İlham Əliyev: "Azərbaycan dünya
miqyasında qabaqcıl ölkələr sırasında
yüksəlir"
Respublikamızda
istehsal olunan avtomobillər daxili tələbatı ödəməklə
yanaşı,
xaricə də ixrac ediləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, dövlətimizin başçısının 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə yaxından tanış oldu.
Bildirildi ki, məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.
Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış oldu.
İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
İyirmi ildir fəaliyyət
göstərən “Metak” MMC də Neftçala Sənaye Məhəlləsində
öz müəssisəsini yaradıb. Müəssisədə
plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı
təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon
tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub.
Müəssisəyə İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 600 min manat güzəştli kredit verilib.
“Metak” MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi
də təqdim edilib ki, bu, müəssisənin təqribən
35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda,
xüsusilə kənd təsərrüfatında
qablaşdırmaya olan tələbatın ödənilməsində
əhəmiyyətli rol oynayacaq. Qeyd edək
ki, ümumiyyətlə “Metak” şirkətinin bütün məhsulları
Azərbaycanda istehsal olunur.
Dövlətimizin
başçısı müəssisəni işə
saldı.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin
digər bir müəssisəsi - “Gilan PİVOT” MMC-nin fəaliyyəti
ilə də tanış oldu. Müəssisədə müasir texnologiyalar əsasında
dairəvi suvarma sistemləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin
illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə
təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə
başlayacaq.
Dövlətimizin
başçısı Neftçala Sənaye Məhəlləsində
kiçik sahibkarlar üçün yaradılan emalatxana ilə
də tanış oldu. Bu
emalatxanada müxtəlif məmulatlar hazırlanacaq. Burada kiçik sahibkarlar üçün hər
cür şərait yaradılıb və 10 nəfər daimi
işlə təmin olunacaq.
Qeyd edək ki, sənaye məhəllələrinin
yaradılması həm də kiçik və orta
sahibkarlığa dəstəkdir. Belə sənaye məhəllələri
həm də regionlarda sənaye sahələrinin mərkəzləşməsini,
daha səmərəli fəaliyyət göstərmələrini,
yeni müəssisələrin yaradılmasını və
müəssisələrarası istehsal kooperasiyasını təşviq
edir.
Prezident İlham Əliyev
“Toğrul-2008” MMC-nin müəssisəsində də oldu. Bildirildi ki,
müəssisədə polietilen suvarma boruları istehsal
edilir. 100 min manat investisiya hesabına yaradılan
müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu
sahədə ehtiyaclarının ödənilməsinə
yönəldilir.
“Providence Limited” MMC də
Neftçala Sənaye Məhəlləsində fəaliyyət
göstərəcək. Modul tipli məktəb binalarının
quraşdırılması ilə məşğul olan müəssisəyə
80 min manat investisiya yönəldilib. Hazırda
müəssisədə 15 nəfər
çalışır. Qeyd edək ki,
modul tipli məktəblərin yaradılmasının
üstünlüyü onların azməsrəfli olması ilə
yanaşı, qısa müddət ərzində istənilən
relyefdə quraşdırılması, asan
daşınması, burada sinif otaqlarının sayının
şagirdlərin sayına uyğun olaraq rahatlıqla
azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər
üstünlüyü budur ki, qəzalı vəziyyətdə
olan təhsil müəssisələrində təmir-tikinti
işləri aparılarkən tədris prosesi
dayandırılmır və bu məqsədlə müvəqqəti
olaraq səyyar məktəb quraşdırılır.
Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100
azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin
modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə
tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki,
Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş,
İsmayıllı, Tovuz, Göygöl, Tərtər
,Göyçay, Qəbələ, Oğuz və digər
rayonlarda inşa olunub.
Neftçala Sənaye Məhəlləsinin
daha bir iştirakçısı “Azproduct” MMC-dir. Müasir texnologiyaların
tətbiq edildiyi müəssisə balıq emalı və
konservləşdirilməsi sahəsində fəaliyyət
göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə
balıq istehsalı nəzərdə tutulur. 2017-ci ilin
oktyabrında istifadəyə veriləcək müəssisəyə
1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə
İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət
etməsinə imkan verib. İstehsal sahəsində
40 nəfər işlə təmin ediləcək.
Artıq “Azproduct” MMC ilə “Ərzaq
Məhsullarının Tədarükü və Təchizatı”
ASC arasında balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə
də imzalanıb.
Dövlətimizin
başçısı “Sun Rise Production” MMC-nin Sənaye Məhəlləsində
yaratdığı müəssisə ilə də tanış oldu. Müəssisədə
kağız stəkanlar və hazır içkilər istehsal
olunacaq. İstehsal sahəsinin
yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya
Təşviqi Sənədi verilib ki, bu, təqribən 84 min
manata qənaət etməyə imkan yaradır.
Prezident İlham Əliyev Sənaye
Məhəlləsinin inzibati binasında da oldu. Bina
toplantı və təlimlərin keçirilməsi
üçün iclas otağından, müasir ofis sahələrindən,
sərgi-satış mərkəzi, tibb məntəqəsi,
poçt, yeməkxana və sənaye məhəlləsinin
idarəedici təşkilatının istifadəsi
üçün nəzərdə tutulan sahələrdən
ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq,
hüquqi məsləhətlər, sığorta, poçt,
texniki kitabxana, “Startup”lar üçün
ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək
üçün Neftçala Sənaye Məhəlləsinin
bütün ərazisi pulsuz internetlə təmin olunub.
Bir sözlə, regionlarda
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi,
yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye
sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində
infrastruktur xərclərinin azaldılması, sahibkarlar
arasında kooperasiya əlaqələrinin gücləndirilməsi,
məşğulluğun və məşğulluqda sənayenin
xüsusi çəkisinin artırılması
baxımından sənaye məhəllələrinin
yaradılması böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev
Neftçala Sənaye Məhəlləsi ilə
tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
Dövlətimizin
başçısı görüşdə
çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Bu gün Neftçala şəhərinin
tarixində çox əlamətdar bir gündür. Neftçalada Sənaye Məhəlləsi
açılır, öz işinə başlayır. Bu gözəl hadisə münasibətilə sizi təbrik
edirəm.
Mən çox şadam ki,
qısa müddət ərzində gözəl şəhərcik
yaradılıbdır. Neftçala rayonunun inkişafında bu sənaye
məhəlləsinin çox böyük rolu olacaq. Burada artıq bir neçə müəssisə fəaliyyətə
başlayıb, bir neçə müəssisənin fəaliyyəti
yaxın aylarda təmin ediləcəkdir. Bir
sözlə, bizim vaxtilə verdiyimiz qərar artıq həyatda
öz əksini tapır. İki il əvvəl
Neftçalada Sənaye Məhəlləsinin yaradılması
ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam
imzalanmışdır. İki il ərzində
yaradılan bu gözəl sənaye şəhərciyi
artıq istifadəyə verilir. Bu, onu göstərir
ki, bizim qəbul etdiyimiz bütün qərarlar həyatda
tezliklə, qısa müddət ərzində və yüksək
səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm
rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına
çox böyük təkan verəcək. Bu sənaye məhəlləsinin yaradılması əslində
bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin
başlanmasıdır. Çünki bu
gün ölkəmizdə sənayeləşmə siyasəti
uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə
- xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində
böyük sənaye müəssisələri
yaradılır. İndi Mingəçevir
şəhərində böyük sənaye zonası
yaradılır və kiçik şəhərlərdə də
belə layihələrin icrası çox əlamətdar
hadisədir. Böyük şəhərlərdən
sonra ilk sənaye zonası Neftçala rayonunda
yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye
zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə
başlayacaq.
Sənayeləşmə
siyasəti uğurla aparılır. Biz bu zonaların yaradılması ilə
iş adamlarına dövlət tərəfindən növbəti
dəstək göstəririk. Bu zonanın
yaradılması bizim təşəbbüsümüz
olmuşdur. Azərbaycan dövləti bu təşəbbüslə
çıxış edib və dövlət tərəfindən
bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait
ayrılıbdır. Bütün
infrastruktur məsələləri həll olunub, modullar
inşa edilib və özəl sektora burada fəaliyyətə
başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və
öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyubdur.
Yəni, bu, onu göstərir ki, burada dövlət-özəl
sektor tərəfdaşlığı özünü
göstərir. Çünki əgər
biz bu təşəbbüslə çıxış etməsəydik,
onu irəli sürməsəydik, bax, bu zona da heç vaxt
yaranmazdı. İndi bu zona var və o,
böyüyəcək. Bildiyimə görə,
rayon sahibkarları tərəfindən maraq çox
böyükdür. Burada istehsal olunan və
olunacaq mallar idxalı əvəzləmək üçün
bizə kömək göstərəcək. Çünki indi bizim əsas məqsədimiz yerli
istehsalı daha da gücləndirmək, idxaldan
asılılığı azaltmaqdır.
Bu zonanın ən
böyük müəssisəsi avtomobil zavodudur. Bu zavodun fəaliyyəti
nəticəsində biz avtomobil idxalından
asılılığı müəyyən dərəcədə
aradan götürəcəyik və eyni zamanda, ixrac
üçün də imkanlar yaranacaqdır. Bu zavodun yaradılması İran-Azərbaycan tərəfdaşlığının
təzahürüdür və çox şadam ki, Azərbaycanda,
Neftçalada belə gözəl müəssisə
yaradılıb. Mənə verilən məlumata
görə, bütövlükdə Neftçala Sənaye Məhəlləsində
500-ə yaxın insan işlə təmin olunacaq. Bu, işsizliyin aradan qaldırılması istiqamətində
növbəti addım sayıla bilər. Bilirsiniz
ki, bu göstəriciyə görə Azərbaycan dünya
miqyasında qabaqcıl ölkələr
sırasındadır, Azərbaycanda işsizlik çox
aşağı səviyyədədir. Ancaq biz daim yeni
iş yerlərinin yaradılması ilə məşğul
olmalıyıq. Çünki Azərbaycanda əhali
artır. Hər il əhalinin sayı
ən azı 100 min nəfər artır. Əlbəttə,
iş yerlərinin yaradılması daimi proses olmalıdır.
Elə iş yerləri yaradılmalıdır ki, onlar həm sənayenin, həm kənd təsərrüfatının
inkişafına xidmət göstərsin və bu iş yerlərinin
yaradılması nəticəsində istehsal olunan məhsullar
idxalı da əvəzləsin. Biz Neftçala
Sənaye Məhəlləsində bunu görürük.
Burada demək olar ki, təqdim edilən
bütün müəssisələr idxalı azaldacaq, əvəzləyəcək,
yerli məhsul daxili və xarici bazarlara çıxarılacaq.
Bu Sənaye Məhəlləsinin
çox böyük mənası var. Bu, onu göstərir ki,
biz düzgün yoldayıq və qəbul edilmiş qərarlar
vaxtında, yüksək səviyyədə icra olunur. Biz bu məhəlləni cəmi
iki il ərzində yarada bilmişik. Bu, deməyə əsas verir ki, hər bir rayonda belə
sənaye məhəllələri yaradıla bilər. Əslində bu məsələ ilə bağlı
müvafiq göstəriş artıq verilmişdir və əminəm
ki, tezliklə bütün rayonlarda sənaye zonaları
yaradılacaq.
Gələn ilin
İnvestisiya Proqramında dövlət investisiya xərcləri
sırasında mütləq yeni bölgələrdə sənaye
zonalarının yaradılması nəzərdə
tutulmalıdır. Müvafiq göstəriş verilib və bölgələrdə
yaşayan, fəaliyyət göstərən sahibkarlar, iş
adamları da əlbəttə ki, bu zonaların
yaradılmasında fəal iştirak etməlidirlər. Çünki burada, yəni, istehsal sahəsinə
yatırılan sərmayə özəl sektor tərəfindən
qoyulur. Əlbəttə, qeyd etdiyim kimi,
dövlət də daim öz dəstəyini göstərəcək.
Dövlət bu ərazini seçib, burada infrastruktur layihələrini
icra edib, modul konstruksiyaları inşa edib, sahibkarları səfərbər
edib, güzəştli şərtlərlə kreditlər
verib ki, onlar yaxşı iş görsünlər.
Beləliklə, mən sizi
bu gözəl hadisə münasibətilə bir daha təbrik
etmək istəyirəm. Yenə də qeyd etmək istəyirəm
ki, bu zonanın Neftçala rayonunun inkişafına
böyük dəstəyi olacaqdır. Rayonun
inkişafı bundan sonra da uğurla getməlidir. Neftçala rayonunda bir çox önəmli layihələr
icra edilibdir – sosial layihələr, iqtisadi layihələr,
infrastruktur layihələri. Bu gün əsaslı
təmirdən sonra Mərkəzi Rayon Xəstəxanasının
açılış mərasimində iştirak edəcəyəm.
Bu böyük xəstəxana indi ən yüksək
standartlara cavab verir. Neftçala rayonunda
yol layihələri uğurla icra edilir, 11 kəndi birləşdirən
bir yol layihəsi istismara verilibdir və digər layihə
tezliklə icra ediləcək. O layihənin icrası nəticəsində
20-dən çox kənd artıq bir-biri ilə gözəl
yolla bağlanacaq və beləliklə, Neftçala rayonunun əksər
kəndlərinin yol problemi öz həllini tapacaq.
Suvarma ilə bağlı
böyük işlər görülür. Biz yeni əkin
sahələrini dövriyyəyə buraxırıq. Meliorasiya işləri sürətlə gedir. Bu gün biz Neftçala magistral su kanalının və
nasos stansiyasının birinci mərhələsinin istismara
verilməsini qeyd edəcəyik. Beləliklə,
kənd təsərrüfatının inkişafına da
böyük təkan veriləcək. Bir
sözlə, biz rayonun inkişafına kompleks şəkildə
yanaşırıq, kənd təsərrüfatı əlbəttə
ki, əsas sahədir və indi Neftçala ölkəmizin sənaye
mərkəzlərinin birinə çevrilir. Mən sizi bu gözəl hadisə münasibətilə
bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
***
Neftçala balıq yemi istehsalı
müəssisəsinin baş mühəndisi Tofiq MAHMUDOV dedi:
-Hörmətli cənab Prezident,
Neftçalaya xoş gəlmisiniz. Mən Sizi
bütün Neftçala sakinləri, Neftçala zəhmətkeşləri
və Neftçala sənayeçiləri adından
salamlayıram.
Ölkəmizdə ilk Sənaye
Məhəlləsinin Neftçalada yaradılması, cənab
Prezident, Sizin neftçalalılara olan qayğınızın
bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev o
zamanlar Neftçalaya böyük diqqət yetirirdi, dəfələrlə
Neftçalaya gəlirdi. Ulu Öndər səfərlərinin
birində Neftçala yod-brom zavodunun
açılışını etdi. Müəssisədə
çalışan gənc mütəxəssis kimi bu mərasimdə
iştirak etmək mənə də qismət olub. Ulu Öndər həmişə Neftçalaya diqqət
göstərib, Siz də bu siyasəti davam etdirirsiniz.
Neftçalalılar daim Sizin diqqətinizi
hiss edirlər. Budur, indi Neftçalada yeni Sənaye
Məhəlləsi açılır. Bu Sənaye
Məhəlləsinin açılması nəinki
Neftçalanın iqtisadiyyatını genişləndirəcək,
- həm də burada sənaye ilə yanaşı, qeyd etdiyiniz
kimi, kənd təsərrüfatı da inkişaf edir, - eyni
zamanda, bölgədə sənayenin inkişafına təkan
verəcək. Sahibkarlar üçün
geniş imkan yaratmısınız, onlarda böyük
ümid, inam yaranıb. Gəlib bu Sənaye
Məhəlləsində investisiya qoyublar, yeni istehsal sahələri
açıblar. Hazırda bu gün
açılışını etdiyiniz balıq yemi zavodunun
baş mühəndisi vəzifəsinə dəvət
olunmuşam, orada çalışacağam. Rayonumuzda dövlətə, dövlətçiliyə,
milli adət-ənənələrimizə sadiq gənclər
yetişir. Belə sənaye müəssisəsinin
açılması, cənab Prezident, bu gənclər
üçün iş yerləri deməkdir.
Cənab Prezident, Neftçalaya
göstərdiyiniz qayğıya və ilk sənaye məhəlləsinin
ölkəmizdə məhz Neftçalada
açılmasına görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Azərbaycan dövlətinin
inkişafı, xalqımızın gələcək
rifahı naminə Sizə fəaliyyətinizdə uğurlar,
möhkəm cansağlığı arzulayıram.
Prezident İlham ƏLİYEV: Sağ
olun, təşəkkür edirəm.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2017.- 26 sentyabr.- S.2-3.