Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiyada etibarlı tərəfdaşdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Vyetnama dövlət səfərini və səfər zamanı Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları ilə görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı qeyd etdi ki, bu, çox səmimi bir görüş idisonra onlar Bakıya dəvət olundular, burada yaşadıqları və təhsil aldıqları yerləri ziyarət etdilər. Prezident İlham Əliyev, eyni zamanda, Vyetnamın bundan əvvəlki Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətinə də toxundubütün digər səviyyələrdə əlaqələrin möhkəmləndirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarda əməkdaşlığın, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət dövriyyəsinin artırılmasının, təhsil sahəsində ənənəvi əməkdaşlığın, ölkələrimiz arasında mövcud olan tarixi-mədəni əlaqələrin genişləndirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, xanım Çionq Txi Mayın Azərbaycana səfəri ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək.

Xanım Çionq Txi May ilk növbədə dövlətimizin başçısına və Azərbaycan xalqına son illər əldə edilmiş böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcuddur. Çionq Txi May bu münasibətlərin əsasının Vyetnam xalqının lideri Xo Şi Min və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla vurğuladı. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinin tamam olacağını qeyd edən vyetnamlı qonaq Azərbaycanın müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Xanım Çionq Txi May səfər proqramı çərçivəsində Heydər Əliyev Mərkəzində olduğunu vurğulayaraq bildirdi ki, biz Azərbaycanın müstəqil dövlət kimi bu səviyyəyə çatmasında Ulu Öndərin rolunun bir daha şahidi olduq. Qonaq qeyd etdi ki, Azərbaycan Vyetnamı Cənub-Şərqi Asiyada özünün etibarlı tərəfdaşı hesab edə bilər.

Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2017.-12 sentyabr.- S.3.