Turistlərin Azərbaycana
marağı artıb
Dünyanın 139 ölkəsindən
1,2 milyondan çox əcnəbi ölkəmizə
səfər edib
Əsrarəngiz təbiətli vətənimiz
tarix boyu əcnəbi səyyahların
diqqətini cəlb edib. İlk səyahətlər isə əsasən ticarət, dini, siyasi məqsəd daşıyıb. Qədim Azərbaycan
ərazisindən keçən
ticarət karvanlarının
hərəkətini ilk səyahətlər
hesab etmək olar. Bu da
əslində, turizmin
“rüşeyimləri” hesab
edilir.
Bu ilin arxada qalan dövründə
dünyanın 139 ölkəsindən
bir milyon 203 min 700 nəfər əcnəbi və vətəndaşlığı
olmayan şəxsin Azərbaycana gəlməsinin
əsas səbəbləri
də məhz bu yerlərin özəllikləri, qədim
tarixə malik maddi-mədəniyyət abidələri
ilə zənginliyi, xalqımızın qonaqpərvərliyi,
eləcə də burada son illər bir-birinin ardınca yüksək səviyyədə
keçirilən beynəlxalq
idman və mədəniyyət tədbirləridir.
Ölkəmizə gələnlərin
sayı ötən ilin eyni dövrü
ilə müqayisədə
24,5 faiz çoxdur. Körfəz ölkələrindən gələnlərin daha çox olması isə heç də təsadüfi deyil. Bu ölkələrdən
ümumilikdə Azərbaycana
263,5 min nəfər turist səfər edib. Onların arasında Küveyt vətəndaşlarının sayı 8,7 dəfə
artıb. Paytaxt Bakının gəzməli-görməli
yerləri ilə yanaşı, turizm sənayesinin inkişaf etdiyi digər şəhərlərimizə də
üz tutan küveytli turistlər ölkəmizi ən yaxşı səyahət
fürsətləri olan
məkan kimi dəyərləndirir.
İşgüzar turizm bazarının liderlərini müəyyən
edən Rusiyanın “Aeroklub” şirkətlər
qrupu Azərbaycanı
rusiyalıların yaxın
xarici ölkələr
arasında biznes məqsədilə ən çox səfər etdiyi 5 ölkə siyahısına daxil edib. Bu il rusiyalılar biznes əlaqələri ilə
bağlı səfərlər
üçün Qazaxıstan,
Özbəkistan, Gürcüstan,
Belarus və Azərbaycanı
seçiblər. Maraqlıdır
ki, son bir neçə il
ərzində Gürcüstan
ilk dəfə olaraq lider üçlüyə
daxil olub. Rusiyadan bu ölkəyə
biznes-uçuşların sayı
2,5 dəfə artıb. Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında birbaşa aviauçuşlar ləğv
edildiyindən, Rusiya iş adamlarının 70 faizi Belarusdan, 17 faizi Azərbaycandan, 4 faizi Latviyadan
tranzit yolla Ukraynaya gedir.
Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun səlahiyyətlərini
icra edən Eldar Aslanov bizimlə
söhbətində bildirdi
ki, zaman keçdikcə bu sahədə də günün tələbləri
ilə səsləşən
xidmət mədəniyyəti
özünü göstərməyə
başladı. XXI əsrin başlanğıcında Bakı,
Gəncə, Naxçıvan
və ölkənin digər şəhərlərində
xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət
göstərdi: “Respublikamızın
əksər bölgələrini
əhatə edən
100-dən artıq turizm
firması xarici turistlərin qəbulu və xidməti ilə məşğul oldu, 149 mehmanxana rəsmi qeydiyyatdan keçdi ki, orada yerlərin ümumi sayı 5000-dən
artıqdır.
Turizm üçün əlverişli
regionlarda müasir səviyyəli özəl
müalicə və istirahət mərkəzləri
istifadəyə verilib. Daha diqqətçəkən
faktlardan biri də odur ki,
artıq respublikamıza
gələn xarici qonaqların sayı bir milyondan artıqdır”.
Dövlət müstəqilliyinin
bərpasından sonra
turizmin inkişaf tendensiyası ölkənin
ali qanunvericilik
aktlarında öz əksini tapıb. 1999-cu ildə Milli
Məclisdə “Turizm haqqında” qanun qəbul edilib. 27 iyul 1999-cu il
tarixində ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalayıb.
Həmsöbətimiz onu da vurğuladı ki, “2009-2018-ci illərdə
Azərbaycan Respublikasında
kurortların inkişafı
üzrə Dövlət
Proqramı” ölkəmizdə
yaxın gələcəkdə
turizm-kurort sahələrinin
planlı surətdə
inkişaf etdirilməsinə
və səmərəli
istifadəsinə zəmin
yaratdı: “Zəngin tariximiz, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə
cəlb edir. “Vəhşi təbiət”-
fauna və flora, mineral su
qaynaqları, dünyada
yeganə müalicə
nefti olan naftalan, nadir qədim memarlıq abidələri,
özünəməxsus mədəniyyət,
milli mətbəx və bir çox
digər amillər Azərbaycanda turizmin bütün növlərinin:
işgüzar, idman, müalicəvi, tanışlıq,
ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait
yaradır.
2016-cı ilin yekunlarına görə, il ərzində
Azərbaycan ərazisində
fəaliyyət göstərən
turizm müəssisələrinin
sayı 544, mehmanxanaların
sayı 536, yerləşdirmə
vasitələrində yerlərin
ümumi sayı isə 38 min olub. Ötən il
eyni zamanda, ölkəmizdə 35 mehmanxana
tikilib, 25-i isə tikilməkdədir. Turizm və
aidiyyəti sahələr
üzrə çalışanların
sayı 49 min nəfərə
çatıb. Turizm üçün
əlverişli regionlarda
müasir səviyyəli
özəl müalicə
və istirahət mərkəzləri istifadəyə
verilib. Daha diqqətçəkən faktlardan biri də odur ki,
keçən ilin eyni dövrü ilə müqayisədə
ölkəyə gələn
turistlərin sayında
25 faiz artım müşahidə edilib”.
Azərbaycanda turizm sahəsinin iqtisadiyyatın gəlir gətirən ən mühüm sahələrindən
birinə çevriləcəyi
artıq şübhə
doğurmur. Regionlarda fəaliyyət göstərən
Qafqaz mehmanxanalar şəbəkəsi, Qəbələdəki
Gabaland attraksionlar parkı, Qusardakı “Şahdağ” qış-yay
turist kompleksi həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malikdir. 15-dən çox
olimpiya idman kompleksini də bura əlavə etsək, daha real mənzərə yarada bilərik. Çünki həmin komplekslərdə
də mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir.
Bütün bunlar, təbii
ki, turizmin dövlət siyasətinin
prioritetlərindən birinə
çevrilməsi, eyni
zamanda, ölkənin iqtisadi inkişafı üçün də böyük perspektiv deməkdir.
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin
29 iyun 2015-ci il
tarixli qərarı ilə “Turistlərə elektron viza almaq
hüququnu əldə
etmək üçün
Azərbaycan Respublikasında
fəaliyyət göstərən
turizm şirkətlərinin
akkreditasiyadan keçməsi
Qaydası”na uyğun olaraq, 50-yə yaxın turist şirkəti qeydiyyatdan keçib.
Azərbaycanın turizm potensialının Almaniyanın eyni sahənin bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə “Aviareps Tourism” şirkəti arasında əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan Konqreslər Bürosunun 4-cü hesabat iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi, respublikamızın beynəlxalq tədbirlər məkanı kimi tanıdılması istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın turizm sənayesində müsbət meyillərlə yanaşı, son zamanlar regionda baş verən proseslər fonunda müəyyən təsirlər də özünü göstərir: Azərbaycan elə bir regionda yerləşir ki, bölgədə baş verən hər hansı müsbət və ya mənfi hadisə öz təsirini bütün sahələrdə hiss etdirir, o cümlədən turizm sahəsində. Bu baxımdan turizm sənayesi, xüsusilə Azərbaycan Konqreslər Bürosu bu məsələlərə günün reallıqları baxımından yanaşmalı, yeni şəraitə və şərtlərə uyğun fəaliyyətini qurmalıdır”.
Nazir diqqətə çatdırdı ki, Azərbaycanın turizm üçün əsas müştəri bazarı qonşu Rusiya və qardaş Türkiyədən formalaşmalıdır və biz bu bazarlarda kifayət qədər fəal təmsil olunmalıyıq: “Yay və dəniz turizmi baxımından Türkiyənin təkliflərini əvəzləyə bilməsək də, mədəni turizm, regionların turizmi, xüsusilə Qusar, Qəbələ və digər bölgələrdə yerləşən turizm komplekslərinin potensialı dəyərləndirilməlidir. Çünki Azərbaycanın bu baxımdan kifayət qədər imkanları var”.
İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Birləşmiş Ərəb Əmirliklərinin təşkilatçılığı ilə keçirilən “Turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı” adlı beynəlxalq sərgidə də Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi təmsil edib. Həmçinin Almaniyanın ölkəmizdəki səfiri xanım Heindrun Tempelin Azərbaycan Turizm və Menecment Universiteti ilə tanışlığı zamanı turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, problemləri, eyni zamanda, nəzərdə tutulan ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib ki, bu da adı çəkilən sahənin inkişafı və təbliğində mühüm amillərdən sayılır. Ötən ilin yanvar ayından Almaniyanın 200 turoperatoru üçün onlayn seminarlarının keçirilməsi də ölkəmizin turizm potensialından daha səmərəli istifadədə, onun şəbəkələrinin genişləndirilməsində mühüm amil hesab edilir. Çünki turizm yalnız iqtisadi inkişaf baxımdan deyil, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində də mühüm vasitələrdən biri kimi diqqət mərkəzindədir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2017.- 7 sentyabr.- S.7.