Azərbaycan dünyada həm də
turistlərin maraq göstərdiyi ölkə
kimi tanınır
27 sentyabr
Ümumdünya Turizm Günüdür
Azərbaycan mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malikdir, burada turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s. növləri üçün geniş imkanlar mövcuddur. Azərbaycan dövlətinin bu sahəyə ayırdığı diqqət və qayğı sayəsində turizm prioritet istiqamətlərdən birinə çevrilmişdir. Qəbul edilmiş dövlət proqramları, həyata keçirilən tədbirlər bunu şərtləndirən əsas amillərdəndir.
Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının qəbulu bu sahənin inkişafına şərait yaratmış, beynəlxalq turizm bazarına inteqrasiyanın əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətədavamlığı yüksəlmişdir. Ona görə 2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramı qəbul olunmuş, 2011-ci il isə ölkəmizdə “Turizm ili” elan edilmişdir.
Turizm sahəsində aparılan islahatlar, ölkəmizdə keçirilən beynəlxalq görüşlər, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər həm də Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Bu strategiya sayəsində cari ildə respublikamıza gələn turistlərin sayında müsbət dinamika müşahidə olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ilk altı ayında ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 24 faiz, həmin şəxslərin bank kartları üzrə əməliyyatlarında isə 93 faiz artım qeydə alınıb. Turizm sektorunda qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə Azərbaycan Turizm Şurası, turizm sahəsində təbliğat-təşviqat tədbirlərinin mərkəzləşdirilmiş qaydada təşkili məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradılıb. Ölkəyə gələn turistlərin dövlət sərhədinin buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və viza sisteminin asanlaşdırılması üçün müvafiq normativ hüquqi aktlar qəbul edilib, sürətləndirilmiş elektron vizanın verilməsi müddəti üç gündən üç saata endirilib. Regionlarda bütün turizm xidməti obyektlərinin, eləcə də 2-3 ulduzlu və “hostel” tipli yerləşdirmə vasitələrinin tikintisinə investorların cəlb edilməsi nəzərdə tutulub. Xəzər dənizinin Azərbaycana məxsus hissəsindən səmərəli istifadə etmək məqsədilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” hazırlanıb.
Azərbaycan işgüzar turizm bazarının liderləri sırasındadır. Ötən ay Rusiyanın “Aeroklub” şirkətlər qrupu işgüzar turizm bazarının liderlərini müəyyən edib. Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən çox səfər etdiyi beş ölkə sırasında olub. Nəticələrə görə, 2017-ci ildə rusiyalılar biznes səfərlər üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Azərbaycanın turizm cəlbediciliyinin artırılması və ölkənin bu sahədəki mövcud potensialından səmərəli istifadə olunması sahəsində yürüdülən dövlət siyasətinin əsas hədəflərindən biri də qeyri-neft sektorunda büdcə daxilolmalarının artırılmasıdır. Son bir ildə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəyə turist axınının stimullaşdırılmasına hesablanıb. Prezident İlham Əliyevin 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı bu sahədə ötən illərdən tətbiq edilən islahatların uğurlu davamına təminat yaradıb. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi hərəkət zolaqlarının müəyyən edilməsi tövsiyə edilmişdir. Sərəncamın tələblərinə uyğun xüsusi hərəkət zolaqlarının yaradılması təmin olunmuş, sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın aradan qaldırılması məqsədi ilə əlaqələndirmə işləri təkmilləşdirilmişdir.
Hökumətin dəstəyi sayəsində turizm Azərbaycanda dinamik inkişaf edir, ölkəmizə gəlmək istəyənlərin sayı ildən-ilə çoxalır. Paytaxtda və bölgələrdə yaradılan rahat yollar, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq mərkəzləri Azərbaycana turist axınını stimullaşdırır. Azərbaycanın füsunkar təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə olan daxili sabitlik, yüksək səviyyədə evsahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar dünyanın müxtəlif guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir. Cari ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. Turistlərin ümumi sayında Rusiya 74 min 491 nəfərlə ilk yerdə qərarlaşır. Rusiyadan Azərbaycana qrup halında gələn turistlərin sayında artım müşahidə edilir. Sonrakı yerlərdə Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və İraq vətəndaşları çoxluq təşkil edib. Qazaxıstandan müalicə turizmi üçün gələnlər də artıb. “TurStat” analitik agentliyi 2017-ci ilin payızında səyahətlər üçün turistlər arasında populyar olan MDB şəhərlərini müəyyən edib. Azərbaycanın paytaxtı populyarlığına görə MDB məkanının ilk üç şəhəri sırasında yer alıb.
Bu il Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük artım nəzərə çarpıb. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin birinci yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib. Regionlar üzrə MDB, Avropa İttifaqı, Fars körfəzi və Yaxın Şərq, Asiya, Afrika ölkələri, Amerika və Avstraliyadan Azərbaycana səfər edən xarici vətəndaşların sayında da artım müşahidə edilib.
Xatırladaq ki, Şəkidəki Kiş Alban məbədi yerli və xarici turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Ölkəmizə gələn turistlər səfərləri zamanı bölgələrdəki tarixi abidələrə, maraqlı yerlərə xüsusi üstünlük verirlər. Nümunə üçün qeyd edək ki, 2017-ci ilin ötən dövrü ərzində Şəkinin Kiş kəndində yerləşən qədim Alban məbədini 10 minə yaxın turist ziyarət edib. Gələnlərin 4300 nəfəri xarici turistlər olub. Gəncəyə İran, İraq, BƏƏ, Türkiyədən gəlmiş turistlərin sayı əvvəlki illərə nisbətən 40-50 dəfəyə qədər artıb. Respublikamızda daxili turizm inkişaf edir, ölkə vətəndaşları yerli turizm məkanlarına üstünlük verirlər. Təsadüfi deyil ki, nüfuzlu xarici mətbu orqanlarda Azərbaycanın turizm potensialı haqqında məqalələr dərc edilir. Yazılarda zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, ölkəmizdə kənd turizminə xüsusi diqqət yetirilir. Dünyanın, xüsusən də Avropanın inkişaf etmiş ölkələrində məşhurlaşan bu turizm növünə ölkəmizdə, həmçinin Naxçıvan Muxtar Respublikasında maraq getdikcə artır. Odur ki, cari ildə bölgələrdə, xüsusilə Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar, Astara, Qazax, Samux, Şəmkir, Goranboy, Gədəbəy, Daşkəsən, Ağstafa, Naftalan, Göygöl, Tovuz, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndə yeni turizm zonalarının yaradılması nəzərdə tutulub. Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2017-2018-ci illər üzrə Fəaliyyət Planına əsasən, Qusar turizm və rekreasiya zonasının idarəetmə strukturu yaradılıb. Hazırda zonanın baş inkişaf planlarının hazırlanması üzərində işlər gedir.
Ölkəmizdən dünyanın müxtəlif şəhərlərinə daha ucuz qiymətə səyahət imkanları yaradılır. Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə yeni turizm obyektlərinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində “Buta Airways” aviaşirkəti yaradılıb. “Buta Airways” aviaşirkətinin lou-kosterinin yaradılması dövlət başçısının Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı verdiyi müvafiq tapşırığa əsasən görülən işlərdəndir.
“Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək. Sentyabrın 1-dən etibarən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana, oktyabrın 29-dan isə tətbiq ediləcək qış uçuş cədvəlinin başlaması ilə Bakıdan İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar olacaq.
Dünyada həm də turizm ölkəsi kimi tanınan Azərbaycanda bu sahənin inkişafı ilə əlaqədar yaxın günlərdə daha bir “Embraer 190” təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Ümumilikdə isə aviaşirkətin hava gəmiləri parkındakı “Embraer 190” təyyarələrinin sayı 8-ə çatdırılacaq. Bu layihənin icra edilməsi ölkə vətəndaşlarının daha ucuz qiymətə müxtəlif xarici ölkələrə səyahət etməsinə imkan yaratmaqla, Azərbaycana turist axınının artmasına da əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Ümumdünya Turizm Günü münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin tabeliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) təşkil olunacaq. İçərişəhər (Qız qalası yaxınlığında), Filarmoniya bağı və Fəvvarələr meydanı ərazisində şəhərimizin qonaqları və əcnəbi turistlər üçün konsertlər olacaq.
Rəhman SALMANLI,
Azərbaycan.- 2017.-27 sentyabr.- S.6.