiz də
davam edəcək.
İdlib - münaqişəsiz
bölgə ilə bağlı müzakirə prosesində biz
müxalifətin zəmanətçisi qismində
razılıq əldə olunmasında müəyyənedici
rol oynadıq.
Bu zaman bölgədəki müxtəlif
qrupların məsələyə yanaşma tərzi və rəylərini
də nəzərə almağa səy göstərdik.
Atəşkəsin davam
etməsinə nail olmaq məqsədilə İdlib istiqamətində
əməliyyat həyata keçirdik. Bu əməliyyatla, Fərat
Qalxanı Əməliyyatı ilə özümüzə
bölgəmizdə yaratdığımız sahəni
İdlibin təhlükəsizliyini təmin etməyə dair
yeni addımla daha da inkişaf etdirdik. Bu yolla təhlükəsizliyimizi
təhdid edənlərə qarşı hər cür tədbir
görə biləcəyimizi nümayiş etdirdik. Cənub sərhədimizdə
terror dəhlizi yaradılmasına qətiyyən imkan verməyəcəyik.
Suriyadakı münaqişənin siyasi yolla həll olunması
üçün əlimizdən gələni etməyə
davam edəcəyik.
Azərbaycan.-
2017.-31 oktyabr.- S.5.