Azərbaycan - Cənubi Koreya dostluğunu təcəssüm etdirən festival

 

Qəbələdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunub

 

Sentyabrın 18-də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş mədəniyyət tədbiri və möhtəşəm konsert olub.

AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin və “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin (SEBA) birgə təşkil etdiyiAriranq”- “Azərbaycanın qəlbini coşdur” adlı mədəniyyət festivalında Koreyanın milli musiqisi, rəqsləri, geyimləri, ritm və hərəkət jestləri nümayiş olunub.

Festivalda əvvəlcə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Dünya Taekvando Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Dünya Taekvando Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Koreya Respublikası və Azərbaycan Respublikası ötən 25 ildə ikitərəfli əməkdaşlıqda böyük irəliləyişə nail olub. Ölkələrimiz siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri daim inkişaf etdirib. Siyasi sahədə əməkdaşlığın uğurlu inkişafının bariz nümunəsi olaraq ötən dövr ərzində ölkə rəhbərləri səviyyəsində üç rəsmi səfər və baş nazir səviyyəsində iki səfər reallaşıb. Cari ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Cənubi Koreyaya, eləcə də bu ölkənin bir çox yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana səfər edib. Özəl sektorda da əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. İş adamları neft-kimya, infrastrukturtikinti sahələrində çoxlu nailiyyətlər əldə ediblər. Koreya Respublikası dünyada iqtisadi inkişafına görə 11-ci, ixrac həcminə görə isə 6-cı yerdədir. Bu ölkə mobil telefon, yarımkeçiricilər, gəmiqayırma, avtomobil istehsalı, bio-texnologiyaneft-kimya kimi müxtəlif sahələrdə dünyada güclü rəqabət qabiliyyətinə malik ölkədir. Həmçinin tibb, kommunikasiya, təhsil və nəqliyyat kimi müxtəlif xidmətlər üzrə ən yüksək səviyyəli texnologiyaya malikdir.

Nazir Kəmaləddin Heydərov Azərbaycanda taekvando idman növünün inkişafından, əldə edilən uğurlardan danışıb, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün bu cür mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Koreyanın milli idman növü olan taekvandonun Azərbaycanda da populyarlıq qazandığını deyən Kəmaləddin Heydərov uşaq, yeniyetmə və gənclərin bu idman növünə böyük marağından, beynəlxalq yarışlarda qazandıqları qələbələrdən danışıb.

Səfir Kim Çanq-gyu bildirib ki, gələcəkdə Koreya hökuməti iqtisadiyyatın inkişaf sahəsindəki təcrübə və texnologiyalarını bölüşərək, Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə vermək niyyətindədir. O qeyd edib ki, Azərbaycan və Koreya xalqları Altay dil ailəsinə mənsub olduqları üçün bir çox adət-ənənə və həyat tərzlərində ümumi cəhətləri bölüşürlər. “Mədəniyyət diplomatiyası əlaqələrimiz üçün çox vacibdir. Bakı Dövlət Universitetində K-POP festivalı, Koreya haqqında viktorina, Azərbaycan Dövlət Filarmoniyasında koreyalı pianoçunun konserti olub. İki ölkə arasında bu günə qədər əldə etdiyimiz nailiyyətlərə əsaslanan əməkdaşlığın daha da inkişaf etməsini arzulayırıq. Bu il ölkənizdə məcburi köçkünlərə dəstək, Koreya-Azərbaycan Birgə Ənənəvi Musiqi Konserti, taekvando yarışı, Koreya-Azərbaycan Birgə Rəsm Sərgisi və Koreya Mətbəxi Festivalı kimi müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. 2017-ci il turizminsan resurslarının mübadiləsi sahəsində ikitərəfli əlaqələrin inkişafı baxımından əlamətdar il olacaq. Ümid edirik ki, xalqlarımız ortaq tarixə əsaslanan dostluq münasibətlərimizi daha da genişləndirəcək”,- deyə səfir vurğulayıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxışında qeyd edib ki, Azərbaycan və Cənubi Koreya arasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrin 25 ili tamam olur. Ölkələrimiz arasında yaranmış sıx münasibətlər dövlət başçılarının siyasi iradəsinin nəticəsidir. Müxtəlif sahələrdə qurulan əməkdaşlıq, ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri bu əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verib. Bu işdə artıq 12 ildir ki, fəaliyyət göstərən “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin (SEBA) də böyük rolu var. SEBA-nın Koreya və Azərbaycan nümayəndələrinin birgə iştirakı ilə həyata keçirdiyi konsert proqramları, beynəlxalq incəsənət sərgiləri, elmi simpoziumkonfranslar, arxeoloji tədqiqatlar, tibbi layihələr buna bariz nümunədir.

Dünya Taekvando Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva çıxışında Azərbaycanda taekvandonun inkişafı ilə bağlı görülən işləri və qazanılan nailiyyətləri yüksək qiymətləndirib, bu idman növünün təbliğinə və geniş yayılmasına yaxından kömək göstərdiyinə görə Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərova, eləcə də uğurlu fəaliyyətinə görə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə təşəkkürnamə təqdim edib.

Tədbirdə məlumat verilib ki, iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə sentyabrın 16-17-də Sumqayıt şəhərində Azərbaycan Taekvando Federasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə taekvando üzrə gənclər arasında “Koreya səfiri kuboku” yarışları keçirilib. Həmçinin sentyabrın 17-də Bakıda Heydər Əliyev Sarayında Koreya musiqiçilərinin, rəqs qruplarının iştirakı ilə konsert olub.

Çıxışlardan sonra mədəniyyət tədbiri Koreya Milli Musiqi Mərkəzi Xalq Orkestrinin təqdim etdiyi milli rəqslərlə başlayıb. Proqrama uyğun olaraq, Cənubi Koreyanın ən yaxşı Hanbok dizaynerləri və milli saç düzümü ustalarının əl işlərindən ibarət moda nümayiş etdirilib. Moda nümayişində Koreya qədim kral ailəsi və saray zadəganlarının dəbdəbəli saray libasları təqdim olunub. Daha sonra Dünya Taekvando Akademiyasının “KukkiwonTaekvando Nümayiş Qrupunun idmançıları nümunəvi çıxışlar təqdim ediblər. Koreyanın milli musiqi və rəqs nümunələrinin, eləcə də ritm alətlərində ifanın nümayiş olunduğu konsertə Koreyanın opera ifaçıları, Azərbaycanın muğam ustaları yekun vurub.

Ümumilikdə 1200-dən çox tamaşaçının iştirak etdiyi konsert alqışlarla müşayiət olunub.

 

Azərbaycan.- 2017.-19 sentyabr.- S.6.