Kino mövsümü başlayır
Vətənpərvərlik mövzusunda
çəkilmiş ekran əsərlərinə
üstünlük veriləcək
Təqvimdə əlamətdar günlərin sırasına biri də əlavə olunur. Bu ildən sentyabrın 15-i ölkəmizdə həm də kino mövsümünün başlandığı gün kimi qeyd olunacaq.
Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı əmrə əsasən 2017-ci ildən etibarən hər il ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə həmin gündən start veriləcək. Nəzərdə tutulan ekran əsərləri ölkəmizin paytaxtında və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, həmçinin film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində göstəriləcək.
Regionlarda filmlərin nümayiş etdirilməsi prosesində Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da yaxından iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyevdən aldığımız məlumata görə, kino mövsümünə hazırlıqlar lazımi səviyyədə aparılır. O, bildirdi ki, 2018-ci ilin yanvar ayına qədər göstəriləcək filmlər qabaqcadan müəyyənləşdirilib rəhbərlik tərəfindən təsdiq olunub: “Sentyabrın 15-dən başlayaraq həftədə ən azı üç dəfə Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulub. Filmlərin təqdim ediləcəyi mədəniyyət müəssisələrinin siyahısı da hazırlanıb. Bura Heydər Əliyev mərkəzləri, mədəniyyət sarayları, hətta kənd klubları da daxildir. Eyni zamanda həmin mədəniyyət müəssisələrinin hər birində bu işə məsul şəxslər müəyyən edilib. Onlara lazımi tapşırıqlar və tövsiyələr verilib”.
Gələcəkdə milli filmlərlə yanaşı, xaricdə istehsal olunan ekran əsərlərinin də nümayişi nəzərdə tutulub. Amma mövsümün ilk mərhələsində kino həvəskarları yalnız Azərbaycan kinematoqrafiyasının istehsalı olan bədii, sənədli və animasiya filmlərinə baxa biləcəklər. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək. E.Əliyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmin ediləcək filmlərin 2018-ci ilin yanvar ayınadək pulsuz nümayiş olunacağını da diqqətə çatdırdı. Repertuarda 1990-cı ildən bəri, yəni respublikamızın müstəqillik illərində çəkilmiş ekran əsərlərinə üstünlük verilib. Bununla yanaşı, sovet dövründə lentə alınmış, əsasən vətənpərvərlik mövzusunda olan bəzi filmlərin də nümayişi nəzərdə tutulub.
2018-ci ilin
yanvarından sonra isə növbəti yarımilin repertuarı hazırlanacaq. “Kino mövsümü
hər il nə zaman başa
çatacaq?” sualımıza
cavabında E.Əliyev
bildirdi ki, dəqiq vaxt hələ müəyyən
edilməsə də,
teatr mövsümü
kimi olacaq. Yəni kino mövsümü də yay ayları istisna olmaqla bütün ili
əhatə edəcək.
Məlumdur ki, son illər ekran əsərlərinə
tamaşa etmək üçün mədəniyyət
mərkəzlərinə üz
tutanların sayı çox deyil. Regionlarda yerləşən
mədəniyyət ocaqlarında
isə film nümayişi
xüsusi ilə aşağı səviyyədədir.
Bəs kino mövsümündə
pulsuz nümayiş etdirilən filmlərə
baxmağa tamaşaçı
gələcəkmi? E.Əliyevin sözlərinə
görə, nazirliyin Bakıda və regionlarda fəaliyyət göstərən əməkdaşlarına
reklam, təbliğat işlərini qurmaları
ilə bağlı müvafiq təlimatlar verilib və onlar bu istiqamətdə
işlər aparırlar.
Onu da qeyd edək
ki, mədəniyyət
müəssisələrində kino mövsümü çərçivəsində yalnız həftədə
3 gün Azərbaycan filmləri göstəriləcək. Onlar qalan
günlərdə repertuarlarında
olan xarici filmləri nümayiş etdirə biləcəklər.
Bu, həmin mədəniyyət
müəssisələrinin öz səlahiyyətindədir.
Kino mövsümü
çərçivəsində həyata keçirilən
tədbirlər Bakıda
və ölkəmizin
regionlarında film nümayişi
işinin təşkili
və inkişaf etdirilməsi məqsədi
daşıyır. Gələn
il Azərbaycan
kinosunun 120 illiyi qeyd olunacaq. 1898-ci il avqustun 2-də ilk filmlər fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmiş
“Bibiheybətdə neft
fontanı yanğını”,
“Balaxanıda neft fontanı”, “Şəhər
bağlarında xalq gəzintisi”, “Qafqaz rəqsi” və digər xronika süjetlərindən, “İlişdin”
bədii kinosüjetdən
ibarətdir. O vaxtdan ötən müddət ərzində Azərbaycan
kino sənəti əlamətdar hadisələrlə
zəngin inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi
həyatında mühüm
rol oynayıb. Bu illər ərzində
çox böyük çətinliklərlə də
qarşılaşıb. Xüsusilə kino texnikasının
zəif olduğu dövrlərdə Azərbaycan
kinematoqrafiyası da bir sıra problemlərlə
üzləşib. Bütün bunlara
baxmayaraq, XX əsrdə
kino sənətimiz yüksək səviyyədə
inkişaf etdi. Əsasən
də sovet hakimiyyəti illərində
bu sahədə xeyli uğurlar qazanıldı. Filmlərimiz
o dövrün sayılıb-seçilən,
ali mükafatlarına
layiq görüldü.
Həmin
ekran əsərlərini
bu gün də sevə-sevə izləyirik.
Ancaq sovet hakimiyyəti illərində bütün
sahələrdə olduğu
kimi, kino sənətində də Moskvanın razılığı
olmadan yeni əsərlər yaratmaq müşkül məsələyə
çevrilmişdi. SSRİ-nin mövqeyi ilə səsləşməyən
filmlərin nümayişi
bəzən tamamilə
qadağan edilir, bəzən isə müəyyən hissələri
kəsilib çıxarılırdı.
Buna baxmayaraq, kino işçilərimizin
əksəriyyəti ruhdan
düşmür, çətinliklərə,
maneələri adlamağa,
yeni ekran əsərləri yaratmağa
çalışırdılar.
Sovet hakimiyyətinin süqutundan sonra yaranmış iqtisadi çətinliklər bütün sahələrin inkişafına mənfi təsir göstərdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra kino sənayesi də tənəzzül dövrü yaşadı. Maddi problemlər üzündən yeni filmlər çəkilmədi. Amma Azərbaycan kino sənəti bu sınaqdan da keçə bildi. Mədəniyyətin digər sahələri kimi kino sənayemiz də inkişaf etməyə başladı.
1990-cı illərdə ölkəmizin müstəqillik qazanması hər birimizə həyatımızın ən böyük sevincini, qürurunu yaşatdı. Ancaq Ermənistanın torpaqlarımızı işğal etməsi, həmin ərazilərdə yaşayan soydaşlarımızı evindən, yurdundan məhrum etməsi, qətlə yetirməsi qəlbimizə sağalmaz yaralar vurdu. Həmin tarixi hadisələr Azərbaycanda çəkilən yeni ekran əsərlərində də əksini tapdı. Vətənpərvərlik ruhunda çəkilmiş Ceyhun Mirzəyevin “Fəryad”, Ənvər Əblucun “Ağ atlı oğlan”, Gülbəniz Əzimzadənin “Ümid”, Elxan Cəfərovun “Dolu” və digər filmlərdə xalqımızın dərdləri, yaşadığı faciələrin ağrıları, qəhrəmanlıqları təcəssüm etdirilir.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, son on ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib. Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda təqdim edilib, ən yaxşı film, ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün də yeni-yeni bədii, sənədli və animasiya filmləri çəkilməkdədir.
Kino işçilərinin gərgin əməyi hesabına ərsəyə gələn ekran əsərləri öz tamaşaçılarını gözləyir. Azərbaycan tarixini, xalqımızın həyatını, arzularını, düşüncələrini, sevincini, faciələrini əks etdirən həmin əsərlərin təbliğində kino mövsümü çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətli rolu olacaq.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2017.-15 sentyabr.- S. 11.