Azərbaycan 2016-cı ildə inamla
inkişaf edib, beynəlxalq
mövqeləri daha da
möhkəmlənib, şanlı hərbi qələbə
qazanıb
Prezident İlham Əliyevin Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il
münasibətilə Azərbaycan
xalqına təbriki
-Əziz həmvətənlər.
2016-cı il tarixdə qalır. 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq.
Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.
2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilmişdir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artmışdır.
Bir sözlə, bütün çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir. Bir daha qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik.
2016-cı ildə bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir.
2016-cı il
bizim şanlı hərbi qələbə
ili kimi tarixdə
qalacaqdır. 1994-cü ildən bu günə
qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş
torpaqların bir hissəsini
işğalçılardan azad etmişdir. Aprel ayında
erməni silahlı təxribatının
qarşısını alaraq bizim ordumuz düşmənə
sarsıdıcı zərbələr vurmuş
və işğal edilmiş
torpaqların bir hissəsini azad etmişdir. Ağdərə,
Füzuli, Cəbrayıl
rayonlarının minlərlə hektar
torpağı işğalçılardan azad
edilmişdir. On minlərlə
hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir.
Biz şəhidlər
də vermişik. Allah şəhidlərimizə rəhmət
eləsin. Azərbaycan xalqı,
Azərbaycan əsgəri,
zabiti əsl qəhrəmanlıq göstərmişdir.
Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan
azad edilmiş torpaqlarında dalğalanır.
Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı
altında mən bir daha demişdim
ki, Azərbaycan xalqı və Azərbaycan dövləti
öz torpağında
ikinci erməni dövlətinin yaranmasına
heç vaxt icazə verməyəcəkdir.
Aprel döyüşləri bizim
şanlı tariximizdir.
Aprel döyüşləri bizim
tarixi qələbəmizdir.
Bu qələbə münaqişənin həllini
yaxınlaşdırır.
2016-cı ildə
bizim böyük idman qələbəmiz də olmuşdur. Rio Olimpiya Oyunlarında idmançılarımız tarixi
qələbə qazanmışdır.
18 medal qazanaraq Azərbaycan
bir daha sübut etdi ki, Azərbaycan idman dövlətidir və Azərbaycan idmançıları güclülərin
sırasındadır. Medalların sayına
görə Azərbaycan
dünya miqyasında
200 ölkə arasında
14-cü yerə layiq görülmüşdür. Azərbaycan Avropa ölkələri arasında 7-ci, postsovet məkanı ərazisində
2-ci, müsəlman aləmində
isə 1-ci yerdədir.
Bu, bizim böyük
idman qələbəmizdir
və eyni zamanda, bu qələbə
xalqımızın, dövlətimizin
gücünü göstərir.
Bu il
biz müstəqilliyimizin 25 illiyini qeyd edirdik.
Hərbçilərimiz, idmançılarımız bu bayram ilində
bizə qələbə
sevinci bəxş etmişlər.
2016-cı ildə
enerji təhlükəsizliyi
istiqamətində önəmli
addımlar atılmışdır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu ilin
əvvəlində ölkəmizin
təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub
Qaz Dəhlizinin Məşvərət Şurası
Bakıda keçirilmişdir
və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar
qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha
vurğulamışlar. “Cənub Qaz
Dəhlizi” Azərbaycanın
təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən
qlobal, beynəlxalq enerji layihəsidir. Bu, tarixi layihədir.
Layihə icra olunandan,
bütün işlər
başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir.
Beləliklə, bu il proqram
üzrə bütün
işlər yüksək
səviyyədə aparılmışdır
və əminəm ki, bu nəhəng
transmilli layihə vaxtında istifadəyə
veriləcəkdir. Eyni
zamanda, bu il bizim yeni
qaz yataqlarımızdan
çıxarılacaq qazın
həcmi də müəyyən edilmişdir
və beləliklə,
“Cənub” Qaz Dəhlizini qidalandıracaq
layihələr arasında
təkcə “Şahdəniz”
layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaqdır.
Hesab edirəm ki, bu il biz nəqliyyat təhlükəsizliyi istiqamətində
tarixi addımlar atmışıq. Bildiyiniz kimi,
uzun illər davam edən Şərq-Qərb nəqliyyat
dəhlizinin icrası
artıq başa çatır və Şimal-Cənub nəqliyyat
dəhlizinin istifadəyə
verilməsi istiqamətində
Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar
ki, Şərq-Qərb
və Şimal-Cənub
nəqliyyat dəhlizlərinin
Azərbaycan tərəfinə
düşən payı
üzrə görüləcək
işlər artıq görülübdür. Biz
qısa müddət ərzində bütün
işləri başa çatdırdıq və
beləliklə, gələcəkdə
əlavə səylər
qoyaraq çalışacağıq
ki, bu iki
önəmli magistral tezliklə işə düşsün.
2016-cı ildə
Azərbaycanda referendum keçirilmişdir. Referendum azad, şəffaf şəkildə aparılmışdır.
Bütün exit-pollar referendumun
rəsmi nəticələrini
təsdiqləmişdir. Beynəlxalq müşahidəçilər də qeyd etmişlər
ki, referendum azad, şəffaf şəkildə
həyata keçirilmişdir,
heç bir pozuntu olmamışdır
və Azərbaycan xalqının iradəsi referendumun nəticələrində
öz əksini tapmışdır. Referendumun nəticələri
bizim siyasətimizə
xalq tərəfindən
verilən böyük
dəstəkdir. Mən bu
dəstəyə, bu inama görə Azərbaycan xalqına bir daha öz
minnətdarlığımı bildirmək istəyirəm.
Bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm, bütün səylərimi
qoyacağam ki, bundan sonra da
dövlətimizin, xalqımızın
maraqları layiqincə
qorunsun.
2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu il ölkəmizdə
bir çox mötəbər beynəlxalq
tədbirlər keçirilmişdir.
Azərbaycan bir daha dünyaya sübut etmişdir ki, müxtəlif dinlərin,
millətlərin, etnik
qrupların nümayəndələri
bir ölkədə, bir səma altında
rahat, ləyaqətlə
yaşaya bilərlər.
Azərbaycan multikulturalizm ideyalarının
dünyada təbliği
işində müstəsna
rol oynayan bir ölkədir.
Əziz həmvətənlər, bu
gün Dünya Azərbaycanlılarının Həmrəylik
Günüdür. Mən bütün
dünya azərbaycanlılarını
səmimi qəlbdən
salamlayıram, onlara ən xoş arzularımı çatdırıram.
Onlar bilirlər və bilməlidirlər ki, onların arxasında möhkəm, güclü
Azərbaycan dövləti
dayanır.
Əziz bacılar
və qardaşlar, mən sizi Yeni
il bayramı
və Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə
ürəkdən təbrik
edirəm, sizə cansağlığı, xoşbəxtlik
arzulayıram.
Bayramınız mübarək
olsun!
Azərbaycan.-
2017.- 6 yanvar.- S. 1, 2.