Cocuq Mərcanlıya məhəbbət qayıdır!

 

Bir zaman

Cocuq Mərcanlıda iki cavan

İlahi eşqin iki yeniyetmə əsiri.

Kənddə hamıdan gizlədirdi

Eşq adlı bu gözəl sirri.

Ataları üstəsə savaşmışdı.

Həm erməni ilə atışırdılar,

Həm iki qonşu

Bir-birinə cəbhə açmışdı.

Cavanlar bu nifrət yağmuru altından

Öz Leyli Məcnun eşqini götürüb,

Bir-birinə qoşulub qaçmışdı.

Zaman girdi araya...

Bəzi yaraya məlhəm qoydu,

Duz basdı bəzi yaraya.

Xəyal etməklə cib dolmur,

Tez-tez yağəppəyi deməklə qarın doymur.

Canı canan diləmiş” - deməklə

                       varislər doğulmur.

İndi o qaçqın yeniyetmələrin,

                       bu yetkin yaşında,

Bir düzün colma-cocuq var

                 süfrəsi başında

Hər biri dahiyanə bir əsərdi.

Vətən çağırsa, maşallah

                   bir tağım əsgərdi.

Bu uşaqlar

Leyli Məcnun eşqindən doğulmuş

                işıqlardı, işıqlar...

İndi Cocuq Mərcanlıya

Köçməyə yığışıblar.

 

P.S

Qəzəb, kin, nifrət müharibələr salandır.

    Qalan bəhanələr yalandır.

Sonda eşq, məhəbbət, mərhəmət,

    Zəfər qalandır,

Xərabələrin yerində şəhər salandır.

 

Fikrət Qoca

 

Azərbaycan.- 2017.- 23 sentyabr.- S.8.