Xalqımızın iftixarqürur ünvanları əbədi ziyarətgahlara çevrilib

 

Xiyabanlar

 

Andqürur yeri hər bir xalqın üz tutub ziyarət etdiyi müqəddəs məkanlardan sayılır. Belə müqəddəs ünvanlar ölkəmizdə az deyil. Lakin onların arasında Fəxri xiyabanla Şəhidlər xiyabanının xüsusi yeri var.

Fəxri xiyaban Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların dəfn olunduğu məkandır. 1948-ci ildə Bakı şəhərinin dağlıq hissəsində, Yasamal rayonu ərazisində yaradılmış Fəxri xiyabanda əbədiyyətə qovuşanlar, əsasən yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənənlər, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci Dünya müharibəsi illərində alman faşizminə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş adamlardır.

Sovet hakimiyyətinin qurulması və möhkəmlənməsində fərqlənmiş bolşeviklərin, vəzifəli partiya işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunublar. Onların arasında Azərbaycandan kənarda çalışsalar da, xalqa xidmətdə xüsusi fədakarlıq göstərmiş insanlar da az deyil.

Görkəmli ədəbiyyat və mədəniyyət xadimləri - Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Hüseynqulu Sarabski və başqalarının məzarları da Fəxri xiyabana köçürülübburada qəbirüstü abidələri qoyulub.

Xiyaban yaradıldıqdan sonra Azərbaycanın görkəmli şəxsiyyətləri, bir qayda olaraq, burada dəfn ediliblər. I Fəxri Xiyabanda 250-dən, II Fəxri Xiyabanda isə 500-dən çox ictimai-siyasi və dövlət xadimi, eləcə də ədəbi simalarımız uyuyur...

Son illər Fəxri xiyabanın müqəddəs məkan kimi ziyarətçilərinin sayının artması, insanların bura kütləvi şəkildə axını, şəksiz ki, səbəbsiz deyil. 2003-cü ilin dekabr ayının 12-dən Fəxri xiyabana başlayan insan axını bitib-tükənmir. Çünki məhz həmin tarixdən Fəxri xiyaban dünyanın aparıcı dövlətlərinin ölkəmizdəki diplomatik korpusunun nümayəndələri ilə yanaşı, dost, qardaş ellərdən gələn qonaqların da ziyarət yerinə çevrilib.

Xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərmiş, müstəqillik əldə edildikdən sonra isə demokratik dövlət quruculuğunun əsasını qoyan ulu öndər Heydər Əliyev də həmin təqvim günündən bu müqəddəs məkanda dəfn edilib. Ümummilli liderin hər anı xalqına, Vətəninə bağlı olub. Ulu öndərin xalqa misilsiz xidmətlərini saymaqla qurtarmaz. Böyük rəhbər müasir Azərbaycan dövlətinin bünövrəsini qoymuş dahi kimi yazılıb xalqımızın yaddaşına. Ulu öndər Heydər Əliyevin işıqlı xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Çünki ümummilli liderin dövlətçilik tarixindəki müstəsna xidmətlərinin nəticəsi olaraq Azərbaycan bu gün təkcə yerləşdiyi regionun deyil, Avropanın sürətlə inkişaf edən dövlətlərindən biri kimi tanınır. Bütünlüklə həyat və fəaliyyətini xalqına, memarı və qurucusu olduğu müasir Azərbaycan dövlətinin qorunub saxlanmasına həsr edən ümummilli lider Heydər Əliyev ölkəni iyirminci yüzilliyin sonunda siyasi fəlakətlərdən, vətəndaş qarşıdurmasından xilas etmiş dahi şəxsiyyət kimi yaddaşlarda əbədi yaşayır.

2003-cü ilin şaxtalı-çovğunlu dekabr günlərindən ötən müddət ərzində Fəxri xiyabana - Baş ziyarətgaha üz tutan insan axını da bunu təsdiqləyir.

Əziz və parlaq xatirəsi dərin hörmət və ehtiramla yad edilən ümummilli liderin dərin zəkası, uzaqgörən siyasəti nəticəsində xalqımız özünün xilas yolunu ulu öndərimizin həmişəyaşar ideyalarında tapıb, məhz buna görə də çətin siyasiiqtisadi böhranlardan çıxıb, Azərbaycan isə dünyanın ən sürətli inkişaf yolunda olan ölkəsinə çevrilib.

Fəxri xiyabanda həmçinin akademik, görkəmli ictimai xadim, əməkdar elm xadimi, dahi şəxsiyyətin - Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa vermiş, qəlbini şam kimi əridib ondan işıq umanların yoluna nur çiləmək üçün dünyaya gəlmiş Zərifə xanım Əliyevanın da məzarı var. Görkəmli dövlət və elm xadimi, müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminintibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermiş, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş Əziz Əliyevin, eləcə də əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyevin də məzarı burada, daim ziyarət edilənlər arasındadır.

Bakının müqəddəs ziyarətgahlarından biri də Şəhidlər xiyabanıdır. Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan memorial abidə hər il uşaqlı-böyüklü hamının baş əydiyi məbədə çevrilib. Şəhidlər xiyabanının al-qırmızı qərənfillərə bürünməsi də məhz xalqımızın qəhrəmanlıq tarixinin şərəfinədir. Xiyabanın girişinə açıq və tünd qırmızı qərənfillərdən döşənmiş xalının da rəmzi mənası var.

Xüsusi zövqlə hazırlanmış bu kompozisiya xiyabana ilk qədəm basanlara xalqımızın milli-mənəvi və mədəni sərvətlərindən biri, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan xalçaçılıq sənətinə verilən dəyəri təcəssüm etdirir. Xalının üzərinə “toxunmuşbir cüt qərənfil isə əlbəttə, 20 Yanvarın rəmzidir...

Hər il qanlı yanvar hadisələrinin ildönümü ərəfəsində xüsusi zövqlə bəzədilən xiyaban qonaqlarını sakithüznlü bir görkəmdə qarşılasa da, bu tarixi unutmaq olmaz. Qərənfildən libas geyinən xiyabanda iki addımdan bir xüsusi şamların qoyulması burada ümumi fona özgə bir rəng əlavə edir. Maraqlıdır ki, qərənfillərin bir müddət solmaması da düşünülür. Xüsusi materialdan hazırlanan oturacaqlara bərkidilən qərənfillər bu qablardan nəm çəkdikləri üçün bir neçə gün öz təravətini saxlaya bilir. Divarlara və səkilərə bərkidilən təbii güllər isə xüsusi qaydalarla kompozisiyalaşdırılır.

Xiyabanın ərazisində təmizlik və abadlıq ilboyu göz oxşayır. Elə girişdən bura ayaq basanların diqqətini öncə səliqə, abadlıq və qayğı çəkir. Bu işləri yerinə yetirən, xiyabana ziyarətçilərin daha çox axışdığı günlərdə xüsusi xidmət göstərənlərlə etdiyimiz söhbətdən məlum olur ki, onlar bütün işləri təmənnasız görürlər. Bu insanların aralarında müəllim də var, mühəndis, rəssam, heykəltəraş da. Bakı Şəhər İcra Hakimiyyətinin kommunal-məişət məsələləri üzrə xidmət departamentinin əməkdaşlarının iştirakı ilə xiyabanı bəzəyənlərin əməyi, sözün əsl mənasında, təqdirəlayiqdir.

Qərənfil libaslı bu müqəddəs məkanda 158 nəfər dəfn edilib ki, onlardan dördü naməlumdur. Xiyabanda, eyni zamanda 256 Qarabağ şəhidi uyuyur.

1992-ci il yanvarın 25-26-da baş verən məlum “Daşaltı əməliyyatı”nda şəhid olan 70 döyüşçümüzün də şərəfinə burada abidə qoyulub.

20 Yanvarın anım günü ərəfəsində ayrı-ayrı əmək kollektivləri, təhsil, səhiyyə müəssisələrində çalışanlar xiyabana gəlir, oranı ziyarət edirlər. Şəhidlər xiyabanına gələnlərin arasında ağsaqqal, ağbirçək də var, uşaq da, əlil də...

Ziyarətçilər arasında xiyabanın yaşıdları da az olmur, bu da rəmzi xarakter daşıyır. Nə yaxşı ki, gənclərdə də vətənpərvərlik daha çox hiss olunur. Onları bu müqəddəs məkana gətirən bir gecədə torpaq üzərinə qanları ilə “Azadlıq” yazan şəhidlərin məzarlarını ziyarət etmək və amallarına sadiq qalacaqlarını dönə-dönə təsdiqləməkdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə ucaldılan Şəhidlər Abidə Kompleksi xiyabanın rəsmi simvoludur. Bu abidə kompleksi xiyabanın ümumi kompozisiyasının kulminasiyası sayılır. Müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin ən inkişaf etmiş paytaxtı kimi tanınan, son illər bir çox beynəlxalq tədbirlərin keçirildiyi, multikulturalizm məkanı, tolerantlıq nümunəsi olan Bakı buradan aydın görünür.

Şəhidlər xiyabanında diqqətçəkən abidələrdən biri də 1918-ci ildə Bakını işğaldan azad etmək üçün gəlib burada şəhid olan türk əsgərlərinə ucaldılan abidədir. Azərbaycan və Türkiyə bayraqları daim burada qoşa dalğalanır.

Xiyabanda Azərbaycanın igid, cəsur oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da büstü ucalır.

Burada ziyarətçilərin ilk qarşılaşdıqları məzar İlham və Fərizəninkidir. Bu iki Azərbaycan gənci həm milli mücadilə, həm də sevgi, sədaqət rəmzidir!

Müqəddəs and yerinə çevrilən Şəhidlər xiyabanını illərdir ki, nəinki Azərbaycan vətəndaşları, ümumiyyətlə, xaricdən gələn rəsmi dövlət adamları, paytaxtın əcnəbi qonaqları, yaxın-uzaq ellərdə yaşayan soydaşlarımız da ziyarət edir, Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi anır, ruhlarına dualar oxuyurlar. Xiyaban daim qərənfil libasına bürünərək ziyarətçilərini gözləyir...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.- 30 sentyabr.- S.5.