Şərəfli yolun dərsləri və üfüqləri

 

Naxçıvan Dövlət Universiteti – 50

 

Azərbaycan Respublikasının ali təhsil sistemində Naxçıvan Dövlət Universitetinin özünə məxsus yeri var. Naxçıvan Dövlət Universiteti Azərbaycanın ayrılmaz hissəsi olan qədim Naxçıvan diyarının çoxəsrlik maarifçilik ənənələrinin işığında meydana gəlmiş ali təhsil müəssisəsidir. Bu, universitet ölkəsinin gələcək taleyini demokratik maarifçilik ideyalarının inkişaf etdirilməsində axtaran, işıqlı ziyalı nəslinin formalaşdırılıb ərsəyə gəlməsi uğrunda mübarizə aparan Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi, Məhəmməd ağa Şahtaxtlı, Eynəli bəy Sultanov kimi uzaqgörən ədib və mütəfəkkirlərin böyük arzularının həyata keçirilməsinin konkret əməli nəticəsidir.

Eyni zamanda, Naxçıvan Dövlət Universiteti 1939-1953-cü illərdə səmərəli şəkildə fəaliyyət göstərmiş Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun varisi və davamçısıdır. Nəhayət, Naxçıvan Dövlət Universitetinin yaradılması və inkişaf etdirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkədə millətin gələcəyi hesab etdiyi təhsili daha da yüksək səviyyəyə yüksəltmək strategiyasının əməli addımlarından biridir.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi 1967-ci ildə yaradılmış bu ali təhsil ocağının təməlləri böyük maarifçi ənənələr üzərində qurulmuşdur. Bu ali məktəbin bünövrəsini təşkil edən ADPİ-nin Naxçıvan filialı sözün həqiqi mənasında, regionda böyük maarifçi ənənələri ilə məşhur olan görkəmli ziyalılar yetirmiş Qori Müəllimlər Seminariyasının funksiyalarını həyata keçirmişdir. Naxçıvan filialının fəaliyyət göstərdiyi 1967-1972-ci illərdə bu ali təhsil ocağı azsaylı elmi-pedaqoji kollektivlə böyük maarifçi vəzifələri uğurla yerinə yetirmişdir. İlk ali təhsil təsisatlarının formalaşdırıldığı Naxçıvan filialında ixtisaslar üzrə fakültələr və kafedralar yaradılmış, kitabxana və laboratoriyalar təşkil olunmuşdur. Naxçıvan filialının Tələbə Elmi Cəmiyyəti dərin bir həvəslə özünü böyük elmə həsr etmək arzusunda olan tələbə gənclərin kiçik akademiyası kimi çıxış etmişdir. Elmi dərəcəyə malik azsaylı müəllim heyəti olan Naxçıvan filialı ölkənin müxtəlif ali məktəblərindən və akademik qurumlarından dəvət edilmiş görkəmli elm xadimlərinin, tanınmış alimlərin hesabına bir neçə ali məktəbin və elmi-tədqiqat institutunun potensialını özündə cəmləşdirmişdir.

Naxçıvan filialı dövründə bu ali təhsil ocağında Moskva Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əziz Şərifin, Elmlər Akademiyasından Məmməd Cəfər Cəfərov və Məhəmmədhüseyn Təhmasibin, Azərbaycan Dövlət Universitetindən Abbas Zamanov, Fərhad Zeynalov, Yusif Seyidov və Maarif Əkbərovun, Azərbaycan Dövlət Pedaqoji İnstitutundan Cəfər Cəfərov, Quşdan Bağırov, Abbasqulu Məhərrəmov, Ağasəlim Cəfərov, Əlisa Şükürov, Süleyman Məmmədov və Qardaşxan Qasımovun dərs demələri, mühazirələr oxumaları sayəsində bu “kiçik universitet” böyük ali məktəblərlə rəqabət apara biləcək ali məktəb potensialına malik olmuşdur. Naxçıvanda ali təhsilin möhkəm təməllərini yaratmış Naxçıvan filialının ilk rektorları, tarix elmləri namizədi, dosent Əli Əliyev və coğrafiya elmləri namizədi, dosent (sonradan AMEA-nın müxbir üzvü) Səfərəli Babayev, tədris işləri üzrə prorektor, professor Yavuz Axundlu, ilk müəllimlərimiz filologiya elmləri namizədi, dosent İzzət Maqsudov, tarix elmləri namizədi, dosent İbrahim Hüseynov, pedaqoji elmlər namizədləri İbrahim Mollayev, Nəriman Orucəliyev, Moskva Dövlət Universitetinin məzunu, fizika-riyaziyyat elmləri namizədi Əli Həşimov, ilk partiya təşkilatı katibi Mahmud Məmmədov, xarici dil müəllimləri tanınmış yazıçı-publisist Möhsüm Möhsümov, Əkbər Süleymanov, Zemfira Əhmədova, Əkbər Əliyev, tarixçi pedaqoq Firuz Rəhimov və başqaları bir neçə fənn üzrə ixtisaslaşmış fədakar müəllimlər kimi yeni ziyalı nəslinin inkişafına var qüvvə ilə xidmət göstərmişlər.

Naxçıvan filialının zəngin elmi-mədəni mühiti, idman həyatı hərtərəfli dünyagörüşə malik yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına böyük təsir göstərmişdir. Burada təhsil alan tələbələrdən sonralar tanınmış elm adamlarının, fəxri adlara layiq görülmüş müəllimlərin, bacarıqlı dövlət qulluqçularının yetişib formalaşması Naxçıvan filialı mərhələsinin xidmətlərinin mühüm göstəricisidir. Naxçıvan Dövlət Pedaqoji İnstitutu dövründə (1972-1990) həmin elmi- maarifçi mühit daha da inkişaf edərək geniş hərəkata çevrilmişdir. İxtisaslar və tələbələri daha çox olan Naxçıvan Dövlət Pedaqoji İnstitutu Azərbaycan miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının müxtəlif sahələrinin yüksək ixtisaslı, hərtərəfli hazırlığa malik mütəxəssislərlə təmin edilməsində mühüm rol oynamışdır. Naxçıvan Dövlət Universitetinə çevrilən bu ali təhsil ocağında 1990-cı ildən etibarən ali təhsil quruculuğu sahəsində qətiyyətli addımlar atılmış, elm və təhsil sahəsində böyük uğurlar qazanılmışdır.

Naxçıvan Dövlət Universiteti - özünün inkişaf xüsüsiyyətlərinə, əhatə dairəsinə, strukturuna görə ölkəmizin ali təhsil məkanında geniş imkanlara malik olan ali təhsil müəssisəsidir. Naxçıvan Dövlət Universiteti - Azərbaycan Respublikasında yaradılmış çoxprofilli mükəmməl klassik universitetdir. Naxçıvan Dövlət Universiteti - ölkəmiz üçün zəruri olan əsas ixtisaslar üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanları olan universal ali təhsil ocağıdır. Universitetin tarix-filologiya, hüquq və sosial idarəetmə, iqtisad, mühəndislik, fizika-riyaziyyat, təbiət fənləri və kənd təsərrüfatı, pedaqoji və tibb fakültələrində, incəsənət fakültəsində - konservatoriyasında Azərbaycan Respublikası, o cümlədən də Naxçıvan Muxtar Respublikası üçün yüksək ixtisaslı peşəkar və vətənpərvər mütəxəssislərin hazırlanması təmin edilir.

Naxçıvan Dövlət Universiteti ən müasir səviyyəli maddi-texniki bazaya malik olan inkişaf etmiş ali məktəbdir. Ən yüksək texnologiya ilə və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, fənn kabinələri, ixtisaslaşdırılmış auditoriyalar burada hərtərəfli hazırlığa malik kadrların hazırlanmasına tam təminat verir. Naxçıvan Dövlət Universitetinin ən zəngin məlumat-informasiya sisteminə malik Elektron kitabxanası tələbə gənclərin müasir bilikləri əldə etmələrinə geniş imkanlar yaradır. Universitetin 2002-ci ildən fəaliyyət göstərən xəstəxana-klinikasında nəinki tibb fakültəsinin tələbələrinin təcrübə keçmələri, hətta ən mürəkkəb cərrahiyə əməliyyatlarının aparılması üçün hər cür şərait vardır. Universitet xəstəxanasının daxili xəstəliklər, cərrahiyyə, uşaq xəstəlikləri, stomatologiya bölmələrindəki mövcud tibb texnologiyaları və burada çalışan professional həkim-pedaqoqlar yeni dövrün yüksək standartlarına cavab verən tibb kadrları hazırlayırlar. Tibb fakültəsi müəllimləri və tələbələrinin Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının ən inkişaf etmiş ali məktəb xəstəxanalarında ardıcıl olaraq keçdikləri stajirovkalar onların peşə hazırlığının yüksəldilməsinə və dünyagörüşünün inkişaf etdirilməsinə geniş imkan yaradır.

Hüquq və sosial idarəetrmə fakültəsindəki ekspertiza və kriminalistika laboratoriyalarında, İqtisad fakültəsindəki menecment və audit mərkəzlərində, Mühəndislik fakültəsindəki dəmir yolu şəbəkəsi və yol hərəkəti kabinəsində, elektronika laboratoriyasında, memarlıq ixtisasındakı təlim emalatxanalarında, fizika və kimyanın ən mühüm sahələri üzrə müasir laboratoriyalarda, Baytarlıq mərkəzində tələbələrin dərs və təcrübə keçmələrindən əlavə, elmi-tədqiqat işləri də aparılır.

Naxçıvan Dövlət Universiteti mükəmməl kadr potensialına malikdir. Vaxtilə 1967-ci ildə cəmi 3 nəfər müəllimlə fəaliyyətə başlayan bu ali təhsil ocağında hazırda 2 nəfər akademik, 7 müxbir üzv, 34 elmlər doktoru, professor, 200 nəfərdən çox müxtəlif elm sahələri üzrə fəlsəfə doktorları elmi-pedaqoji fəaliyyətlərini uğurla davam etdirirlər.

Naxçıvan Dövlət Universiteti sözün əsl mənasında, dövlətçilik təlimi mərkəzidir. Respublika ali təhsilinin inkişaf etdirilməsində böyük xidmətləri olan xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvanda universitet tipli ali məktəb quruculuğunun böyük yaradıcısıdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 12 iyun 1972-ci ildə Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin fərmanı ilə müstəqil Naxçıvan Dövlət Pedaqoji İnstitutuna çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının 50 illik yubiley tədbirləri çərçivəsində 4 oktyabr 1974-cü ildə bu ali təhsil ocağının kollektivi ilə görüşən ulu öndər Heydər Əliyev özünəməxsus regionun coğrafi şəraitini nəzərə almaqla Naxçıvanda ölkə üzrə ikinci universitetin yaradılması ideyasını irəli sürmüşdür. Sonralar Pedaqoji İnstitut kimi fəaliyyət göstərdiyi illərdə burada iqtisad və texniki yönlü ixtisasların açılması gələcək universitet quruculuğu üçün əhəmiyyətli rol oynamışdır. Nəhayət, 1990-cı ildə Naxçıvanda Dövlət Universitetinin yaradılması ilə proses başa çatmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqillik illərində ümumiyyətlə, ölkənin təhsil sisteminə, o cümlədən də Naxçıvan Dövlət Universitetinin yenidən qurulması və inkişafına böyük qayğı göstərmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ulu öndər Heydər Əliyev 11 oktyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetində “Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi əlaqələrin və sərhədyanı ticarətin təşkili” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransdakı proqram xarakterli nitqi ilə müstəqilliyin başlanğıc dövründə yeni iqtisadi münasibətlərin strategiyasını və proqramını geniş ictimaiyyətin diqqətinə çatdırmışdır. Naxçıvan Dövlət Universitetinin 12 noyabr 1992-ci ildə keçirilmiş 25 illik yubileyində iştirak və çıxış etmiş Heydər Əliyevin təbrik nitqində həm Naxçıvan Dövlət Universitetinin çətin blokada şəraitindəki səmərəli fəaliyətinə və xidmətlərinə yüksək qiymət verilmiş, həm də yeni tarixi şəraitdə ali təhsilin qarşısında duran müasir vəzifələr müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin yubiley mərasimindəki nitqində ifadə olunmuş aşağıdakı fikirlər Naxçıvan Dövlət Universitetinin sonrakı inkişafına da işıq salan əhəmiyyətli tezislərdir: “Naxçıvan Dövlət Universitetinin yaranması və fəaliyyəti Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında, mədəniyyətində, sosial həyatında, onun inkişaf etməsində böyük rol oynamış və Azərbaycan Respublikasının yüksək təhsilli kadrlarla təmin olunmasına öz töhfəsini vermişdir. ...Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda indi böyük potensial var, ali təhsil məktəblərinin çox böyük professor-müəllim ordusu var. Bu potensialdan daha səmərəli şəkildə istifadə etmək lazımdır.”

Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etdiyi dövrdə - 29 noyabr 1997-ci ildə Prezident Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin 30 illik yubileyi münasibətilə bu ali məktəbin kollektivinə göndərdiyi təbrik məktubu Azərbaycan ali məktəbinin yeni inkişafına istiqamət verən əhəmiyyətli sənəddir. Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun 11 oktyabr 1999-cu ildə keçirilmiş açılış mərasimində ulu öndərin iştirak etməsi və geniş nitq söyləməsi ölkəmizin ali məktəb tarixinin mühüm hadisəsidir. Elmi şuranın 9 oktyabr 1999-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Naxçıvan Dövlət Universitetinin fəxri doktoru elmi adının verilməsi bu ali təhsil ocağının inkişaf salnaməsinin parlaq tarixi səhifəsidir. Azərbaycan Respublikasının Prezidentinin xüsusi sərəncamı ilə 2002-ci ildə Naxçıvan Dövlət Universitetinə müstəqil özünüidarəetmə - muxtariyyat statusu verilməsi ulu öndərin bu ali məktəbin gələcəyinə bəslədiyi böyük ümidlərin ifadəsi idi. Dövlət əhəmiyyətli sərəncamlarda, tədbirlərdə və görüşlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin tapşırıqları, tövsiyələri və çıxışlarında səslənən dərin məzmunlu fikirlər Naxçıvan Dövlət Universitetinin uzunmüddətli proqramına çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Dövlət Universitetinə səfərləri bu ali məktəbin inkişafına dövlət qayğısının əməli təzahürüdür. Prezident İlham Əliyevin hər səfərində yeni təhsil obyektlərinin açılışı dövlət siyasətinin əməli tədbirlərə çevrilməsinin göstəricisidir. Prezident İlham Əliyevin Naxçıvan Dövlət Universitetinə 4 may 2004-cü il tarixli səfərində Elektron kitabxananın, 17 oktyabr 2007-ci il tarixli səfərində isə Konservatoriya binasının rəsmi açılış mərasimlərinin keçirilməsi inkişafın yeni dalğasını formalaşdırmışdır. Dövlət rəhbərinin Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi mərasimindəki dərin məzmunlu nitqində universitetin çoxcəhətli fəaliyyətinə, xüsusən də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə verdiyi yüksək qiymət bu ali məktəbdə inteqrasiya proseslərinin daha da genişləndirilməsinə təkan vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çoxcəhətli fəaliyyətində elmə, təhsilə, universitet quruculuğuna xüsusi yer ayrılması, ali məktəbin əsaslı şəkildə yenidən qurulmasına göstərilən ardıcıl qayğı Naxçıvan Dövlət Universitetinin hərtərəfli şəkildə və böyük sürətlə irəliyə doğru inkişafında mühüm rol oynayır. Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində hər cür infrastrukturla təchiz olunmuş kampusun - universitet şəhərciyinin salınması yüksək dövlət qayğısının işığında əldə edilmiş mühüm nailiyyətdir. Bu ali təhsil ocağında 1996-cı ildən ardıcıl olaraq fəaliyyət göstərən Heydər Əliyev universiteti - müstəqil Azərbaycanın yeni nəsillərinin müstəqil dövlətçilik və Azərbaycançılıq məktəbidir.

Naxçıvan Dövlət Universiteti bir sıra beynəlxalq ali məktəb qurumlarında ölkəmizi uğurla təmsil edir. Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək Yolu Universitetlər Cəmiyyətinin üzvü olan Naxçıvan Dövlət Universiteti Qafqaz Universitetlər Birliyinin qurucularındandır. Beynəlxalq TEMPUS-Erasmus proqramlarında fəal iştirakı Naxçıvan Dövlət Universitetinin dünya ali təhsil məkanı ilə əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə uğurla xidmət edir. Son 20 ildə Naxçıvan Dövlət Universitetində təhsil alan 2 min nəfərdən çox xarici tələbələr ölkəmizin dünya meridianlarındakı xoşməramlı elçiləridirlər.

Yeni nəsil elmi kadrların hazırlanmasında Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurasının fəaliyyət göstərməsi mühüm əhəmiyyətə malikdir. Universitetin “Qeyrət” nəşriyyatı yeni tipli ali məktəb mətbəə-nəşriyyatıdır. Ardıcıl olaraq nəşr edilən “Elmi əsərlər” jurnalları seriyası universitet elmi mühitinin salnaməsi və güzgüsüdür. UTV - Universitet televiziyası və “Yeni fikir” tələbə qəzeti bu ali məktəbdə maarifçi elmi ideyaların təbliğinə geniş meydan açır.

Naxçıvanda ali təhsilin, universitet quruculuğunun inkişaf etdirilməsində müxtəlif illərdə universitetə rəhbərlik etmiş rektorların: Əli Əliyev, Səfərəli Babayev, İsrafil Məmmədov, İsak Məmmədov, İskəndər Cəfərov, Qasım Hüseynov, İsa Həbibbəyli və Saleh Məhərrəmovun hər birinin fəaliyyətləri inkişafın ayrı-ayrı mərhələlərinə çevrilmişdir.

Naxçıvan Dövlət Universiteti müasirləşmə yollarında inamla irəliləyir, ən müxtəlif layihələri uğurla həyata keçirməkdə davam edir. Bu universitet 2005-2015-ci illərdə ölkə miqyasında “Elektron-Naxçıvan” proqramını həyata keçirməklə ali məktəbin virtual əməkdaşlıq əlaqələrinə böyük töhfə vermişdir. Dünya universitetləri ilə onlayn dərslərin təşkili, videokonfransların keçirilməsi Naxçıvan Dövlət Universitetində tədris və elmi mühitin qarşılıqlı surətdə zənginləşməsində əhəmiyyətli rol oynayır. Universitetin 108 hektarlıq ərazisində, bütün tədris korpuslarında vay-fay internet şəbəkəsindən istifadə olunması dünya elminin mühüm nailiyyətlərinin universitet mühitinə daxil olmasına qapı açır.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə Naxçıvan Dövlət Universiteti arasında geniş əlaqələr mövcuddur. Naxçıvan Dövlət Universitetinin əməkdaşları ölkəmizin ali məktəblərində və akademik qurumlarında keçirilən müxtəlif səviyyəli konfranslarda elmi məruzlərlə çıxış edir, elmi jurnallarda məqalələrini çap etdirir, ekspert şuralarında təmsil olunurlar.

Elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Universiteti 2003, 2014 və 2016-cı illərdə ölkəmizin ali məktəblərinin reytinq cədvəlində birinci yeri qazanmışdır. Naxçıvan Dövlət Universiteti 2017-ci tədris ilinə özünün fəaliyyətinin 50-ci ilinin tamam olması faktı ilə başlayır. Keçilmiş yarıməsrlik çoxcəhətli şərəfli inkişaf yolu Naxçıvan Dövlət Universitetini ölkəmizin və dünyanın müasir ali məktəblərinin ön sırasına çıxarmışdır. Bugünkü yüksək inkişaf səviyyəsindən Naxçıvan Dövlət Universitetinin daha işıqlı sabahlarının üfüqləri də aydın görünür.

Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətini və çoxminli tələbə kollektivini şərəfli 50 illik yol münasibətilə ürəkdən təbrik edir, müstəqil dövlətimizdə elm və təhsilin daha da inkişaf etdirilməsi yollarında böyük uğurlar arzulayıram.

 

İsa HƏBİBBƏYLİ,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri,

AMEA-nın vitse-prezidenti, akademik

 

Azərbaycan.- 2017.-15 sentyabr.- S.7.