Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdirilib

 

Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdirilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də Qırmızı qəsəbədə Albert Aqarunovun adını daşıyan küçədə Milli Qəhrəmanın xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.

Mərasim hərbi orkestrin ifasında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Quba rayonunda da şəhidlərimizin xatirəsi əbədiləşdirilir, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir.

Qeyd olunub ki, Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 23 yaşında olarkən 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli Məclisin deputatı Yevda Abramov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş vətənpərvər kadrlardan ibarət olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, öz ərazi bütövlüyünü tezliklə bərpa edəcək.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir. Albert Aqarunovun davamçıları ötən ilin aprelində düşmən təxribatlarına layiqli cavab verərək, öz qəhrəmanlıqlarını bir daha göstərdilər.

Döyüş yoldaşları və yaxınları Albert Aqarunovu Vətəni sevən, yaşadığı torpaq uğrunda canından keçməyə hazır olan insan kimi xarakterizə ediblər.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

Azərbaycan.- 2017.-29 sentyabr.- S.6.