Sağlam təhsil - sağlam millət

 

Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, hərbi təlim sinfindən, idmanakt zallarından, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1964-cü ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrdir. 984 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsi lazımi avadanlıqla tam təchiz olunub.

Dövlətimizin başçısı məktəb-liseydə yaradılan “Sağlam təhsil” sinifləri ilə də tanış oldu. Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Ümumtəhsil müəssisələrində bu pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb, ötən tədris ilində paytaxtdakı 27 tam orta məktəbdə 36 sinifdə icra edilib. Layihə 2017-2018-ci tədris ilində isə 40 sinfi əhatə edəcək.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Son illər bu istiqamətdə görülən tədbirlər tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşası prosesini daha da sürətləndirib.

Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol, voleybolbasketbol meydançalarında da əsaslı yenidənqurma işləri görülüb. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.

 

Azərbaycan.- 2017.-6 sentyabr.- S.10.