Bitməyən ömür

 

Nə yaxşı ki, ölüm əbədi ayrılıq deyil. Bitən bu dünyada cismən var olduğumuz zamandır. Onun çərçivəsində doğuluruq, böyüyürük, arzular qurur, həyata keçirmək üçün çalışırıq və günlərin birində bu dünyanı tərk edirik... Ondan sonra yeni bir ömür başlayır. Ancaq bu, hər kəsə nəsib olmur. Zamanın əbədiyyət ünvanına gedib çatmaq və orada qərar tutmaq böyük əməl sahiblərinin hünəridir. O zirvəyə yüksəlmək üçün illərin azlığı, çoxluğu da əsas deyil. Əlli üç illik həyatı əbədiyyətə qovuşdurmaq üçün də Aida İmanquliyeva ömrü yaşamaq yetərmiş... Aida xanım 1939-cu il oktyabrın 10-da Bakıda dünyaya göz açmışdır. Uşaqlıq illərinin hər anını sevincə, sevgiyə qərq edən valideynlərinin ümidi, arzusu kimi boya-başa çatmışdır. Anası Gövhər xanım əsilzadə nəslindən gələn xanımlığını, atası, Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan görkəmli jurnalist, əməkdar elm xadimi, uzun müddət “Bakı” və “Baku” qəzetlərinin redaktoru işləməklə bərabər, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışan, jurnalistlərin sevimli müəllimi, ustadı Nəsir İmanquliyevin ötkəmliyini, dürüstlüyünü, səxavətini, sözübütövlüyünü görüb-götürmüşdür.

Belə valideynlər hər adama nəsib olmayan xoşbəxtlikdir. O, ailənin tək övladı idi. Valideynlərinin kölgəsində rahat bir ömür yaşaya, bütün istəklərinə çata bilərdi. Amma o, yolların hamarını seçmədi. Ruhundan süzülən alicənablıq, əsilzadəlik, istedad Aida İmanquliyevanı həyatda yeni cığır açmağa, orada ilk izlər salmağa sövq etdi.

Elə təhsilin ilk pilləsində dərin zəkası, aydın düşüncəsi, oxuyub-öyrənməyə böyük marağı ilə fərqləndi. Bakının məşhur təhsil ocağını - 132 saylı orta məktəbi qızıl medalla bitirdi. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil oldu. Burda da bacarıqlı, ümidverici tələbə kimi tanındı. 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurdu. Və yenə özünə çətin bir yol seçdi. Aida İmanquliyeva elmi araşdırmalarla məşğul

oldu.

1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını ərəb filologiyası üzrə bitirdi, “Qələmlər cəmiyyəti” və Mixail Nüaymənin onun yaradılmasında rolu” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etdi. İyirmi yeddi yaşlı alimin dissertasiyası ölkənin aparıcı mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildi. Həmin il doğma Bakıya qayıdıb Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda fəaliyyətə başladı.

Arzuları böyük, məqsədi aydın idi. Sadəcə, həyata keçirmək istədiyi işlər həddən artıq çox idi. Odur ki, canla-başla çalışırdı. Fitri istedadla zəhməti birləşdirəndə xariqələr yaratmaq olur. Bunu Aida İmanquliyeva öz əməlləri ilə dönə-dönə təsdiq etdi. Gənc alimin elmi araşdırmaları haqqında tezliklə rəğbətlə danışmağa başladılar. Çalışdığı institutda ona hörmət qazandıran yalnız zəhmətsevər, bacarıqlı alim olması deyildi, Aida xanım yüksək insani keyfiyyətləri ilə də hamının sevimlisinə çevrildi.

Zirvəyə uzanan yollar heç də asan keçilmir. Onun da yolu Azərbaycan şərqşünaslıq elminin ucalığına doğruydu. Gərgin əməyi sayəsində elmi fəaliyyəti getdikcə genişlənirdi. 1975-ci ildə iki monoqrafiyası nəşr edildi. “Qələmlər cəmiyyəti” və Mixail Nüaymə” adlı birinci monoqrafiya namizədlik dissertasiyası əsasında hazırlanmış, SSRİ EA Şərqşünaslıq İnstitutu tərəfindən çapa tövsiyə edilmiş və Moskvada “Şərq ədəbiyyatı” nəşriyyatında işıq üzü görmüşdür. Moskvalı alim İ.E.Bilık əsəri yüksək dəyərləndirmişdi. O yazırdı: “Aida xanımın kitabı müasir ərəb ədəbiyyatına güclü təsir göstərmiş ərəb mühacirət ədəbiyyatı kimi mühüm və maraqlı hadisəyə həsr olunmuşdur. Bu əsər sovet ərəbşünaslığında A.E.Krımski və İ.Y.Kraçkovskidən sonra, əslində, ilk ciddi işdir”. Həmin il Bakıda “Elm” nəşriyyatında çap edilmiş “Cübran Xəlil Cübran” monoqrafiyası da ərəbşünas alimlər tərəfindən böyük rəğbətlə qarşılandı.

Elmi axtarışlarının bəhrəsi olan bir-birindən maraqlı, sanballı elmi əsərləri ona dünya şərqşünaslıq elmində layiqli mövqe qazandırırdı. Müxtəlif ölkələrin nüfuzlu elmi jurnallarında 70-dən çox məqaləsi dərc edildi. SSRİ Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatlarının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü seçildi. Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle, Tbilisi, Düşənbə və başqa şəhərlərdə keçirilmiş elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda etdiyi məruzələr müzakirələrə səbəb olur, uzun müddət unudulmurdu.

Uğurlarından biri də 1989-cu ildə Tbilisidə filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi oldu. Uzun illər üzərində işlədiyi həmin dissertasiya əsasında hazırlanmış “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyası 1991-ci ildə “Elm” nəşriyyatında çapdan çıxdı. Bu kitab yalnız Azərbaycanın yox, bir çox ölkələrin şərqşünasları üçün əlamətdar hadisəyə çevrildi. Haqqında yazılan çoxsaylı məqalələrdə, rəylərdə tədqiqatın elmi əhəmiyyəti xüsusi diqqətə çatdırıldı.

Onun şərqşünaslığımızda xidmətləri apardığı dərin araşdırmaları, yazdığı orijinal elmi əsərləri ilə bitmirdi. Aida İmanquliyeva güclü elmi-təşkilatçılıq qabiliyyəti sayəsində vəzifə pillələrində getdikcə yüksəlirdi. O, 1966-1976-cı illərdə əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçisi olduğu Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda 1972-ci ildən ərəb ədəbiyyatı qrupunun rəhbəri, 1976-cı ildən yeni yaradılmış ərəb filologiyası şöbəsinin müdiri seçildi. Elmi, ictimai-siyasi həyatında yaxından iştirak etdiyi institutda 1988-ci ildə yeni məsul vəzifəyə - institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edildi. 1991-ci ildən isə institutun direktoru oldu. Uzun illər çalışdığı doğma elm ocağının problemləri Aida İmanquliyevanı həmişə düşündürür, narahat edirdi. Yüksək vəzifə onları həll etməyinə imkan yaratdı. Onun rəhbərliyi altında bu böyük, zəngin ənənələrə malik elm məbədində mühüm işlərə başlanıldı.

İlk növbədə institutun yeni strukturu hazırlandı, qarşıda duran vacib məsələlər yenidən nəzərdən keçirildi. Görüləcək işlər isə çox idi. Amma bu işləri həyata keçirmək çətin, bəzən müşkül olurdu. Çünki Aida xanım bu adlı-sanlı elmi müəssisəyə böyük ictimai-siyasi hadisələrin baş verdiyi günlərdə rəhbərlik etməyə başlamışdı. SSRİ süquta uğramış, Azərbaycan milli müstəqilliyini bərpa etmişdi. Bu vətənsevər, millət təəssübkeşi olan ziyalının sevinci hədsiz idi. Dövrün onlar üzərinə qoyduğu məsuliyyətin böyüklüyünü də yaxşı bilirdi. Ölkə bir-birindən ağır sınaqlardan keçirdi.

Azərbaycan böyük mübarizələr nəticəsində müstəqilliyinə qovuşsa da, hər bir sahədə çətinliklər yaranmışdı. İqtisadi böhran elmi müəssisələri də öz cənginə almışdı. Belə bir vaxtda Şərqşünaslıq İnstitutunun direktoru Aida İmanquliyeva məsələləri bütün dəqiqliyi ilə müəyyənləşdirir, yeni planlar qururdu. Bəzi əməkdaşlar elmə cəlb edilməli, attestasiya aparılmalı, kadr hazırlığına diqqət artırılmalı, institut əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmalı idi. Həlli vacib işlər yalnız bunlardan ibarət deyildi. Aida xanım institutun fəaliyyətini genişləndirmək, maddi-texniki bazasını möhkəmləndirmək, elmi-publisistik jurnalını təsis etmək kimi əhəmiyyətli məsələlərin həlli üçün yorulmadan çalışırdı.

O, qətiyyətli, əzmkar insan idi. Haqsızlıqlar önündə əyilməz, ruhdan düşüb geri çəkilməzdi. Problemlərin həllində qarşılaşdığı çətinliklər, laqeydliklər də Aida xanımı həvəsdən sala bilmədi. Direktorun böyük həvəslə çalışması, elmi işçilərin hər biri haqqında doğması, yaxını kimi düşünməsi, qayğılarına qalması Şərqşünaslıq İnstitutunun əməkdaşlarını getdikcə daha da ruhlandırırdı. Yaranan canlanma institutun xariclə əlaqələrində də müşahidə olunmağa başladı. Aida İmanquliyevanın rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran və Türkiyənin konsulluqları vasitəsilə bu ölkələrlə elmi əlaqələri genişləndirilir, eyni zamanda institutun nəşriyyat bazasının yaradılması üçün danışıqlar aparılırdı.

Aida xanım Azərbaycan xalqının ən ağrılı məsələsi - Dağlıq Qarabağ münaqişəsi, erməni yalanları, Ermənistanın işğalçılıq siyasəti barədə yüksək tribunalardan çıxış edir, görüş və söhbətlərdə müxtəlif ölkələrin nümayəndələrini məlumatlandırır, SSRİ və Azərbaycan rəhbərliyinə institut adından etiraz müraciətləri göndərirdi. Aida İmanquliyevanın tapşırığı ilə institutda “Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. Hadisə və faktların xronikası” adlı kitab hazırlandı. Burada bir əsr ərzində törədilmiş erməni cinayətləri, onların haqqında qəzet və arxivlərdə olan məlumatlara yer verildi. Kitab əvvəlcə ərəb dilində nəşr olundu.

O illərdə müstəqil Azərbaycanın gənc nəslini yetişdirmək, düzgün istiqamətləndirmək də olduqca vacib idi. Aida İmanquliyeva belə mühüm məsələlərin həllində də böyük həvəslə iştirak edirdi, çünki həm də pedaqoq idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Buna görə də ona “Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə 1991-ci ilin martında professor elmi vəzifəsi verildi.

Aida İmanquliyevanın çoxşaxəli yaradıcılığında tərcüməçilik fəaliyyətinin də ayrıca yeri var. O, müxtəlif illərdə Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi.

Fəaliyyət dairəsinin bu qədər geniş olması elmi işlərini ləngitmirdi. Hər yeni tədqiqat əsəri yorulmaq bilmədən apardığı araşdırmaların nəticələri idi. Böyük alim xalqının dərin köklərlə bağlı olduğu Şərq qədər Qərb mədəniyyəti və ədəbiyyatının da bilicisi idi. Əsərlərində bu iki mədəniyyətin sintezi, yaradıcı üslub, yeni bədii cərəyanların təşəkkülü tədqiq olunurdu. Ümumiyyətlə, Şərqlə Qərbin vəhdəti, mənəvi dəyərlərin qovuşması Aida İmanquliyevanın elmi yaradıcılığında mühüm yer tutur.

Görkəmli alimin elmi maraq və tədqiqat dairəsi çox geniş idi. Bu gün də əhəmiyyətini qoruyub saxlayan çoxsaylı elmi əsərləri bunu təsdiq edir. Ümumiyyətlə, Aida İmanquliyevanın həyatı və yaradıcılıq yolu ilə tanış olanda heyrətlənməmək mümkün deyil. Əlli üç illik ömrə bu qədər işləri necə sığışdırmaq olardı? Görünür, sevginin qüdrəti ilə insanın aşa bilməyəcəyi sədd, dəf etməyi bacarmayacağı maneə yoxdur. O da hər işi sevə-sevə görürdü. Buna görə vətənpərvər, alim, təşkilatçı, tərcüməçi, pedaqoq Aida İmanquliyeva bunların hər birində mükəmməldir, əvəzsizdir. Bir də qayğıkeş qadın, əziz ana, sevimli nənə idi.

Uca Yaradan onun zahiri görünüşünə bütün gözəlliklərdən bəzək vurmuşdu. Həyat eşqi, nəciblik, alicənablıq, məğrurluq, mehribanlıq, səmimiyyət, kübarlıq, ağıl, istedad, müdriklik, özünə qarşı tələbkarlıq, ailəsinə tükənməz məhəbbət, ana sevgisi bu gözəlliyi daha da kamilləşdirmişdi.

Vətəninə gərəkli iki övlad böyütdü Aida İmanquliyeva. Böyük qızı Nərgiz Paşayeva filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəridir. Kiçik qızı Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Bu gün Mehriban xanım həm ölkəmizdə, həm də dünyada həyata keçirdiyi saysız-hesabsız xeyriyyəçilik tədbirləri ilə Azərbaycanın adını yüksəklərə qaldırır.

Aida İmanquliyevanın bir zamanlar elmi-təşkilati işləri həddindən çox olsa da, sevə-sevə vaxt ayırdığı, ancaq əcəl aman vermədiyindən bu dünyada uşaq qoyub getdiyi, eləcə də heç üzünü belə görmədiyi nəvələri də artıq savadlı, bacarıqlı gənclər kimi müxtəlif sahələrdə uğurlar qazanırlar.

Görkəmli alim dünyasını dəyişəndə 1992-ci ilin 19 sentyabrı idi. “İnsan xatırlandığı qədər yaşayır” deyənlər haqlıdırlar. Əlli üç il içərisində bitkin bir ömür yaşayan Aida İmanquliyevanın yeri hər zaman görünür. Onun ömrü, əslində, yarımçıq qalmadı. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevanı elmi əhəmiyyətini itirməyən dərin tədqiqat əsərləri yaşadır. Onun yaradıcılıq yolu yetişdirdiyi və bu gün də əsərlərindən öyrənərək elm aləminə gələn yüksək ixtisaslı milli şərqşünas alimlərin işlərində davam edir. Bir də Aida İmanquliyeva həyat yoldaşının, övladlarının, nəvələrinin sevgisində, onu tanıyanların, haqqında eşidənlərin hörmətində, rəğbətində yaşayır. İllər keçir. Onun yaşı isə əlli üçündə donub qalıb. Aida İmanquliyeva həmin yaşda iyirmi beş il əvvəl olduğu kimi cavan, gözəl, nurlu siması, xeyirxahlıq, sevgi bəxş edən baxışları ilə bu dünyaya gülümsəyir.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.-19 sentyabr.- S.6.