İlham Əliyev Türkiyənin ən səmimi dostudur

 

Türk KİV-i Azərbaycan Prezidentini növbəti dəfə ağır günlərin dayağı elan etdi

 

Böyük türk dünyasının lider dövlətləri olan Azərbaycan ilə Türkiyə arasında dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və sürətlə genişlənən münasibətlər hər iki ölkəni daha güclü mövqe sahibinə çevirməkdədir.

Möhkəm təməllər üzərində qurulan münasibətlər fonunda Türkiyə və Azərbaycan istər xoş, istərsə də ağır günlərində hər zaman bir-birinin yanında olublarolmaqda da davam edirlər. Son günlərdə qardaş ölkədə törədilən  terror hücumları nəticəsində yaşanan ağır günlərdə Azərbaycanın bir daha Türkiyənin yanında olmasını  bəyan etməsi tamamilə təbii xarakter daşıyır.

Xatırladaq ki, bu günlərdə İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubunda xaincəsinə terror hücumu törədilib və nəticədə 39 nəfər həlak olub. Terror hadisəsini törədən şəxs gecə klubunda insanlara atəş açdıqdan sonra üst geyimini dəyişərək hadisə yerindən uzaqlaşıb. Terrorçunun ələ keçirilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür. Bu hadisə eyni zamanda  bayram şənliyi zamanı insanlığa qarşı törədilmiş daha bir qanlı terror aktı kimi də tarixə yazıldı. Azərbaycan bir daha bəyan etdi ki, terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındadır.

Onu da xatırladaq ki, baş verən bu dəhşətli terror olayı ilə bağlı  Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, əziz qardaşım, İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı. Biz dinc insanlara qarşı bu xain əməldən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

Azərbaycan Prezidentinin Rəcəb Tayyib Ərdoğana ünvanlanmış  başsağlığı məktubuna və burada yer alan fikirlərə Türkiyə mediasında da geniş yer ayrılıb. Bütün aparıcı media orqanları bu barədə ətraflı məlumat verib.

Hürriyet”, “A haber” və digər mətbu orqanlarda Azərbaycanın terroru pisləyən mövqeyinə geniş yer verilib və diqqət ona yönəldilib ki, Azərbaycan bu qanlı terror hadisəsini şiddətlə pisləyir. Bildirilir ki, Azərbaycan bir daha terrorla mübarizədə qardaş Türkiyənin yanındadır.

Sabah” qəzeti xüsusi olaraq vurğulayır ki, Prezident İlham Əliyev sivil vətəndaşlara qarşı törədilən bu akt fonunda bir daha terrora qarşı qərarlı və davamlı mübarizəni dəstəklədiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı nümunəvidir və belə hallar iki dövləti bir-birinə daha sıx bağlayır.

Akşam”, “Milliyet”, “Star”, “Türkiyə” kimi qəzetlərdə “İlham Əliyevdən başsağlığı mesajı”, “İhlas Xəbər Agentliyi”, “anadoludabugun.com.tr”, “ajanshaber.com”, “habervaktim.com”, “sondakikahaber.com.tr” xəbər agentliklərində və bir sıra televiziya qurumlarında “İlham Əliyev: Çox qəzəbliyik”, “Terroru qınayırıq” kimi başlıqlara yer verməklə Azərbaycanın həssas reaksiyasına diqqət ayırıblar.  Məlumatlarda ölkələrimizin bir-birini hər zaman dəstəklədiyi qeyd olunub.

Türk KİV xüsusi olaraq qeyd edir ki, Azərbaycan Prezidenti Türkiyənin ən yaxın və səmimi dostudur. Dünya liderləri arasında Azərbaycan Prezidenti qədər Türkiyənin sevincinə və kədərinə şərik olan ölkə başçısı yoxdur.  

Bunlar həm də onun göstəricisidir ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa, terrora qarşı birgə mübarizəyə də söykənir. Bu, əsl qardaşlıq, real əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də qarşılıqlı münasibətləri daha da möhkəmləndirir,  dünya miqyasında dövlətlərimizin nüfuzunun daha da yüksəlməsinə əlavə zəmin yaradır.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 6 yanvar.- S.3.