Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan
avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,0 (on dörd) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar
2017-ci il
Azərbaycan.- 2017.- 6 yanvar.- S. 2.