Bakıda Fransız-Azərbaycan
Universitetinin yeni tədris binasının açılışı olub
Sentyabrın 15-də Bakıda Fransız-Azərbaycan
Universitetinin (UFAZ) yeni
tədris binasının
açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər
verir ki, mərasimdə Azərbaycanın
təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin
dövlət katibi
Jan-Batist Lömuan, Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar
Nazirliyinin araşdırmalar
və innovasiyalar şöbəsinin baş
direktoru Alen Berets, həmçinin Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru
Mustafa Babanlı, Strasburq
Universitetinin vitse-prezidenti
İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti Bernar Menye və Fransanın
Azərbaycandakı səfiri
Orelia Buşez iştirak ediblər.
Tədbir iştirakçıları
əvvəlcə binada
yaradılan şəraitlə
tanış olublar. Məlumat verilib ki, 2017/2018-ci tədris ili
ərzində kimya, geofizika, kompüter, neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavriat proqramı əsasında UFAZ 283 tələbəyə
(onlardan 240-ı dövlət
təqaüdü alacaq)
təhsil vermək niyyətindədir.
Tədbirdə çıxış edən
Mikayıl Cabbarov bildirib ki, bu
gün Azərbaycan ilə Fransa arasında əməkdaşlıq
üçün əlamətdar
günlərdən biridir. UFAZ-ın
yaranma tarixindən danışan nazir vurğulayıb ki, bu ali təhsil ocağı
2014-cü ilin sentyabrında
keçirilən ikitərəfli
görüşdə Azərbaycan
və Fransa prezidentlərinin təşəbbüsü
ilə yaranıb. O deyib: “Ölkələrimiz
arasında əməkdaşlıqda,
əlaqələrin qurulmasında
təhsil mühüm
rol oynayır. UFAZ layihəsi üçün
Azərbaycan tərəfindən
ADNSU-nun seçilməsi təsadüfü
deyil. Çünki Azərbaycan neft
və enerji ölkəsidir, beynəlxalq
layihələrdə dövlətimizin
iştirakı onun gücünü göstərir.
ADNSU da ölkəmizdə
neft sənayesi sahəsində yüksək
mütəxəssisli kadrların
yetişdirilməsində mühüm
rol oynayır. Bu il qəbul
imtahanlarında UFAZ-a müraciətlərdə
artım müşahidə
olunub”.
Yeni tədris ilində azərbaycanlı tələbələrin
uğur qazanacaqlarına
ümid bəslədiyini
deyən Jan-Batist Lömuan bildirib ki, UFAZ universitet sahəsində göstərilən
səylərin, eyni zamanda, siyasi iradənin böyük bir nəticəsidir. O deyib:
“Sürətlə dəyişən
dünyada zamanın tələblərinə cavab
vermək, Azərbaycanın
və Fransanın gənclərinin yaxşı
təhsil səviyyəsinə
malik olmaları üçün birgə çalışmalıyıq. UFAZ-ın yaradılmasında öz seçimini Fransadan etdiyi üçün Azərbaycana
təşəkkür edirik”.
Alen Berets UFAZ-ın yeni binasının
açılışını yüksək dəyərləndirib
və tələbələrə
təhsillərində uğurlar
arzulayıb.
Sonra tələbələri maraqlandıran
suallar cavablandırılıb.
Sonda
Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Fransanın Strasburq
Universiteti və Kimya
Tədqiqatlar Fondu arasında UFAZ Fondunun yaradılması barədə
müqavilə imzalanıb.
Azərbaycan.-
2017.- 16 sentyabr.- S.5.