İlham Əliyev yeni
inkişaf hədəflərini elan etdi
Büdcə
artırılacaq, regional tərəqqi daha geniş miqyas
alacaq, iqtisadi gücümüz yüksələcək
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
24-də Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça
Xələc-Seyidan avtomobil yolunun açılışında
iştirak edib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsinin vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.
AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla “Azəravtoyol” ASC-yə həvalə edilib.
Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.
Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti
görüşdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
-Sizi ürəkdən salamlayıram.
Salyan rayonunda yenidən olmağımdan çox
şadam. Bu, mənim Salyan rayonuna səkkizinci
səfərimdir. Bugünkü səfər
zamanı biz yeni kənd yolunun
açılışını birlikdə edirik. Bu, çox əhəmiyyətli yoldur. Uzunluğu 30 kilometr olan bu yol bir neçə kəndi
birləşdirir. Beləliklə, bu, Salyan
rayonunun yol infrastrukturuna növbəti töhfədir. Bu, ikinci kənd yolu layihəsidir. Əvvəlki dövrdə bir layihə icra edilmişdir,
indi üçüncü layihənin icrası ilə
bağlı işlər gedir. Sabah həmin
yolun tamamlanması ilə əlaqədar yeni Sərəncam da
imzalanacaq və beləliklə, əminəm ki, yaxın gələcəkdə
Salyan rayonunda bütün kənd yolları abadlaşacaq.
Mənə bu gün məlumat
verildi ki, bir yol layihəsi də var və bu məsələ
vətəndaşlar tərəfindən qaldırılıb
– Salyan-Şirvan yolunun tikintisi məsələsidir. Bu məsələyə də
baxılacaq və əminəm ki, Dövlət İnvestisiya
Proqramına bu yol da salınacaq və beləliklə, həm
Şirvan şəhəri ilə əlaqə yaxşılaşacaq,
həm də ki, yolun üstündə bir çox kəndlər,
qəsəbələr var, bu, onlara da böyük bir hədiyyə
olacaq.
Yol infrastrukturu ölkəmizdə
prioritet məsələlərdən biridir. Salyan sakinləri
yaxşı bilirlər ki, Bakı-Salyan yolu əsaslı şəkildə
tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir.
Bir sözlə, Salyan rayonunun digər bölgələrlə,
xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi
böyük dərəcədə yaxşılaşıb.
Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə
çox böyük diqqət göstərilir. Bu il, - bu layihəyə şərti ad
vermişik, - “40 yol” layihəsi icra edilir. Əslində
bu, yüzlərlə kəndi birləşdirir. Gələn
il artıq yeni yolların salınması
ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm
ki, gələn il bu işlər daha da
böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır.
Yol olan yerdə inkişaf da var. Yol həm
sosialyönümlü layihədir, həm də iqtisadi layihədir.
Çünki yol olmayan yerdə kənd təsərrüfatı
ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara
çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da
uğurla icra ediləcək. Biz demək
olar ki, bütün magistral yol layihələrimizi artıq icra
etmişik. Şəhərlərarası
yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi
gündəlikdə duran vacib məsələlərdəndir.
Salyan rayonunun inkişafı
ilə bağlı kompleks tədbirlər görülür,
sosial infrastruktur yaxşılaşır. Bu gün mən
2 saylı məktəbin yeni binasının
açılışında iştirak etmişəm. Bu da çox böyük təhsil
ocağıdır. Şəhərin ən
böyük məktəbidir və bu məktəbin
böyük ənənəsi var. Onu biz yenidən tikdik.
Kənd təsərrüfatı
ilə bağlı önəmli addımlar atılır. Salyanda
pambıqçılığın bərpası istiqamətində
işlər yaxşı gedir. Mənə
verilən məlumata görə, 7 min hektarda pambıq əkilib,
bu da məşğulluğu təmin edir. Minlərlə
insan indi bu sahədə işləyir, pul qazanır. Qazlaşdırma Salyan rayonunda 80 faizdən
çoxdur. Bu da yaxşı göstəricidir.
Növbəti illərdə əlbəttə
ki, daha da artacaq. Bu gün biz elektrik
yarımstansiyasının açılışını
etdik və elektrik enerjisi ilə təminat daha da
yaxşılaşacaq. Keçən il
biz içməli su layihəsinin birinci mərhələsini mənim
iştirakımla istismara verdik və növbəti dövrdə
bu layihənin tam tamamlanması nəzərdə tutulur. Bir sözlə, Salyan rayonunun həm sosial, həm
iqtisadi inkişafı diqqət mərkəzindədir. Nəzərə alsaq ki, infrastruktur layihələrinin
bir çoxu icra edilib, növbəti illərdə qalan layihələr
də icra ediləcək.
Biz daha çox diqqəti kənd
təsərrüfatı və sənaye istehsalının
inkişafına yönəltməliyik. Bu istiqamətdə
də addımlar atılır. Qeyd etdiyim
kimi, böyük fasilədən sonra Salyanda
pambıqçılıq bərpa olundu və 7 min hektarda
pambıq əkilib. Bu, böyük nailiyyətdir
və sənaye istehsalının artırılması istiqamətində
də addımlar atılmalıdır. Bu
gün mən Neftçala şəhərində Sənaye Məhəlləsinin
açılışında da iştirak etmişəm.
Bizim bir çox şəhərlərimizdə
buna oxşar sənaye zonaları yaradılmalıdır, o
cümlədən Salyan şəhərində. Müvafiq göstəriş verilibdir, gərək
yerli icra orqanları yer ayırsınlar və dövlət tərəfindən
bütün infrastruktur layihələri orada icra ediləcək
və sahibkarlar üçün yaxşı şərait
yaradılacaq. Çünki bundan
sonrakı dövrdə sənayenin və kənd təsərrüfatının
inkişafı ölkəmizin uzunmüddətli ümumi
inkişafını təmin edəcək.
Son vaxtlar Azərbaycanda
aqroparkların yaradılması geniş vüsət
almışdır. Onlardan biri də Salyan rayonunda
yaradılır. Mənə verilən məlumata
görə, bu, 3 min hektar sahədə yaradılır.
Biz həm məşğulluğu artıracağıq,
işsizliyi daha da aşağı salacağıq, yerli
istehsalı artıracağıq, ixracyönümlü məhsulları
istehsal edəcəyik və beləliklə, ölkə
iqtisadiyyatı neftdən, qazdan daha da az
asılı olacaqdır. İndi də bu
asılılıq azalır və regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrası nəticəsində
bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf
edir. Son vaxtlar mənim təşəbbüsümlə
kənd təsərrüfatının müxtəlif sahələrinə
dəstək, yeni təkan vermək üçün
müşavirələr keçirilibdir –
pambıqçılıq, tütünçülük,
baramaçılıq, fındıqçılıq,
çayçılıq, çəltikçilik,
sitrusçuluq – biz bütün bu sahələrə xüsusi
diqqət göstəririk. Hər bir rayonun
özünə xas olan kənd təsərrüfatı sahələri
var və ixtisaslaşma istiqamətində də çox ciddi
addımlar atılır.
Ona görə, bu gün
Salyan rayonunun gələcək inkişafı ilə
bağlı məndə çox nikbin fikir var. Əminəm
ki, bu günə qədər həll olunmayan məsələlər
öz həllini tapacaq və rayonun sürətli
inkişafı təmin ediləcəkdir. Bu yolun
açılışı da, əslində, Azərbaycanın
ümumi inkişafını göstərir. Bizim ölkəmiz inkişaf edir, sosial-iqtisadi layihələr
icra olunur. Baxmayaraq, neftin qiymətinin kəskin
aşağı düşməsinə görə bizim gəlirlərimiz
azalıbdır, ancaq sosial və infrastruktur layihələrində
heç bir geriləmə yoxdur. Gələn
ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq.
Gələn il bu ilə nisbətən daha
da böyük həcmdə Dövlət İnvestisiya
Proqramı icra ediləcək. Gələn ilin
büdcəsi də daha böyük olmalıdır və
dövlət investisiya xərcləri daha da böyük
olacaqdır. Yəni, iqtisadi, maliyyə sahələrində
qarşımızda heç bir problem yoxdur. Azərbaycan möhkəm iqtisadi potensiala malik olan bir
ölkədir. Gələcək illərdə
bizim iqtisadi gücümüz ancaq artacaq və beləliklə,
bütün rayonlarda işlər daha da yaxşı gedəcək.
Sizi bir daha bu hadisə
münasibətilə təbrik edirəm.
***
Salyanın inkişafına göstərdiyi
diqqət və qayğıya görə Prezident İlham
Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını
bildirən Aygün ƏZİZOVA dedi:
-Cənab Prezident, Sizi bütün
salyanlılar adından salamlayıram. Rayonumuza
xoş gəlmisiniz.
Sizin rayonumuza hər gəlişiniz
salyanlılara, sözün əsl mənasında, bayram
ovqatı yaşadıb. Çünki hər gəlişinizdə
rayonumuzda yeni-yeni obyektlər açılır, yeni layihələrin
əsası qoyulur. Cənab Prezidentimizlə
birgə yeni infrastruktur layihələrinin
açılışında iştirak etmək və belə
fərəhli anları bölüşmək bizim
üçün həqiqətən böyük fəxrdir.
Bu gün
açılışını etdiyiniz bu yol isə rayonumuz
üçün xüsusi bir əhəmiyyət kəsb edir. Çünki
indiyə qədər sakinlər yolsuzluqdan çox əziyyət
çəkirdilər. Məktəblilər,
yaşlılar istədikləri yerə getmək
üçün çox uzun vaxt sərf etməli olurdular.
Sakinlər xəstələrini rayon mərkəzindəki
xəstəxanaya çatdırmaq üçün
böyük vaxt sərf edirdilər. Hətta
fermerlərin min bir əziyyətlə becərdikləri məhsulu
satışa çıxarmalarına belə bu yol əngəl
olurdu. Mən özüm də bu yoldan
mütəmadi olaraq istifadə edən bir müəllimə
kimi deyə bilərəm ki, bu yoldakı çətinlikləri
mən özüm də yaşamışam. Şükürlər olsun ki, bu problem Sizin diqqət
və qayğınız sayəsində həll olundu. Bundan sonra sakinlər mənzil başına daha tez
çatacaqlar, bu rahat yoldan istifadə etməklə öz
problemlərini daha asan həll edəcəklər.
Hər bir xalqın mədəniyyəti
onun yolundan başlayır. Yəqin elə buna görədir ki,
yol çəkmək həmişə savab iş
sayılıb. Cənab Prezident, həmişə savab
içində olasınız. Bu yoldan istifadə
edəcək bütün sakinlər adından mən Sizə
öz minnətdarlığımı bildirirəm. Yollarınız çəkdiyiniz bu yollar kimi həmişə
açıq və uğurlu olsun. Tanrı
Sizə yar olsun. Allah Sizi qorusun.
Azərbaycan xalqı həqiqətən
də xoşbəxt bir xalqdır ki, onun Sizin kimi təcrübəli,
tədbirli, uzaqgörən bir Prezidenti var. Allah Sizi
başımızın üstündən əksik etməsin.
Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ
olun.
***
Fermer Avdı HƏSƏNOV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident,
mən Çuxanlı kəndinin sakini olaraq bildirirəm ki,
uzun illərdir kənd təsərrüfatında
çalışıram. İxtisasca kənd təsərrüfatı
mütəxəssisiyəm. “Dağüstü”
kəndli-fermer özəl toxumçuluq təsərrüfatının
təsisçisiyəm. Təsərrüfatım
1996-cı ildə təsis olunub. Təsərrüfatımızda
2003-cü ildən etibarən yüksək reproduksiyalı
buğda, arpa toxumları istehsal olunur. Fəaliyyətimiz
rayonumuzun toxum tələbatının təmin olunmasına
istiqamətlənib.
Möhtərəm cənab
Prezident, son illərdə ölkəmizin hər yerində
olduğu kimi, rayonumuzda da, o cümlədən bizim təsərrüfatımızda
da çox böyük uğurlar əldə edilib. Bu
uğurları biz dövlətimizin dəstəyi,
Prezidentimizin qayğısı sayəsində və bizim
üçün yaradılan infrastrukturun hesabına əldə
etmişik.
Möhtərəm cənab
Prezident, ölkəmiz digər ölkələrdən fərqli
olaraq, sahibkarlar üçün infrastrukturun yaradılması
məsələlərini öz üzərinə
götürüb. Ona görə də bizim ölkəmizdə
sahibkarlığın inkişafı üçün
çox münbit şərait yaradılıb. Bizim yeganə çətinliyimiz və bizi narahat edən
məsələ kəndlərimizi rayon mərkəzi ilə
birləşdirən bu yolun bərbad vəziyyətdə
olması idi. Çünki bu yolun bərbad
vəziyyətdə olması üzündən
sahibkarlarımız öz məhsullarını bazarlara
çatdırmaqda çətinlik çəkirdilər.
Fermerlərimiz təsərrüfatdaxili yüklərin
daşınmasında əziyyət çəkirdilər və
sonda maddi ziyanla qarşılaşırdılar. Nəhayət,
cənab Prezident, Sizin Sərəncamınız əsasında
bu yol əsaslı təmir olunaraq, bu gün Sizin
xeyir-duanızla, Sizin
iştirakınızla bizim istifadəmizə verilir. Ona görə də mən bir Azərbaycan vətəndaşı
olaraq Prezidentimizə minnətdarlığımı bildirirəm.
Çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun. Tanrı Sizə
yar olsun.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun.
***
Azərbaycan Prezidenti
İlham Əliyev yolun rəmzi
açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2017.- 26 sentyabr.- S.5-6.