Bakı Dövlət Universitetində akademik
Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib
Sentyabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli Azərbaycan alimi, BDU-nun ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışı olub.
BDU-nun rektoru akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən söhbət açıb. Bildirilib ki, yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən aldıqları bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər.
Rəfiqə Əliyevanın elmi fəaliyyətindən danışan A.Məhərrəmov qeyd edib ki, görkəmli alimin araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənləşdirilməsinə həsr edilib. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Bu tədqiqatları inkişaf etdirmək üçün universitetdə böyük əzmkarlıq və gərgin zəhmət hesabına yeni, müasir bir elm mərkəzi - ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaradıb. Görkəmli alim istedadlı və bacarıqlı gəncləri həmin laboratoriyaya cəlb etməklə ekologiyanın aktual problemləri üzrə apardıqları tədqiqat işləri ilə onu ölkənin ən qabaqcıl elm mərkəzinə çevirə bilmişdi.
Rəfiqə xanımla bağlı xoş xatirələrini bölüşən rektor onun böyük bir nəslin ən parlaq nümayəndələrindən biri və özündə ən gözəl keyfiyyətləri birləşdirən ziyalı olduğunu xüsusi qeyd edib, akademikin məhsuldar elmi-pedaqoji fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü, “Şöhrət” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə görkəmli alimin respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, Rəfiqə Əliyeva Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Rəfiqə Əliyeva 450-dən çox elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan görkəmli alimin rəhbərliyi altında iyirmidən çox fəlsəfə və elmlər doktoru yetişib.
“O, həyat və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamışdı. Buna baxmayaraq, akademiya ilə də əlaqəsini kəsmirdi. Rəfiqə xanımın Azərbaycan elmində xüsusi rolu var. Onun zəkasının işığı hər zaman tələbələrinin, övladlarının üstündə olacaq və onları daim xalqa xidmətə ruhlandıracaq”, - deyə A.Əlizadə vurğulayıb.
Akademik Rəfiqə Əliyevanın çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışan təhsil naziri Mikayıl Cabbarov deyib ki, onun Azərbaycan elm və təhsilinin inkişafında müstəsna xidmətləri var. Rəfiqə xanım bütün həyatını, bilik və bacarığını kimya elminin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına sərf edib. Elmi araşdırmalarını kimyanın mühüm istiqamətlərindən olan analitik kimyanın aktual problemlərinin həllinə həsr edən Rəfiqə Əliyeva bu sahədə yeni bir elmi məktəb formalaşdırmağa nail olub. Məhz bu məktəbin yetirmələri olan alimlər hazırda kimya elminə öz töhfələrini verməkdədirlər.
Görkəmli alimin Türkiyə, ABŞ, Yaponiya, Rusiya və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etdiyini xatırladan nazir qeyd edib ki, akademik Rəfiqə Əliyeva elmimizi daim layiqincə təmsil edib. Onun elmi fəaliyyətinin nəticələri və irəli sürdüyü elmi konsepsiyalar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Onun elmi məqalələri, əsərləri, dərslikləri elm və təhsilimiz üçün əvəzsiz töhfədir.
Sonra BDU-nun kimya fakültəsinin dekanı professor Abdulsəyid Əzizov “Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rəfiqə Əliyevanın müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olduğunu bildirib. Komitə sədri deyib: “O, hərtərəfli və aktiv fəaliyyətinə görə Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi. Bizim komitə ilə sıx əməkdaşlıq edərək öz dəyərli təkliflərini, məsləhətlərini verərdi. Rəfiqə xanım böyük alim olmaqla yanaşı, həm də gözəl ana və həyat yoldaşı idi”.
Sonra Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri akademik Adil Qəribov, əməkdar jurnalist Flora Xəlilzadə, akademik Vasim Məmmədəliyev, kimya fakültəsinin üçüncü kurs tələbəsi, akademik Rəfiqə Əliyeva adına təqaüdçü Emil Qasımov görkəmli alimin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərindən bəhs ediblər.
Ailə
üzvləri adından tədbirin
iştirakçılarına və təşkilatçılarına
minnətdarlığını bildirən alimin
qızı, BDU-nun ekoloji
kimya kafedrasının müdiri
professor Sevinc
Hacıyeva deyib: “İnsan
ömrü daimi və
sonsuz deyil. Əbədi
yaşayan, sonsuz olan insanın əməlləri, gördüyü işlərdir. Anam Rəfiqə Əliyeva bu
nöqteyi-nəzərdən çox
xoşbəxt insan idi.
O, ömrü boyu yorulmaz fəaliyyəti
ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verib.
Çoxsaylı tələbələri bu
gün dünyanın müxtəlif yerlərində
fəaliyyət göstərir və uğurlar
əldə edirlər”.
Azərbaycan.- 2017.- 21 sentyabr.- S. 4.