Şərqin Qərb möcüzəsi - Honkonq
Müasir dünya təcrübəsi
Dünyada mükəmməl, kamil heç nə olmasa da, Honkonq ideal kapitalizmin bariz nümunəsi sayılır. “Şərqin mirvarisi”, “Asiya Manhetteni “, “Gələcəyin şəhəri”, “Əfsanəvi şəhər”, “Asiya Hollivudu”... Honkonqa verilən adların sayı-hesabı yoxdur. Yəqin bu “Şərq əfsanəsi”nin çox güman ki, misilsiz sərvətləri, tükənməyən ehtiyatları olduğunu fikirləşəcəksiniz.
Əslində isə yararlı torpaqlara malik olmayan bu ölkənin demək olar ki, heç nəyi yoxdur! Ərazisinin 90 faizi dağlar və təpəliklərdir.
Bütün ərzaq məhsulları, yanacaq, xammal və hətta su da xaricdən gətirilir. Tez-tez baş verən zəlzələlər, qasırğalar və tufanlar, həddən ziyadə yüksək rütubət və dözülməz istilər “əfsanəvi şəhər”dən daha çox “lənətlənmiş məkan” təsəvvürü yaradır. Amma necə olur ki, tanrının üzü döndüyü bu yer cənnətə çevrilir və bütün dünyaya özünü ağlasığmaz möcüzə kimi sevdirir?
“IMD World Competitiveness”in reytinqinə əsasən, 2016-cı ildə dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatına görə Honkonq birinci elan olundu. İkinci yeri İsveçrə tutdu, ABŞ isə birinciliyi əldən verərək üçüncü yerdə lövbər saldı. Honkonq həmçinin “Heritage Foundation”un reytinqlərinə görə 20 ilə yaxındır ki, ən yüksək iqtisadi azadlıqların birinci pilləsində qərar tutur. Adambaşına düşən ÜDM 40 min dolları keçməklə Fransa, Almaniya və Yaponiya kimi dövlətləri arxada qoyub. Böyük Britaniyanın keçmiş koloniyası olan Honkonq bir çox sosial-iqtisadi göstəricilərinə görə keçmiş ağalarını belə ötə bilib. Dollar milyarderlərinin sayına görə (40 nəfər) birincidir. Bütün Çin seriallarında xanımlar bir qayda olaraq varlı honkonqluya ərə gedirlər. Şopinq aludəçiləri üçün bura əsl cənnətdir, nəhəng ticarət mərkəzləri ən tələbkar alıcıları da dünyanın məşhur brendləri və aşağı qiymətləri ilə cəlb edir.
Honkonq London və Nyu Yorkdan sonra dünyanın 3-cü maliyyə mərkəzidir və gələcəkdə birinci qlobal maliyyə mərkəzinə çevrilmək üçün bütün şanslara malikdir. Onun bankları dünyada hamıdan etibarlı sayılır və valyuta ehtiyatlarına görə 8-ci yerdədir. Bütün dünya investorları üçün Honkonq Asiyaya və Çinə açılan əsas qapıdır. Burada ildə iki dəfə keçirilən nəhəng beynəlxalq sərgilərə dünyanın hər yerindən yüz minlərlə sahibkar axışır. İxrac və idxalın həcmi ÜDM-dən artıqdır.
Paytaxt rahatlığı
və Qərb müasirliyi ilə insanı heyrətə salan ən
varlı şəhərlərdən biridir. Honkonq dünyada
milyonçuların sayına görə də Sinqapurdan sonra
ikincidir. Bu ölkənin şəninə tərifləri
sonsuzluğadək uzatmaq mümkündür. Məhz buna görə də
Honkonq “ideal kapitalizm”in rəmzi sayılır. İdeal
sözü bir tərəfdən mükəmməl və
qüsursuz mənalarını daşısa da, digər tərəfdən
də qeyri-mümkün, həqiqətdə olmayan bir şey
kimi yozulur. Bəs Honkonq bunlardan
hansıdır?
Güzgülü göydələnlər,
urbanik cəngəlliklər, şüşəli boru
keçidlər, qayğısı çəkilən adalar
reallıqdan daha çox ağlasığmaz əfsanəyə
bənzəyir. Bura o qədər işıqlı, əzəmətli
və qəlbə yatandır ki, bir dəfə cəlb etdiyi kəsi
daha özündən heç yerə buraxmır.
Honkonq Cənubi Koreya, Sinqapur və
Tayvanla birlikdə “Kiçik Asiya əjdahaları” titulunu
qazandı və qısa müddətdə - Yaponiyadan 4,
ABŞ-dan 8 dəfə sürətlə dünyanın
yüksək texnologiyalarla inkişaf edən postindustriya
ölkəsinə çevrildi. Analitiklər bu
“əjdahalar”ın sürətli tərəqqisini xarici və
daxili amillərlə izah edirlər. Xarici amillər
bunlardır: əgər Tayvan və Cənubi Koreya
ABŞ-ın geopolitik maraqları dairəsində idisə,
Honkonq 150 ildən artıq Böyük Britaniyanın
koloniyası idi. Hər üç ölkə
bu mövqelərdən bəhrələnərək ciddi
iqtisadi və hərbi yardımlar alırdılar. Daxili amillər isə əlverişli coğrafi
mövqe ilə bağlıdır. Bu
ölkələrin hamısı əsas iqtisadi-ticarət
yollarının kəsişməsində yerləşdiyindən
ABŞ, Yaponiya, Çin kimi dünyanın fərqli bir templə
inkişaf edən ölkələrinə yaxın idilər.
Honkonqun yarımadada və 260 adada yerləşməsi
ona dənizin sahilində unikal mövqe və imkanlar verir.
Dünyanın ən dərin təbii limanı
məhz burada yerləşir və ən nəhəng gəmilər
də sahilə yan ala bilir. Hələ XIX əsrdə
Britaniya imperiyasının tərkibində olarkən bura azad
gömrük zonası və azad anbar statusunu aldı. ÇXR elan olunanda Honkonq Qərblə Çin
arasında vacib kanala çevrildi, onun iqtisadiyyatına
investisiyaların yatırılmasında vacib rol oynadı.
Bu gün Honkonq limanına gündə 300
böyük gəmi yan alır, yükdaşımaların həcminə
görə dünyada dördüncüdür.
1949-cu ildə ÇXR elan olunan kimi
Honkonq və Tayvana kommunist rejimindən xilas olmaq istəyən
qaçqınların böyük axını baş verdi. Honkonq ucuz və
ixtisaslaşmış işçi qüvvəsi əldə
etdi. Honkonqlular dünyada hamıdan
çox - gündə 12, həftədə 50 saat işləyirlər.
“Aşiya əjdahaları”nın demək olar ki, hamısında iqtisadi
islahatları sərt idarə edən və xarici
investorların sərmayələrinin qorunmasına yüksək
təminat verən avtoritar siyasi rejimlər mövcud olub. Honkonq isə 1997-ci ilədək ingilislərin
koloniyası kimi qalırdı və burada heç bir
demokratiyadan söhbət gedə bilməzdi. Honkonqun
Çinlə birləşməsi “bir ölkə iki sistem”
formulu ilə baş verdi: kapitalist
iqtisadiyyatı və geniş idarəetmə. 2047-ci
ilə kimi o, müdafiə və xarici siyasət istisna olmaq
şərtilə öz hökumətini, gerbini,
bayrağını, qanunlarını, valyutasını və
tam iqtisadi müstəqilliyini saxlayacaq. Pekin
isə icra və qanunvericilik hakimiyyətinə tam nəzarət
edir, demokratiyanın genişlənməsinə bir o qədər
də qol-qanad vermir.
Honkonqun uğurlarının
ən vacib sirlərindən biri əhalinin mentaliteti,
psixologiyasıdır. Bütün təbii sərvətlərdən
məhrum olan honkonqlu hər gün yorulmadan
çalışmalı, heç kimin qəyyumluğuna
güvənməli deyil. Burada uşaqları
balacalıqdan zəhmətə alışdırır,
kompromissiz uğura can atmağı öyrədirlər.
Ölkənin yalnız bir şüarı var: “İşləyin,
işləyin və yenə də işləyin!” Burada nəinki işləməyən, heç dincələn
honkonqlunu axtarsan da, tapa bilməyəcəksən. Yerli əhali qanuna hörmət edir, hər şeydə
səliqə və sahmanı sevir, qənaətcil və
praqmatikdirlər. Onların ən böyük
amalı qazanmaq və qənaətlə xərcləməkdir.
Biz adamı paltarına
görə qarşılayıb, ağlına görə yola
salırıq.
Xarici görünüş, izafi dəbdəbə
bizim üçün müqəddəsdir. Honkonqda isə varlı adamlar çox olsa da, sadəliyə
daha meyillidirlər. Məsələn,
qarşına sadə geyimdə, ucuz ayaqqabılarda 82
yaşlı qoca çıxa bilər. Asketik və bir də
qədər kasıb olduğunu, plastmas saat
taxdığını görəcəksən, ürəyin
yanacaq, əlini cibinə salıb əl tutmaq istəyəcəksən...
O isə imtina edib gülümsəyərək deyəcək
ki, mən Honkonq milyarderlərinin siyahısına
başçılıq edirəm.
Honkonqda hakimiyyətin
özü də dəyişikliklərə və yeniliklərə
həssasdır, xarici investorları müasir yeni texnologiya və
avadanlıqları inkişaf etmiş ölkələrdən
sürətlə cəlb edir. Burada sənayeləşmə
sürətlə gedir, daxili tələbatın
azlığı səbəbindən xarici ticarətə
xüsusi diqqət verilir, sənaye məhsullarının
böyük əksəriyyəti xaricə ixrac olunur. Elmi tutumu olan məhsulların istehsalı genişlənir,
şəhər dünyanın ən innovativ mərkəzlərindən
birinə çevrilir. Turizm, telekommunikasiya,
daşınmaz əmlak əməliyyatları, sığorta və
s. iqtisadiyyatın əsas sahələri
sırasındadır. Məhz bu sektor ÜDM-in
90 faizini təşkil edir. Əhalisi 8
milyon olan bu ölkə 40 milyon ətrafında turist qəbul
edir. Hələ 90-cı illərdən
Honkonq bank və maliyyə mərkəzi kimi tanındı.
Ucuz çətir və qalstuk istehsal edən
ölkə böyük zavodların, konstruktor
bürolarının və başqalarının maliyyə
resurslarını idarə edən nəhəng mərkəz
oldu.
Honkonqlular deyir ki, gəmiyə
necə ad versən, elə də üzəcək. Bu gün deyilən
söz real işlərə təkan verir, gələcəyə
təsir edir. Honkonq sözünün mənası
ətir qoxuyan liman deməkdir. İngilislərin
burada saldığı birinci şəhərin adı da
Viktoriya idi. Elə bu adlar Honkonqun
simasına, insanların psixologiyasına müsbət təsir
edib və bəlkə də fond bazarları, ticarət
sövdələşmələri, sərmayə layihələri
vasitəsilə milyardlarla dolların
yatızdırılmasına təkan verib. Adın arxasınca gələn şöhrətə
inanmamaq mümkündürmü? Əlbəttə,
ideal kapitalizmin yaranmasında addan başqa azad bazar,
kapitalın, məhsulların və əməyin azad hərəkəti
də rol oynadı. İngilislər 150
illik kolonial idarəçilik müddətində liberal siyasətin
əsaslarını aşılaya bildilər. Bütün iqtisadi fəaliyyət bu gün özəl
əllərdədir. Uğurlu biznes
mühitinə qanad verən vergi sistemi yaradılıb, vergi
yükü ən aşağı həddədir və
ƏDV, gömrük rüsumları, dövriyyədən gəlir
vergiləri yoxdur. Dividendlərdən gəlir,
sosial ödəmələr də yoxdur. Bura
aşağı səviyyəli vergilərə hesablanan azad
limandır.
Qanunlara ciddi əməl
olunması çoxsaylı xarici sərmayədarların ən
yaxşı təminatıdır. Bundan başqa,
biznes-proseslərin mexanizmi səlis işləyir, məxfilik
gözlənilir, tənzimləmə sistemi şəffafdır,
hakimlər isə satılmır, buradakı korrupsiya da ən
aşağı həddədir. Mükəmməl
maliyyə, ofis və nəqliyyat infrastrukturu yaradılıb.
Bütün adalar bir-birinə körpülər,
estakadalar və yeraltı tunellərlə bağlıdır.
Dünyada yük terminalı birinci yeri tutan super
müasir aeroport fəaliyyət göstərir. Gecə və gündüzdən asılı
olmayaraq burada hər dəqiqədə havaya bir təyyarə
qalxır. Dünyanın ən nəhəng
rüsumsuz konteyner limanı, Honkonqun özündə üzən
660 və xaricdə qeydiyyata alınan 570 gəmidən ibarət
dəniz ticarəti donanması var.
Ölkədə 250 bank fəaliyyət
göstərir, dünyanın ən nəhəng 100
bankının 70-nin burada nümayəndəlikəri var. Bu
bank sistemi hətta böhran illərində belə sabitliyini
qoruya bildi.
Burada Silikon vadisinin analoqu
olan “Science & Technology Park”da perspektiv ideyaların üzərində
çalışan şirkətlər üçün bütün
imkanlar yaradılıb. Müasir ofislər, laboratoriyalar,
avadanlıqlar güzəştli şərtlərlə icarəyə
verilir. Məhz bu amillərə görə
Honkonq biznesin aparılması şəraitinə görə
dünyada üçüncüdür.
Banklara, sərmayədarlara
geniş imkanlar yaradılır və intellektual mülkiyyəti
müdafiə edən Britaniya qanunvericiliyi tətbiq edilir. Honkonq
dolları dünyada ən sabit valyutadır, inflyasiya ən
aşağı həddədir.
Əhalinin əksəriyyəti
ingilis dilini səlis bilir, demək olar ki, bütün ofislərdə
xaricilər çalışır. Honkonq çinliləri
ingilis adları və çin familiyalarını
daşıyırlar. Çin
ixracının 60 faizi Honkonqdan keçir. Həmçinin
burada Asiyada yerləşən nəhəng transmilli şirkətlərin
qərargahları yerləşir.
Əlbəttə, Honkonqun çətinlikləri
də az deyil. Lakin
bütün bunlara baxmayaraq, planetin çiçəklənən
regionlarından biridir. Ən vacibi isə
odur ki, Honkonq dünya iqtisadiyyatının ağırlıq mərkəzinin
tədricən Qərbdən Şərqə keçməsində
mühüm rol oynayır. Beləliklə,
ən vacibi odur ki, Honkonq uğurları ilə “ideal kapitalizm”
modelinin mümkünlüyünü isbat etdi. Qərb kapitalizminin ideal variantının Şərqdə
təşəkkül tapmasının özü möcüzədir.
Bahadur
İMANQULİYEV
Azərbaycan.- 2017.- 29 sentyabr.- S.6.