Diplomatik nailiyyətlərin
BMT mərhələsi
Prezident İlham
Əliyevin ABŞ səfərinin
nəticələri Ermənistanın
beynəlxalq təcridi
prosesinə yeni impuls verdi
Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini
ildən-ilə gücləndirir. Prezident İlham
Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət milli maraqlarımızı, dövlətimizin
qlobal miqyasda mövqelərini layiqincə
təmin edir. Eyni zamanda, bu siyasət
müasir beynəlxalq
münasibətlərdə mövcud çağırışlara
adekvat reaksiya verərək özünü
uğurla doğruldur.
Bu gün
Azərbaycanın qarşısında
dayanan yeganə problem
torpaqlarımızın işğal
altında qalmasıdır. Əgər beynəlxalq
münasibətlər sistemində
ikili standartlar hökm sürməsəydi
və Ermənistan ayrı-ayrı siyasi mərkəzlər tərəfindən
himayə olunmasaydı,
Azərbaycan işğal
altında olan ərazilərini çoxdan
azad etmişdi. Çünki reallıq ondan ibarətdir ki, ulu öndər
Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin son 14 ildə dinamizmlə inkişaf etdirdiyi Azərbaycan hərbi və iqtisadi gücünə görə
Ermənistanı dəfələrlə
üstələyir. Ötən ilin
aprel ayında cəbhə xəttində
baş verən hərbi əməliyyatlar
Azərbaycanın Ermənistan
üzərindəki üstünlüyünün
praktik təsdiqi oldu.
Danışıqlar prosesinin
nəticəsiz qalmasına
rəğmən Azərbaycan
torpaqlarımızın işğaldan
azad edilməsi üçün istər siyasi-diplomatik, istərsə
də iqtisadi və digər sahələrdə genişmiqyaslı
iş aparır. Bu məsələdə əsas
fəaliyyət istiqamətlərindən
biri Ermənistanın
işğalçı siyasətinin
beynəlxalq miqyasda ifşasına nail olmaqdır.
Respublikamız bunun üçün
bütün imkanlardan
səmərəli istifadə
edir. Buraya beynəlxalq təşkilatlarla
faydalı əməkdaşlıqdan
tutmuş qlobal informasiya müharibəsində
aktiv fəaliyyət, hücum diplomatiyasının
həyata keçirilməsi
və s. daxildir.
Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu Yorkda BMT-nin Baş Assambleyasının
72-ci sessiyasının açılışında
etdiyi çıxış
Azərbaycanın Ermənistana
siyasi-diplomatik zərbəsi
kimi tarixə düşdü. Bununla həm də
Ermənistanın beynəlxalq
səviyyədə ifşası
istiqamətində növbəti
uğurlu addım atıldı.
Ümumiyyətlə, Azərbaycan Ermənistanın
diplomatik küncə sıxışdırılması üçün beynəlxalq
tribunalardan uğurla yararlanır. İndiyədək bütün mötəbər
təşkilatlarda rəsmi
Yerevan çıxılmaz vəziyyətə
salınıb. Azərbaycanın
25 il əvvəl
üzv olduğu Birləşmiş Millətlər
Təşkilatı da
ölkəmizin ərazi
bütövlüyünü və beləliklə, haqq səsini tanıyır. 1992-1993-cü illər
ərzində Ermənistanın
Azərbaycana qarşı
təcavüzünün genişlənməsi
ilə əlaqədar
BMT Təhlükəsizlik Şurası
sədrinin 6 bəyanatında,
eləcə də Təhlükəsizlik Şurasının
822, 853, 874 və 884 saylı
qətnamələrində ölkəmizin ərazi bütövlüyü, suverenliyi
və sərhədlərinin
toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin
zəbt olunmuş ərazilərimizdən dərhal
çıxarılması, atəşkəsin əldə
edilməsi və münaqişənin danışıqlar
yolu ilə həlli tələb olunur.
Ona görə Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasındakı
çıxışında öncə Ermənistanın
işğalçılıq siyasətindən və
BMT-nin qərarlarının
hələ də icra olunmamasından bəhs etdi. Azərbaycan Prezidentinin
çıxışında xüsusi vurğuladığı
məqam isə Ermənistan prezidentini hərbi cinayətkar adlandırması idi.
Tam yerinə düşən
bu ifadə hazırda Ermənistana rəhbərlik edən Serj Sarkisyanın terrorçu mahiyyətini bütün incəliklərinə
qədər ifadə edir. Ən əsası isə
ondan ibarətdir ki, Ermənistan hakimiyyəti S.Sarkisyanın
hərbi cinayətkar olduğunu heç vaxt təkzib edə bilmir. Ona görə Prezident İlham Əliyevin Xocalı soyqırımından bəhs
edərkən: “Bəşəriyyətə
qarşı bu dəhşətli cinayəti
törədən hərbi
kriminallardan biri Ermənistanın hazırkı
prezidentidir” - deməsi
S.Sarkisyana vurulan növbəti tərs şillə oldu.
Xocalıda 63 uşağı
qətlə yetirən
ermənilər bir neçə il əvvəl 9 yaşlı
Farizi, 13 yaşlı Aygünü, bu il isə 2 yaşlı
Zəhranı qətlə
yetirməklə uşaq
qatili olduqlarını
bir daha yaddaşlarda təzələdilər.
Sarkisyanın rəhbərlik etdiyi
Ermənistanın mülki
əhalini, xüsusi ilə körpələri
qəddarcasına qətlə
yetirməsi rəsmi Yerevanın cinayətkarlığını,
faşizm ideologiyasına
büründüyünü, bu ölkədə terrorun dövlət siyasəti səviyyəsinə
yüksəldiyini bütün
qabarıqlığı ilə
aşkara çıxarır.
Ona görə Prezident İlham Əliyevin Ermənistana rəhbərlik
edən bu terrorçunu hədəfə
alması təsadüf
deyildi. Cənab İlham Əliyevin
bu çıxışından
sonra bilməyənlər
də Ermənistan prezidentinin terrorçu xislətindən, uşaqları
qətlə yetirməsindən
xəbərdar oldular.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində toxunduğu
digər aktual məsələ BMT qətnamələrinin
icrasız qalması barədə idi. BMT-nin qərarları 24 il əvvəl qəbul edilsə də, icra olunmayıb.
Baxmayaraq
ki, ötən bu müddətdə təşkilatın digər
qərarları vaxtında
yerinə yetirilib.
Azərbaycana qarşı olan
bu haqsızlıq təəssüf doğurmaqla
yanaşı, ölkə
ictimaiyyətində dünyanın
bu mötəbər təşkilatına olan etimadı da azaldır. Azərbaycan tərəfi dəfələrlə
bu məsələni gündəliyə gətirib
və qərarların
dərhal icra olunması üçün
BMT-də islahatların
keçirilməsinin zəruriliyini
bildirib.
Çıxışında bu məsələyə toxunan
Prezident İlham Əliyev BMT tribunasından
ikili standartlara son qoyulmasını tələb
etdi: “Ermənistan 24 ildir ki, BMT-nin
Təhlükəsizlik Şurasının
qətnamələrinə məhəl
qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələri
bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr
icra olunmur. Bu, ikili standarta
əsaslanan yanaşmadır.
Bu yanaşma qəbuledilməzdir.
Ermənistana qarşı beynəlxalq
sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının
qətnamələrinin icra
mexanizminin yaradılması
olmalıdır. Ermənistan status-kvonun dəyişməz qalması üçün
əlindən gələni
edir, substantiv danışıqların qarşısını
alır. ATƏT-in
Minsk qrupunun həmsədrləri
- Fransa, Rusiya və ABŞ dəfələrlə
bildirmişlər ki,
status-kvo qəbuledilməzdir.
Sual verilir: necə olur ki, despotik və
orta əsrlər rejiminin idarə etdiyi bu cür
korrupsiyaya uğramış,
uğursuz dövlət
uzun illər ərzində beynəlxalq
hüququ pozmağa,
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə
və dünyanın aparıcı ölkələrinin
bəyanatlarına məhəl
qoymamağa müvəffəq
olur? Buna cavab
isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan
diktatorluğuna heç
bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə
son qoyulmalıdır”.
Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında
çıxışı zamanı
Dağlıq Qarabağla
bağlı səsləndirdiyi
bütün fikirlər
dünya ictimaiyyətinə
bir daha mesaj oldu. Bütün bunlar
beynəlxalq birlikdə
Ermənistanın terrorçuluq
siyasəti ilə bağlı formalaşmış
fikirləri daha da qətiləşdirdi.
Bu çıxışı
dinləyən hər
kəsə Ermənistanın
işğalçı dövlət
olması, Azərbaycanın
ikili standartlara məruz qalması daha aydın oldu.
Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı
çıxışı ilə
ölkəmizin və
xalqımızın mənafeyini,
milli maraqlarını
qətiyyətlə qorudu. Təbii ki,
bu çıxış
Azərbaycan diplomatiyası
qarşısında daha
yeni hədəflər
müəyyənləşdirir. Bu hədəflərin uğurla dəf edilməsi, Ermənistanın
diplomatik cəhətdən
sıxışdırılması torpaqlarımızın azad
edilməsi istiqamətində
mühüm vəzifələrdən
biridir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan/- 2017.-
24 sentyabr.- S.1-2.