“Made in
Azerbaijan”ın vahid pəncərəsi
İxraca Dəstək
Mərkəzi Prezident İlham Əliyevin yeni islahatlar kursunun
uğurla gerçəkləşməsinə real töhfələr
verir
Qlobal və regional miqyasda
mürəkkəb iqtisadi proseslərin davam etdiyi
hazırkı şəraitdə Azərbaycan dövləti
iqtisadiyyatının əsas inkişaf istiqamətlərini
müəyyənləşdirməklə, təhlükəsizliyini
təmin etməklə dünya iqtisadi düzənində
özünəməxsus mövqeyini müəyyənləşdirib.
İqtisadi
islahatlar üzrə başlıca hədəflər
Dünyada baş verən məlum
proseslər fonunda Prezident İlham Əliyevin həyata
keçirdiyi yeni iqtisadi inkişaf konsepsiyasına uyğun
olaraq Azərbaycanda həm makroiqtisadi, həm də sektorlar
üzrə müəyyən edilmiş məqsədlərə
nail olmaq üçün müxtəlif proqramlar həyata
keçirilir.
Bütün bunların nəticəsində Azərbaycan
son illər dünyanın sürətlə və dayanıqlı
inkişaf edən ölkələrindən birinə
çevrilib.
Ölkə
iqtisadiyyatının dayanıqlılığının
şaxələndirilməsinin və rəqabət qabiliyyətinin
təmin edilməsi iqtisadi islahatlar üzrə başlıca hədəf
kimi qarşıya qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, investisiya və biznes mühitinin
daha da yaxşılaşdırılması, qanunvericilik
bazasının təkmilləşdirilməsi, institusional
islahatların aparılması, dövlət tərəfindən
sahibkarlara hərtərəfli dəstək verilməsi, məşğulluğun
və sosial məmnunluğun təmin edilməsi istiqamətində
mühüm qərarlar qəbul edilib. Prezident
İlham Əliyevin 20 aprel 2016-cı ildə
imzaladığı fərmana əsasən yaradılan
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
isə aparılan iqtisadi islahatların əhatə dairəsinin
genişləndirilməsini və bu sahədə işlərin
səmərəli əlaqələndirilməsini təmin etməyə
imkan yaratdı. Mərkəzin fəaliyyətinin məqsədləri
ölkənin dayanıqlı iqtisadi inkişafının təmin
edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə
təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında
iqtisadi islahatların həyata keçirilməsi
üçün təkliflər, habelə orta və
uzunmüddətli dövr üçün proqnozlar
hazırlamaqdan, dövlət orqanlarını və
qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin
iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın
nailiyyətlərinin təbliğini təşkil etməkdən
ibarətdir.
İslam və
türk dünyasında ilk Rəqəmsal Ticarət
Qovşağı
Prezident İlham Əliyevin 2016-cı
il 21 sentyabr tarixli “Azərbaycan Respublikasında istehsal olunan
malların vahid məlumat bazasının yaradılması
haqqında” sərəncamına əsasən mərkəzin nəzdində
yerli malların ənənəvi və yeni bazarlara
çıxarılması imkanlarını artırmaq, beynəlxalq
bazarlara inteqrasiya prosesini sürətləndirmək məqsədilə
ölkəmizdə istehsal olunan mallar və onların istehsalçıları
barədə məlumatları əks etdirən “Azexport.az”
internet portalı yaradıldı.
Portalın real vaxt rejimində
fəaliyyəti təmin olundu. Portalın missiyası
Azərbaycan mənşəli mallar haqqında məlumatların
təqdim edilməsi və onların daxili və xarici bazarlarda
satışı üçün əlverişli platforma
yaradılmasıdır. Portal
dünyanın ən populyar elektron satış şəbəkələri
ilə inteqrasiyası əsasında Azərbaycan
mallarını dünyaya sərgiləyir.
Bu ilin fevral ayının 23-də
isə Prezident İlham Əliyev Rəqəmsal Ticarət
Qovşağı kimi Azərbaycan Respublikasının
mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının
genişləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında fərman imzaladı. Fərmanda göstərilirdi ki,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
“Azexport.az” internet portalında sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi ilə əlaqədar Azərbaycan
Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan
keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları
arasında sənədlərin, o cümlədən müqavilələrin
elektron formada tərtibinə və imzalanmasına, habelə
real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata
keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal
Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”)
bölməsinin yaradılmasını təmin etməlidir.
Qısa müddət ərzində
dövlət başçısının
tapşırıqları yerinə yetirildi və iyun
ayının 30-da mərkəz tərəfindən Rəqəmsal
Ticarət Qovşağının təqdimatı
keçirildi.
Bu, İslam və türk dünyasında ilk rəqəmsal
ticarət qovşağını təqdim edən Azərbaycanın
Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin
kəsişməsində keyfiyyətcə yeni üstün
mövqeyini müəyyənləşdirdi.
İxracatçı
sahibkarlara yaradılan unikal imkan
Rəqəmsal Ticarət
Qovşağının yaradılması ilə bağlı
imzalanan fərmanın bir müddəasına əsasən
sahibkarlara, ixracatçılara göstərilən dövlət
qayğısının daha da genişləndirilməsi məqsədi
ilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi
də yaradıldı. “Azexport.az” portalının nəzdində fəaliyyət
göstərən bu qurumun yaradılmasında məqsəd
sahibkarların, ixracatçıların az
resurs sərf etməklə ixrac prosedurlarının daha
sürətlə və asan şəkildə həll edilməsi
idi.
Artıq 2 aya yaxındır
ki, adıçəkilən mərkəz sahibkarların xidmətindədir. Az bir
zamanda qurum 300 sahibkarla görüş keçirib və Azərbaycana
təşrif buyuran beynəlxalq iqtisadçı ekspertlərin
böyük marağına səbəb olub. Elə biz də
göstərdiyi xidmətlər, sertifikatların
alınması ilə bağlı prosedur qaydaları ilə tanış olmaq üçün mərkəzə
üz tutduq.
İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət
göstərən “Bir Pəncərə” İxraca Dəstək
Mərkəzində ixracatçılar üçün
bütün müvafiq şərait yaradılıb. Hazırda mərkəzə
inteqrasiya olunan dövlət orqanlarının nümayəndələri
xidmət mərkəzində fəaliyyət göstərərək
informasiya resursları ilə real vaxt rejimində məlumat
mübadiləsini təşkil edir. Burada İqtisadiyyat,
Kənd Təsərrüfatı, Mədəniyyət və
Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin
və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
nümayəndələri fəaliyyət göstərirlər.
Adıçəkilən hər qurum
ixracatçılara sertifikatların verilməsi ilə
bağlı mərkəzə nümayəndə göndərib.
“Bir Pəncərə” İxraca Dəstək
Mərkəzinin koordinatoru Nicat Hacızadə öncə bizə
yeni yaradılmış qurumun fəaliyyət istiqamətləri
barədə ətraflı məlumat verdi.
Bildirdi ki, burada sahibkarlar ixrac etdikləri məhsullara
keyfiyyət, mənşə (İqtisadiyyat Nazirliyi),
baytarlıq və fitosanitar (Kənd Təsərrüfatı
Nazirliyi), vəhşi fauna və yabanı flora növlərinin
ixracı üçün sertifikatları (Ekologiya və Təbii
Sərvətlər Nazirliyi) asanlıqla əldə edə
bilirlər. Eyni zamanda mədəni sərvətin
mühafizəsi şəhadətnaməsini (Mədəniyyət
və Turizm Nazirliyi) və dini ədəbiyyatın ixracına
(Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi)
razılığı da buradan almaq olar. Yəni
ixrac fəaliyyəti ilə məşğul olan hüquqi və
fiziki şəxslər mərkəzin xidmətlərindən
heç bir rüsum ödəmədən faydalana bilərlər.
Cəmi 4 saata
ixrac məhsulu üçün tələb olunan sertifikatlar
verilir
Nicat Hacızadə deyir ki, sahibkarlar
həmçinin “Bir Pəncərə” İxraca Dəstək
Mərkəzindən müxtəlif sahələrdə məsləhətlər
alır, “Azexport.az” portalı üzərindən ixrac
imkanlarını genişləndirir və Rəqəmsal Ticarət
Qovşağının elektron xidmətlərindən də
yararlanırlar.
Mərkəz sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi ilə əlaqədar Azərbaycan
Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan
keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları
arasında sənədlərin, o cümlədən müqavilələrin
elektron formada tərtibinə və imzalanmasına, habelə
real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata
keçirilməsinə imkan verir. Mərkəzə
müraciət edən ixracatçının bütün sənədləri
doğru olarsa, cəmi 4 saat müddətində ixrac etmək
istədiyi məhsula aid bütün sertifikatları əldə
edə bilir. Yəni heç bir dövlət
qurumuna üz tutmadan sahibkar bir gün ərzində rahat şəkildə
burada istədiyi sertifikatı ala bilir.
Bununla yanaşı, sahibkarlar mərkəzə
gəlmədən də istədiyi sertifikatı əldə
edə bilər: “Biz regionlarda fəaliyyət göstərən
sahibkarlara vaxt itkisi olmasın deyə imkanlar
yaratmışıq. Onlar Bakıya gəlmədən
elektron qaydada bizə müraciət edə bilərlər.
Sənədlərə baxıldıqdan sonra
sertifikatlar elektron formada sahibkara təqdim edilir”.
Nicat Hacızadənin
sözlərinə görə, mərkəzin yaradılması
Azərbaycanda ixracın stimullaşdırılmasında
çox böyük rol oynayacaq. Çünki Prezident
İlham Əliyevin həyata
keçirdiyi yeni iqtisadi islahat konsepsiyasına uyğun olaraq
yaradılan bu qurumlar ölkəmizin dayanıqlı iqtisadi
inkişafının təminatında müsbət rol
oynayır. Azərbaycan nəinki regionda, dünyada ilk ölkələrdən
biridir ki, ixracın vahid pəncərəsini yaradır və
bu, onlayn rejimdə fəaliyyət göstərir. Bu, sahibkarlar üçün yaradılan unikal
imkandır.
Biznes planların
yazılması, gömrük bəyannamələrinin doldurulması
da ödənişsizdir
Mərkəzin digər fəaliyyət
istiqaməti isə ixracatçı sahibkarlara məsləhətlərin
verilməsi prosesidir. Bu, həm ödənişli, həm də ödənişsiz
ola bilər. Mərkəzin
koordinatoru deyir ki, hazırda göstərilən bütün
xidmətlər ödənişsizdir.
Bununla yanaşı, mərkəzdə
ixracatçılarla görüşlərə də start
verilib. Bu
görüşlərin keçirilməsində məqsəd
“Bir Pəncərə”nin xidmətləri
barədə ixracatçıları məlumatlandırmaq, həmçinin
ixrac prosedurlarının sadələşdirilməsi sahəsində
aparılan islahatlarla sahibkarları tanış etməkdən
ibarətdir: “Elə sahibkarlar var ki, onların əllərində
müəyyən qədər məhsul var, ancaq məhsulunu
xarici bazara çıxarmaq üçün ixracla
bağlı hər hansı məlumatları yoxdur. “Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlıq səviyyəsində istehlak mallarının
istehsalına dair Strateji Yol Xəritəsi”ndə sahibkarlıq
düşüncə tərzinin təşviqi ilə
bağlı müddəa mövcuddur. Biz də
ilkin olaraq sahibkarlara bu istiqamətdə yardımlar göstəririk.
Pulsuz məsləhətlər veririk, istiqamət
göstəririk və mallarını xarici bazarlara
çıxarmaq üçün real imkanlar yaradırıq.
Eyni zamanda hansı bazarlarda hansı
sertifikatların tələb olunduğu barədə məlumat
verir və onları həmin sertifikatla təmin edirik. Çünki xarici ölkələrdə məhsullara
tələb olunan sertifikatlar müxtəlifdir. Avropa ölkələri, ABŞ-da məhsullara
görə tələblər daha sərtdir. Ona görə də daim maarifləndirmə işləri
aparırıq və biznes planların yazılmasına dəstək
göstəririk”.
Bundan başqa, mərkəzdə
gömrük bəyannamələrinin doldurulması istiqamətində
də sahibkarlara yardımlar edilir. Sahibkarlar
sertifikatları əldə etdikdən sonra gömrük bəyannamələri
doldurulmalıdır. Mərkəz bu
işi də ödənişsiz həyata keçirir.
Nicat Hacızadənin sözlərinə
görə, əgər sahibkarın logistik problemi olarsa, mərkəz
bu istiqamətdə də öz köməyini göstərməyə
çalışır: “Həqiqətən ixracatçı
sahibkarın logistik probleminin olduğunu gördükdə biz
öz yaxın tərəfdaşlarımızla onlara
yardım edirik. Bu da mərkəz tərəfindən
sahibkara məhsulun daşınması prosedurunda göstərilən
nəqliyyat xidməti dəstəyidir. Bununla
bağlı heç bir ödəniş tələb etmirik”.
İxracat
subsidiyaları ilə bağlı sahibkarlara göstərilən
dəstək
Mərkəzin
qarşıdakı planlarına gəldikdə isə
N.Hacızadə bildirdi ki, hazırda standartlaşdırma ilə
bağlı məsələlər müzakirə edilir. Çünki
Avropa ölkələrinin şirkətləri qida təhlükəsizliyi,
İslam ölkələri isə “halal” standartları ilə
bağlı tələblər irəli sürürlər.
“Mərkəz qarşıdakı müddətdə
standartlaşdırma şirkətləri ilə bağlı təlimlər,
seminarlar keçirməyi planlaşdırır. Belə
olacağı halda sahibkarlar artıq öz şirkətləri,
məhsullarını beynəlxalq standartlara
uyğunlaşdıracaqlar”, - deyən N.Hacızadə
vurğuladı ki, mərkəzdə həm də ixracat
subsidiyaları ilə bağlı sahibkarlara dəstək
göstərilir. Bütün bunlar isə
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən
həyata keçirilir və məqsəd bütün
ixracatçı sahibkarlara hərtərəfli dəstəyin
göstərilməsidir.
Artıq bir neçə
sahibkara müxtəlif çeşidli qeyri-neft məhsullarının
ixracı ilə bağlı sertifikatlar da verilib. Mərkəzin
fəaliyyətindən məmnun qalan sahibkarlar hesab edirlər
ki, mərkəz sözün əsl mənasında onlar
üçün böyük bir dəstək olaraq ixrac
prosesini xeyli asanlaşdırıb. Onlar mərkəz
vasitəsilə sənədləri almaq üçün vaxta
qənaət edərək daha məhsuldar fəaliyyətə
nail ola bilirlər.
Mərkəzdə
gənclər üçün könüllülük
proqramı da mövcuddur
Mərkəzin koordinatoru ilə
söhbət zamanı o da bəlli oldu ki, burada
könüllülük proqramı da mövcuddur. Könüllülər
öncə təcrübə proqramı və maarifləndirici
təlimlər keçirlər. Sonra onlar mərkəzə
gələn sahibkarların uçota alınması,
gömrük bəyannamələrinin doldurulması,
ixracatçılara maarifləndirici məlumatların verilməsi
proseslərini öyrənirlər.
Bununla da könüllülər
həm özləri üçün təcrübə
toplayır, həm də gələcək üçün
potensial işçi qüvvəsi kimi formalaşırlar.
Vəzifəmiz Azərbaycan
sahibkarlarına təmənnasız xidmət və dəstəkdir
Nicat Hacızadədən ətraflı
məlumat aldıqdan sonra burada sahibkarlara xidmət proseduru və
beş dövlət qurumunun nümayəndələrinin,
həmçinin könüllülərin iş fəaliyyəti
ilə də maraqlandıq.
İlk söhbətləşdiyimiz
şəxs məlumat mərkəzində əyləşən
könüllü Lalə Qarayeva oldu. O, 3 ay təcrübə proqramı
keçib və 2 aydır ki, burada sahibkarların sənədlərinin
yoxlanılması, gömrük bəyannamələrinin
doldurulması prosesində onlara dəstək olur. Lalə Qarayeva keçdiyi təcrübədən məmnundur
və inanır ki, burada öyrəndikləri gələcəkdə
karyera qurmasına kömək edəcək.
Dövlət
qurumlarının nümayəndələri ilə söhbət
zamanı bəlli oldu ki, mərkəzə daxil olan
sahibkarların əksəriyyəti kənd təsərrüfatı
məhsullarının ixrac prosesini həyata keçirdikləri
üçün onlara daha çox keyfiyyət, mənşə,
baytarlıq və fitosanitar sertifikatlar lazım olur. Ona görə
də burada daha çox İqtisadiyyat və Kənd Təsərrüfatı
nazirliklərinin nümayəndələrinə müraciətlər
olur.
İqtisadiyyat Nazirliyinin
nümayəndəsi Kənan Hacızadə deyir ki, nazirlik tərəfindən
qeyri-neft məhsullarının ixracı üçün
sahibkarlara mənşə və Avropa Birliyi ölkələri
üçün ixrac olunan məhsullara isə keyfiyyət
sertifikatları verilir. Sahibkarlar tələb olunan sənədləri
təqdim etdikdən sonra onlar ekspertizaya yönləndirilir.
Əgər müsbət rəy verilərsə
tez bir zamanda sertifikatlar hazırlanır.
Kənd Təsərrüfatı
Nazirliyinin nümayəndəsi Aida Məmmədova isə
bildirdi ki, nazirlik tərəfindən ixracatçılara bitki
və bitkiçilik məhsullarının ixracı
üçün fitosanitar, heyvan və heyvan mənşəli
xammalın ixracı üçün beynəlxalq baytarlıq
sertifikatları verilir. Aida Məmmədovanın sözlərinə
görə, hazırda ölkəmizdə ən çox ixrac
olunan qeyri-neft məhsulları sırasında kənd təsərrüfatı
məhsulları üstünlük təşkil edir.
İxraca Dəstək
Mərkəzinin yaradılması islahatlar silsiləsində ən
önəmli addımdır
Qurumda yerli sahibkarlarla
yanaşı, beynəlxalq iqtisadçı ekspertlərlə
də görüşlər keçirilib. Görüşlərin
birində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi
Qafqaz üzrə regional meneceri Jan Van Bilsen qeyd edib ki, istənilən
ölkənin inkişafında əsas aparıcı vasitə
özəl sektordur. Azərbaycan
yoxsulluğun azaldılmasında, əldə edilən gəlirlərin
əhali arasında bölüşdürülməsində
uğurlar qazanıb. Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi önəmli
məsələdir. Azərbaycanın beynəlxalq
ticarət baxımından zəngin tarixi var. Qonaq bu mərkəzin
açılmasını ölkəmizdə icra olunan
islahatlar silsiləsində ən önəmli addımlardan
biri adlandırıb.
Nicat Hacızadə də hesab edir ki,
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi
yeni yaransa da, gələcəkdə ixracın
stimullaşdırılmasında çox böyük rol oynayacaq:
“Hələ mərkəz yenidir və bunun üçün də
qarşımızda qoyulan vəzifələrin icrası
üçün çox çalışmalıyıq. Çünki qeyri-neft ixracının genişləndirilməsi
ümumilikdə ixracın şaxələndirilməsi
baxımından bu gün təqdim olunan imkanlar yeni bir stimul
yaradır. Düşünürəm ki,
sahibkarlarımız üçün bu imkanlardan yararlanmaq
çox mənfəətli olacaq”.
Qeyri-neft
ixracının artırılması istiqamətində həyata
keçirilən kompleks tədbirlər uğurlu nəticələr
verir
Mərkəzin koordinatoru
deyir ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan hökuməti tərəfindən
ixracın genişləndirilməsi, qeyri-neft ixracının
artırılması istiqamətində kompleks tədbirlər
həyata keçirilir. Bu tədbirlər çərçivəsində
həm ixracla bağlı prosedurların sayının
azaldılması, həm ixracın stimullaşdırılması
tədbirləri, eyni zamanda ixracla bağlı müxtəlif
alətlər vasitəsilə sahibkarlara yeni imkanlar
yaradılır. “Made in Azerbaijan” brendinin dünyada
tanıdılması, ixrac missiyalarının və vahid
ölkə stendlərinin təşkili, xaricdə patent və
sertifikatların alınması ilə bağlı dəstək
və digər mexanizmlər həyata keçirilir.
“Bir Pəncərə”
İxraca Dəstək Mərkəzinin yaradılması isə
ixracatçılarımızın işinin daha da
asanlaşmasına imkan yaradacaq. Bu cür layihələrin
icra olunmasının elektron hökumətin formalaşdırılması
ilə yanaşı, ölkəmizin modern inkişaf istiqamətində
verilmiş bir töhfədir. Zaman
keçdikcə “Bir Pəncərə” İxraca Dəstək
Mərkəzinin nə qədər faydalı və vacib mərkəz
olduğunun şahidi olacağıq.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2017.-19
sentyabr.- S.1; 4.