Təhsil infrastrukturu müasirləşdirilir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 4-də
Bakının Sabunçu
rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli
tam orta məktəbdə
əsaslı təmirdən
sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.
Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Burada videomüşahidə, səsgücləndirici, yanğın xəbərdarlığı və internet sistemləri quraşdırılıb. Tədris müəssisəsi zəruri mebel-inventar və digər avadanlıqla tam təchiz olunub.
Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol meydançasında da lazımi idman qurğuları qoyulub. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.
Məktəbdə
yaradılan şəraitlə tanış olan
dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.
Azərbaycan.- 2017.-6 sentyabr.- S.10.