İlham Əliyevin enerji siyasətinin daha bir möhtəşəm qələbəsi

 

32 il, 500 milyon ton neft, 40 milyard dollar sərmayə

 

Heydər Əliyevin yeni neft strategiyası yeni mərhələyə qədəm qoydu

 

18 oktyabr 1991-ci ildə Azərbaycan rəsmi şəkildə dövlət müstəqilliyini elan etdi!

Amma bu müstəqillik deklorativ müstəqillik idi, real yox!

Mövcud vəziyyət nəinki müstəqilliyimizi, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğunu belə şübhə altında qoymuşdu.

ÇÜNKİ:

* ölkə iqtisadiyyatı pozulub dağılmış, fabrik və zavodlarda işlər dayanmış, dövlət büdcəsi boşalmışdı;

* yaranmış özbaşınalıq nəticəsində kənd təsərrüfatı iflic vəziyyətinə düşmüş, kolxoz və sovxozların varidatı satılıb sovrulmuş, məhsul qıtlığı yaranmışdı;

* min faizlərlə ölçülən inflyasiya nəticəsində insanların real gəliri dəfələrlə azalmış, sosial durum son dərəcədə pisləşmiş, kütləvi yoxsulluq başlanmışdı;

* ümummilli böhran yaranmış, xalq ümidsiz vəziyyətə düşmüşdü.

ÜSTƏLİK:

* hakimiyyət uğrunda aramsız mübarizə, qeyri-qanuni silahlı dəstələrin mövcudluğu və özbaşınalığı ölkəni idarəolunmaz vəziyyətə gətirmişdi;

* anarxiya, qanunsuzluq, dərəbəylik baş alıb getdiyindən vətəndaşlar kimə müraciət edib, kimlərdən kömək alacaqlarını kəsdirmirdilər;

* AXC - Müsavat iqtidarının başı talana və hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqların müdafiəsi təşkil edilmir, ərazilər kəndbəkənd itirilirdi;

* bütün bunlar azmış kimi ölkədə vətəndaş müharibəsi alovlandı, qardaş qanı axıdıldı!

Belə bir vəziyyətdə dövlət müstəqilliyini məhvolmadan, xalqı isə yeni bəlalardan yalnız möcüzə xilas edə bilərdi!

Bu möcüzəni xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev yaratdı!

Ulu öndər gecə-gündüz yorulmadan çalışır, eyni vaxtda bir neçə istiqamətdə titanik fəaliyyət göstərirdi.

Qısa müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, müharibə cəbhəsində uzunmüddətli atəşkəs yaradıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, əhalidəki külli miqdarda qanunsuz silah-sursat yığıldı, bazar iqtisadiyyatı münasibətlərinə keçidi təmin edəcək siyasi və iqtisadi islahatlara başlanıldı.

Beynəlxalq sahədə də görüləsi iş çox idi. Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq və möhkəmlətmək, dövlətlərarası münasibətləri yeni məcrada qaydaya salmaq, beynəlxalq qurum və təşkilatlara üzv olmaq, dünya birliyinə tez zamanda inteqrasiya etmək təxirəsalınmaz məsələlərdən idi.

Ulu öndər Heydər Əliyev hər iki istiqamətdəki problemləri - ölkə daxilindəki və beynəlxalq aləmdəki işləri üzvi surətdə əlaqələndirərək çözməyə, paralel şəkildə fəaliyyət göstərərək qısa zamanda yüksək nəticələr qazanmağa nail oldu.

“Əsrin müqaviləsi”nin imzalanması bu vəzifələrin uğurlu həllinə misilsiz töhfə verdi!

Əvvəlcə qeyd edək ki, müqavilənin hazırlanması, danışıqlar prosesinin aparılması və ilk neft kontraktının imzalanması asan və rahat olmamışdı. Əvvəlki iqtidarlar da belə bir kontrakt bağlamağa çalışsalar da, öhdəsindən gələ bilməmişdilər. Ancaq ulu öndər Heydər Əliyevin birbaşa fəaliyyəti və nəzarəti, cənab İlham Əliyevin danışıqlar prosesində fəal və səmərəli çalışmaları sayəsində “Əsrin müqaviləsi” adlanan müstəqil Azərbaycanın ilk neft kontraktını imzalamaq mümkün oldu!

Bu, görünməmiş uğur, müstəqil dövlətimizin beynəlxalq miqyasda ilk və ən mühüm qələbəsi idi!

BELƏ Kİ:

* ilk dəfə idi ki, dövlətimiz öz təbii sərvətləri üzərində müstəqil və sərbəst sərəncamçı kimi çıxış edirdi;

* bu müqavilə dünyanın aparıcı dövlətlərinin maraqları ilə Azərbaycanın maraqlarını üzvi surətdə uzlaşdırırdı;

* yenicə dövlət müstəqilliyi qazanmış Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirirdi;

* sabitliyin təminatında və əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayırdı;

* iqtisadiyyatın digər sahələri üçün də lokomotiv rolunda çıxış edərək yaranmış böhrandan qısa müddətdə yaxa qurtarmağa kömək göstərirdi;

* digər transmilli layihələrin tezliklə həyat vəsiqəsi qazanmasına “yaşıl işıq” yandırırdı.

 

Əməkdaşlıq müddətinin uzadılması həm də inam, etibar və dəstəyin davam etməsi deməkdir

 

“Əsrin müqaviləsi”nin başa çatmasına hələ iki il qalır. Lakin kontraktın iştirakçıları ona yenidən baxaraq müəyyən dəyişikliklər etməklə ömrünü 2050-ci ilə qədər uzatmağı qərara aldılar və bu niyyəti aşkar, təntənəli şəkildə imzaları ilə təsdiq etdilər.

Son illər ərzində böyük hay-küy qoparılan, uzunmüddətli danışıqlar prosesinin predmeti olan, hətta mətbuatda müəyyən “razılaşmaların” olduğu barədə fikirlər səsləndirilən bir neçə transmilli enerji layihəsinin elə söz-söhbət, niyyət və layihə olaraq qaldığının şahidinə çevrilmişik. Azərbaycan isə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə irəli sürdüyü hər bir nəhəng təşəbbüsün gerçəkləşməsinə, həyat vəsiqəsi qazanmasına nail olub.

Həmin layihələrə qarşı gizli və aşkar şəkildə törədilən maneələrə, hətta dünya banklarının kredit ayırmaqdan imtina etməsinə də baxmayaraq bütün ağırlığı öz üzərinə götürən Azərbaycan onların reallaşmasını təmin etdi.

Maraqlı burasıdır ki, əvvəlcə əngəl törətmək istəyənlərin bir qismi sonradan “bəyənərək” dəstəyini bildirdi, ilk vaxtlarda yaxına gəlməyənlər sonradan fikirlərindən dönərək layihədə iştirak edib, qazanc götürəcəyinə inandı.

Azərbaycan isə qapıları açıq saxlayaraq müəyyən şərtlər daxilində iştirakçı olmaq istəyənlərə daim əl uzadıb. Həm hamının qazanc götürməsinə, marağının təmin olunmasına imkan yaradıb, həm də tərəfdaşlarının sayının artmasına çalışıb.

“Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının mənəvi cəhəti də var. Əslində bu, eyni zamanda, ötən dövr ərzində birgə əməkdaşlığa tərəflərin verdiyi qiymətdir.

* Deməli, bütün iştirakçılar birgə işdən məmnun qalıblar;

* Deməli, sərmayə qoyanların hamısı nəzərdə tutduğu mənfəəti götürüb;

* Deməli, birgə işdə bir-birlərinə inam və etibar yaranıb;

* Deməli, şərtlər ədalətli, hamının marağına uyğun olub;

* Deməli, Azərbaycanla əməkdaşlıq rahat, faydalı, problemsiz və təhlükəsizdir.

Bütün bunlar isə biznesdə çox gərəkli və vacib amillərdir!

Belə bir düzlüyün, təmizliyin nəticəsidir ki, təkcə tərəfdaşlar deyil, təbiət də, Allah da bu işbirliyinə rəvac verir. Baxın, “Əsrin müqaviləsi” başlanan zaman “Azəri-Çıraq-Günəşli” yatağında 500 milyon ton neft olduğuna əminlik vardı. 23 il keçib və müqavilə müddətinin bitməsinə iki il qalıb. Bəlli olur ki, yataqdan daha 500 milyon ton, hətta bəzi proqnozlara görə bir milyard tona qədər neft çıxarmaq mümkündür!

İlkin addımlar atılan dövrdəkindən də çox ehtiyat olduğu təsdiqlənməkdədir!

Beləliklə, keçən əsrdə - XX əsrdə bağlanan müqavilə yeni - XXI əsrdə də Azərbaycan xalqına xidmət edəcəkdir.

 

Düşünülmüş, uzaqgörən, bütün maraqları təmin edən siyasətin təntənəsi

 

20 sentyabr 1994-cü il .

Bu tarixi günə gəlib çatmaq üçün çox uzun bir yol keçməli olmuşduq.

Əvvəlcə biz Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə dövlət müstəqilliyimizdən ayıran , bəzi mənfi və müsbət cəhətləri özündə ehtiva edən yetmiş bir illik “sovet dövrü” məsafəsini qət etdik.

Sonra “Əsrin müqaviləsi” kontraktının bağlanması üçün gərgin, mürəkkəb və çətin, bəzən uğursuzluqla üzləşə bilmək təhlükəsi ilə dəfələrlə qarşılaşdığımız danışıqlar prosesini arxada qoyduq.

Yeri gəlmişkən bir məqamı da qeyd edək. Neft danışıqlarının az vaxtda və uğurla başa çatmasında həmin dövrdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin dərin biliyinin və diplomatik məharətinin böyük rolu olmuşdur. Hələ o zaman Azərbaycanın xarici neft şirkətləri ilə əməkdaşlığının gözəl bəhrə verəcəyini söyləyən cənab İlham Əliyevin nə qədər haqlı çıxdığının və hətta deyərdik ki, hadisələri öncədən gördüyünün şahidi oluruq. Diqqəti Ramiz Mirzəyevin “Əsrin müqaviləsi”indən başlanan yol “ kitabından (Bakı - 2000. səh. 239-240) gətirdiyimiz kiçik bir iqtibasa cəlb edirik:

“Məndən bəzən soruşurlar ki, xarici neft şirkətləri ilə əməkdaşlıq Azərbaycana nə verəcək, biz hansı nəticələrə nail olacağıq?

Qısaca söyləməli olsam, aşağıdakıları deyə bilərəm:

* Kontraktların həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır;

* Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir;

* Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir;

* Azərbaycanın böyük miqdarda yeni müəssisələri yaradılacaq və onlar xarici neft şirkətlərinə xidmət göstərəcəklər;

* Bank və sığorta biznesinin inkişafına böyük təkan veriləcəkdir;

* Sivilizasiyalı cəmiyyətin qanunları çərçivəsində işləyəcək sahibkarların sanballı bir təbəqəsi formalaşacaqdır;

* Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır;

* Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacaqdır;

* Azərbaycan neft satışından on milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcəkdir.

Nəticədə, güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir”.

Zaman Prezident İlham Əliyevin uzaqgörənliyini yetərincə təsdiq etdi.

“Əsrin müqaviləsi”nin yenilənərək uzadıldığı tarixdən - 14 sentyabr 2017-ci ildən çevrilib geriyə baxanda isə yenə ürəkaçan mənzərə görürük:

* Azərbaycanla əməkdaşlıq edən hər bir şirkət və dövlət bu əməkdaşlığın davamlı olmasında maraqlıdır. Çünki Azərbaycan etibarlı tərəfdaş, açıq, şəffaf və təmiz işləyən partnyordur, hamının maraqlarını nəzərə alır;

* Azərbaycan daim üzərinə götürdüyü öhdəliklərə vaxtında və dəqiq əməl edir;

* Azərbaycan sabit, inkişaf edən, tolerant ölkədir. Buraya istənilən dövlət və şirkət heç nədən ehtiyat etmədən sərmayə qoyaraq fayda götürə bilər;

* Azərbaycanda sahibkarlığın inkişafına hər cür şərait yaradılıb, əcnəbi iş adamlarının sərbəst çalışmalarına heç bir maneə və əngəl yoxdur;

* İqtidar xalq birliyi möhkəmdir, qarşılıqlı inama, hörmət və etimada əsaslanır, ölkəni heç bir təhlükə, qarışıqlıq, xaos və anarxiya gözləmir”;

İmzalanma mərasiminə məktub göndərən dövlət rəsmiləri də məmnunluqlarını ifadə edirlər.

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikasının Prezidenti:

“Başda Azərbaycan olmaqla bütün bölgənin sabitliyinə, inkişafına, strateji mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verilib.

Şübhəsiz ki, bu layihə beynəlxalq və regional səviyyədə həyata keçiriləcək səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biridir”.

Tereza Mey, Böyük Britaniyanın Baş naziri:

“Bu müqavilənin yenilənməsi növbəti onilliklər üçün Böyük Britaniya və Azərbaycan arasında mövcud olan dərin və xüsusi əməkdaşlığı daha da gücləndirəcəkdir”.

Giorgi Kvirikaşvili, Gürcüstanın Baş naziri:

“Etibarlı tranzit ölkə olaraq və Azərbaycanı strateji tərəfdaş kimi tanıyaraq, Gürcüstan bu cür çox mühüm hadisəni xüsusi alqışlayır və ümid edir ki, əməkdaşlığımız bundan sonra da genişlənəcək və güclənəcək”.

 

Hər bir Azərbaycan vətəndaşına fayda gətirən kontrakt

 

Neft qiymətli sərvətdir!

Ancaq bu sərvət təkcə insanlara və xalqlara xoşbəxtlik və rifah gətirmir!

Neft dövlətləri və ölkələri fəlakətlərə də düçar edir!

Cənab İlham Əliyev dünyanın neft ölkələrində dünən və bu gün baş verən faciəli prosesləri nəzərdə tutaraq deyir: “Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.

Bəli, bu gün Azərbaycan ona görə sürətli inkişaf edir ki, təbii sərvətlərindən düzgün, uzaqgörənliklə, xalqın və dövlətin maraqları nəzərə alınmaqla istifadə edirlər!

Həm də aşkar və şəffaf şəkildə!

“Əsrin müqaviləsi”nin işlədiyi dövrdə paytaxt Bakı indiyədək görünməmiş şəkildə, tanınmaz dərəcədə dəyişmişdir.

Həm də təkcə ölkə paytaxtı yox!

Regionlarımız Bakıdan və digər iri şəhərlərdən heç də geridə qalmırlar. Yeni yollar çəkilmiş, körpülər və qovşaqlar salınmış, müasir infrastruktur yaradılmış, şəhər və qəsəbələr, kəndlər müasirləşmiş, abadlaşdırılmış, standartlara cavab verən içməli su, kanalizasiya sistemi ilə təmin olunmuş, minlərlə yeni iş yerləri yaradılmışdır. Məhz neftdən gələn gəlirlər hesabına yüzlərlə azərbaycanlı gənc xarici ölkələrin tanınmış universitetlərində nadir ixtisaslar üzrə təhsil almış, 3 mindən artıq orta məktəb inşa edilmiş, 600-dən çox xəstəxana tikilərək əsaslı təmir olunmuş, 41 olimpiya idman kompleksi tikilərək gənclərin ixtiyarına verilmişdir.

Həm də təkcə gənclər və regionların daimi sakinləri neft pullarından bəhrələnməmişlər!

İndiyədək 100-ə yaxın qaçqın şəhərciyi və yaşayış kompleksləri tikilərək məcburi köçkünlərə yeni evlər və mənzillər verilmişdir. Dövlət Neft Fondunun vəsaitindən ilk dəfə məhz bu məqsədlə istifadə edilmişdir.

Azərbaycan öz tərəfdaşları ilə yolunu davam etdirir.

Bu yol müstəqillik yoludur - öz sərvətlərinə şəriksiz sahiblik yoludur!

Bu yol inkişaf və tərəqqi yoludur - çünki neft gəlirlərindən düzgün istifadə dövlətimizə tərəqqi, xalqımıza yüksək rifah bəxş edir!

Bu yol xalqımızın istək və arzularının reallaşdığı yoldur - çünki cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə görülən işlər, qazanılan nailiyyətlər, əldə olunan nəticələr bunu bir daha təsdiq edir!

Yolun açıq, arzular çin, işin avand olsun, Azərbaycan!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2017.-19  sentyabr.- S.1; 3.