Baramaçılığın dirçəldilməsi ipəkçiliklə yanaşı, xalçaçılığın da inkişafına şərait yaradır

 

Azərbaycanda ipəkçiliyin qədim tarixi var. Uzun illər ölkəmiz dünyada ipək istehsal olunan ölkələrdən biri kimi tanınıb. Keyfiyyətinə görə də Azərbaycan ipəyi analoji məhsulların içərisində üstün mövqedə olub.

İpəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərindən başlanmışdır. Həmin dövrdə ölkəmizə rəhbərlik edən ulu öndər Heydər Əliyevin “Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər” haqqında 17 mart 1971-ci il tarixli qərarı bu sahənin inkişafına böyük təkan verməklə onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə respublikada barama tədarükü 36,1 faiz artırılmışdı. Kolxoz və sovxozlara məxsus istifadəyə yararsız torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə çoxlu sayda tut tingləri əkilib becərilməklə baramaçılığın yem bazası möhkəmləndirilmiş və bu sahədə elmi-tədqiqat işlərinə diqqət artırılmışdı.

Eləcə də tut ipəkqurdunun bəslənməsi üçün təsərrüfatların ictimai binalarında, anbar və digər tikililərdən kümçülərə mövsümi yerlərin ayrılması, lazımi istehsal vasitələri ilə təmin olunması və yaş baramanın tədarük qiymətinin qaldırılması istehsalçılarda stimul yaratmışdı.

Həmin illərdə respublikamızda ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunaraq 10 milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. İpəkqurdunun bəslənməsi və barama istehsalı ilə 150 mindən artıq kəndli ailəsi məşğul olurdu. Azərbaycanın ipək sənayesində 14 min nəfərdən çox, o cümlədən “Şəki-İpək” kombinatında 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu. “Şəki-İpək” kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.

Ordubad Baramaaçma Fabrikinin fəaliyyətini dayandırması, Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması və ölkədə fəaliyyət göstərən yeganə Şəki İpək Kombinatının işində çətinliklərin yaranması səbəbindən ölkədə barama istehsalı da kəskin şəkildə azalmağa başladı.

İpəkçilikdə tənəzzülün qarşısını almaq, baramaçılıq rayonlarında əhalinin məşğulluğunu yaxşılaşdırmaq üçün Prezidentin 11 iyun 2001-ci il tarixli sərəncamı ilə “Şəki-İpək” ASC-yə maliyyə dəstəyi göstərilmişdir. Buna baxmayaraq, yeni iqtisadi şəraitə uyğunlaşa bilməyən baramaçılıqda yaş barama istehsalı 1992-ci ildən (5200 ton) etibarən azalmağa başlamış və 2015-ci ildə ölkədə cəmi 0,235 ton barama istehsal edilmişdir.

Kümçü təsərrüfatların bu sahəyə maddi marağını və xammalın istehsal həcmini artırmaq üçün baramanın əsas alıcısı olan “Şəki-İpək” ASC yaş baramanın 1 kiloqramının alış qiymətini 2004-cü ildə 1,2 manatdan 2008-ci ildə 3 manatadək qaldırmışdır. Yaş baramanın alış qiymətinin hər kiloqram üçün 3 manat müəyyənləşdirilməsinə baxmayaraq, enerji daşıyıcılarının və s. qiymətlərinin bahalaşması, ən başlıcası isə barama ipəkqurdunun bəslənməsi üçün müvafiq yerlərin, həmçinin yem bazasının olmaması kənd əhalisinin barama yetişdirilməsinə marağını azaltmışdır.

Barama istehsalına marağın azalması ilə tut bağlarının sahəsi də azalmışdır. 2013-cü ilin kənd təsərrüfatının siyahıyaalmasına əsasən ölkə üzrə tut-çəkil ağaclarının sayı 392,8 min ədəd, məhsul verən yaşda olanların sayı isə 352 min ədəd təşkil edir. Yarpaq üçün mövcud 2525,8 hektar çəkil əkmələrinə lazımi aqrotexniki qulluq göstərilmədiyi üçün onların yarpaq məhsuldarlığı xeyli aşağı düşmüşdür. Yem bazasının yaxşılaşdırılması məqsədilə 2004-2010-cu illər ərzində həyətyanı sahələrdə, yol kənarlarında və plantasiyalarda 4,9 milyon ədəd yüksək məhsuldarlığa malik yeni növ tut tingləri əkilmişdir. Bunlardan 756,5 min ədədi dövlət dəstəyi ilə “Şəki-İpək” ASC tərəfindən icarəyə götürülmüş sahələrdə əkilmişdir.

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli sərəncamı baramaçılığın və ipəkçiliyin inkişafına əlavə stimul vermişdir. Dövlət başçısının “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və 16 noyabr 2016-cı il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə tut tinglərinin alınması üçün 600 min manat, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə 163 min manat vəsait ayrılmışdır.

Məlumdur ki, barama istehsalında yem bazası tut yarpağıdır. O da bəllidir ki, köhnə bağların çox hissəsi məlum səbəbdən məhv edilib. Bunun üçün də yeni tut bağlarının salınması vacibdir. Odur ki, kütləvi şəkildə yeni tut bağları salınır. İki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatıb. Bütün tinglər dövlət tərəfindən xaricdən valyuta ilə alınıb. Qarşıdan gələn 4 il ərzində ölkədə 8 milyon tut ağacının əkilməsi nəzərdə tutulur. Beləliklə, əlavə 8 milyon ağac da əkiləcək ki, bu da 2025-ci ildə hədəf kimi götürülən 6 min ton barama istehsalına imkan verəcək.

Barama istehsalçılarının bu sahəyə olan marağının artırılması məqsədilə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş və Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli qərarı ilə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsi müəyyən edilmişdir.

Avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsində dövlət başçısı demişdir: “Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb... Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda dövlətimiz də güclənəcək”.

Aqrar sektorun digər ənənəvi sahələri kimi baramaçılığın dirçəldilməsi istiqamətində bir sıra tədbirlər görülür. Qısa müddət ərzində həyata keçirilən əhəmiyyətli işlər nəticəsində bu sahədə böyük dönüş əmələ gəlib. 2015-ci ildə ölkə üzrə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edildiyi halda son 2 ildə bu rəqəm 244 tona çatıb. Cari ildə təkcə Zərdab rayonunda 27 ton barama tədarük edilib. Bu sahədə böyük uğurlar Füzuli, Zaqatala, Şəki, Ağcabədi, Ağdam, Bərdə, Qax, Kürdəmir, Balakən rayonlarında da əldə edilib.

Sözsüz ki, belə nailiyyətlərin qazanılması dövlət dəstəyi nəticəsində mümkün olub. Baramaçılığı inkişaf etdirmək üçün kümçülərə materiallar, subsidiyalar verilir, güzəştlər edilir. Hazırda bu gəlirli sahə ilə 3 min kümçü məşğul olur. Lakin bu, son hədd deyil. Daha böyük uğurların əldə edilməsi üçün qarşıda görüləsi işlər hələ çoxdur. Gələn il 500 ton baramanın tədarük edilməsi proqnozlaşdırılır. 2019-cu ildə isə həmin rəqəm daha yüksək səviyyəyə - 1000 tona çatdırıla bilər. Bu sahədə son hədəf olaraq 2025-ci ildə 6 min ton barama yetişdirilməsi planlaşdırılır.

Barama istehsalını daha səmərəli şəkildə artırmaq üçün onun damazlıq bazasının da yaradılması vacibdir. Hazırda baramaqurdu toxumları xaricdən gətirilir. Bu da sözsüz ki, ölkənin büdcəsindən müəyyən qədər valyutanın xərclənməsi deməkdir. Bunun qarşısının alınması, başqa sözlə, Qaxda mövcud olan damazlıq stansiyasının fəaliyyətinin bərpası üçün Prezidentin Ehtiyat Fondundan 4,5 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına Qaxda müasir texnika və texnologiyalarla təchiz olunan Damazlıq İpəkçilik Stansiyası yenidən fəaliyyətə başlayacaq və xarici ölkələrdən asılılıq aradan qalxacaq. Yeni stansiyanın fəaliyyəti, həmçinin baramaçılıqda maya dəyərinin aşağı düşməsini də təmin edəcək. Maya dəyərinin aşağı olması isə yüksək gəlirin əldə edilməsinə imkan verən başlıca amillərdən biridir.

Barama çox həssas və tez xarab ola bilən məhsuldur. Bu səbəbdən onun ilkin qəbulundan son emalına qədər bütün proseslər yüksək səviyyədə həyata keçirilməlidir ki, zay olmasın. Odur ki, barama qəbulu məntəqələrinin müasir dövrün tələblərinə uyğun yenidən qurulması zəruridir. Dövlət bu işi də öz üzərinə götürüb. Bunun üçün vəsait ayrılacaq və bölgələrdə müasir barama qəbulu məntəqələrinin tikilməsinə başlanacaq.

Baramaçılığın inkişafı qarşıdakı illərdə müəyyən problemlər də yarada bilər. Yəni məhsul istehsalının çox, emal etmək imkanımızın az olmaq ehtimalı var. Çünki ölkənin ipəkçilikdə ən böyük müəssisəsi “Şəki-İpək”dir. Onun istehsal gücü isə ildə 135 ton xam ipəkdir. Ancaq hədəfimiz 6 min ton barama tədarük etməkdir ki, bu da 600 tondan çox xam ipək istehsalı deməkdir. Bunun üçün də yeni istehsal sahələrinin yaradılması barədə indidən düşünülməlidir. Dövlət yeni emal müəssisələrinin yaradılmasına dəstək göstərməyə hazırdır. Bununla belə, yerli və xarici investorlar da bu sahəyə sərmayə qoyulmasına təşviq edilməlidir.

Ölkədə baramaçılığı inkişaf etdirməkdə əsas məqsəd Azərbaycan ipəyini dünya bazarına çıxarmaqdır. Dünya bazarında isə bu sahədə ciddi rəqabət var. Ona görə də biz yeni bazarlara yüksək keyfiyyət və sərfəli qiymətlə çıxmalıyıq ki, burada rəqabətə davam gətirə bilək.

Baramaçılığın inkişafı, eyni zamanda ənənəvi sahəmiz olan xalçaçılığın da inkişafına yeni təkan verəcək. Hazırda “Azərxalça”nın 13 rayonda fabriki var. Bu fabriklərin imkanlarından istifadə edib dünya bazarına ipək xalçalar çıxara bilərik. Belə məhsullara dünya bazarında böyük tələbat var, həm də yaxşı qiymətə satılır. Bu imkandan da səmərəli istifadə edərək əhalinin işlə təminatını, sosial rifahını yaxşılaşdırmaqla bərabər, ölkəmizə əlavə valyuta gətirə bilərik.

Son dövrlər ölkədə baramaçılığa maraq xeyli artıb. Səbəb bu sahənin qısa zamanda az zəhmətlə yaxşı gəlir gətirməsidir. Əvvəllər barama istehsalı ilə məşğul olmayan rayonlardakı fermerlər də bu məhsulun istehsalına maraq göstərirlər. Prezident İlham Əliyev sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı məsələlərinə həsr olunan müşavirəsində demişdir: “Barama istehsalı isə indi ölkəmizin bütün bölgələrində geniş vüsət alıb. Dünən Lənkəranda tut tingləri sahəsinə də baxış keçirdim. Görürəm ki, Lənkəranda da bu sahəyə böyük maraq var. Baxmayaraq ki, sovet vaxtında baramaçılıq Lənkəranda və bu zonada inkişaf etdirilmirdi. Bu sahələrin inkişafı məşğulluğu artırır, idxaldan asılılığı azaldır, ixrac potensialımızı gücləndirir. Bizim məqsədimiz bundan ibarətdir”.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2017.-20 sentyabr.- S.7.