Son arzusu vətəninə qovuşmaq idi
Lütfi Zadəni bütün dünyada tanıdan qeyri-səlis məntiq nəzəriyyəsi elmdə
də, insanın həyata fəlsəfi baxışında da çox böyük inqilab oldu. O, təkcə
misilsiz alim deyil, həm də böyük şəxsiyyət, Azərbaycanı
çox sevən, azərbaycanlı, bakılı
olması ilə fəxr edən vətənpərvər idi.
Şöhrətin zirvəsində dayanan
Lütfi Zadə uzun illər uzaqlarda yaşasa da, vətənini unutmur, Azərbaycanla daim maraqlanırdı.
Bakı dünya şöhrətli
alim üçün ən xoş, kövrək xatirələrinin
ünvanı idi. Lütfi
Zadə - Lütfəli
Rəhim oglu Ələsgərzadə 1921-ci il 4 fevralda bu şəhərdə, jurnalist-psixoloq ailəsində
dünyaya göz açdı. İlk təhsilinə Bakıdakı
16 saylı məktəbdə
başladı. Ömrünün
dörd ili
həmin təhsil ocağı ilə bağlı oldu.
1931-ci ildə
ailəsi İrana köçmək məcburiyyətində
qaldı. Orada ingilis təmayüllü
məktəbdə oxudu,
sonra Tehran Universitetinin
mühəndis-elektrik fakültəsinə
daxil oldu. 1942-ci ildə həmin
universitetdə təhsilini
uğurla başa vurdu. 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına
yollandı. 1946-cı ildə Massaçuset Texnologiya İnstitutunu bitirdi, 1949-cu ildə Nyu Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsini aldı.
Kaliforniya Elmi mərkəzinin
sədri olan Norbert Viner 1957-ci ildə Lütfi Zadəyə məktub yazaraq onu Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət
etdi. 1959-cu ildə ailəsi ilə birlikdə Berkli şəhərinə
köçdü və
Berkli Universitetində
elektrik mühəndisliyi
fakültəsində işə
başladı. 1963-cü
ildən həmin fakültəyə rəhbərlik
etdi və sonra kompüter elmləri ixtisasını
açaraq fakültənin
adını dəyişdirdi,
Elekrtik mühəndisliyi
və kompüter elmləri fakültəsi adlandırdı. Berkli
Universiteti, Elekrtik mühəndisliyi və kompüter elmləri fakültəsi onun alim kimi yetişib
formalaşmasında və
inkişafında böyük
rol oynadı.
Fitri istedadla zəhmətin bəhrəsi olan hər bir əsəri
ona hörmət, nüfuz qazandırırdı. Lütfi
Zadə “Zamana görə dəyişən
şəbəkələrin tezlik sahəsinin inkişafı” (1949), Ç.R.Raqassini
ilə birlikdə yazdığı “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin
inkişaf etdirilməsi”
(1950), Ç.R.Raqassini ilə
birlikdə yazdığı
“Z-çevirmə üsulunun
yaradılması” (1952), “Qeyri-xətti
süzgəclər nəzəriyyəsinin
yaradılması” (1953), “Sistemlərin
identifikasiya problemlərinin
formalaşdırılması” (1956), Ç.A.Desoir ilə birlikdə yazdığı
“Xətti sistemlərin
təhlili üçün
vəziyyət fəzası”
(1963), R.E.Belman ilə
birlikdə yazdığı
“Qeyri-səlislik şəraitində
qərar qəbul etmək” (1970), “Linqvistik dəyişən və qeyri-səlis “əgər-onda”
qaydalarının konsepsiyası”
(1973), “Təbii dilin işlənilməsi üçün
mümkünlük nəzəriyyəsi”
(1978), “Təxmini mühakimə
nəzəriyyəsi” (1979), “Sağlam düşüncəyə
əsaslanan mühakimə
nəzəriyyəsi” (1985), “Dispozisiya məntiqi” (1988),
“Qeyri-səlis qaydalar,
qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft
computing nəzəriyyəsi” (1991), “Sözlə işləyən
kompüterlər nəzəriyyəsi”
(1996), “Qeyri-səlis informasiya
qranulyasiya nəzəriyyəsi”
(1997), “Təəssürat nəzəriyyəsi”
(1998) kimi əsərləri
ilə dünya elminin inkişafında mühüm rol oynadı.
1965-ci ildən
dünyanın bütün
aparıcı firmalarında
onun nəzəriyyələri
tətbiq olunmağa başladı. Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri
doktoru adına
layiq görüldü.
Həmçinin ABŞ Milli
Mühəndislik Akademiyasının
üzvü, Koreya Elm və Texnoloji Akademiyasının, Bolqarıstan
Elmlər Akademiyasının,
Polşa Elmlər Akademiyasının, Azərbaycan
Milli Elmlər Akademiyasının fəxri
xarici akademiki seçildi.
O, 200-dən cox elmi məqalənin tək müəllifi, 70-dən
cox elmi jurnalın redaksiya heyətinin üzvü oldu. Elmi tədqiqatları bir neçə nüfuzlu şirkət və Azərbaycanın Rabitə və İnformasiya Nazirliyi tərəfindən dəstəkləndi.
İllərin ayrılığından sonra,
1965-ci ildə Bakıya
ilk dəfə səfər
etdi. Bura Qara dənizdə
Odessa-Batumi istiqamətində üzən “Admiral Naximov” teploxodunda avtomatik idarəetmə problemlerinə
həsr olunmuş beynəlxalq elmi konfransdan sonra gəldi.
Doğma şəhəri ilə növbəti görüşü
43 ildən sonraya qaldı. 2008-ci il noyabrın 9-11-də Lütfi
Zadə “BakuTel” beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisində
iştirak etmək üçün Bakıya
səfər etdi. Burada yenə özünə qarşı sonsuz hörmət, rəğbət
gördü. Səfər zamanı
o, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
də qəbul edildi.
Səfər proqramı geniş olsa da, Bakını
gəzə bildi. Onun xəyallarının,
xatirələrinin şəhəri
çox dəyişmiş,
daha da gözəlləşmişdi.
Ən gözəl, unudulmaz xatirələrindən biri
də illər sonra doğma məktəbinə - Bakıda
yerləşən 16 saylı
məktəbə getməsi
oldu.
Dünya elminə
böyük xidmətlər
göstərmiş alim
Azərbaycan Prezidentinin
4 fevral 2011-ci il tarixli sərəncamına əsasən,
Elm və texnologiyaların
inkişafına verdiyi
töhfələrinə və
mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə
görə “Dostluq” ordeni ilə təltif edildi. Həmin ildən Lütfi Zadənin elminə həsr olunmuş konfranslar keçirilməyə
başlandı.
23-26 may 2011-ci ildə
ABŞ-ın Kaliforniya
ştatının San Fransisko
şəhərində azərbaycanlı
alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş I Soft Computing üzrə
Ümumdünya Konfransı
keçirildi. II Soft Computing üzrə Ümumdünya
Konfransı 3-5 mart 2012-ci il
tarixdə Bakıda,
III Soft Computing üzrə Ümumdünya
Konfransı 16-18 noyabr
2013-cü il tarixdə
Texas ştatının San Antonio şəhərində, IV Soft Computing üzrə Ümumdünya
Konfransı 24-26 may 2014-cü il tarixdə Kaliforniya ştatının
Berkli Universitetində,
V Soft Computing üzrə Ümümdünya
Konfransı 16-18 avqust
2015-ci il tarixdə Vaşinqton ştatının
Redmond şəhərində, VI Soft Computing
üzrə Ümumdünya
Konfransı 26-28 may 2016-cı il tarixdə Kaliforniya ştatının
Berkli Universitetində
təşkil olundu. Növbəti VII Soft Computing üzrə
Ümumdünya Konfransının
isə Azərbaycanda,
28-31 may 2018-ci ildə Bakıda
keçirilməsi nəzərdə
tutulub.
Azərbaycan Milli Elmlər Akademiyası alimi anadan olmasının 95 illiyi münasibətilə
Nizami Gəncəvi qızıl medalı ilə təltif etdi. Təqdimetmə mərasimi 2016-cı ilin 7 sentyabrında Berklidə Elektrik mühəndisliyi və kompüter elmləri fakültəsi və Azərbaycan Respublikasının
Los Ancelesdə yerləşən
baş konsulluğunun
birgə təşkilatçılığı
ilə həyata keçirildi.
Elə insanlar var ki,
onlara uzun illər yaşamaq nəsib olur. Ancaq o ömrün
çərçivəsində gördükləri işləri
yazmaq üçün
bir-iki vərəq kifayət edir. Lütfi Zadənin həyatı isə elə zəngindir ki, danışanda heyrətlənməyə
bilmirsən. İstər-istəməz düşünürsən ki,
bir insan ömrünə bu qədər çox və əzəmətli işləri sığışdırmaq
üçün Lütfi
Zadə olmaq gərəkdir.
Son illər
onun səhhətində
yaranan problemlər hamımızı narahat edirdi. Ancaq ömrünün
yüzünə az qalmış alimi nə yaşının
çoxluğu, nə
də sağlamlığını
itirməsi ruhdan salırdı. O, güclü
iradəyə malik, qətiyyətli insan idi. Hər gün elmi işlə məşgul olur, ona gələn
e-mail-ləri cavablandırmaga
çalışırdı. Amma nə qədər kədərli olsa da, özünü də, bizi də
əbədi ayrılığına
hazırlayırdı.
Sentyabrın 5-də Lütfi Zadə artıq danışmadı. Səhəri
gün - sentyabrın
6-da, Kaliforniya vaxtilə
saat 07:30 radələrində
dünya şöhrətli
azərbaycanlı alim,
qeyri-səlis çoxluqlar
nəzəriyyəsinin və
qeyri-səlis məntiqin
banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 97 yaşında rahat və ağrısız bu dünya ilə
vidalaşdı. O, müsəlman
qaydası ilə, cənazə namazı qılınmaqla dəfn olunmaq arzusunda idi.
Berkli Universitetinin rəsmiləri
ilə elə həmin gün görüşüb onları
məlumatlandırdım. Sentyabrın 8-də universitetdə Lütfi Zadənin xatirəsinə
həsr olunmuş tədbir keçirildi.
Tədbirdə fakültənin
dekanı professor S.Shankar
Sastry, kafedra müdirləri, professorlar
James Demmel və Stuart
Russell, Lütfi Zadənin
oğlu Norman Zadə və universitet alimləri, eləcə də digər ali məktəblərdən
gələn elm xadimləri
çıxış edərək
şöhrətli alim
haqqında xatirələrini
söylədilər.
Kaliforniyada yerləşən Azərbaycan
icması da sentyabrın 9-da Lütfi Zadənin xatirəsinə
həsr edilmiş tədbir keçirdi. Tədbirdə Azərbaycan icmasının
prezidenti Vüsal Əzizəliyev, mən və digər icma üzvləri çıxış etdik.
Böyük alimin ruhuna dualar oxundu və
Azərbaycan icması
tərəfindən ehsan
verildi.
Lütfi Zadə dünya elmində o qədər böyük işlər başladı ki, onları sona çatdırmağa şübhəsiz
bir insan ömrü yetməzdi. O, böyük
məktəb yaratdı,
geniş bir yol açdı. Özü də əmin idi ki, davamçıları
görkəmli alimin arzularını həyata keçirmək üçün
əllərindən gələni
əsirgəməyəcəklər.
Əsl insan, bənzərsiz alim ömrü yaşayan Lütfi Zadənin son mənzili Azərbaycan olacaq. Onun bundan
sonrakı ünvanı
bəllidir. Sevənlərinin qəlbində, onun elmi istiqaməti, nəzəriyyələri, tətbiq
sahələri ilə
işləyən və
gələcəkdə işləyəcək
alimlərin fəaliyyətində
Lütfi Zadə ömrü davam edəcək. Onun nəzəriyyəsi
dünya alimləri tərəfindən tam araşdırılmamışdır
və hələ araşdırılmaqda davam
edir.
Şahnaz ŞAHBAZOVA,
AzTU-nun professoru, texnika
elmləri doktoru,
Lütfi Zadə
adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan.- 2017.-29 sentyabr.- S.3.