Azərbaycan Respublikasında sahibkarların maliyyə
resurslarına çıxış imkanlarının
genişləndirilməsinə dövlət dəstəyi ilə
bağlı bir sıra tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikasında qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi siyasətinin başlıca hədəfidir. Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, biznes və investisiya mühiti daha da yaxşılaşdırılmış, makroiqtisadi və maliyyə sabitliyi bərqərar edilmiş, ticarət balansında müsbət saldo bərpa olunmuş və valyuta ehtiyatları əhəmiyyətli miqdarda artmışdır.
Manatın sabitləşməsi, inflyasiyanın nəzarətə götürülməsi və strateji valyuta ehtiyatlarının artması, eyni zamanda, sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasını, real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunmasını, bankların dayanıqlılığının və real sektora maliyyə axınının gücləndirilməsini, bununla da əks-dollarlaşmanın stimullaşdırılmasını əsas vəzifələrdən biri kimi qarşıya qoymuşdur.
Qeyd olunan vəzifələrin icrası növbəti dövrlərdə də ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrini müasirləşdirmək, genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını zəruri edir. Xüsusilə investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və beləliklə sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması xüsusi aktuallıq kəsb edir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə qərara alıram:
1.“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1.“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir;
2.2. Cəmiyyətdə ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən ibarət Müşahidə Şurası, habelə Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılır;
2.3. Cəmiyyətin Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır;
2.4. Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada Müşahidə Şurasının sədrini seçirlər. Sədrin səlahiyyət müddəti 1 (bir) ildir və o, ardıcıllıq nəzərə alınmaqla növbəti müddətlərə yenidən seçilə bilər.
3. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1.Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.1.2. Cəmiyyətin İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
3.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi;
3.2. Cəmiyyətin Müşahidə Şurasına:
3.2.1. bu fərmanın 3.1.2-ci yarımbəndi nəzərə alınmaqla, İdarə Heyəti sədrinin təqdimatı əsasında İdarə Heyətinin digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
3.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.3.1.bu fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Bu fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:
İşçi qrupun rəhbəri
Kamil Heydərov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri
İşçi qrupun üzvləri
Asif Qasımov - Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar departamentinin direktoru
Asim Zülfüqarov - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru
Samir Hümbətov - Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsinin müdiri
Xalid Əhədov - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Cəlal Qasımov - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Nuran Kərimov -
“Deloitte & Touche” Məhdud
Məsuliyyətli Auditor Cəmiyyətinin
idarəedici partnyoru
Vüqar Əliyev - “KPMG Audit Azərbaycan”
Məhdud Məsuliyyətli
Cəmiyyətinin icraçı
direktoru.
5. İşçi
qrupa tapşırılsın
ki, bir ay müddətində aşağıdakıları
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin:
5.1. Cəmiyyətin
nizamnaməsinin layihəsini,
strukturu, o cümlədən
nizamnamə kapitalının
miqdarı barədə
təkliflərini;
5.2. beynəlxalq
təcrübə nəzərə
alınmaqla:
5.2.1. sahibkarlar
tərəfindən manatla
alınan kreditlərə
təminatın verilməsi
qaydasının layihəsini;
5.2.2. sahibkarlar
tərəfindən manatla
alınan kreditlərə
hesablanmış faizlərə
subsidiya verilməsi halları və qaydasının layihəsini;
5.3. risklərin
azaldılması məqsədilə
kredit reytinq sisteminin tətbiqini müəyyənləşdirən qaydanın layihəsini və digər risk menecmenti alətlərinin tətbiqinə dair təkliflərini;
5.4. Cəmiyyətin
vəzifələrini həyata
keçirməsi üçün
zəruri olan digər normativ hüquqi aktlar, o cümlədən mövcud
normativ hüquqi aktlarda dəyişikliklər
barədə təkliflərini.
6. Bu fərmanın
5-ci hissəsində müəyyən
edilmiş vəzifələrin
yerinə yetirilməsi
üçün İşçi
qrup tərəfindən
xarici və yerli ekspertlər cəlb edilə bilər.
7. Bu fərmanın
5.2.1-ci yarımbəndinə uyğun olaraq hazırlanacaq qaydanın layihəsində, o cümlədən
aşağıdakı məsələlər
öz əksini tapsın:
7.1. kredit
təminatı məhsullarından
faydalanacaq benefisiarlar
(kiçik, orta və ya iri
sahibkarlar, o cümlədən
yeni fəaliyyətə
başlayan sahibkarlar) və təminat veriləcək layihələrin
iqtisadiyyatın hansı
sektoruna aid olması;
7.2. təminat
veriləcək kreditlərin
maksimum dəyəri və müddəti;
7.3. Cəmiyyət,
müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri;
7.4. müvəkkil
banklara verilən kredit təminatının
maksimum limiti və bir müvəkkil
bank üzrə limitin
müəyyənləşdirilməsi mexanizmləri;
7.5. Cəmiyyət
tərəfindən veriləcək
təminatın kreditin
dəyərinə münasibətdə
maksimum nisbəti, habelə verilmiş təminatın kredit məbləğinə nisbətinin
müəyyənləşdirilməsi mexanizmləri;
7.6. bir
sahibkar üzrə verilən təminatın yuxarı həddinin müəyyənləşdirilməsi mexanizmləri;
7.7. Cəmiyyət
tərəfindən təminat
verilməsinə görə
xidmət haqqının
müəyyənləşdirilməsi mexanizmləri.
8. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
8.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
8.4. Cəmiyyətin
fəaliyyətinin təmin
edilməsi məqsədilə
üç ay müddətində
onun müvafiq inzibati bina ilə
təmin olunması üçün tədbirlər
görsün;
8.5. bu
fərmanın 6-cı hissəsində
nəzərdə tutulmuş
hallarda İşçi
qrupun müraciəti əsasında maliyyələşdirməni
təmin etsin;
8.6. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
9. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
10. Bu fərmanın
2.3-cü bəndində nəzərdə
tutulan dövlət orqanları və qurumları Cəmiyyətin
Müşahidə Şurasında
təmsil olunacaq nümayəndələri barədə
təkliflərini bir
ay müddətində Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasına təqdim
etsinlər.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 sentyabr 2017-ci il
Azərbaycan.-
2017.-16 sentyabr.- S.3.