"Cənab Prezident, bizi böyük problemlərdən
qurtararaq Cəlilabada yeni həyat bəxş etdiniz"
Rayon sakinləri
ölkə rəhbərinin dəstəyi ilə yenidən
qurulan su təchizatı sistemini misilsiz savab iş kimi qiymətləndirdilər
Sentyabrın 2-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri
çərçivəsində şəhərin içməli
su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin
istifadəyə verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, bu layihə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.
Qeyd olundu ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.
Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Xoş gördük, sizi, ilk növbədə, Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Cəlilabad rayonunun bütün sakinlərinə yeni uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram.
Bu gözəl bayram günlərində Cəlilabad şəhərinin içməli su problemi də öz həllini tapır. Mən bilirəm ki, uzun illər ərzində su problemi Cəlilabad sakinlərini çox narahat edirdi, su fasilələrlə, gündə bir neçə saat verilirdi. Elə günlər var idi ki, su, ümumiyyətlə, olmurdu. İndi isə bu məsələ birdəfəlik öz həllini tapıbdır və Cəlilabad şəhərinə 24 saat ərzində keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilir. Bu, çox böyük hadisədir, tarixi hadisədir. Mən bunu həmişə qeyd edirəm, bu layihənin icrası onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Çünki bu, sırf sosial layihədir. Bu layihə çox böyük vəsait tələb edirdi və Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, Cəlilabad sakinləri təmiz, keyfiyyətli içməli su ilə təmin olunsunlar.
Bu layihənin icrası ölkəmizin inkişafını göstərir. Göstərir ki, bu gün də Azərbaycan uğurla inkişaf edir, sosial-iqtisadi layihələrə böyük vəsait ayrılır. Bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ölkə qarşısında duran bütün vəzifələrin icrası üçün ardıcıl siyasət aparılır.
İndi içməli su layihələrinin icrası ölkəmizdə geniş vüsət alıb. Qarşıya vəzifə qoyulubdur ki, hər bir şəhərin içməli su məsələsi öz həllini tapsın və biz bu məqsədə yaxınlaşırıq. Eyni zamanda, kəndlərdə də, qəsəbələrdə də bu məsələlər öz həllini tapır. Biz müxtəlif imkanlardan istifadə edirik. Həm çayboyu kəndlərdə təmizləyici qurğular quraşdırılır, eyni zamanda, magistral su xətləri çəkilir. Bir sözlə, içməli su problemi Azərbaycanda əsaslı şəkildə öz həllini tapır və tapacaqdır. Deyə bilərəm ki, bu da insan sağlamlığına ən çox müsbət təsir edən amildir. Çünki su həyatdır, təmiz su sağlam həyat deməkdir. Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan dövləti bu məqsədə çatmaq üçün bir çox tədbirlər görür.
Siz yaxşı bilirsiniz ki, artıq neçə ildir ölkəmizdə tibbi müayinədən keçən insanların sayı 5 milyona çatıbdır. Biz bu xidməti pulsuz, dövlət hesabına təqdim edirik. Bu, nəyə görə mümkün olub? Ona görə ki, indi hər bir yerdə müasir tibb ocaqları var, o cümlədən Cəlilabad rayonunda. Mən hər iki tibb müəssisəsinin - həm Müalicə Diaqnostika Mərkəzinin, həm də Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmişəm. Bu iki böyük tibb ocağı Cəlilabad rayon sakinlərinə çox yaxşı xidmət edir.
Ümumiyyətlə, Cəlilabad
rayonunun inkişafına böyük diqqət göstərilir.
Mən rayonda dəfələrlə olmuşam. Bu səfər
Prezident kimi mənim səkkizinci səfərimdir və hər
dəfə müxtəlif tədbirlərin
açılışında iştirak etmişəm. Son illər ərzində
rayonda bir çox sosial layihələr icra edilib. Qeyd etdiyim kimi, xəstəxana,
Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi,
şahmat məktəbi, Gənclər Evi, 20-dən çox məktəb
tikilib. Dörd kənd yolu layihəsi icra edilib və
bu layihələrin icrası imkan verib ki, 100 min əhali bu
yollardan istifadə etsin. Çünki bu 4
layihənin əhatə dairəsi çox böyükdür.
Bu, 60-dan çox kəndi əhatə edir.
Bu gün mən Cəlilabad-Masallı,
Masallı-Lənkəran magistral avtomobil yolunun
açılışını etdim. Bu da çox gözəl
layihədir. İndi Bakıdan Astaraya qədər
çox gözəl magistral yol salınır. Əlbəttə ki, bu istiqamətdə yerləşən
bütün rayonların sakinləri bu imkanlardan istifadə edəcəklər.
Cəlilabad şəhəri üçün
bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəlki
magistral yol şəhər mərkəzindən keçirdi və
istər-istəməz bu, müəyyən problemlərə gətirib
çıxarırdı, həm yük maşınları, həm
də ki, böyük maşın axını insanları
narahat edirdi. İndi isə yeni bir trass
açılıbdır və beləliklə, bu məsələ
də öz həllini tapır.
Cəlilabadda digər məsələlər
də öz həllini tapır, qazlaşdırma prosesi gedir. Hələ
ki, 70 faiz səviyyəsindədir, ancaq bu, artacaq. Əvvəlki illərlə müqayisədə bu,
böyük nailiyyətdir. Ancaq biz
çalışmalıyıq ki, kəndlərimiz maksimum
qazlaşdırılsın. Cəlilabad
rayonunda 100-dən çox kənd var və
çalışacağıq ki, kəndlərin əksəriyyətinə
qaz xətləri çəkilsin. İçməli
su məsələsi bu gün öz həllini tapıbdır.
Elektrik enerjisi ilə təminat hesab edirəm ki,
problem yaratmır. Əlbəttə ki,
sosial və iqtisadi məsələlər gündəlikdədir.
Cəlilabadda kənd təsərrüfatının
inkişafı sürətlə gedir. Xüsusilə son
vaxtlar kənd təsərrüfatının bütün sahələrinə
böyük diqqət göstərilir. Cəlilabadda
da vətəndaşlar, sahibkarlar buna çox müsbət
reaksiya verirlər və kənd təsərrüfatının
istehsalı artır. Eyni zamanda, mənə
verilən məlumata görə, indi Cəlilabadda
yetişdirilən kənd təsərrüfatı məhsulları
xarici bazarlara çıxarılır. Bu,
insanların dolanışığı üçün
yaxşıdır, ölkəmiz üçün
yaxşıdır, ölkəmizə valyuta gəlir. Biz əlbəttə ki, növbəti illərdə
bu sahəyə daha da böyük diqqət göstərəcəyik.
Eyni zamanda, yeni suvarılan torpaqların
dövriyyəyə cəlb edilməsi istiqamətində
işlər gedəcək. Buna
böyük ehtiyac var. İndi ölkəmizdə on minlərlə
hektar sahədə yeni suvarma layihələri icra edilir.
Bu il bu vaxta qədər suvarılmayan 100
min hektardan çox torpağa su veriləcək, gələn
il də həmçinin. Cəlilabad rayonunda isə
suvarılan torpaqların həcmi o qədər də
böyük deyil. Mənə məlumat
verilib ki, indi torpaqların təqribən 10 faizi
suvarılır. Biz əlavə tədbirlər
görməliyik, vəsait ayrılmalıdır ki,
suvarılan torpaqların sahəsi böyüsün. Belə olan halda məhsuldarlıq daha da yaxşı
olacaq. Əminəm ki, kənd təsərrüfatının,
sahibkarlığın inkişafı, emal müəssisələrinin
yaradılması növbəti illərdə Cəlilabad rayonu
üçün əsas istiqamət olacaqdır.
O ki qaldı, infrastruktur layihələrinə,
onların demək olar ki, hamısı icra edilib və edilir-
içməli su, elektrik, qazlaşdırma, kənd yolları,
magistral yollar, sosial obyektlər, xəstəxana, diaqnostika mərkəzi,
məktəblər. Yəni, bütün sosial
kompleks yeniləşib. Şəhər də
abadlaşır, gözəlləşir. Mən
Prezident kimi ilk dəfə Cəlilabada 2004-cü ildə gəlmişdim.
On üç il ərzində Cəlilabad
böyük yol keçib, şəhər gözəlləşib,
abadlaşıb və yeni imkanlar yaranıb.
Bugünkü hadisə
çox əlamətdar hadisədir, müqəddəs Qurban
bayramına təsadüf edir. Ancaq bu, təsadüfi
deyil. Hesab edirəm ki, bu bayram
günündə bu layihə Cəlilabad şəhəri
üçün gözəl hədiyyədir. Sizi bir daha bu münasibətlə təbrik edirəm,
sizə yeni uğurlar arzulayıram.
***
Rayon ictimaiyyəti adından
çıxış edən Əməkdar Müəllim Qərənfil
ƏHMƏDOVA göstərdiyi diqqət və qayğıya
görə dövlətimizin başçısına minnətdarlıq
edərək dedi:
-Möhtərəm cənab Prezident,
rayonumuza xoş gəlmisiniz. Bu müqəddəs
Qurban bayramı günündə rayonumuza səfərinizlə
biz cəlilabadlılara ikiqat sevinc bəxş etdiniz. Biz də fürsətdən istifadə edərək
Sizi, ailənizi bu bayram münasibətilə ürəkdən
təbrik edirik, Sizə cansağlığı
arzulayırıq. Uca Tanrıdan kəsdiyiniz
qurbanların qəbul olunmasını diləyirik. İnanırıq ki, kəsdiyiniz hər bir qurbanda,
etdiyiniz duada bizi nəzərə almısınız, həmişə
biz Azərbaycan xalqına xoş gün-güzəran, əmin-amanlıq
arzu etmisiniz.
Bu gün
açılışına toplaşdığımız bu
tədbirin əhəmiyyətini sözlə ifadə etmək
çətindir. Suyun insan həyatı üçün nə
dərəcədə əhəmiyyətli olduğunu hər
kəs bilir. Su, yol çəkmək həmişə
savab iş olub. Çox sevindirici haldır ki, bu
gün rayonumuzda həm yeni su xətti, həm də yeni yol
çəkilib.
Möhtərəm Prezident, bu müqəddəs
gündə belə savab işlərə görə cəlilabadlıların
Sizə etdiyi dualar həmişə köməyinizdə olsun.
Biz cəlilabadlılar uzun zaman idi içməli
su sarıdan çox əziyyət çəkirdik. Hərə bir yolla, müxtəlif çətinliklərlə
evinə su gətirirdi. Biz bu gün Allaha çox
şükür edir, Sizə dərin təşəkkürümüzü
bildiririk ki, məhz Sizin
tapşırığınızla bu problem öz həllini
tapdı. İcazə verin, gördüyünüz savab işə
görə bu müqəddəs gündə Sizə
bütün cəlilabadlılar adından dərin minnətdarlığımızı
bildirək, “Çox sağ olun!” deyək.
Su həyatdır, su aydınlıqdır, su
şəffaflıqdır. Yolunuz həmişə
aydın, işıqlı, şəffaf olsun, cənab
Prezident! Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun.
***
Azərbaycan Prezidenti
İlham Əliyev Cəlilabad şəhərinə içməli
suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2017.- 6 sentyabr.- S.2-3.