Yazıçı və alim fədakarlığı
Ədəbiyyat
xadimləri
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal XX əsr bədii nəsrinin yeni mərhələsinin inkişafını müəyyənləşdirən yazıçılardan biri olmuşdur. Əsasən, roman, povest, hekayə janrlarında yazıb yaratmışdır. Yeni dövrün ictimai münasibətlər sistemini əks etdirən yüzdən çox hekayəsi, “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” roman və povestləri, “Mirzə Xəyal” komediyası Azərbaycan bədii düşüncəsini zənginləşdirən əsərlərdəndir. O, həm də milli ədəbiyyatşünaslığımızın 30-70-ci illər mərhələsində onlarla elmi tədqiqatları ilə böyük bir alim və ziyalı fədakarlığı göstərmişdir.
Bədii yaradıcılığa 1928-ci ildən başlayan M.Cəlal ötən əsrin 30-cu illərində yazdığı ilk hekayələri ilə bu janrı düşdüyü böhranlı vəziyyətdən çıxarmışdır.
“Həkim Cinayətov”, “Mirzə”, “İlk günlər”, “İstifadə”, “Sara”, “Təzə toyun nəzakət qaydaları”, “Dəzgah qızı”, “Göz”, “Bostan oğrusu”, “Ayaz”, “Quymaq”, “Dostumun qonaqlığı”, “Gözün aydın”, “Badamın ləzzəti” və s. hekayələrində yeni sosial məzmunlu satira və yumor hissinin güclü və qüvvətli olduğu aşkar edilmişdi. Həmin dövrdə yaranan digər hekayələrdən (satirik, qeyri-satirik) Mir Cəlal hekayələri onunla fərqlənirdi ki, burada satirik tip mənfi qəhrəman, mənfi qəhrəman isə sinfi mənsubiyyətinə görə ifşa olunmurdu. Elə buna görə də satirik-komik cizgilərlə yaradılmış obrazları müasir həyat hadisələri ilə səsləşdiyindən uzunömürlü olurdu. Satira, gülüş və yumor onun yaradıcılığında element şəklində süni olaraq yaradılmır, hadisələrin məzmunundan doğurdu.
Dil sadəliyi və kəsərliliyi, canlı təsvir və ifadə vasitələrindən istifadə, fikir və düşüncə aydınlığı, səlistlik, təbiilik, lakonizm - bütün bunlar Mir Cəlalı A.Çexov və C.Məmmədquluzadə yaradıcılığına yaxınlaşdıran amil-lərdən idi. “Kəmtərovlar ailəsi” hekayəsində yazıçı satirik, komik ifadə vasitəsi ilə Kəmtərovlar ailəsinin gecə-gündüz işləməsini onların pul hərisliyi, varlanmaq ehtirası ilə bağlamaqla yanaşı, yeni sosial münasibətlərin formalaşmasını göstərməyə çalışır. Onların həyata baxışında insani münasibətlərdən (qonum-qonşu, dostlar, ailə) daha çox əşyalara sevgi xüsusi yer tutur və elə bu amil onları cəmiyyətdən təcrid edir: onların qohumlarla, dostlar və qonşularla ünsiyyət hissi korşalır, ailə sevinci, valideyn olmaq hissi yaddan çıxır və nəticədə gecə-gündüz çalışmaları işin keyfiyyətinə də öz təsirini göstərir. Yazıçı demək istəyir ki, insan yalnız cəmiyyət içərisində xoşbəxt ola bilər: xoşbəxtlik pul, var-dövlətdə deyil, məhz insanın cəmiyyətdəki mövqeyindədir.
Mir Cəlalın nəsr yaradıcılığı janr, forma və satirik zənginlik baxımından da səciyyəvidir. Dövrün ictimai münasibətləri ədibin yaradıcılığında bəzən komik-satirik psixologizm üslubunda üzə çıxır. Yazıçı daha çox hadi-sələrə deyil, obrazın daxili aləmini satirik-psixoloji boyalarla üzə çıxarmağa cəhd edir. Səmimilik, insan psixologiyasına dərindən nüfuzetmə bu əsərlərin özünəməxsus xüsusiyyətlərindəndir. “Təzə toyun nəzakət qaydaları”, “İstifadə” və “Bostan oğrusu” hekayələrində psixologizm məhz süjet boyu hadisələrin və xarakterin açılması prosesində baş verir.
Mir Cəlalın gülüşü özünəməxsusdur, canlı və mütəhərrikdir. Adi həyat və məişət hadisələrindən tutmuş cəmiyyətin ictimai münasibətlər sisteminə qədər onun satirasında qınaq obyekti olur, həyat hadisələrinin mahiy-yətinə enir, dövrün, zamanın, yaxud hər hansı bir keyfiyyətin xarakterini canlandırır. Reallıq, təbiilik, mənalılıq satiranın üzvi tərkib hissəsi kimi yazıçının yaradıcılığını fərqləndirən əsas cəhətlərdən biridir. Bu gün də son dərəcə aktual olan “Təzə toyun nəzakət qaydaları” hekayəsində müəllifin məqsədi indi də aktual olan milli adət-ənənələrimizi tənqid etmək deyil, toylardan varlanmaq niyyəti ilə istifadə edərək onu bayağılaşdıran, vulqarlaşdıran hadisə və keyfiyyətləri ifşa etməkdir. Hekayədəki təhkiyə və təsvir bədii nəsrimiz üçün orijinaldır: “Məclis bayram mağazası kimi bəzənmişdi. Allı-güllü zərif paltar geymiş qadınların qulağında sırğalar, boyunlarında muncuqlar, barmaqlarında üzüklər par-par parıldayırdı. Sanki onlar satılmaq üçün düzülmüşdü. Kişilərin burnu, qadınların barmaqları işıldayırdı. Qadınların üzü, kişilərin dişi ağarırdı. Qadınların dodağı, kişilərin boynu qızarırdı. Otağın havasını sorub, klarnetə doldurmaq istəyən adam da rəngbərəng insanların əlvan paltarına bəstələnmiş havalar səpirdi”. Oxucuya təqdim olunan satirik mətndə onu yönləndirən, istiqamətləndirən eyhamlar da yoxdur. O, nəticəni mətnin mahiyyətindən özü çıxarır. Bütün bunlar yazıçı gülüşünün özünəməxsusluğunu və çoxcəhətliliyini şərtləndirən amillərdəndir.
Ədibin hekayələrinin sonluğu satirik effektin artırılmasında xüsusi çəkiyə malikdir. Gözlənilməz və bitərəf sonluq oxucunu düşündürməyə və müstəqil nəticə çıxarmağa vadar edir. Bu cəhətdən onun satirik hekayələrinin bir çoxu novella janrına daha çox yaxınlaşır.
M.Cəlalın hekayə janrındakı intensiv axtarışları ədəbi fəaliyyətində yeni bədii yaradıcılıq imkanlarını da üzə çıxarır. 1930-cu illər ədəbi prosesində roman janrına müraciət edən ilk yazıçılardan biri Mir Cəlal olur. Dövrün roman janrına məxsus tarixi, inqilabi hadisələrin epik təsviri, canlı, realist boyalar, tipik obrazlar, zamanın mürəkkəb ictimai-siyasi mənzərəsini yaratmaq, sosialist ictimai varlığını üzə çıxarmaq və s. xüsusiyyətlər ədibin romanlarına xas olsa da, yeni, özünəməxsus üslubla ictimai həyatda, mənəviyyatda baş verən hadisələrin alt qatına enəcək orijinal yazıçı müşahidəsi onun bir nasir kimi tanınmasına imkan yaratdı. “Dirilən adam” (1934-1935), “Bir gəncin manifesti” (1939), “Açıq kitab” (1941), “Təzə şəhər” (1951), “Yaşıdlarım” (1946-1952), “Yolumuz hayanadır” (1958) romanları yazıçının mövzu və problematika dairəsini genişləndirirdi. Bu romanlar-da yazıçı hadisələrə daha geniş rakursdan baxır, hadisələri, taleləri, xarakterləri ustalıqla yarada bilir. “Dirilən adam”, “Bir gəncin manifesti” və s. əsərlərində bütövlükdə dövrün, ictimai həyatın, hadisələrin mahiyyəti, tale-lərin faciəviliyi özü böyük maraq doğurur. Qədirin (“Dirilən adam”), Mərdanın (“Bir gəncin manifesti”) talelərindəki faciəvilik, həyati çalarlar yazıçıya dövrün ziddiyyətlərini, mürəkkəbliklərini bütün reallığı ilə göstərmə-yə imkan verir. 1920-ci illərdən əvvəlki dövrü təsvir edən yazıçı adi bir kəndli olan Qədirin taleyini Vətənin, xalqın taleyi ilə bağlayır. Bəbir bəyin onun həyat yoldaşı Qumrunu ələ keçirmək üçün etdiyi çabalar bir çox faciələrə səbəb olur. Avam bir kəndli olan Qədirin öz hüququ uğrunda mübarizəyə qalxması onu xalqın, millətin hüquqları uğrunda mübarizəyə səsləyir və vətəndaşlıq düşüncəsi formalaşdırır. Yazıçı Qədiri tədricən dəyişir, başına gələn hadisələr ona zəngin həyat təcrübəsi qazandırır. Beləliklə, Bəbir bəyin Qədiri “öldürməsi” doğru-dan da onun ruhən ölməsi anlamına gəlir. Nə qədər ki, Qədir diri idi, o, həyatı anlamır, başa düşmür, hüquqları-nı qoruya bilmirdi. Ancaq Bəbir bəyin onu “öldürməsindən” sonra o ruhən dirilir, siyasi proseslərə qoşulur, əvəzində yeni bir Qədir dünyaya gəlir: Bəbir bəylərlə döyüşən, özündən başqa bütün kasıbların, kimsəsizlərin hüquqlarını qoruyan bir insan olur.
Qədirin həyat yoldaşı Qumrunun taleyi də oxucunu düşündürür. Zorakılığın hökm sürdüyü bir yerdə Qumruların taleyi həmişə faciə ilə keçir. Buna baxmayaraq, o, namusunu, ərinin qeyrətini bütün varlığı ilə qoruyur, Bəbir bəy tərəfindən təkliflər gətirən Çəpəl Sayalını və Sarıqlı Mollanı evindən qovur, ərinin ölüm xəbərini eşidərkən ona yas saxlayır... Hadisələrin bu cür gedişi onun oğlunun faciəvi ölümü ilə nəticələnir.
Yazıçı cəmiyyətdə gedən mübarizəni Qədirin daxili aləmində, onun psixologiyasında əks etdirir. Onun şüurundakı, həyata münasibətindəki ziddiyyətlər komik-tragik şəkildə ortaya çıxır. Təsadüfi deyil ki, 1936-cı il-də Azərbaycan Yazıçılar İttifaqında qızğın müzakirə obyekti olan “Naturalizm və formalizm” məsələlərində Mir Cəlalın və onun “Dirilən adam” romanının da adı tez-tez çəkilirdi.
Rus yazıçısı Tolstoydan gətirdiyi “Bütün xoşbəxt ailələr bir-birinə oxşayırlar, hər bədbəxt ailənin isə bədbəxtliyi bir özgə cürədir” epiqrafı “Bir gəncin manifesti” romanının mahiyyətini ifadə edir. Baharın, Sonanın, Yaqub və Mövlanın taleləri fonunda bunu daha aydın görmək olar. Mərdanın kənddən gəlib ictimai-siyasi proseslərin mərkəzinə düşməsi onu hüquqları uğrunda mübarizəyə qoşulmağa vadar edir. Sonanın kasıb olmasına rəğmən (“Yusif-Züleyxa”) xalçasını ingilisə satmaması (“İtə ataram, yada satmaram”) onun mərd, namuslu və qeyrətli bir ana - vətəndaş obrazını xarakterizə edir. “Bir gəncin manifesti” bu cəhətdən C.Məmmədquluzadə-nin “Danabaş kəndinin əhvalatları” əsəri ilə səsləşir. Romanın fəsillərindən birinə qoyulan “Göz yaşı romanı” adı həm də bütövlükdə əsərin mahiyyətini ifadə edir. Bu cür təsvirlər daha çox tənqidi realizmdə olurdu: “Sanki Baharı iynəli yorğana bürüdülər. Elə bir yorğana ki, tikan kimi əzablı, hamam kimi isti. Bahar get-gedə xarici aləmdən, qardan, borandan, qorxudan, qaranlıqdan aralandığını, fəlakətin dərinliklərinə doğru endiyini, qayğıdan qurtulduğunu, bu qəribə yorğanın içində kiçildikcə bir növ rahat olduğunu zənn edirdi...”
Mir Cəlal epik roman yaradıcılığında yalnız yaxın keçmişimizi əhatə etməmiş, müasir həyat hadisələrinin də təsvirini verməyə çalışmışdır. “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında əmək coşğunluğunun romantikası, quruculuq işləri müasirlərinin duyğu və düşüncələri fonunda təsvir obyekti olur. “Açıq kitab” romanı satirik-komik üslubda yazılmış ən iri həcmli əsərlərindən biridir. Yazıçı romanda gəldiyevçiliyi - insanın neqativ xüsusiyyətlərinin ictimai xarakterini əsərin süjet mərkəzinə qoya bilir, ideyanın açılmasında müəyyən mənada məqsədinə çatır.
M.Cəlalın bu romanları obrazlar aləminin zənginliyi, yaradıcılıq axtarışları, həyəcan, emosionallıq baxımından bədii nəsrimizdə önəmli yerlərdən birini tutur. Buradakı faciəviliklə yanaşı, acı sarkazm, göz yaşları içində gülüş onu daha da oxunaqlı edir. Ədibin sadəliyi, axıcılığı və təbiiliyi ilə seçilən özünəməxsus yazıçı dili vardır. Üslubi çalarlar, emosionallıq, təhkiyə rəngarəngliyi, dialoqların canlılığı və dramatizmi, lakoniklik və s. bütövlükdə yazıçının dilini zənginləşdirən amillərdəndir.
Mir Cəlal bədii yaradıcılıqla yanaşı, elmi fəaliyyətlə də məşğul olmuşdur. Dünya və Azərbaycan romantizmi ilə bağlı ədəbiyyatşünaslığımızda ilk elmi məqalə onun adı ilə bağlıdır. “Füzulinin poetikası” mövzusunda namizədlik (1940), “Azərbaycanda ədəbi məktəblər” (1947) mövzusunda doktorluq dissertasiyaları ədəbiyyatşünaslığımızın inkişafında müəyyən rol oynamışdır. Ədəbiyyat nəzəriyyəsinin müxtəlif problemlərinə aid araşdırmaları, “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi milli ədəbiyyatşünaslıqda nəzəri fikrin öyrənilməsini şərtləndirmiş, son dərəcə gərəkli mənbə olmuşdur. Bakı Dövlət Universitetində uzun illər professor və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyəti yeni nəsil ədəbiyyatşünasların hazırlanmasına imkan vermişdir.
Mir Cəlalın bədii və elmi əsərləri, bir alim, ziyalı, vətəndaş kimi fəaliyyəti onu Azərbaycan ədəbiyyatının, elminin və mədəniyyətinin görkəmli nümayəndəsi kimi yaşamaq haqqını bu gün özündə saxlayır.
Bədirxan ƏHMƏDLİ,
filologiya üzrə elmlər doktoru, professor
Azərbaycan.- 2017.- 28 sentyabr.- S.7.