Əsrlərin
savaşına son qoyan “Əsrin müqaviləsi”
Hər bir xalq perspektivləri
və inkişaf yollarını aydın görmək istəyirsə,
mütləq keçmişinə nəzər salmalı,
tarixi hadisələri araşdırmalı və gələcəyin
konturlarını özü təyin etməlidir. Keçmişi
ötəri də olsa, nəzərdən keçirmək
kifayətdir ki, Azərbaycan xalqının qismətinə
yazılan misilsiz faciələrin, ağla sığmayan
toqquşmaların, müharibələrin şahidi olaq.
Bütün baş verən müdhiş hadisələrin,
aramsız təzyiqlərin və məhrumiyyətlərin iki
səbəbi var. Birincisi, biz çox böyük sərvətlərin
sahibiyik, ikincisi isə ölkəmizin geopolitik mövqeyi tarixən
bütün fatehləri maqnit kimi özünə çəkib,
ən böyük güclərin yaxında və uzaqda yerləşməsindən
asılı olmayaraq, maraqlarının toqquşmasına səbəb
olub.
İngilis jurnalı “Near East” 1918-ci
ildə yazırdı: “Bakı dünyanın ən nəhəng
neft mərkəzidir. Əgər neft
şahdırsa, Bakı onun tacıdır”. Abşeronda neft fəvvarə vuran gündən
Bakı Rusiyanın ürəyinə çevrildi.
Artıq ötən əsrin əvvəlindən hamı
yaxşı bilirdi ki neftin varsa, hökmranlıq edə bilərsən:
mazutun varsa dənizlərdə, benzinin varsa quruda və havada qələbə
sənin əlindədir. Bakıda neft tapılan
gündən onun uğrunda qaydasız savaş başladı və
neft taxt-tacına bilavasitə və dolayısı sahib
çıxmaq ən qüdrətli dövlətlər
üçün bir nömrəli məsələyə
çevrildi. İki dünya müharibəsində
amansız döyüşə çıxan tərəflərin
hədəfində Bakı nefti idi.
Bu il sentyabrın 14-də Bakıda
Heydər Əliyev Mərkəzində Xəzər dənizinin
Azərbaycan sektorunda “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında düzəliş edilmiş və
yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi
keçirildi. Dövlət başçısı mərasimdəki
nitqində tədbirin mahiyyətindən danışmaqla
yanaşı, tarixə nəzər saldı, “Əsrin
kontraktı”nın imzalanması mərasimini
xatırlatdı, bu müqavilənin ölkəmizin uğurlu
inkişafına necə təkan verdiyindən, buna qədər
ölkədə gərginləşən və xaosa
çevrilən siyasi mühitdən danışdı.
Aradan 23 il keçməsinə
baxmayaraq, baş verən hadisələr, ölkəmizin bu 23
ildəki dinamik inkişafı, nüfuzlu bir ölkə imicini
qazanması, geniş beynəlxalq əlaqələr
qurması, ciddi beynəlxalq nüfuza malik olması -
bunların hamısı uğurlu neft strategiyasının sayəsində
olmuşdur. Əgər Heydər Əliyevin siyasi dühası
və nəhəng təcrübəsi olmasaydı, Azərbaycan
fərqli bir aqibətin sahibi ola bilərdi.
Məhz neft müqaviləsinin yenidən
imzalandığı bir dövrdə bir daha keçmişə
qayıtmaq, nəinki Azərbaycanda, hətta bütün
dünyada neftlə bağlı münaqişə və
müharibələrin tarixinə nəzər salmaq zərurəti
yaranır.
1914-1918-ci illər. Birinci
Dünya müharibəsi tarixə “Mühərriklər
müharibəsi” kimi həkk olundu, çünki artıq
döyüşlərdə hərbi texnika tətbiq edilməyə
başladı, yanacaq sərfiyyatı kəskin surətdə
artdı. Döyüşən tərəflər
əsasən neft-qaz yataqlarına nəzarəti ələ
keçirməyə çalışırdılar. Ən nəhəng neft istehsalçıları
ABŞ, Rusiya, Avstriya-Macarıstan, İndiki İndoneziya (o zaman
Niderlanda məxsus idi) və Hindistan (Böyük
Britaniyanın koloniyası idi) sayılırdı. Rusiya dünyada Bakı neftinə görə öndə
idi və ən ağır savaşlarda əsas məqsəd
Bakı neftinə sahib çıxmaq, bütünlükdə
Azərbaycanı ələ keçirmək idi. Şaumyanın Leninin səlahiyyətli nümayəndəsi
kimi Qafqaza gəlməsi, Azərbaycanda etnik təmizləmələr
aparması, Bakı qırğınlarına görünməmiş
vəhşiliklə başçılıq etməsini lokal
erməni-müsəlman qarşıdurması kimi qiymətləndirmək
səhv olardı. Ermənilər bir tərəfdən
Rusiyanın, digər tərəfdən isə ümumdünya
erməni lobbisinin vasitəsi ilə Qərb dövlətlərinin
maraqlarına xidmət etmək adı altında neft gəlirlərində
əlverişli mövqeləri qamarlamaq üçün
ölüm-dirim savaşına çıxdılar. Əgər Şaumyanın imkanı olsaydı, bir
gecəyə bütün Azərbaycanı qırardı və
ermənilərə də Bakını xonçada təqdim
edərdi. Onun əlində real imkanlar yox
idi.
1918-ci ildə Bakıda neft və
Bakı uğrunda amansız mübarizə gedirdi. Aramsız
olaraq müsavatçılar, kommunarlar, proletar diktaturası,
türklər və ingilislər bir-birini dəyişirdilər.
Birinci Dünya müharibəsində döyüşən tərəflər
Bakıya bütün varlığı ilə can
atırdılar. 1918-ci ildə Sovet Rusiyası ilk dəfə
neft şirkətlərini, o cümlədən xarici şirkətləri
milliləşdirən kimi ABŞ, İngiltərə, Fransa
ildırım sürəti ilə hərəkətə
keçdi, “Qırmızılar”a məhəl qoymadan
“Ağlara” dəstək verdi və hətta
“dinc əhalinin iqtisadi maraqlarını qorumaq
üçün” Rusiya ərazilərinə
qoşunlarını yeritdi. Bakının dəfələrlə
əldən ələ keçməsi, ilk demokratik
cümhuriyyətin süqutu, bolşeviklərin
istilasının əsas səbəbi yenə neftlə
bağlı idi.
1938-ci ildə neft dünyada
“ticarət müharibələri”nə səbəb oldu. Meksika
İngiltərə və ABŞ şirkətlərini milliləşdirən
kimi hər iki dövlət Meksikaya qarşı sanksiyalar tətbiq
etdi.
1939-1947-ci illərdəki
İkinci Dünya müharibəsi tarixə “birinci neft
müharibəsi” kimi düşdü. Əsas məqsəd
yenə də Rumıniyada, Bakıda, Yaxın və Uzaq Şərqdə
neft yataqlarına nəzarəti ələ keçirmək
idi. Faşist Almaniyası üçün
Bakını ələ keçirmək hava və su kimi vacib
idi. Hitler ya Bakını ələ
keçirməli, ya da yerlə yeksən etməli idi. Stalin də işini elə qurmuşdu ki, ya Bakı
ona qalmalı, ya da ki, bütün quyular partladılaraq
Abşeron cəhənnəmə çevrilməli idi. Bu illərdə ermənilər də durmadan Bakı
neftinə sahib çıxmaq üçün dəridən-qabıqdan
çıxırdılar. Kremldə Stalinin yanında
oturan Mikoyan Sovet İttifaqının birinci adamının
“şəxsi rəqqası” titulunu daşısa da, əslində,
o qədər də maymaq adam deyildi. O,
İttifaq daxilindəki erməni havadarlarının və
dünya erməni lobbisinin zurnası altında daha həvəslə
oynayırdı. Və müharibə illərində
bütün azərbaycanlıların Orta Asiyaya sürgün
olunması barədə sənədə Stalinə az qala imza atdırmışdı. ABŞ və İngiltərə Rusiyanın müttəfiqi
olsalar da, cənubdan Bakıya girmək üçün min
oyundan çıxırdılar. Hətta ən
uzaq Yaponiyanın belə, Bakı ilə bağlı
planları var idi. Belə, ki, Yaponiya neftin
88 faizini Kanada, Holland və ABŞ şirkətlərindən
alırdı. Bakı uzaq idi, ABŞ isə
Yaponiyaya neft satışına embarqo qoymuşdu.
Yaponiyanın ABŞ-a hücum etməsi də bununla
bağlı idi. Yaponiya müharibədə
özünü neftlə təmin etmək üçün
İndoneziyanı da ələ keçirmişdi.
1951-ci ildə İranın
baş naziri Məhəmməd Mosaddiq İran neft sənayesini
milliləşdirəndə İngilis-İran Neft Şirkətinin
ləğvi İngiltərənin iqtisadi maraqlarını
tapdaladı. İngilislər danışıqlar yolu ilə
öz maraqlarını qorumağa cəhd etdilər. Alınmadı. ABŞ-ın Mərkəzi
Kəşfiyyat İdarəsi və İngiltərənin M15 kəşfiyyatı
İran şahını taxt-tacdan salan Mosaddiqi devirməyə
qərar verdilər. 1953-cü ildə hərbiçilərin
iştirakı ilə hakimiyyət çevrilişi baş verdi. Bu haqda tarixçi Stiven
Kintser yazır ki, MKİ-nin başçısı Allen Dalles
çevrilişə bir milyon dollar ayırmışdı,
prezident Duayt Eyzenhauer (Dwight Eisenhower) isə çevriliş
ideyasını bəyənmişdi. Hakimiyyətə
qayıdan şah İran neft sənayesinin milliləşdirilməsini
ləğv etdi. 1979-cu ildə İslam
inqilabı baş verən kimi İran göz
qırpımında müttəfiqdən ABŞ-ın rəqibinə
çevrildi. Bir il sonra İraq
İrana hücum edəndə neftlə zəngin müəyyən
əraziləri ələ keçirmək niyyətini
güdürdü. İraqa Fransa, SSRİ silah
satırdı. Bu müharibə nəticəsində hər
iki ölkənin neft sənayesi dağılmaq həddinə
çatdı və neftin bareli dünya
bazarında 13 dollardan 34 dollara qalxdı. Müharibədə hər
iki tərəfdən 1,5 milyon insan
qırıldı. 1990-cı ildə İraq
Küveytə girəndə İranla müharibədə
qalaqlanan borclarını bağlamaq niyyətini
güdürdü. Versiyalardan biri də belədir
ki, hətta 1994-cü ildə Çeçenistanda başlayan
müharibə də Qafqazdan keçən neft kəmərlərinə
nəzarəti ələ keçirmək məqsədini
daşıyırdı.
Bu məqamda bir daha Azərbaycanda
90-cı illərdə baş verən hadisələrə
qayıtmaq yerinə düşərdi. O illərdə qanlı “20
Yanvar” hadisələrindən sonra hər bir azərbaycanlının
içini didən yeganə bir sual var idi. Sovet
İttifaqı dağılırdı, bütün imperiyada
milli zəmində münaqişələr və
toqquşmalar baş verirdi. Lakin Bakıda
bütün baş verən qanlı çaxnaşmaların ən
ağırı törədildi. Biz özümüzə
sual verirdik ki, niyə belə oldu, biz daha az
qurbanlarla ötüşə bilməzdikmi?
Cavab sadədir, bu,
mümkün deyildi, ona görə ki, bizim neftimiz var idi. Onun uğrunda
hamı döyüşürdü, o cümlədən ermənilər
də. Ola bilər ki, ermənilərin
Bakı nefti uğrunda ölüm-dirim savaşına
çıxması kiməsə qəribə gəlsin. Dünyanın qüdrətli dövlətlərinin
yanında bir ovuc erməni daşnak terroristi belə xülyaya
düşə bilərdimi? Bu suala ən
yaxşı cavabı ABŞ-dan erməni
yazıçısı, filosofu Ruben Anqaladyan verir. O
yazır ki, Ermənistanın müstəqilliyi milli
şüurun vacib hissəsi idi. Ermənistanın
hansı sərhədlərin civarında mövcud olması
sual altında idi. Niyə paytaxt İrəvan
seçildi, ermənilərin Bakıda topladığı sərvətlər
və insan resursları kimə qaldı: “Bakı nefti
uğrunda geniş cəbhədə mübarizə gedirdi,
bütün tərəflər oyuna daxil olmuşdu, amma erməni
oyunçuları bu oyunda maraqlarını təmin edə bilmədilər.
Niyə Ermənistanı İrəvanda
yaratdılar? Axı, Bakının üçdə
birini erməni əhalisi təşkil edirdi! (1926-cı ildə
əhalinin siyahıya alınmasına görə, Bakı
şəhərində cəmi yarım milyon adam
yaşayırdı. Ermənilər isə şəhər
əhalisinin üçdə birini yox, cəmi 15 faizini təşkil
edirdilər - red.). Biz misilsiz neft sərvətlərini
başqalarına verdik. Bakı həqiqətən
də tarixi Ermənistana aid deyildi. Deyildi, amma ola bilərdi! Bolşeviklər
sovet hakimiyyətini quranda elə bilirdilər ki, neft onlara
qalacaq. Amma onilliklər ərzində
Bakı nefti Azərbaycanlıların əlinə keçdi”.
Bu fikirlər yüz il əvvəl yox,
2016-cı ildə internet resurslarına yerləşdirilib. Və biz erməni ideologiyasının nə qədər
təhlükəli olmasını heç vaxt unutmalı
deyilik.
Ələlxüsus, 90-cı illərdə baş verən bütün qanlı hadisələrin bilavasitə iştirakçıları ermənilər idi. Aqanbekyanın Paris mətbuatındakı çıxışı, Qorbaçovu üzük qaşı kimi mühasirəyə alan erməni məsləhətçiləri və onların xaricdəki havadarları yaxşı bilirdi ki, Bakı imperiyanın ürəyidir və birinci onu sıradan çıxarmaq lazımdır. Bunun üçün Dağlıq Qarabağ münaqişəsi ortaya atıldı və artıq Bakıya kimi gəlmək istəyən ermənilərin çiçəyi yenidən çırtladı. Məhz bu hadisələr ona gətirdi ki, Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda misli görünməmiş problemlərin ağırlığı ilə üzləşdi. İqtisadi tənəzzül dərinləşdi, sənaye potensialı kəskin surətdə azaldı, inflyasiya min faizlərlə ölçülməyə başladı, iqtisadi perspektivlər qeyb oldu. Siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos ölkəni bürüdü. Eyni zamanda, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti torpaqlarımızın böyük hissəsinin işğalına səbəb oldu. Qaçqınların və məcburi köçkünlərin sayı bir milyonu keçdi.
Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatalarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimindəki nitqində Prezident İlham Əliyev həmin gərgin məqamda Azərbaycan xalqının seçimini belə səciyyələndirdi: “Bax, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə Prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə başlamışdır. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir”.
Azərbaycan dövlətinin ən ağır məqamında ulu öndərin hakimiyyətə qayıdışı fəlakətlərin qarşısını almağa imkan verdi. O zaman xəzinə boş idi, ölkənin inkişafı üçün ciddi sərmayə lazım idi. Böyük xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək üçün xüsusi siyasi bacarıq və gərgin diplomatik səylər lazım idi. Dünyada “Brejnev komandasının birinci şəxsiyyət”i sayılan ulu öndər Heydər Əliyevin siyasi dühası, böyük müdrikliyi ona bu tarixi missiyanı uğurla icra etməyə imkan verdi və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı” imzalandı.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.- 2017.-21 sentyabr.- S.5.