100-ə qədəm qoyarkən
“Azərbaycan”
- 100
Kasıb heç vaxt öz uşağına ad günü, “yubiley” keçirmir.
Təmtəraqlı ad günü, restoranda banket, bahalı hədiyyələr - varlı balasının payına düşür.
Uşağın hansı ailədə doğulması isə tale qismətidir!
Sağlıqlarında nə Nizami, nə də Füzuli yubiley gördü!
Amma sonradan qədirbilən insanlar bu söz dahilərinə dəfələrlə təmtəraqlı yubileylər keçirərək xatirələrini ehtiramla yad etdilər!
Bəzən nə sağlığında, nə də sonradan adı anılmayan xidmət sahibləri olur.
Özləri cansız olsalar da belə!
Yalnız nadir şəxsiyyətlər
onları anıb qiymətlərini verməyi bacarırlar.
Ulu öndərin
verdiyi qiymət
Tale Azərbaycan xalqına
Yaxın Şərqdə ilk demokratik dövlət qurmağa
imkan yaratdı. XX əsrin əvvəllərində
meydanda olan, ölkənin ictimai-siyasi həyatında fəallıq
göstərən vətənin qeyrətli və fədakar
övladları bu imkandan bəhrələnə, müstəqillik
arzusunu gerçəkləşdirə bildilər. Amma müstəqilliyi arzulamaq, onu elan etmək
asandır, müstəqil dövləti qurub yaşatmaq,
dünyaya tanıtmaq, qəbul etdirmək, qoruyub saxlamaq isə
qat-qat çətindir. Bu məsələdə
məqsədyönlü və əməli fəaliyyətlə
yanaşı təbliğat və təşviqat işlərini
düzgün qurmağın, xalqı səfərbərliyə
almağın, görülən işləri və
qarşıda duran vəzifələri ölkə vətəndaşlarına
düzgün çatdırmağın da əhəmiyyəti
böyükdür.
Odur ki, Xalq Cümhuriyyətinin
qurucuları yeni dövrün yeni qəzetini buraxmaq barədə
qərar qəbul etdilər.
Beləliklə, “Azərbaycan”
çox çətin və ağır dövrdə
dünyaya göz açdı!
Azərbaycan Xalq Cümhuriyyəti
cəmi 23 ay yaşadı. “Azərbaycan” qəzetinin
isə vur-tut 443 nömrəsi işıq üzü
gördü. Xalqımızın müstəqillik
tarixində yeni dövrün başlandığını car
çəkən, azad, müstəqil Azərbaycanın mətbu
qaranquşu sayılan “Azərbaycan” obyektiv salnaməyə
çevrilərək bu dövrün tarixini öz səhifələrinə
həkk edərək əbədiləşdirdi!
Ulu öndər Heydər Əliyev “Azərbaycan”ın
80 illiyi münasibətilə imzaladığı təbrik məktubunda
qəzetin fəaliyyətinə yüksək qiymət verirdi:
“1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə
başlamış “Azərbaycan” qəzeti yarandığı
gündən milli azadlıq mübarizəsinin ön
sırasında addımlamış, xalqımızın
çoxillik arzu və istəklərinin ifadəçisinə
çevrilmiş, onun mənəvi dəyərlərinin,
ictimai-siyasi ideallarının formalaşması işinə
önəmli töhfə vermişdir. Azərbaycan Xalq
Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini
dayandıran “Azərbaycan” qəzeti xalqımızın 1991-ci
ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini
bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata
keçirilməsində fəal surətdə iştirak
etmişdir”.
Gəlişi
çətin oldu
XX əsrin başlanğıcı
çox təlatümlü oldu: inqilablar, müharibələr,
xalqların milli-azadlıq hərəkatları... Bütün bunlar ölkələri
çalxalandırdı, bir sıra sərhədləri dəyişdi,
çoxsaylı insan tələfatına səbəb oldu.
1905-1907-ci illər inqilabının
laxlatdığı, birinci cahan müharibəsinin
sarsıtdığı Rusiyanı daha bir “sürpriz” -
bolşeviklərin çevrilişi gözləyirdi. “Xalqların həbsxanası” adlandırılan
çar Rusiyası parçalanmaq ərəfəsinə
çatmışdı. Lakin Leninin rəhbərlik
etdiyi bolşeviklər Bakı neftini əldən vermək
fikrində deyildilər. Yaranan
qarışıqlıqdan düşmənlərimiz də
istifadə etməyə çalışırdılar.
Beləliklə, bolşeviklərlə
erməni millətçiləri birləşərək “əks-inqilabçılara
qarşı mübarizə” adı altında xalqımıza
divan tutmağa başladılar. Bolşeviklər tərəfindən
silahlandırılan, Stepan Şaumyanın
başçılığı ilə hərəkət edən
quldur dəstələri 1918-ci ilin martında əvvəlcə
Bakıda dinc əhaliyə qarşı kütləvi
qırğın və talanlar törətdilər. Otuz mindən çox qadın, uşaq, qoca da daxil
olmaqla Bakı sakini qətlə yetirildi. Sonra
quldur dəstələri ölkənin içərilərinə
doğru hərəkət edərək Şamaxı, Quba və
Qusarda, habelə Muğanda vəhşiliklər törətdilər.
Əgər Qafqaz İslam Ordusu köməyə
gəlməsəydi, hadisələrin necə
qurtaracağını söyləmək çətin idi.
“Azərbaycan”ın ilk
nömrəsi qırğınlardan bir neçə ay sonra -
15 sentyabr 1918-ci ildə işıq üzü gördü. Bu vaxta qədər
ölkə paytaxtı bolşevik-daşnak birləşmələri
tərəfindən işğalda
saxlanıldığından Azərbaycanın Müstəqillik
Bəyannaməsi Tiflisdə elan edilmiş, təşkil olunan
yeni hökumət isə Gəncədə fəaliyyətə
başlamışdı. Odur ki, “Azərbaycan”
qəzetinin ilk nömrəsi də Gəncədə,
Yelizavetpol qubernatorunun mətbəəsində
çıxarılmışdı.
Nuru Paşanın
komandanlığı altında bir sıra döyüşlər
aparan Qafqaz İslam Ordusu sentyabrın 14-ü gecə saat
02.00-da Bakını bolşevik-daşnak qüvvələrindən
azad etdi. “Azərbaycan”ın ilk nömrəsi də məhz bu
şanlı hadisəyə həsr olunmuşdu. Bütövlükdə Gəncədə qəzetin
dörd nömrəsi, həm də iki dildə - Azərbaycan
və rus dillərində nəşr olundu. Sonra redaksiya Bakıya köçürülərək
öz fəaliyyətini burada davam etdirdi.
Bakıda buraxılan ilk
nömrələrində “Azərbaycan” adının
altında “Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi
türk qəzetəsidir” sözləri
yazılmışdı.
Altıncı nömrəyə
qədər qəzet “heyəti-təhriyyə” (redaksiya heyəti)
imzası ilə nəşr olunmuşdu.
Şərəflə
yaşadı
“Azərbaycan” öz
dövrünün ensiklopedik nəşri sayılırdı. Onun
toxunmadığı mövzu, yazmadığı məsələ
qalmayıb. Həm də qəzetin səhifələri
bütün siyasi partiya təmsilçilərinin, hər
cür alternativ fikir sahiblərinin, bütün mövqeli
insanların üzünə açıq olub. Burada açıq, cəsarətli müzakirələr,
mübahisələr gedib.
Daha bir vacib məqam: “Azərbaycan”
daim Məclisi-Məbusanda - parlamentdə gedən müzakirələri
geniş işıqlandırırdı. Bəzən
millət vəkillərinin çıxışlarının
stenoqramını verirdi. Çox halda isə
Üzeyir bəy Hacıbəylinin parlament iclaslarından
reportaj və şərhləri qəzet səhifəsinə
çıxarılırdı. Mətbuat
tariximizin yorulmaz tədqiqatçısı professor Şirməmməd
Hüseynovun böyük zəhməti və şəxsi təşəbbüsü
nəticəsində ərsəyə gələn “Azərbaycan”
qəzetində Parlament hesabatları və şərhlər
(noyabr 1918-aprel 1920)” üçcildlik kitabını oxuyarkən
dediklərimizin bir daha şahidi oluruq.
“Azərbaycan”ın aktual və
“səriştəli” çıxmasının bir səbəbi
isə onun müəllifləri və daimi yazarları ilə
bağlı idi. Qəzetin həm redaktorları, həm də
əməkdaş və müəllifləri dövrün
siyasi proseslərinin mərkəzində olanlar, hadisələrin
birbaşa iştirakçıları, müasir
dünyagörüşlü və təcrübəli qələmə
malik insanlar, millət vəkilləri idi. Qəzetdə
ən çox görünən imzalar C.Hacıbəyli,
Ü.Hacıbəyli, Ş.Rüstəmbəyli,
X.İbrahimli, M.Ə.Rəsulzadə, F.Ağazadə, M.Hadi,
H.İ.Qasımov, M.Şaxtaxtlı, A.Ziyadxanlı,
Ə.Müznüb, Ə.Cavad və başqalarıdır.
Qəzetin daimi rubrikaları da
vardı: “Azərbaycan Məclisi Məbusanında”, “Hökumət
qərarları”, “Rəsmi xəbərlər”, “Xarici xəbərlər”,
“Azərbaycanda”, “Türkiyədə”, “Teleqraf xəbərləri”
və s.
“Azərbaycan”ın
redaktorları
Cümhuriyyət
dövründə “Azərbaycan” qəzetinin (Azərbaycan və
rus dili variantlarının) dörd redaktoru olub. Nömrələr üzrə
redaktorlar belə paylaşıb: 6-cı nömrədən “Azərbaycan”,
5-ci nömrədən isə rus dilindəki “Azərbaycan”ın
redaktorları Ceyhun bəy Hacıbəyli və Şəfi bəy
Rüstəmbəyli, 50-ci nömrədə müdir göstərilmir,
51-ci nömrədən 1919-cu ilin 16 yanvarında
çıxmış 89-cu nömrəyə qədər
müdir və baş mühərrir Ceyhun bəy Hacıbəyli,
89-cu nömrədən 4 iyul 1919-cu il tarixli 216-cı nömrəyə
qədər müvəqqəti müdir Üzeyir bəy
Hacıbəyli, 4 iyul 216-cı nömrədən 1 sentyabr
265-ci nömrəyə qədər müvəqqəti
müdir Xəlil İbrahim, 1 sentyabr 265-ci nömrədən
31 dekabr 1919-cu il tarixli 358-ci nömrəyə və 1 yanvardan
28 aprel 1920-ci il tarixli 85-ci nömrə də daxil olmaqla
müdir Üzeyir bəy Hacıbəyli olmuşdur.
ÜZEYİR BƏY
HACIBƏYLİDƏN başqa “Azərbaycan”ın bütün
redaktorlarının həyatı məşəqqətli və
faciəli sonluqla başa çatmışdır. Üzeyir bəy Hacıbəylini
isə musiqi dühası həbs, sürgün və ya
güllələnmədən xilas etmişdir! Sovet
dövründə ona hücumlar olmuş,
müsavatçı damğası vurmaqla həbsinə cəhdlər
göstərilmişdir. Belələrinə cavab da
vermişdi: “Danışırlar ki, “Azərbaycan” qəzeti
guya “Müsavat” partiyasına məxsus firqəvi bir qəzet
imiş. Bu fəqərə barəsində bunu
bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti
deyildir. “Azərbaycan” qəzetinin məsləki
vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.
Üzeyir bəy öz
xoşu ilə heç bir partiyaya üzv olmamışdır. Lakin 1938-ci ildə
Stalinin göstərişi ilə namizədlik stajı
keçmədən birbaşa Sov.İKP sıralarına qəbul
edilmiş və öz əcəli ilə dünyasını
dəyişmişdir.
CEYHUN BƏY HACIBƏYLİ
“Azərbaycan” qəzetinin ilk redaktorlarından biri olub. 1891-ci ildə
anadan olan Ceyhun bəy Üzeyir bəyin qardaşı idi.
Dünyagörüşünün
formalaşmasında və jurnalistika sahəsindəki
uğurlarında qardaşı Üzeyir bəyin böyük
rolu və təsiri olmuşdur. 1910-1916-cı illərdə
Peterburq Universitetində oxumuş, sonra isə Fransanın
Sorbonna Universitetini bitirərək vətənə
qayıtmış, “İrşad”, “Tərəqqi”,
“İttihad”, “Bakı”, “Proqres”, “Kaspi” və başqa mətbu
orqanları ilə əməkdaşlıq edərək
yüzlərlə məqalə yazmışdır. Onun “Azərbaycan”a rəhbərliyi dövründə qəzetin ətrafına
dövrün tanınmış ziyalıları, ictimai-siyasi
xadimləri, millət fədailəri toplaşmışlar.
1919-cu ildə Əlimərdan bəy
Topçubaşovun başçılığı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin Parisdə Versal Sülh Konfransına
göndərdiyi nümayəndə heyətinin tərkibinə
Məmmədhəsən Hacınski, Əhməd bəy
Ağayev, Əkbərağa Şeyxülislamov, Məhəmməd
Məhərrəmov və Miryaqub Mirmehdiyevlə bərabər
Ceyhun bəy Hacıbəyli də daxil edilir. Səfərdə
əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq
aləmdə tanıtmağa nail olmaq idi. 1919-cu
ilin yanvarından 1920-ci ilin yanvarına qədər fasilələrlə
davam edən həmin konfransda Antanta Azərbaycan Cümhuriyyətinin
istiqlaliyyətini tanıdı. Bu, sovet
Rusiyasının qəzəbinə səbəb oldu.
Ceyhun bəy Parisdə olarkən
AXC süqut edir. Sovet hökumətinin Azərbaycan Xalq
Cümhuriyyəti dövründəki fəaliyyətini ona
heç zaman bağışlamayacağını
yaxşı bilən Ceyhun bəy vətənə
qayıtmağa ehtiyat edirdi. Üzeyir bəyin
də qardaşının bağışlanaraq geriyə
dönməsi üçün dəfələrlə əlaqədar
təşkilatlara müraciəti cavabsız qalır.
Ceyhun bəy Hacıbəyli
xaricdə çox çətin durumda yaşayırdı. Üzeyir bəyin öz
ömrünün sonuna qədər göndərdiyi müəyyən
məbləğ pul yardımı olmasaydı, kim
bilir, güzəranı necə keçərdi. Hələ bu
azmış kimi, öz adını daşıyan oğlu
Ceyhunun 1937-ci ildə Paris Hərbi Akademiyasını bitirəndən
sonra alman faşizminə qarşı vuruşmaq
üçün cəbhəyə gedərək
döyüşdə həlak olması onun vətən həsrətinin
üzərinə oğul dərdi də gətirir...
Xaricdə Azərbaycan ədəbiyyatını,
incəsənətini, tarixini yetərincə təbliğ edən
Ceyhun bəy Hacıbəyli 1962-ci ildə Fransada vəfat edərək
Parisin Sen-kulu qəbiristanlığında torpağa
tapşırılıb.
ŞƏFİ BƏY
RÜSTƏMBƏYLİ “Azərbaycan”ın rus
variantının ilk redaktoru olub. O, eyni zamanda, Azərbaycan Parlamentinin
deputatı idi. 1893-cü ildə Ağdaş qəzasının
Məmmədli kəndində doğulmuş, orta təhsilini Gəncədəki
klassik gimnaziyada almışdı. 1911-ci
ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil
olmuş, 1916-cı ildə oranı bitirmişdi. Kiyev həyatı onun ictimai-siyasi xadim kimi yetişməsində
böyük rol oynamışdır. Universitetdə
yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının
başçılarından və fəal üzvlərindən
olmuşdur. 1917-ci ildə Bakıda keçirilən Azərbaycan
müsəlmanlarının qurultayında, habelə həmin
ilin may ayında Moskvada baş tutan Rusiya müsəlmanlarının
qurultayında iştirak etmişdir. Şəfi
bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə
yaranmış bölmələrində
çalışmış, dövlət qurumlarının
yaradılmasında böyük əmək sərf
etmişdir. O, “Azərbaycan” qəzetinin baş redaktoru və
parlament üzvü olmaqla yanaşı, AXC-nin Daxili İşlər
Nazirliyinin dəftərxana müdiri, 1920-ci il
martın əvvəllərindən isə nazir müavini vəzifələrini
icra etmişdir.
1920-ci il 28 aprel
hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli
Tiflisə köçməli olur. 1921-ci ilin
fevralında Gürcüstan da Qızıl Ordu tərəfindən
işğal edildikdən sonra Türkiyəyə - İstanbula
köçür və ömrünün qalan hissəsini
mühacirətdə sıxıntı içərisində
keçirir.
...Şahidlər söyləyirlər
ki, parlamentin son iclasında M.Ə.Rəsulzadə dərin bir
kədər və hüznlə istilanın Azərbaycana
yetişdiyini söyləyərkən arxadan
hönkürtü ilə ağlamaq səsi eşidilir və
hamı kədərlə geriyə dönür. Ağlayan “Azərbaycan” qəzetinin
baş redaktoru Şəfi bəy Rüstəmbəyli idi!
O, gənc bir dövlətin
süqutuna və gələcəkdə yaşayacağı həsrət
dolu kədərli ömrünə sanki irəlicədən
yas tuturdu...
XƏLİL İBRAHİM
ibtidai təhsilini Şuşada almış, realnı məktəbini
isə Bakıda bitirmişdi. Bədii və
publisistik yaradıcılıqla məşğul olan Xəlil
İbrahim mücadilə tariximizə ədəbiyyat, mədəniyyət
xadimi, eyni zamanda, ictimai xadim, tənqidçi, teatrşünas
və tərcüməçi kimi daxil olmuşdur. Xalq Cümhuriyyəti yıxıldıqdan sonra Xəlil
İbrahim qürbətə üz tutmayaraq vətənində
qalır, ədəbi-bədii yaradıcılıqla məşğul
olur.
1923-cü ildə Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi
terminologiyanın işlənib hazırlanması üzrə
komissiya yaradılır. Xəlil İbrahim əvvəlcə bu
komissiyanın üzvü, sonra isə məsul katibi olur.
Müxtəlif sahələr üzrə
terminologiyanın hazırlanmasında fəal iştirak edir və
komissiyanın “Dilimizin silahı” adlı mətbu
orqanının redaktoru olur. 1930-cu ildən
başlayaraq “Azərnəşr”də bədii ədəbiyyat
üzrə redaktor işləyən X.İbrahim ictimai-siyasi ədəbiyyatın,
dünya ədəbiyyatı klassiklərinin (Şekspir,
Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsinə
xüsusi əmək sərf edir. İctimai
xadim Xəlil İbrahim ictimai-siyasi məsələlərlə
bağlı, mədəni-maarif, teatr, dil və ədəbiyyat
problemlərinə aid 200-dən çox məqalənin müəllifidir.
Heç kim
unudulmur, heç nə yaddan çıxmır! Qırmızı hökumət Xəlil İbrahimin
bir zamanlar “Azərbaycan” qəzetinə redaktorluq etdiyini
unutmamışdı. 1938-ci ilin qaranlıq
gecələrinin birində Xəlil İbrahimin də
qapısı döyüldü. Bir neçə gün
çəkən “ənənəvi” sorğu-sualdan sonra “Azərbaycan”a
redaktorluq etmiş bu insanı “xalq düşməni”
ittihamı ilə 25 martda - 45 yaşı tamam olan gün
güllələdilər!
Təqiblər,
qadağalar, cəzalar
“Azərbaycan”ın sonuncu
nömrəsi 28 aprel 1920-ci ildə çıxdı. Nahaq qan
tökülməsinə, günahsız insanların
ölümünə yol verməmək üçün Milli
Şura hakimiyyətin könüllü şəkildə XI
Qızıl Orduya təhvil verilməsi barədə qərar qəbul
etdi. Beləliklə, Azərbaycanın
dövlət müstəqilliyi süquta uğradı, “Azərbaycan”
qəzetinin nəşri dayandırıldı.
Azərbaycanı
işğal edən bolşeviklər aprelin 30-da “Azərbaycan”ın
da redaksiyasını və mətbəəsini işğal
etdilər. Mətbəəyə yeni ad - “Revkomun mətbəəsi”
(İnqilab Komitəsinin mətbəəsi) adı qoyuldu.
Nəticədə “Azərbaycan” qəzetinin
maddi-texniki bazası və kollektivi əsasında müstəqilliyə
əks mövqedə dayanan, yad ideologiyanı təbliğ edən
“Kommunist” qəzetinin nəşrinə başlanıldı.
1920-ci ilin may ayının 1-dən “Kommunist”in rusca, daha sonralar
isə hətta ermənicə nəşri yoluna qoyuldu.
Əslində SSRİ rus
imperiyasının başqa adda və başqa formada davamı
idi. Müxtəlif
ölkələr və xalqlar zorla vahid ideologiya - kommunist
ideologiyası ətrafında birləşdirilsə də,
“xalqlar dostluğundan”, “proletar beynəlmiləlçiliyindən”,
“vahid ailə”dən dəm vurulsa da, mahiyyətcə “müttəfiq
respublikalar” istismar olunur, bütün maddi sərvətlər
vahid mərkəzə daşınır və yenidən
“bölüşdürülürdü”.
Sovet dövründə
“özgə cür” düşünmək və
danışmaq, yazmaq qəti qadağan idi və dərhal həbsxana,
sürgün, güllələnmə və digər formalarda
cəzalandırılırdı. Həm də təkcə deyən və
yazan insanın özü yox, bütün ailə üzvləri
də! Və buna dair kifayət qədər dəhşətli
faktlar, misallar çoxdur. Odur ki, SSRİ-yə
daxil olan xalqlar və ölkələr nəinki müstəqil
dövlət olacaqlarını və qırmızı
imperiyadan kənarda yaşayacaqlarını, hətta bir vaxtlar
belə olduqlarını da unutmalı idilər. Keçmişi unutdurmaq üçün dəfələrlə
əlifbamız dəyişdirilərək xalq arxiv sənədlərindən,
yaxın və uzaq tarixindən bəhs edən ədəbiyyatdan
kənarlaşdırıldı. Belə
bir siyasət təkcə insanların deyil, kitabların, qəzet
və jurnalların da repressiya edilməsinə səbəb
oldu. 28 apreldən qapadılan “Azərbaycan”
qəzeti arxivlərin ən qaranlıq və əlçatmaz
küncünə atıldı, üzərinə “qadağa”
qrifi qoyuldu, nəinki xalqdan, hətta alim və tədqiqatçılardan
da gizlədildi. “Azərbaycan”dan
danışmaq, yazmaq, oradakı məqalələri oxumaq
qorxulu sayılırdı. Qəzetin 443 nömrəsi elə
gizlədilib, təhlükəli şey elan edilib ki, indi də
onun bütün nömrələrini tapıb oxumaq
mümkün deyil!
Halbuki sələf kimi qəbul
etdiyimiz AXC-nin rəsmi orqanı təkcə alim və tədqiqatçılar
üçün yox, hamıya açıq və əlçatan
olmalıdır! Bunun üçün arxivlərdən
çıxarılaraq transliterasiya olunmalı, kitab şəklində
buraxılmalı, elmi məqalə və dissertasiyaların tədqiqat
predmetinə çevrilməlidir.
Əslində dövlət əhəmiyyətli
və mənəvi məsələ sayılan bu iş təkcə
ayrı-ayrı insanların şəxsi təşəbbüsünün,
vətənpərvərlik və fədakarlığının
ümidinə qoyulmalı deyil! Sovet
ideologiyasının “Azərbaycan” qəzetində
yazılanlardan ehtiyat etməsinin səbəbləri
başadüşüləndir. İndiyədək qəzetin
kifayət qədər gün işığına
çıxarılmaması isə anlaşılmır!
Sovet dövründə təkcə
qəzetin çapdan çıxmış nömrələri,
redaktorları deyil, müəllifləri də təqiblərə,
repressiyaya məruz qalmışdır. Əlbəttə,
onlar təkcə vaxtilə “Azərbaycan”a yazdıqlarına
görə cəzalandırılmırdılar. Əslində həmin insanlar işıqlı zəka
sahibləri, xalqımızın qaymaq ziyalıları idilər.
... Salman Mümtaz daim
Xalq Cümhuriyyətini sevər və alqışlayar, qəzetdə
müxtəlif məqalə və şeirlərlə
çıxış edərdi. 1937-ci ildə
“ənənəvi ittiham”la həbs edilərək güllələndi.
Görkəmli
yazıçı Seyid Hüseyn qəzetin tanınmış əməkdaşlarından
idi. Gecələrin birində Qum adasına aparılaraq
sorğusuz-sualsız güllələndi. Onun
ömür-gün yoldaşı, dörd uşaq anası, qəzetin
qadın yazarı Umgülsüm Sadıqovaya da rəhm
olunmadı. Hətta “ellər atası Stalinə”
ünvanladığı ürək dağlayan məktubları
da kara gəlmədi. Balalarından
ayıraraq Mordva vilayətinə sürgünə göndərdilər.
Qəzetdə daim məqalələrlə
çıxış edən Ə.M.Topçubaşovun,
Ə.Cavadın, F.Ağazadənin, Ə.Müznübün və
digərlərinin də həyatı faciə ilə başa
çatdı.
Müstəqilliyimizin
qeyri-rəsmi atributu
Xoş müjdə ilə -
Bakının bolşevik-daşnak işğalından azad
edilməsi xəbəri ilə nəşrə başlayan “Azərbaycan”
qəzeti hakimiyyətin XI Qızıl Orduya verilməsi ilə
ömrünü başa vurdu. Diqqətlə
baxdıqda görərik ki, Azərbaycan Xalq Cümhuriyyəti
ilə onun rəsmi orqanı olan “Azərbaycan” eyni taleyi
yaşamışdır. Belə ki:
* Azərbaycan dövlət müstəqilliyi
qazandı, demokratik respublika quruldu - “Azərbaycan” qəzeti
yarandı və uğurla fəaliyyət göstərdi.
* Azərbaycanın dövlət
müstəqilliyi süquta uğradı - “Azərbaycan”ın
nəşri dayandırıldı.
* SSRİ-nin mövcudluğunun
yetmiş üç ili ərzində AXC
haqqında danışmaq yasaq edildi - “Azərbaycan” qəzeti
qadağan olunaraq arxivlərdə gizlədildi!
*Azərbaycan ikinci dəfə
dövlət müstəqilliyinə nail oldu, ulu öndər
Heydər Əliyev bu müstəqilliyi əbədiliyə və
dönməzliyə çevirdi. - “Azərbaycan” yenidən nəşrə
başladı və bu gün xüsusi həvəs və
coşqunluqla müstəqilliyin nailiyyətlərindən,
möhtəşəm quruculuq işlərindən yazır!
Artıq “Azərbaycan”ın üzərindən
“qadağa” qrifi götürülüb. Hətta
tədqiqatçılarımız onun haqqında sanballı məqalələr
yazmağa, araşdırmalar aparmağa başlamışlar.
Qəzetin Cümhuriyyət dövrü fəaliyyəti
haqqında maraqlı fikir və qənaətlər də
söylənilir. “Azərbaycan”ı tədqiq edən
alimlər - professorlar Şirməmməd Hüseynov, Nizami Cəfərov,
Şamil Vəliyev, Alxan Bayramoğlu, Asif Rüstəmli, Abil
Tahirli və başqalarının Azərbaycan Xalq Cümhuriyyəti
dövründə rəsmi dövlət qəzeti kimi
çıxan “Azərbaycan” haqqında yekdil rəyləri belədir:
“Azərbaycan”
dövrünün ən populyar və oxunaqlı qəzeti
olub. Rəsmi materialların dərci, ciddi analitik
yazılarla bərabər siyasi fikir rəngarəngliyinə də
böyük yer verilib. Qəzetin mövzu
dairəsi geniş olub. Burada Azərbaycan və
dünya dövlətlərinin tarixi, onların
çağdaş ictimai-siyasi həyatı və mədəni-quruculuq
işləri haqqında yazılar sistemli şəkildə yer
alıb. Dünyada baş verən
inqilablar, parlamentarizm hərəkatı, konstitusiya
quruculuğu məsələləri, dövlət
quruculuğu və idarəçiliyi barədə müntəzəm
yazılar yazılıb.
Qəzetin səhifələrində
parlamentdə müzakirə olunan bütün məsələlərlə
bağlı həm ciddi analitik, həm də publisistik və
satirik materiallar verilib, fəhlə və kəndli həyatına,
ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərə,
bolşevik təhlükəsinə, Qafqaz İslam Ordusunun
xilaskarlıq missiyasına, məktəb və maarif məsələlərinə
böyük diqqət yetirilib. Janr müxtəlifliyinə daim əməl
olunub, müxtəlif xəbər və informasiyalarla
yanaşı məqalə, müsahibə, felyeton, hesabat,
şərh, şeir və s. dərc olunub. Beləliklə,
həm də yeni peşəkar jurnalistlər nəslinin
yetişməsinə, özünü ifadə etməsinə
şərait yaradılıb.
Dövrünün salnaməsinə
çevrilən “Azərbaycan” mətbuat tariximizin ilk rəsmi
dövlət qəzeti olmaqla yanaşı, azad sözün, sərbəst
düşüncənin, fikir plüralizminin mötəbər
tribunasına çevrilmişdi. Dövlətçiliyə
və qanunlara sədaqət nümayiş etdirməklə
yanaşı, müstəqil mətbuat orqanı imicini də
qazanmışdı. Bütövlükdə
“Azərbaycan” operativliyi, obyektivliyi, peşəkarlığı,
qərəzsizliyi ilə Cümhuriyyət dövrünün
jurnalistika universiteti səviyyəsinə yüksəlmişdi.
***
Artıq 99 yaşımız bitir!
100-ə qədəm qoyuruq!
Allahın hər kəsə qismət
etmədiyi yaşdır!
Bu yüz ildə başımıza çox müsibətlər gəldi - daşnaklar bolşeviklərlə birləşərək bizə qarşı milli qırğın törətdilər, xalqın görkəmli şəxsiyyətləri, düşünən beyinləri dəfələrlə repressiyaya məruz qaldı, 1948-1953-cü illərdə Stalinin əli ilə soydaşlarımız Ermənistan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə sürgün olundular, nəhayət yenidən müstəqilliyə qədəm qoyduqda ermənilər havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal edərək 20 min vətən övladını şəhid etdilər. Əgər xalqımızın sınanmış və sədaqətli oğlu Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, kim bilir, daha hansı müsibətləri yaşayacaqdıq!
Bu gün Azərbaycan özünün inkişaf və tərəqqi dövrünü yaşayır, dünyada nüfuz sahibinə, sözü keçən dövlətə çevrilir. Bütün bu uğurların memarı və icraçısı Prezident İlham Əliyevdir. Onun rəhbərliyi və komandanlığı altında işğal altındakı torpaqların geriyə qaytarılmasına başlanmışdır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi böyük qayıdışın simvoluna çevrilmişdir.
Yetmiş üç il qadağa altında qalan “Azərbaycan” bu gün müstəqil dövlətimizin uğur və nailiyyətlərindən, demokratik dövlət quruculuğu, mətbuat və söz azadlığından, jurnalistlərə qayğıdan və xalqın rifahının yüksəldilməsindən, idman və mədəniyyət sahəsindəki könülaçan yeniliklərdən məhəbbət və yaradıcılıqla söhbət açır.
Mürəkkəb, çətin və qanlı dövrdə meydana gələn, məşəqqətli və kədərli ömür yaşayan “Azərbaycan” dövlət müstəqilliyinin yaratdığı imkanlardan xalqımızın sevinc və fərəhlə bəhrələndiyi vaxtda 100 yaşını qeyd etməyə hazırlaşır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2017.-14 sentyabr.- S.1; 3.