Parisdə növbəti erməni təxribatının
qarşısı alınıb
Sentyabrın 22-də Parisdə başlayan beynəlxalq qastronomiya festivalında Azərbaycan da təmsil olunur. Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirə 40 ölkədən nümayəndələr qatılıblar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, festivalda ölkəmizi təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbirə hazırlıq işləri zamanı ermənilərin növbəti dəfə təxribata əl atdıqlarını vurğulayıb. Qeyd edib ki, şəhərcikdəki Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağdakı qondarma rejimin bayrağı da asılıb. Lakin Azərbaycanın diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və bayraq çadırdan götürülüb.
Festival
günlərində Paris sakinləri, o cümlədən dünyanın müxtəlif
bölgələrindən gəlmiş turistlər Azərbaycan
çadırında zəngin mədəni irsimizin
nümunələri ilə tanış ola
biləcəklər. Tədbirdə Azərbaycan mətbəxinin
ləziz təamları, o cümlədən
milli xörəklər, şirniyyatlar,
içkilər sərgilənəcək, onların
dequstasiyası və satışı təşkil olunacaq. Bununla yanaşı, süfrə mədəniyyətini, tariximizi əks etdirən əl işləri, milli sənətkarlıq nümunələri,
geyim və bəzək əşyaları
sərgilənəcək, Azərbaycan xalq
mahnıları və bəstəkarlarımızın əsərləri
səsləndiriləcək.
Azərbaycan.- 2017.- 23 sentyabr.- S.7.