Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə həsr olunan Azərbaycan və Türkiyə birgə poçt markası buraxılıb

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Azərpoçt” MMC-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyənin PoçtTeleqraf Təşkilatının nümayəndələri iştirak ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yol xətti poçtdaşımalarında da böyük əhəmiyyət daşıyacaq. Nazirliyin əməkdaşı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilk qatarın yola düşməsi ilə yadda qalan tarixi hadisəyə həsr etdikləri poçt markasının buraxılması təşəbbüsünə görə Türkiyənin PoçtTeleqraf Təşkilatına və markanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Türkiyənin PoçtTeleqraf Təşkilatının direktor müavini Gürbüz Akbulut Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi üstünlüklərindən danışıb. Bununla yanaşı, dəmir yol xəttinin yük, sərnişin, poçt axını ilə yanaşı, təhlükəsizlik, sabitliksosial rifahı yaxşılaşdıracağını və ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcəyini söyləyib.

Sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışına həsr olunmuş marka imzalanıb və auditoriyaya təqdim olunub. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxılıb.

10.000 tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası Türkiyənin PoçtTeleqraf Təşkilatı tərəfindən çap edilib.

Markanın göstəriciləri aşağıdakı kimidir:

Blok ölçüsü: 115x75 millimetr

Markanın ölçüsü: 76x39 millimetr

Nominal: 1.50 AZN

 

Azərbaycan.- 2017.-31 oktyabr.- S.5.