Bölgələrə 23 səfər, 64 obyektin açılışı

 

Prezident İlham Əliyev 2016-cı ildə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrlə şəxsən maraqlanıb və yeni müəssisələrin təməlini qoyub

 

Azərbaycan Respublikasının son 10 ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla reallaşdırılması ölkəmizin bütün bölgələrinin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.

 

Regionlara dəstək sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir

 

Bu gün regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verdi.

Bölgələrdə kənd təsərrüfatının, emal sənayesinin, turizmin, təhsil və səhiyyənin, həmçinin müxtəlif xidmət sahələrinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Bu da bir daha göstərir ki, regionların sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır və Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, yeni müəssisə və obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edir. Dövlət başçısının bölgələrə səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

Sosial-iqtisadi xarakterli yeni obyektlərin açılması ölkənin sənaye sahəsində çox ciddi işlərin aparıldığını göstərir. Artıq uzun müddətdir ki, Azərbaycanın iqtisadi inkişaf mərkəzi paytaxt Bakıdan regionlara keçib. Regionlarda yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, bankların filiallarının təsis edilməsi, infrastrukturun yaxşılaşdırılması, on minlərlə yeni iş yerlərinin açılması, sənaye məhsullarının istehsalının reallaşması Azərbaycanın regionda cəlbedici ölkəyə çevrilməsinə şərait yaradıb.

 

Reallaşan layihələr, sosial inkişafa təkan verən obyektlərin açılışı

 

Yola saldığımız 2016-cı ildə dövlət başçısı respublikanın əksər şəhər və rayonuna səfər edib. Tovuz, Gəncə, Ağsu, Ağdam (2 dəfə), Bərdə, Tərtər (2 dəfə), Qəbələ, İsmayıllı, Masallı, Biləsuvar, Salyan, Xaçmaz, Qusar, Sabirabad, Mingəçevir, Sumqayıt, Qazax, Ağstafa, Füzuli, Beyləqan, Zərdab şəhər və rayonlarına ümumilikdə 23 səfər edən dövlət başçısı mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin, parkların açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olmuş, təməlqoyma mərasimlərində iştirak etmiş, hərbi hissələrə baş çəkmiş və sakinlərlə görüşlər keçirmişdir.

Dövlət başçısının ötən il bölgələrə səfəri Tovuz rayonundan başlayıb. Fevralın 16-da Tovuz şəhərindəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olan Prezident rayonda yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, Tovuzçay Su Anbarının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının və Qovlar şəhərindəki Gənclər Evinin açılış mərasimində iştirak edib.

Fevralın 17-də isə ölkə rəhbəri Gəncə şəhərinə səfər edib. Prezident hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib və mənzillərdə yaradılmış şəraitlə tanış olub. Eyni zamanda dövlət başçısı 35/6 kV-luq “Nizami” yarımstansiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.

Son illər Gəncədə mədəniyyət və incəsənət müəssisələrinin tikintisi və müasirləşməsi prosesi də uğurla davam etdirilir. Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərlə də yaxından maraqlanıb. “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olan Prezident Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə maraqlanıb. Eyni zamanda Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi, “Gəncə-2016-cı il Avropa Gənclər paytaxtı” parkında və Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Regionlarda hərtərəfli iqtisadi və sosial inkişafa təkan verən bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir.

 

Ali Baş Komandan kimi ön səngərdə, Prezident kimi düşmənlə üz-üzə yaşayan vətəndaşın yanında

 

Prezident İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfər edib. Dövlət başçısı rayon mərkəzi xəstəxanasının yeni binasının, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin 115 kilometrliyində yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

May ayının 1-də isə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə baş çəkib. Hərbi hissənin şəxsi heyəti ilə görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı ordumuzun aprel zəfərindən söz açıb və Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlardan və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar. Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib. Dövlət başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə də baş çəkiblər.

Ali Baş Komandan Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində də mövcud durumla maraqlanıb. Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğulayıb və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirib. Eyni zamanda dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.

Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində düşmənin dinc əhalini hədəfə alması nəticəsində yaralanan Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin sakinlərinə baş çəkiblər.

Bu səfər bir daha Prezident İlham Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında xalqımızın və ordumuzun qəhrəmanlığının, şücaətinin, vətənpərvərliyinin təcəssümü idi. Ali Baş Komandanın Qarabağa, birbaşa cəbhə xəttinə gedişi şübhəsiz ki, dövlət başçısının bölgələrə sistemli və mütəmadi hal alan səfərləri kontekstində əlahiddəliyinə görə xüsusi fərqləndi. Çünki bu səfərin əsas məqsədi Prezidentin məhz Ali Baş Komandan statusunda öz əsgərləri və savaşda zərər çəkən vətəndaşları ilə görüşü idi. Ali Baş Komandan böyük hərbi riskə baxmayaraq, ön səngərə getdi, cəsarət və mərdliyi ilə şəxsi nümunə göstərdi, ümumilikdə xalqımızın və ordumuzun qorxmazlığını nümayiş etdirdi. Eyni zamanda dövlət başçısı onu göstərdi ki, Ali Baş Komandan kimi ön səngərdəki əsgərlərlə, Prezident kimi düşmənlə üz-üzə yaşayan sadə vətəndaşlarla birlikdədir.

 

Turizm və idman infrastrukturu layihələri uğurla icra olunur

 

Avqustun 10-da Qəbələ rayonuna səfər edən Prezident İlham Əliyev rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin, “Qafqaz Tufandağ Mountain Resort” hotelinin və Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib. “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edən dövlət başçısı icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub. Həmçinin “Şinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeni “Qafqaz Akva Lənd” hoteli və tikintisi davam etdirilən “Qafqaz Daymond Akvapark”dakı tikinti işlərinin gedişatı ilə maraqlanıb, Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.

Həmin gün Qəbələyə səfərini başa çatdıran dövlət başçısı İsmayıllı rayonunda da mühüm sosial obyektlərin açılışını edib. “İsmayıllı-2” Su Elektrik Stansiyasının, “İSMA BİKES” velosiped istehsalı zavodunun, əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılış mərasiminə qatılan Prezident İlham Əliyev rayondakı Olimpiya İdman Kompleksində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Sentyabrın 3-də isə Prezident İlham Əliyev Masallı, Biləsuvar və Salyan rayonlarına səfər edib. Öncə Masallıda Bayraq meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin açılışını edən dövlət başçısı, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksinin, tarix-diyarşünaslıq muzeyinin, 640 yerlik uşaq-incəsənət məktəbinin, şəhərin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılış mərasimlərinə qatılıb.

Biləsuvar rayonunda isə 132 çarpayılıq mərkəzi rayon xəstəxanasının, uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılış mərasiminə qatılan dövlət başçısı tarix-diyarşünaslıq muzeyinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yeni inzibati binasının, Babazanan yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun ərazisindən keçən 23,4 kilometrlik (31-ci kilometrdən 54,4-cü kilometrədək) hissəsinin açılışında iştirak edib. Prezident Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə də baxıb.

Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfər edib. Dövlət başçısı burada Heydər Əliyev Mərkəzinin yeni binasının, Nikah Evinin, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun və “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılış mərasimlərində iştirak edib. Eyni zamanda Bayraq meydanında və Bayraq Muzeyində və Yalama qəsəbəsindəki Heydər Əliyev adına Parkda yaradılan şəraitlə tanış olub, Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

Həmin gün Xaçmaza səfərini başa çatdıran dövlət başçısı Qusara gedib. Prezident əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun və Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışında, Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.

 

Kənd təsərrüfatının inkişafı və sənayeləşmə prosesində yeni mərhələ

 

Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfər edib. Öncə Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanış olan dövlət başçısı pambıqçılarla görüşüb. Prezidentin sədrliyi ilə Sabirabadın Mədəniyyət evində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə kənd təsərrüfatının inkişafında prioritet istiqamətləri müəyyənləşdirən dövlət başçısı sahibkarlara yaradılan şərait və gələcək planlar, görüləcək işlərlə bağlı geniş məlumat verib: “Kənd təsərrüfatının inkişafı Azərbaycanda prioritet sahədir. 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq. Azərbaycanda sənayeləşmə prosesi gedir. Biz indi sənaye müəssisələri yaradılması istiqamətində böyük işlər görürük. Emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlara çıxmalıyıq və çıxırıq”.

Sentyabrın 21-də Mingəçevir şəhərinə səfər edən Prezident İlham Əliyev yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak edib. Mingəçevir Şəhər Tarix Muzeyinin əsaslı yenidənqurmadan sonra təqdimatı olub. Dövlət başçısı yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və şəhərdə aparılan abadlıq, tikinti işləri ilə tanış olub. Prezident İlham Əliyev həmçinin Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.

Sentyabrın 27-də isə dövlət başçısı Sumqayıt şəhərinə səfər edib. Səfər çərçivəsində Prezident Heydər Əliyev Mərkəzinin yeni binasının, Dənizkənarı bulvarın və şəhər çimərliyinin, Şahmat məktəbinin və şəhər 3 saylı Uşaq İncəsənət məktəbinin açılışında iştirak edib. Əsaslı təmir edilərək yenidən qurulan Heydər Əliyev Parkı, Sumqayıt Dövlət Dram Teatrının binası və bir sıra küçələrdə aparılan yenidənqurma işləri ilə tanış olan dövlət başçısı Heydər Əliyev Mərkəzinin yeni binasında şəhər ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.

Oktyabrın 19-da Qərb bölgəsinə səfər edən Prezident İlham Əliyev öncə Qazax rayonunda olub. Qazax-Kosalar avtomobil yolu yenidənqurma və əsaslı bərpadan sonra istifadəyə verilmə mərasimində iştirak edən dövlət başçısı 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının və tarix-diyarşünaslıq muzeyinin yeni binasının açılışlarını edib. Eyni zamanda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olub.

Həmin gün Ağstafa rayonuna da səfər edən dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub. Prezident rayonda “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin, “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin, Musiqi Mərkəzinin açılışlarında iştirak edib. Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan Prezident “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının dəyirmanının təməlqoyma mərasimində iştirak edib.

 

Aprel döyüşləri şanlı qələbəmiz, Lələtəpə əməliyyatı qəhrəmanlıq rəmzimizdir

 

Noyabrın 12-də Ali Baş Komandan bir daha cəbhə xəttinə yollanıb. Füzuli rayonuna səfər edən Prezident İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olduqdan sonra komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyib. Sonra Ali Baş Komandan döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. Hərbçilərlə görüş zamanı Prezident bir daha işğalçı Ermənistan hakimiyyətinə ciddi mesajlar verib: “Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir. Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir”.

Hərbçilərlə görüşdən sonra dövlət başçısı rayonda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının və Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışlarında iştirak edib. Horadizdə inşa edilən avtovağzal kompleksi və məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olan Prezident rayondakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə maraqlanıb.

Həmin gün Prezident İlham Əliyev Beyləqan rayonuna səfər edib. Səfər çərçivəsində Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəb binasının, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimlərində iştirak edən Prezident “Beyləqan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərlə tanış olub, şəhərə içməli suyun verilməsini bildirən düyməni basıb. Prezident həmçinin “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfər ediblər. Dövlət başçısı və xanımı Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfər ediblər. Rayonun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının, Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edən dövlət başçısı və xanımı “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə də iştirak ediblər. Eyni zamanda aprel döyüşlərində ermənilərin atəşləri nəticəsində Tərtərdə ziyan dəymiş evlərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Silahlı Qüvvələrin Ali Baş Komandanı Tərtərdə yeni inşa olunmuş “N” saylı hərbi hissədə də olub.

Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna gediblər. Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin və yeni inşa edilmiş Bayraq Muzeyinin açılışında iştirak edən dövlət başçısı və xanımı Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.

Ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribat nəticəsində mülki obyektlərə, evlərə ciddi ziyan dəymişdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Ağdamın Mahrızlı kəndinə də gedib vəziyyətlə yerindəcə maraqlanmışdılar. Dövlət başçısı əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını vermiş, əlavə vəsaitin ayrlması ilə bağlı sərəncam imzalamışdı. Ordumuzun aprel döyüşlərində qazandığı parlaq qələbə insanlarda böyük ruh yüksəkliyi yaratmış, onlar da Ali Baş Komandanın rəhbərliyi altında hər an doğma torpaqlar uğrunda mübarizəyə qalxmağa hazır olduqlarını bildirmişdilər. Sakinlərin hərbi əməliyyatlar zamanı dağıdılmış evləri artıq qısa vaxtda yenidən tikilib və bərpa olunub. Prezident və xanımı rayona səfərləri çərçivəsində Mahrızlı kəndinə gedərək evlərdə yaradılan şəraitlə də tanış olublar.

 

Ötən il bölgələrdə 64 yeni obyekt açılıb, 3 müəssisənin təməli qoyulub

 

Hər il bölgələrin sosial infrastrukturunun, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə şəxsən yerində maraqlanan Prezident İlham Əliyev 2016-cı ildə də bu missiyasını uğurla gerçəkləşdirdi. 21 şəhər və rayona səfər edib, 64 yeni obyektin açılışında, 3 təməlqoyma mərasimində iştirak edib.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatda qazanılan uğurların miqyasını daha da genişləndirmək, o cümlədən respublikanın regionlarını sosial-iqtisadi baxımdan inkişaf etdirməkdir. Bu hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, iqtisadiyyatın və sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun, turizmin tərəqqisini təmin etmək, bir sözlə, kompleks inkişafa nail olmaq əsas vəzifələrdir. Bu istiqamətdə həyata keçirilən hər bir Dövlət Proqramı regionların inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsindən dotasiya almayacaq şəhər və rayonların sayının artması isə bunun əyani sübutudur. Əgər indiyədək ən çoxu 7 şəhər və rayon dövlət büdcəsindən dotasiya almırdısa, gələn ildən belə şəhər və rayonların sayı 34-ə çatacaq. Yerli gəlirləri hesabına büdcəsini təmin edən rayon və şəhərlərin sayı təxminən 5 dəfə artacaq.

Vaxtilə yalnız Bakının dotasiya almadığını, gələn il isə öz yerli xərcləri hesabına maliyyələşən şəhər və rayonların sayının 34-ə çatacağını nəzərə alsaq görərik ki, bu sahədə qarşıya qoyulan məqsədlər reallaşır. Məhz regional inkişaf strategiyasının uğurlu nəticələr verməsi büdcə dotasiyalarının həcmini azaldıb. Bu da öz növbəsində imkan verir ki, həmin vəsaitlər ölkənin inkişafı ilə bağlı digər istiqamətlərə yönəldilsin.

Prezident İlham Əliyevin respublikamızın rayon və şəhərlərinin iqtisadi inkişafı üçün yorulmadan həyata keçirdiyi və tək bugünə deyil, gələcəyə hesablanmış tədbirlər, həmçinin bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq müsbət nəticələrini verməkdədir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 6 yanvar.- S. 1, 4.