“Azəri”, “Çıraq” - “Günəşli” neft
yatağının işlənilməsi 2050-ci ilə qədər
uzadılır
Sentyabrın 14-də Bakıda, Heydər
Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan
sektorunda “Azəri”, “Çıraq” yataqlarının və
“Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsinin birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında düzəliş
edilmiş və yenidən tərtib olunmuş Sazişin
imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
-Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir.
Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq.
İyirmi üç il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş vermişdir. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə “Əsrin kontraktı”nın imzalanması mərasimi keçirilmişdir və bununla da ölkəmizin uğurlu inkişafına təkan verildi. O günü mən çox yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. “Əsrin kontraktı”nın imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi. Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin ikinci böyük şəhəri – Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi.
Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdür, bir milyondan çox qaçqın-köçkünümüz var idi. Bax, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə başlamışdır. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir.
Əlbəttə ki, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir.
O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmin bizə olan rəğbətinin, hörmətinin, dəstəyinin əlaməti idi.
Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.
O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.
1994-cü ildə “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə kontrakt imzalanmışdır. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Bu da dünyanın neft tarixində nadir hadisələrdəndir. 1994-cü ildə kontrakt imzalanır, üç ildən sonra artıq ilk neft çıxarılır. 1998-ci ildə həmin bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlamışdır. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilmişdir və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlanmışdır. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir və “Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlamışdır.
2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bunun tamamlanmasına az bir vaxt qalıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmişdir və o istiqamətdə də işlər gedir. Yəni, əsas xronoloji mənzərə bundan ibarətdir.
Bunlardan əlavə, dünyanın ən böyük Səngəçal neft-qaz terminalı tikilmişdir. Gəmiqayırma zavodu tikilmişdir, hansı ki, indi Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Dünyanın ən böyük qazma qurğularından biri - Heydər Əliyevin adını daşıyan qazma qurğusu istifadəyə verilmişdir. Azərbaycanda platformalar tikilir. Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında əksəriyyət təşkil edirlər. Yəni, budur “Əsrin kontraktı”nın Azərbaycana verdiyi faydalar.
Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.
Mən bu gün bu mərasimdə Azərbaycan neftçilərinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan o ölkədir ki, burada 1846-cı ildə dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft buruğu artıq bir tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir.
Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən də neft çıxarılmışdır – XX əsrin ortalarında “Neft Daşları”ndan. Yəni, bizim çox böyük və zəngin ənənələrimiz var. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanmışlar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm. Bugünkü mərasimdə xüsusilə nəzərə alsaq ki, neftçilərin peşə bayramı yaxınlaşır, Azərbaycan neftçilərinə öz səmimi təbriklərimi, minnətdarlığımı bildirirəm.
Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın - BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bizimlə BP arasında əməkdaşlığımızın da 23 illik tarixi var. Yəni, BP bizim bütün əsas layihələrimizdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Həm “Azəri-Çıraq-Günəşli”də, Bakı–Tbilisi-Ceyhan layihəsində, “Şahdəniz” layihəsində, “Cənub Qaz Dəhlizi” layihəsində. Yəni, bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb. Bizim aramızda – SOCAR ilə BP arasında yaranmış çox gözəl işgüzar münasibətlər, qarşılıqlı etimad, o cümlədən bugünkü mərasimi mümkün etmişdir. Çünki sirr deyil ki, - mən də bunu qeyd etdim, - “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var. Bir daha qeyd etmək istəyirəm, bugünkü hesablamalara görə 1 milyard ton neft ehtiyatı var. Bu gün imzalanan saziş 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır.
“Əsrin kontraktı”nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər.
Eyni zamanda, mən “Azəri-Çıraq-Günəşli”nin bütün tərəfdaşlarını da xüsusi qeyd etmək istərdim. Onlara da öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycana böyük sərmayə qoyublar. Bugünkü qərarın qəbul edilməsində hər bir tərəfdaş şirkətin öz payı var. Onların qərarı olmasaydı, bugünkü mərasim də olmayacaqdı.
Bir sözlə, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir.
“Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.
Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.
Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik. Bu proses davam edir. Eyni zamanda, biz neftdən əldə edilən gəlirləri Dövlət Neft Fondunda çox şəffaf şəkildə qoruyuruq. Dövlət Neft Fondunun fəaliyyəti çox şəffafdır. Onun fəaliyyəti, gəlirləri, xərcləri haqqında məlumat müntəzəm olaraq ictimaiyyətə çatdırılır. Dövlət Neft Fondunun xərcləri ancaq parlamentin təsdiqi ilə mümkündür. Büdcəmiz təsdiq ediləndə o vaxt hökumətin təklifi ilə Milli Məclis transfertin həcmini müəyyən edir. Yəni, maksimum şəffaflıq bizə imkan verdi ki, bu imkanlardan səmərəli istifadə edək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir.
Mən çıxışımın əvvəlində qeyd etdim ki, “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. Sağ olun.
***
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat ALBAYRAK Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu və çıxış edərək dedi:
- Cənab Prezident və hörmətli qonaqlar.
Bu gün burada həqiqətən təkcə Azərbaycan üçün yox, bölgə və dünya enerji bazarı baxımından çox tarixi bir müqavilə olan, ötən əsrin müqaviləsi olaraq adlandırılsa da, XXI əsrin də müqaviləsi olacaq yenilənmə Sazişi ilə əlaqədar bu tədbirdə iştirak etməkdən məmnunluğumu bildirirəm.
1994-cü ildə imzalanan Hasilatın Pay Bölgüsü müqaviləsinə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilata başlanan bu proses həmin tarixdən etibarən Azərbaycanın zəngin təbii sərvətlərinin rəmzinə çevrilməklə yanaşı, 2006-cı ildən bəri buradan hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünyanın enerji bazarlarına çıxarılması enerji təhlükəsizliyinə töhfə verən bir layihədir.
Bu gün bu sahədəki işlərin davam etdirilməsi üçün bu müqavilənin 2050-ci ilə qədər uzadılması və bundan sonrakı mərhələdə Azərbaycanın neftlə bərabər, təbii qaynaqlarının işlənilməsinin davam etməsi üçün çox mühüm əhəmiyyət daşıyır. Bu münasibətlə başda Azərbaycan dövləti və SOCAR şirkəti olmaqla bu layihənin beynəlxalq bütün hissədarlarına öz təbriklərimi çatdırıram.
1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi ilə bu proses çox mühüm mərhələyə qədəm qoydu. Təqribən 11 ildə 2,6 milyard barel xam neft BTC vasitəsilə təhlükəsiz və davamlı şəkildə dünya bazarına çatdırılıb. Neftlə yanaşı, Azərbaycan qaz tədarükündə də həm Türkiyə, həm də digər istehlakçı ölkələr üçün mühüm və etibarlı tərəfdaş olaraq qəti addımlar atır.
Mənbələrin şaxələndirilməsi baxımından Avropa İttifaqı tərəfindən irəli sürülən “Cənub Qaz Dəhlizi” layihəsinin ən önəmli mənbə ölkələrindən biri Azərbaycandır. Ancaq Avropa İttifaqı tərəfindən irəli sürülsə də, “Cənub Qaz Dəhlizi” layihəsini sözün əsl mənasında həyata keçirən Türkiyə-Azərbaycan əməkdaşlığı və iradəsi olub. Bu layihənin irəli sürülməsindən xeyli əvvəl “Şahdəniz-1” yatağından çıxarılan qaz artıq Bakı-Tbilisi–Ərzurum boru kəməri ilə nəql olunurdu. “Şahdəniz-2” yatağı üzrə Türkiyə və Azərbaycan bir tərəfdən Azərbaycanın qaz ticarətinə töhfə verir, digər tərəfdən də həm Türkiyə, həm də Avropa təbii qaz bazarları üçün önəmli bir mənbə şaxələndirməsini təmin edəcək TANAP layihəsini həyata keçirir. Hamımıza məlumdur ki, uzun illər Avropa İttifaqının alternativ enerji mənbələri ilə bağlı həyata keçirdiyi layihələrdən fərqli olaraq, TANAP layihəsi iki ölkənin güclü əməkdaşlığının bir rəmzi olaraq gələn ilin ikinci yarısında, inşallah, açılışının da həyata keçirilməsi ilə xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından tarixi imkan olacaq.
Bu layihənin həyata keçirilməsi, xüsusilə Cənub Qaz Dəhlizinin işə salınması ilə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da güclənməsi sayəsində Avropa ölkələri və dünya bazarları çox önəmli bir qaynaq əldə edəcəklər.
2019-cu ildə TAP-ın TANAP ilə birləşdirilərək işə düşməsi ilə Avropa istehlakçıları üçün dördüncü əsas qaz arteriyası təmin olunacaq və beləliklə, mühüm qaz tədarükü kanalı reallaşacaq. İki tərəf olaraq, strateji rollarımız çərçivəsində “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində qətiyyətli qərarlar qəbul edərək atdığımız doğru addımlarla həm Türkiyənin, həm də Azərbaycanın birlikdə olması Avropa və dünya üçün çox önəmli bir nümunə təşkil edir.
Tikintinin gələn il başa çatmasından sonra ilk boru kəməri ilə təqribən 16 milyard kubmetr qazın həm Türkiyəyə, həm də bu kəmərin keçdiyi Gürcüstan, Yunanıstan və İtaliya əraziləri vasitəsilə Avropaya nəqli təmin olunacaq.
Hörmətli mərasim iştirakçıları, “Azəri-Çıraq-Günəşli”nin də ortağı olan milli neft şirkətimiz - “Türkiyə Petrolları” Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. 1991-ci ildən bəri Azərbaycanda investisiya fəaliyyətlərini həyata keçirən “Türkiyə Petrolları” nazirliyimizin təşviqi ilə beynəlxalq arenada ilk sərmayəsini Azərbaycana yatırıb. “Türkiyə Petrolları” Azərbaycandakı beynəlxalq layihələrdə iştirak edərək, fəaliyyətini gündən–günə inkişaf etdirib.
SOCAR ilə “Türkiyə Petrolları” arasındakı əməkdaşlıq şirkətimizin “Şahdəniz” layihəsinə qatılması ilə birlikdə 1996-cı ildə daha geniş vüsət alıb. 2014-cü ildə isə “Türkiyə Petrolları” “Şahdəniz” yatağındakı 10 faizlik hissə artımı ilə 19 faizlik paya sahib olaraq layihənin ikinci ən böyük sərmayədarı olub.
“Azəri-Çıraq-Günəşli” üzrə 1994-cü ildən etibarən 23 ildir bu layihənin ortağı olan “Türkiyə Petrolları” bu gün atılacaq imzalarla bu əməkdaşlığı və qarşılıqlı etimada söykənən tərəfdaşlığı 2050-ci ilə qədər uzadaraq layihəyə, Azərbaycana olan güvəni bir daha vurğulamaqdan qürur duymaqdadır.
Xanımlar və cənablar, Türkiyə olaraq biz enerjini münaqişənin və yoxsulluğun səbəbi olmaqdan daha çox, - cənab Prezident bir az əvvəl bəhs etdi, bir çox mənada bəzi ölkələrdə enerji münaqişələri yoxsulluğun və problemlərin mənbəyi olaraq görülsə də, - biz enerjinin sülhün və sabitliyin lokomotivi kimi qəbul edilməsinə inanırıq. Bu gün bu layihə ilə bağlı iş gördüyümüz bütün coğrafiyada ortaya qoyduğumuz əməkdaşlıq önəmli bir uğur rəmzidir. Bu baxımdan Türkiyə-Azərbaycan əməkdaşlığının dünyanın çətin sınaqlardan keçdiyi bu dövrdə bölgəmiz üçün gələcəyə istiqamətlənən örnək təşkil edəcək ortaqlıq olduğunu xüsusi bildirmək istəyirəm. Türkiyə Azərbaycandakı bütün layihələrə önəm verməyə və ölkədəki yeni təşəbbüslərdə əsas ortaqlardan biri olmağa davam edəcək. Azərbaycanın enerji mənbələri uğrunda artan beynəlxalq rəqabət mühitində “Türkiyə Petrolları” ölkələrimizin maraqlarını əsas tutaraq, Azərbaycandakı sərmayələrimi artırmağa davam edəcək.
Çıxışımın sonunda bu gün burada imzalanacaq tarixi Sazişin möhtərəm cənab Prezidentin timsalında Azərbaycan xalqına xeyirli olmasını, layihənin bütün iştirakçılarının və tərəfdaşlarının bu günə qədər olduğu kimi, 2050-ci ilə qədər davam edəcək bu tərəfdaşlıq prosesində də çox uğurlu və sərfəli əməkdaşlıq baxımından nümunə təşkil etməsini diləyir, dəvətinizə və iştirakınıza görə hamınıza minnətdarlıq edirəm.
***
Böyük Britaniyanın dövlət naziri Alan DUNKAN mərasimdə çıxış edərək dedi:
- Cənab Prezident.
Xanım Birinci vitse-prezident.
Bu gün mənə
çıxış etmək şərəfini verdiyiniz
üçün Sizə təşəkkürümü
bildirirəm.
Mən burada xarici dövlətin bir naziri kimi yox, həm də
neft sənayesində 20 il təcrübəsi
olan bir şəxs qismində çıxış edirəm. Ona görə ki, bu təcrübə bu gün “Azəri-Çıraq-Günəşli”
müqaviləsinin uzadılması ilə bağlı olan əlamətdar
imzalama mərasimində peşəkar həyatımın bu
iki tərəfinin bir araya gəlməsini gördüyüm
üçün mənə böyük zövq verir.
Bu, mənim Azərbaycana ilk
səfərimdir. Lakin əlbəttə ki, bu, mənim
sonuncu səfərim olmayacaq. Qeyd etməliyəm
ki, Heydər Əliyev Mərkəzinin möhtəşəm
arxitekturası mənə çox böyük təsir
bağışladı. Bu, şəhər
landşaftında gözəl bir təəssüratdır.
Bu, Azərbaycanın müstəqilliyinin bərpasından
bəri öz yolu ilə uğurla irəliləməsinin
mükəmməl bir təcəssümüdür. Bu əsərin müəllifinin məşhur
Britaniya memarı mərhum Zaha Hadidin olması faktı son
onilliklər ərzində ölkələrimiz
arasındakı əlaqələrin necə güclənməsinin
və inkişaf etməsinin əyani sübutudur.
Əlbəttə ki, ən
mühüm hadisələrdən biri 1994-cü ildə
baş verdi, BP və SOCAR arasında
“Əsrin müqaviləsi” imzalandı. O vaxtdan bəri bu iki
qurum arasında çox mükəmməl uğurlu tərəfdaşlıq
formalaşdı və tərəfdaşlığın
növbəti fəslinin başlanmasının səfərimlə
üst-üstə düşməsi məni məmnun edir. Rəhmətlik Prezident Heydər Əliyev Birləşmiş
Krallığın dünya səviyyəli şirkətlərini
zəngin təcrübələrini paylaşmaq, Azərbaycanda
neft və qaz infrastrukturunu inkişaf etdirməyə kömək
göstərmək məqsədilə dəvət etdiyi
üçün öz uzaqgörənliyinə görə təqdir
olunmalıdır. Ötən iyirmi üç il ərzində buraya milyardlarla dollar sərmayə
yatırılmış və üç milyard bareldən
çox neft dünya bazarlarına
çıxarılmışdır. Beləliklə, “Azəri-Çıraq-Günəşli”
yatağı Azərbaycanın iqtisadi inkişafına böyük
töhfə verdi. Bu töhfənin
sübutunu bu gün paytaxt Bakıda gəzdikdə şəxsən
görməyim məndə möhtəşəm hisslər
oyadır.
Müqavilənin
uzadılmasının ölkələrimizə iqtisadi faydalar
verəcəyinə görə məmnunluq hissi keçirirəm. Belə əlaqələrin
qurulması ilə biz gələcək üçün
uzunmüddətli çiçəklənməni və
sabitliyi təmin edəcəyik. Birləşmiş
Krallığın bizim ikitərəfli əməkdaşlığımıza
ticarət tərəfdaşlığımıza verdiyi
önəmin əyani sübutu kimi indi mən Baş nazir
Tereza Meyin, cənab Prezident, Sizə ünvanladığı
xüsusi məktubunu oxumaq istəyirəm.
Alan Dunkan Böyük
Britaniyanın Baş naziri xanım Tereza Meyin Azərbaycan
Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.
Sonra Böyük Britaniyanın
dövlət naziri Alan Dunkan çıxışını
davam etdirərək dedi:
- Möhtərəm cənab Prezident,
xanımlar və cənablar.
Bu gün bu imzalanma mərasimində
iştirak etmək mənim üçün böyük şərəfdir. Mən
Bakıya səfərimin qalan hissəsini səbirsizliklə
gözləyirəm. İnanıram ki, bu
müqavilənin uzadılması nəticəsində gələcək
illərdə hər iki ölkənin firavanlığı
artacaq və onlar güclü ticarət əlaqələrindən
faydalanmağa davam edəcəklər. İcazə
verin, bu tarixi gündə hər birinizi səmimi qəlbdən
təbrik edim.
***
Gürcüstanın energetika naziri
Elia ELOŞVİLİ çıxış edərək dedi:
- Cənab Prezident.
Xanım Birinci vitse-prezident.
Bu gün həqiqətən
böyük və tarixi bir gündür. Bu gün
ölkələrimizin enerji müstəqilliyi və təhlükəsizliyi
istiqamətində böyük bir nailiyyət əldə
edilir və mühüm addım atılır. Bu qərar, sadəcə, müqavilənin əhatə
etdiyi tərəfdaş ölkələrə deyil, milyonlarla
insana fayda gətirəcək.
Gürcüstan etibarlı
tranzit ölkə və Azərbaycanın strateji tərəfdaşı
olaraq əməkdaşlığımızın bundan sonra da
genişlənməsinə səy göstərəcək. Gürcüstan
bu Sazişin imzalanmasını alqışlayır və əməkdaşlığımızın
bundan sonra da inkişaf etməsi üçün Azərbaycan
ilə strateji tərəfdaşlığını daha da
möhkəmləndirəcək.
Cənab Prezident, bu gün Sizə
Baş nazir Giorgi Kvirikaşvilinin müraciətini oxumaq şəxsən
mənim üçün böyük şərəfdir.
Nazir Elia Eloşvili
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycan
Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.
***
Yaponiyanın xarici işlər
nazirinin parlamentari müavini Manabu HORİ
çıxış edərək dedi:
- Azərbaycan Respublikasının
Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.
Hörmətli həmkarlar,
xanımlar və cənablar.
Yaponiya Hökuməti
adından belə bir mötəbər tədbirdə
çıxış etməkdən böyük şərəf
hissi duyuram. İlk növbədə, “Əsrin müqaviləsi”
adlanan “Azəri-Çıraq-Günəşli” neft
yataqları üzrə Hasilatın Pay Bölgüsü
müqaviləsinin 2050-ci ilə qədər uğurla
uzadılması münasibətilə bütün tərəfləri
təbrik etmək istəyirəm.
“Azəri-Çıraq-Günəşli”
sabit enerji təminatını həyata keçirmək, enerji
mənbələrini şaxələndirmək
baxımından Yaponiya üçün çox mühüm əhəmiyyət
kəsb edir. Yaponiya adından IMPEX və ITOCHU korporasiyaları “Azəri-Çıraq-Günəşli”
neft yataqlarının işlənilməsində iştirak
edib. Mən səmimi qəlbdən ümid
edirəm ki, bu Yaponiya şirkətləri layihənin uğur
qazanması üçün Azərbaycan Hökuməti və
konsorsiumla əməkdaşlığı davam etdirəcəklər.
Xanımlar və cənablar,
ötən həftə Azərbaycan ilə Yaponiya arasında
diplomatik münasibətlərin qurulmasının 25-ci
ildönümü qeyd olundu. Son 25 il ərzində
iki ölkə arasında əməkdaşlıq əhəmiyyətli
şəkildə inkişaf edib. Son illərdə
qarşılıqlı fəaliyyətimiz siyasi və iqtisadi
sahələrlə yanaşı, hər iki ölkə
parlamentləri və bələdiyyələri arasında
mübadilənin aparılması ilə genişlənib.
“Azəri-Çıraq-Günəşli”
yataqları üzrə uzunmüddətli əməkdaşlığımızın
ikitərəfli əlaqələrimizin formalaşmasına təkan
verməsi ilə bağlı heç bir şübhə
yoxdur. Bununla da mən diplomatik əlaqələrimizin
qurulmasının 25-ci ildönümünə təsadüf
edən bu müqavilənin uzadılmasını
alqışlamaqdan məmnunluq hissi keçirirəm.
Baş nazir Şinzo Abe
diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə
Prezident Əliyevə məktub ünvanlayıb. Həmin məktubda
Baş nazir enerji sektorunda Yaponiya şirkətlərinin fəaliyyətini
alqışlayır. Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra Yaponiya təxminən 1240,7
milyard yen məbləğində maliyyə dəstəyi
ayırmışdır. Azərbaycanda iqtisadi infrastrukturun
inkişafına və sosial xidmətlərin
yaxşılaşdırılmasına ümumilikdə 1,1 milyard dollar vəsait yönəldilmişdir.
Məsələn, Yaponiya “Şimal” Elektrik
Stansiyasının podrat layihəsi, eləcə də kənd
yerlərində su təchizatının
yaxşılaşdırılması kimi iqtisadi və sosial
infrastrukturun təkmilləşdirilməsini nəzərdə
tutan irimiqyaslı milli layihələrə dəstək verib.
Bundan əlavə, Yaponiya insanların həyatına
birbaşa töhfə verən uşaq
bağçalarının, ictimai səhiyyə mərkəzlərinin
təkmilləşdirilməsi ilə bağlı kənd yerlərində
ümumilikdə 222 layihəni yerli qrant dəstəyi yolu ilə
həyata keçirib.
Xanımlar və cənablar,
Yaponiya insan resurslarının inkişafına da xüsusi
önəm verir. Biz təlimçilər layihəsini həyata
keçirmişik ki, bu layihə vasitəsilə təxminən
640 nəfər Azərbaycandan Yaponiyaya səfər edib. Yaponiya bu cür insan resurslarının
inkişafını və mübadilə proqramlarının
icrasını fəal şəkildə davam etdirmək niyyətindədir.
Əlavə olaraq, IMPEX və özəl sektor tərəfindən
təmin olunan digər təlim proqramları Azərbaycanda
xeyli sayda istedadların inkişafına töhfə verib.
Məsələn, 2016-cı ildə SOCAR ilə
IMPEX arasında gənc mühəndislər üçün
təlim proqramının icrasına başlanılıb.
Hazırda SOCAR təlimçilərinin builki
proqram çərçivəsində Yaponiyaya səfər
etməsi məni məmnun edir. Ümid edirəm
ki, belə mübadilə proqramları Azərbaycan və
Yaponiya şirkətləri arasında çoxtərəfli əməkdaşlığa
əlavə təkan verəcək.
Sonda ümidvaram ki, iki
ölkə arasında əməkdaşlıq əlaqələri
bütün sahələrdə inkişaf edəcək, bu
müqavilənin uzadılması və diplomatik əlaqələrin
25-ci ildönümü bizim əməkdaşlığa yeni
töhfələr verəcək. Diqqətinizə görə
çox sağ olun.
***
BP şirkətinin baş
icraçı direktoru Robert DADLİ çıxış edərək
dedi:
- Cənab Prezident, xanım Birinci
vitse-prezident, zati-aliləri, nazirlər, SOCAR-dan olan
dostlarımız, möhtərəm qonaqlar.
Hər birinizin sabahı
xeyir. Ümid edirəm ki, hər kəsin foyedə təşkil
edilmiş sərgiyə baxmaq imkanı oldu. Sərgidə
ötən 25 il ərzində baş vermiş
bütün əlamətdar hadisələr öz əksini
tapıb.
Bu, kifayət qədər
uzun bir tarixçədir.
Möhtəşəm nailiyyətlərə
görə cənab Prezidentə və onun hökumətinə
minnətdarlığımı bildirmək istəyirəm.
Eləcə də, Rövnəq
Abdullayevə və onun SOCAR-dakı heyətinə və bu
gün burada iştirak edən bütün tərəfdaşlarımıza
da təşəkkür edirəm.
Bütün bu nailiyyətlər
yalnız mərhum Prezident Heydər Əliyevin uzaqgörən
siyasəti sayəsində mümkün olmuşdur. Onun da xatirəsini
dərin ehtiramla yad etmək istəyirəm. 1994-cü ildə imzalanmış və haqlı
olaraq “Əsrin müqaviləsi”
adlandırdığımız saziş məhz onun uzaqgörənliyinin
bəhrəsidir.
Altı fərqli ölkədən
olan on bir şirkət SOCAR ilə birlikdə ölkənin
enerji yolunda yeni bir səhifə açdı.
1994-cü il
sentyabr ayının məhz həmin əlamətdar
günündə mərhum Prezident Heydər Əliyev “Azərbaycanın
həyatında yeni dövrün
başlandığını” demişdir. O, haqlı idi.
Azərbaycanın dənizdəki
neft ehtiyatlarının işlənilməsində və eləcə
də həmin ehtiyatların dünya bazarlarına nəql
edilməsində möhtəşəm nailiyyətlər əldə
olunmuşdur.
Bu vaxtadək təxminən 33 milyard dollar investisiya qoyulmuş
və 3,2 milyard barrel neft hasil edilmişdir.
Həmçinin “Azəri-Çıraq-Günəşli”
yatağından ümumilikdə 30 milyard kubmetr səmt
qazı hasil edilərək Azərbaycan Hökumətinə
verilmişdir.
Buna görə də, haqlı olaraq
qeyd etmək olar ki, cənab Prezident, məhz Sizin və
atanız, mərhum Prezident Heydər Əliyevin enerji sahəsində
verdiyi qərarlar bu möhtəşəm ölkənin
iqtisadi inkişafına yol açıb və dünyanın
enerji xəritəsini həmişəlik dəyişdirib.
Bu gün biz sazişin
müddətini əsrin ortasınadək uzadırıq və
bu, çox əlamətdar bir andır. Biz burada bu
tarixi hadisəni qeyd etmək üçün
toplaşmışıq və hesab edirəm, bunu “Yeni
Əsrin müqaviləsi” adlandırmaq düzgün olar.
İcazə verin, cənab Prezident,
Sizə, Hökumətinizə, SOCAR-a və Türkiyə,
Norveç, Yaponiya, ABŞ və Hindistandan olan tərəfdaşlarımıza
bu vaxtadək əldə etdiyimiz nailiyyətlər və
bugünkü tarixi imzalanma münasibətilə təbriklərimi
bildirim. Bu sazişin imzalanması “AÇG”nin
tarixində növbəti mərhələyə qədəm
qoymaqla tərəfdaşlığımızın yeni səhifəsini
açmağa imkan verir.
Növbəti 32 il ərzində birgə
işləyərək və “AÇG” üzrə potensial
olaraq 40 milyard dollardan artıq həcmdə yeni sərmayə
qoyaraq, biz Azərbaycanın neft və qaz hasilatının
uzunmüddətli gələcəyini təmin etməyə
davam edəcəyik.
Bu da öz növbəsində,
Türkiyə və Gürcüstan əraziləri ilə əlverişli
təchizat marşrutlarına malik olan bu regionun rolunu daha da
gücləndirməklə onu bütövlükdə
mühüm beynəlxalq enerji mərkəzinə çevirir.
Bütün bunlara dəstək vermək
üçün, BP şirkəti olaraq, biz dünyada
aparıcı mövqe tutan texnoloji imkanlarımızla,
dünyanın bir çox yerindəki nəhəng yataqlar
boyunca həyata keçirdiyimiz işlərdən
qazandığımız təcrübələr və
xüsusi biliklərimizlə töhfə verərək Azərbaycandakı
25 illik uğurlu fəaliyyətimizi davam etdirəcəyik. Xəzər dənizində də bu dünya səviyyəli
infrastrukturun inkişafını davam etdirəcəyik. Elə ötən həftə “Şahdəniz”
konsorsiumu ilə birgə sualtı tikinti işləri
üçün dünyada ən qabaqcıl gəmilərdən
biri olan “Xankəndi” gəmisini istismara verdiyimiz kimi.
Cənab Prezident, həmin mərasimdə
iştirak etdiyinizə görə Sizə təşəkkürümü
bildirirəm.
Həmçinin qeyd etmək
istəyirəm ki, BP-nin Azərbaycandakı öhdəliyi
genişlənərək biznes və sosial inkişafın digər
sahələrini də əhatə etməyə davam edəcək.
Cənab Prezident, Siz dəfələrlə
qeyd etmisiniz ki, dünyada müasir inkişaf biliyə,
texnologiyalara və təhsilə əsaslanacaq. BP
şirkəti və bütün tərəfdaş şirkətlər
Azərbaycanda bu sahələrin hər birinə töhfə
verməyimizdən qürur duyuruq.
Bizim Azərbaycan
qarşısındakı öhdəliyimiz nəhəng
platformalar və uzun boru kəmərləri ilə bitmir. İqtisadiyyatı
quran enerjini istehsal etdiyimiz kimi, biz hər mərhələdə
təhsilə dəstək olmaqla yerli potensialın
yaradılmasının da önəmli olduğuna
inanırıq. Bu, uşaq bağçalarındakı
uşaqlardan tutmuş universitetlərdə, o cümlədən
Bakı Ali Neft Məktəbindəki Layihələrin İdarə
Edilməsi Məktəbində və “ADA” Universitetindəki
“Big Data” Mərkəzində yetişən gənclərlə
yanaşı, sənayedəki yeni nəsil rəhbər şəxslərədək
hər kəsi əhatə edir.
Biz bacarıqları
inkişaf etdirməklə, yeni biznes imkanları yaratmaqla və
gəlir mənbələrinin formalaşdırılmasına
dəstək olmaqla yaşadığımız və fəaliyyət
göstərdiyimiz regionlardakı icmalara yardım etməyin əhəmiyyətli
olduğuna inanırıq.
Biz mədəniyyətə
və müxtəlifliyə hörmətlə
yanaşmağın və idman sahəsindəki təşəbbüsləri
dəstəkləməyin önəmli olduğunu hesab edirik.
BP şirkəti olaraq, biz
“Bakı-2015” Avropa Oyunlarının və “Bakı-2017”
İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı
olmaqdan çox qürur duymuşuq.
Biz Azərbaycan Milli Olimpiya və
Paralimpiya komitələri ilə tərəfdaşlıq
sazişlərimizi uzatmaqla Azərbaycanın istedadlı
idmançılarına dəstəyi davam etdirəcəyimizə
ümid edirik.
Beləliklə, Azərbaycanın
gələcəyi bir çox istiqamətlərdə
parlaqdır və BP ölkənin davamlı
inkişafının bir hissəsi olmaqdan qürur duyur.
İcazə verin,
qarşıdan gələn uzun illər ərzində
“AÇG”də yeni mühüm mərhələlərin təməlinin
qoyulmasına başladığımız bir vaxtda
bütün tərəfdaşlarımıza bir daha öz təşəkkürümü
bildirim.
Çox sağ
olun!
***
Sonra Azərbaycanın
neft-qaz strategiyasına həsr olunan videoçarx
nümayiş etdirildi. Videoçarxda ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın karbohidrogen ehtiyatlarının
dünya bazarlarına çıxarılması istiqamətində
həyata keçirilən layihələrdən bəhs olunur.
Daha sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
nümayəndə heyətləri
başçılarının iştirakı ilə Xəzər
dənizinin Azərbaycan sektorunda "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında düzəliş edilmiş və
yenidən tərtib olunmuş Saziş imzalandı.
Sazişi Azərbaycan Hökumətinin,
SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və
“ONGC Videsh” şirkətlərinin rəsmiləri
imzaladılar.
Hasilatın Pay
Bölgüsü haqqında düzəliş edilmiş və
yenidən işlənmiş sazişə əsasən BP layihənin
operatoru olaraq qalacaq. Növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli”
yataqlarına 40 milyard dollardan artıq sərmayə
qoyulması potensialı var. Bu Sazişin ardınca SOCAR və
tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli”
müqavilə ərazisi üçün əlavə bir
hasilat platformasının qiymətləndirilməsi məqsədilə
mühəndis-layihə işlərinin aparılması
haqqında razılaşma əldə olunub.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2017.-15 sentyabr.- S.1-3.