Yaponiya Azərbaycanı regionun lider dövləti kimi qəbul edir

 

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Manabu Hori Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının mühüm əhəmiyyət daşıdığını vurğuladı və bu münasibətlə Azərbaycan Prezidentini təbrik etdi. O, Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar təbriklərini çatdırdı.

Regionun lider dövləti olan Azərbaycanın dünyada yaxşı nüfuz qazandığını deyən Manabu Hori Yaponiyanın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Qonaq son vaxtlar ölkələrimiz arasında faydalı qarşılıqlı səfərlərin həyata keçirildiyini və həmin səfərlər zamanı müxtəlif sahələrdə sərmayə qoyuluşu ilə bağlı səmərəli danışıqların aparıldığını dedi. O, münasibətlərimizin daha sürətli inkişafı məqsədilə Yaponiyanın da Azərbaycan ilə viza rejimini sadələşdirməyi planlaşdırdığını qeyd etdi.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev Yaponiyanın bu mərasimdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Yaponiyanın hər zaman Azərbaycandakı layihələrə maliyyə dəstəyi göstərdiyini vurğuladı, Yaponiya Hökumətinin ölkəmizdə müasir infrastrukturun yaradılmasına kreditlər ayırmasını yüksək qiymətləndirdi. Enerji sektorunda da ölkələrimizin uğurla əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev vurğuladı ki, Yaponiya şirkətləri uzun illərdir Azərbaycanda neft-qaz yataqlarının işlənilməsində fəal iştirak edir və ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verirlər.

Dövlətimizin başçısı qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı, enerji sahəsi ilə yanaşı, sənaye, azad ticarət zonasında əməkdaşlıq, əczaçılıq, kənd təsərrüfatı, o cümlədən çayçılıq və neft-kimya sahələrində qarşılıqlı sərmayələrin qoyulmasının əhəmiyyətindən danışdı.

 

Azərbaycan.- 2017.-15 sentyabr.- S.4.