Elm-ali təhsil
siyasəti və menecmentinin müasir modelləri
XXI əsrin prioritet
çağırışlarına cavab vermək, elmi
potensialı dayanıqlı iqtisadi inkişafın əsas
resurslarına çevirmək, istehsaledici bilikləri və
innovasiyaları yeni məhsullara və texnologiyalara transformasiya
etmək kimi taleyüklü problemlərin həlli elm-ali təhsil
siyasəti və menecmentinin vahid mərkəzdən həyata
keçirilməsinin aktuallığını günün
vacib məsələləri sırasına
çıxarmışdır.
Bu kontekstdə “Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatının
davamlı inkişafını təmin edə biləcək
yeni avanqard sektorların müəyyənləşdirilməsi,
hasilata nisbətən emalın, qeyri-texnoloji sektorlara nisbətən
yüksək texnologiyalara əsaslanan sektorların, dövlət
sahibkarlığına nisbətən özəl
sahibkarlığın və digər vacib komponentlərin
inkişaf etdirilməsi hesabına milli iqtisadiyyat strukturunun
yenilənməsinə istiqamətlənmiş proqram sənədidir.
Strateji Yol Xəritəsi ölkə iqtisadiyyatının
mövcud inkişaf bazasını, qlobal və regional prioritetləri
əsas götürməklə 11 avanqard sektorun 12 strateji yol xəritəsi
üzrə qısamüddətli - 2020-ci ilədək,
ortamüddətli - 2025-ci ilədək və uzunmüddətli
- 2025-ci ildən sonrakı dövrləri əhatə edərək
yüksək texnologiyaya əsaslanan inklüziv iqtisadiyyatın
formalaşdırılmasını hədəf
götürmüşdür.
Yüksək texnoloji
inkişafın əsas prioritetləri innovasiya cəmiyyətinin
yeni mərhələsinə - biliyin generasiyası,
yayımı və istifadəsi əsasında qurulmuş
iqtisadiyyatın formalaşmasına yönəldilməlidir. Elmi nəticələrin,
innovasiyaların yeni məhsullara, unikal vərdiş və
qabiliyyətlərə transformasiyası və daim yeniləşməkdə
olan fəaliyyət sahələrinə tətbiqi texnoloji
inkişafın əsaslarını təşkil edir. İntellektual fəaliyyətə qoyulan investisiya
resurslardan ən səmərəli istifadə üsuluna
çevrilir. İstehsalın intensivləşməsi
və elmi-texniki tərəqqinin nəticələrindən
istifadə innovasiya siklinin kəskin ixtisarına və
texnologiyaların yeniləşmə tempinin sürətlənməsinə
səbəb olur.
Son illər Azərbaycanda həyata
keçirilən dövlət siyasəti, o cümlədən
Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası, Sənayenin İnkişafına dair 2015-2020-ci
illər üçün Dövlət Proqramı, kiçik və
orta biznesin inkişafına yönəldilmiş texnopark, sənaye
parkı, sənaye məhəlləsi kimi innovasion
strukturların yaradılması və bu qəbildən olan digər
tədbirlər ölkənin elm, innovasiya və təhsil
potensialını yeni texnoloji platformalar yaratmaq strategiyasına
istiqamətləndirməyə xidmət edir. Texnoloji yüksəlişə
nail olmaq üçün bu mərhələni artıq
keçmiş ölkələrin qabaqcıl təcrübəsi
öyrənilməklə vahid dövlət siyasəti və
menecmentinə istiqamətlənmiş elm-təhsil-iqtisadiyyat əlaqələrinin
daha məhsuldar arxitekturasının
formalaşdırılması məqsədyönlü
olardı.
Elm-ali təhsil siyasəti və
menecmentinin müxtəlif mənbələrdən həyata
keçirilməsi “fundamental tədqiqatlar-tətbiqi tədqiqatlar-sənaye
istehsalı” siklinin komponentləri arasında əlaqələrin
zəifləməsinə gətirib çıxarır. Nəticədə
elmi-tədqiqat sektorunun inkişaf tempi ölkə
iqtisadiyyatının inkişaf tempindən geri qalır və
sahibkarlığın yeni texnologiyalara olan ehtiyaclarına cavab
vermir.
Çağdaş
dünyanın çağırışları kontekstində
elm-ali təhsil-sahibkarlıq əlaqələrinin vahid mərkəzdən
idarə olunmasının yeni arxitekturasının
hazırlanmasında bu mərhələni artıq
keçmiş texnoloji cəhətdən inkişaf etmiş
ölkələrin qabaqcıl təcrübəsindən
istifadə etmək faydalı olardı.Bu baxımdan son illər
Fransada həyata keçirilən islahatlar Azərbaycan
üçün də səciyyəvidir. Belə ki, hər
iki ölkədə həm elmin institusion təşkili və
funksional formalarında, həm də dövlət menecmenti
stilində kifayət qədər nəzərəçarpacaq
oxşarlıqlar vardır.
Fransadan fərqli olaraq, Azərbaycanda
elm siyasəti və menecmentində çoxqütblük
mövcuddur: universitet elmi Təhsil Nazirliyindən, Elmlər
Akademiyasının institutları Elmlər Akademiyasının
Rəyasət Heyətindən, korporativ elm müvafiq nazirliklər
və şirkətlər tərəfindən, elmin layihə
prinsipi əsasında maliyələşdirilməsi Dövlət
Elm Fondu tərəfindən, ali və orta ixtisas məktəblərinə
tələbə qəbulu Dövlət İmtahan Mərkəzi
tərəfindən həyata keçirilir. Əlbəttə,
ümumavropa ali təhsil məkanına
inteqrasiyanı qarşısına məqsəd qoymuş elm-təhsil
sistemi üçün elm-ali təhsil əlaqələrinin
idarə olunmasında çoxqütblük xarakterik hal
sayıla bilməz.
Fransada hələ keçən
əsrin 50-60-cı illərində formalaşmış elmi
inkişafın idarə olunması üzrə dirijist sistemin səmərəliliyini
yüksəltmək üçün 2013-cü ildə “Ali təhsil
və elm haqqında” yeni qanun qəbul edildi. Qanunun prinsipləri əsasında
elm-ali təhsil strategiyalarının reallaşdırılması
üçün müvafiq idarəçilik orqanları və
proqramları - “Yeni milli tədqiqat strategiyası”, “Fransa-Avropa
2020”,”Ali təhsil üzrə milli strategiya”,”Yeni industrial
Fransa”,”İnnovasiyaların vergi stimullaşdırılması
sistemi” formalaşdırıldı. Bu orqanlar tərəfindən
strategiyaların reallaşdırılmasının əsas
istiqamətləri, fəaliyət proqramları, monitorinq və
nəticələrin qiymətləndirilməsi üsulları
işlənib hazırlandı.”Ali təhsil və elm
haqqında” qanun Fransa tarixində ilk dəfə olaraq bir
hüquqi aktda iki sistemin inkişaf məsələlərini əhatə
etməklə elm və təhsil birlikləri arasında əlaqələri
daha da möhkəmləndirmək və müxtəlifləşdirmək,
elmi tədqiqatların keyfiyyətini yüksəltmək, tədqiqatların
nəticələrini iş yerlərinə transformasiya etmək
məsələlərini ön plana çəkdi.
Fransada elm-təhsil siyasətinin
əlaqələndirilməsi Milli Təhsil, Ali Təhsil və
Elm Nazirliyi tərəfindən həyata keçirilməyə
başladı.
Nazirliyin Elm və innovasiyalar üzrə baş
idarəsinə elmi-innovasion inkişafda iştirak edən digər
nazirliklər və maraqlı subyektlər arasında drayver
funksiyasını yerinə yetirmək həvalə olundu.
Elmi tədqiqatların maliyyələşdirilməsi
Elm və Ali Təhsil üzrə Nazirliklərarası Missiyaya
tapşırıldı. Elmi tədqiqatlar və ali təhsilin keyfiyyətinin və nəticəliliyinin
qiymətləndirilməsi xidmətlərinin Elmi Tədqiqatların
və Ali Təhsilin Qiymətləndirilməsi üzrə Ali
Şura tərəfindən həyata keçirilməsi elmin və
təhsilin rəqabət qabiliyyətinin yüksəldilməsinə
şərait yaratdı. Fransada elmi tədqiqatların
maliyələşdirilməsində daha bir kəsərli alət
layihələrin maliyyələşdirilməsi üzrə
Dövlət İnvestisiya Bankıdır. İndustrial
inkişaf proqramları və innovasion texnologiyaların
transferi layihələri bu bank tərəfindən maliyələşdirilir.
Bankın 21 milyard avroluq kapitalı və
Fransanın 42 regionunda filialları vardır.
Dünyada innovasion liderlər
kimi qəbul edilən Almaniya, Böyük Britaniya və
Yaponiyada da fundamental elmi tədqiqatların konkret nəticələrə
istiqamətləndirilməsi trendinə üstünlük
verilir. Bu ölkələrdə elmə dövlət dəstəyinin
yeni strukturu hazırlanmış, elmi inkişafın maliyyə
qaynaqlarının şaxələndirilməsi mexanizmləri
yaradılmış, elmə sərmayə qoyan müəssisələrə
vergi stimullarının daim təkmilləşdirilməsi
sistemi tətbiq olunmuşdur. Bu məqsədlə elmi tədqiqatlara
bank kreditləri və dövlət subsidiyaları ilə bir
sırada vergi krediti, innovasion qrantlardan, intellektual mülkiyyətdən
gələn gəlirlərin vergi ilə yükləməsinin
xüsusi rejimi və s. kimi əlavə güzəştlərdən
də geniş istifadə olunur.
Avropa təcrübəsi göstərir
ki, elm-təhsil-iqtisadiyyat proqramlarının operator
funksiyası eyni vaxtda bir heçə təşkilata həvalə
oluna bilər.Məsələn, ali təhsil və elmi tədqiqatlar
sahəsində proqramın operatoru funksiyasını Təhsil
Nazirliyi və Elmlər Akademiyası, ekologiya və energetika
sahəsində Ekologiya və Energetika nazirlikləri, sənaye
klasterləri üzrə İqtisadi İnkişaf Nazirliyi və
müvafiq investisiya bankı yerinə yetirə bilər.
Azərbaycan şəraitində bu qəbildən
islahatların səmərəli olması üçün
elmi inkişafın milli strategiyasının
aşağıdakı prinsiplər əsasında qurulması
məqsədyönlü olardı:
- elmi tədqiqatları
müasir cəmiyyətin qarşılaşdığı
qlobal və lokal çağırışlara istiqamətləndirmək,
bu çağırışları dövlətin elm siyasətinin
konkret məqsədlərinə konvertə etmək, dövlət
və biznes tərəfdaşlığı əsasında
milli elm və texnoloji inkişafın prioritet sahələrini
müəyyən etmək və dəstəkləmək;
- elmi tədqiqatların
davamlı inkişafı üçün münbit şərait
və stimullar yaratmaq;
- dövlət-bisnes
tərəfdaşlığını möhkəmləndirmək,
sahibkarlığa və yüksək texnoloji kiçik
şirkətlərə dəstək vermək, tədqiqatlara
birbaşa xarici investisiyaların cəlb olunmasını
stimullaşdırmaq;
- ali təhsil-elm-sahibkarlıq
sisteminin komponentlərinin inkişafı və beynəlxalq
açıqlığı əsasında bilik
istehsalını təmin etmək və milli təhsil
ekosisteminin cazibədarlığını yüksəltmək.
Bu prinsiplər Təhsilin
İnkişafı üzrə Dövlət Strategiyasında bu
və ya digər şəkildə öz əksini
tapmışdır. Elm-ali təhsil siyasəti və menecmentinin vahid mərkəzdən
həyata keçirilməsini təmin edə biləcək
institusional və struktur islahatları həyata keçirməklə
bu prinsiplərə söykənən tətbiqi mexanizmlərin
səmərəliliyini daha da artırmaq
mümkündür.Başqa sözlə desək, elm-ali təhsil
ekosisteminin öz-özünə bəhrələnmə və
öz-özünün təşkilinin təmini
üçün mövcud çoxqütblü menecmentin ənənəvi
drijist modelinin daha səmərəli və daha çevik
dolayı təsir üsulları ilə əvəz edilməsi
məqsədyönlü olardı.
Azərbaycanda Təhsilin
İnkişafı üzrə Dövlət Strategiyasında
elm-ali təhsil-iqtisadiyyat əlaqələrinin inkişafı
prinsipləri ümumiləşdirilmişdir. Bu strategiya təhsilin
keyfiyyətinin yüksəldilməsi və nəticələrinin
tanınması əsasında ümumavropa təhsil məkanına
inteqrasiyaya istiqamətlənmişdir. Strategiyanın
ayrı- ayrı istiqamətləri üzrə ictimai-dövlət
idarəçilik modellərinin tətbiqi və ictimai
institutların iştirakı ənənəsi təhsil
sisteminin açıqlığının, sadəliyinin və
investisiya cazibədarlığının təmin
olunmasına xidmət edir. Milli təhsil
strategiyasının bir çox prinsipləri- ali təhsil
sisteminin bütün dünya üçün açıq
olması, ali təhsil müəssisələrinin ərazi
baxımından nizamlı paylanması, ali təhsilin
inkişafında marağı olan bütün tərəfdaşların
koordinasiya prosesində iştirakı, inkişaf
üçün resursların kifayət qədər olması
və s. Avropa modelinin prinsipləri ilə həmahəngdir.
Ümumavropa təhsil məkanı
üçün çoxsəviyyəli təhsil sisteminin daha
da şaxələnməsi - peşə bakalavrı, tədqiqatçı
bakalavr, peşə magistri, tədqiqatçı magistr səviyyələri
üzrə mütəxəssis hazırlığı səciyyəvidir. Avropa təcrübəsinin
öyrənilməsi və tətbiqində Horisont 2020, Erasmus
Mundus, Erasmus Plus layihələri və Tüninq
metodologiyası çox vacib alətlərdir.Bu gün tədris
proqramları və planlarının tərtib olunmasında
Avropanın 28 olkəsində Tüninq metodologiyasından
geniş istifadə edilir. Bu məqsədlə ilk növbədə,
əmək bazarının konyunkturası öyrənilir, iqtisadiyyatın
müvafiq sahəsinin peşəkarları arasında sorğu
şəkilli tədqiqatlar aparılmaqla prioritet ixtisaslar,
onlara uyğun ümumi və spesifik kompetensiyalar, müvafiq
kompetensiyanı təmin edəcək təhsil tələbləri
müəyyənləşirilir, kompetensiyalarla fənn modulları
arasında korrelyasiya əlaqələri qurulur və bu əsasda
da kreditlərin modul prinsipi əsasında fənlər
arasında paylanması həyata keçirilir.
Elm-təhsil əlaqələrinin
təkmilləşdirilməsi baxımından magistraturaya qəbulla
əlaqədar məhdudiyyətlərin azaldılması və
imtahanların sadələşdirilməsi günün aktual məsələlərindəndir. Bu
günkü magistrant sabahın doktorantı, universitet müəllimi,
elmi tədqiqatçı, istehsalat rəhbəridir. Son illər bəzi universitetlərdə tədris
planlarında və təhsil proqramlarında müvafiq dəyişikliklər
aparmadan, magistraturada istehsalatdan ayrılmamaqla əyani təhsil
almaq təcrübəsindən geniş istifadə edilir ki, bu
da magistr təhsilinin keyfiyyətinin kəskin şəkildə
aşağı düşməsinə səbəb olur.
Magistraturaya qəbul olunmuş tələbələrə
təhsil müddətində hərbi
çağırışdan möhlət hüququnun verilməsi
ölkənin elm-təhsil potensialının
formalaşmasında keyfiyyətli magistr təhsilinə nə
qədər yüksək önəm verilməsinin bariz
nümunəsidir.
Elmi tədqiqatların əsas
problemləri, texnoloji cəhətdən inkişaf etmiş
ölkələrdə olduğu kimi, iqtisadi yüksəliş
üçün vacib olan çağırışlara istiqamətlənməlidir. Bu gün milli
elmin əsaslarını universitetlərin dövlət
büdcəli elmi-tədqiqat institutlarında, kafedralarda, elmi-tədqiqat
laboratoriyalarında, Elmlər Akademiyasının institutlarında
və sahə nazirliklərinin elmi müəssisələrində
aparılan tədqiqatlar təşkil edir. Bu qurumların
tədqiqat istiqamətləri əsasən postsovet məkanı
üçün səciyyəvi olan, müasir dövrün
lokal və qlobal çağırışları ilə
çox da səsləşməyən, sahibkarların ehtiyaclarına
cavab verməyən, bilavasitə kafedralar, institutlar və
ayrı-ayrı alimlərin elmi məktəbləri
üçün səciyyəvi olan problemlərin həllinə
yönəlmişdir.
Universitet və elmi müəssisələrdə
yeni texnologiyaların və tədqiqatların nəticələrinin
kommersiyalaşmasını sürətləndirmək məqsədi
daşıyan texnopark, star-tap, ustadlıq mərkəzləri
kimi xüsusi statusa malik innovasion qurumlardan geniş istifadə
edilməlidir.
Bu qəbildən olan innovasion fəaliyyət
meydançalarında elmlə istehsalat arasında ümumi
maraqların müəyyənləşdirilməsi, təhsilin
səviyyəsinin yüksəldilməsi və texnoloji müəssisələrin
işçilərinin təkmilləşdirilməsi kimi məsələlər
həll edilə bilər.
Ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
siyasi, iqtisadı, sosial müstəqilliyinin, ərazi
bütövlüyünün təmin edilməsi ilə həmahəng
texnoloji müstəqilliyinin təmin olunması istiqamətlərində
ictimaiyyətin dəstəklədiyi uğurlu siyasət həyata
keçirilir.
Dövlət başçısının ölkənin
texnoloji inkişafının təmin edilməsi istiqamətində
elm-ali təhsil sektoru qarşısında qoyduğu vəzifələrin
- elmi potensialın dayanıqlı iqtisadi inkişafın əsas
resurslarına çevrilməsi, istehsaledici biliklərin
lazımi məhsullara və innovasiyalara transformasiyası,
elm-innovasiya sektorunun inkişaf tempinin milli iqtisadiyyatın
inkişaf tempinə və sahibkarlığın yeni
texnologiyalara olan ehtiyaclarına uyğunlaşdırması
kimi strateji əhəmiyyətli vəzifələrin keyfiyyətli
və vaxtında icrası elm-ali təhsil siyasəti və
menecmentinin vahid mərkəzdən və yüksək peşəkarlıqla
həyata keçirilməsinin vacibliyini daha da
aktuallaşdırır.
Həsən
HÜSEYNOV,
professor, əməkdar elm xadimi
Azərbaycan.- 2017.-10 sentyabr.- S.3.