2016-cı il səmərəli islahatlar ili oldu

 

Respublikamız üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Xüsusən beynəlxalq iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan son illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

 

Sosial-iqtisadi sferada

 

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Məlum olduğu kimi, bu il də dünyanın əksər ölkələrinin iqtisadiyyatında inkişaf templəri azalıb, makroiqtisadi göstəricilər zəifləyib. Azərbaycan da dünya birliyinə, beynəlxalq iqtisadi sistemə geniş inteqrasiya etdiyindən qlobal miqyasda baş verən proseslərin ortaya qoyduğu reallıqları bölüşən iştirakçısına çevrilib. Ona görə bu reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən iqtisadi təlatümlər sözsüz ki, ölkəmizdən də yan keçmir. Xüsusən dünya bazarında xam neftin qiymətində kəskin dəyişikliklər baş verib, “qara qızıl” üç dəfədən çox ucuzlaşıb, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası baş verib. Təbii ki, bu, Azərbaycana da təsirsiz ötüşməyib və xarici valyuta daxilolmalarının azalmasına səbəb olub.

Yaranmış situasiya ölkəmizdə də iqtisadiyyatda gələcək neqativ ssenarilərə qarşı mütləq qoruyucu və qabaqlayıcı mexanizmlərin həyata keçirilməsini və gücləndirilməsini zəruri edirdi. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə ümumdünya iqtisadi böhranın Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas istiqamətlərini elan etdi.

Beləliklə, ilin əvvəlindən başlayaraq qeyri-neft sektorunda genişmiqyaslı və sürətli islahatlara başlandı. Bununla bağlı prioritetlər müəyyən edilməklə aşağıda qeyd olunan məsələlərə xüsusi diqqət yetirilib:

- sənaye istehsalının gücləndirilməsi, texnoparklar, regionlarda sənaye zonalarının yaradılması;

- xarici investisiyaların Azərbaycana, xüsusilə iqtisadiyyatın qeyri-neft sektoruna daha böyük həcmdə cəlb edilməsi, bunun hesabına əlavə müəssisələrin və iş yerlərinin yaradılması;

- iqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, idxaldan asılılığın aradan qaldırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi;

- biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması;

- sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi;

- yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatına, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin yaradılması;

- informasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində ciddi addımlar atılması, bu sektorun böyük potensialından səmərəli istifadə edilməsi;

- Azərbaycana böyük gəlirlər gətirəcək nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı ciddi addımlar atılması, ölkənin regionun tranzit mərkəzi statusunun möhkəmləndirilməsi;

- turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayənin cəlb edilməsi Azərbaycanın digər məqbul zonalarında turizmin inkişaf etdirilməsi.

Yeni iqtisadi siyasətlə əlaqədar həyata keçiriləcək islahatların ikinci istiqaməti maliyyə sektorunu əhatə edir. Qarşıda duran əsas vəzifələrdən biri maliyyə sisteminin və valyuta bazarının tənzimlənməsidir. Bu sahədə il ərzində atılan addımlar aşağıdakı məsələləri əhatə edib:

- bank sektorunda islahatlar, konsolidasiya aparılması;

- nağdsız ödəmələrin genişləndirilməsi;

- fiskal təşviq mexanizmlərinin tətbiqi;

- şirkətlərin nağdsız əməliyyatlar aparmasının stimullaşdırılması;

- gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması.

Bu gün artıq nəticələri hiss olunan islahatların bir istiqamətini də struktur dəyişiklikləri, idarəetmənin təkmilləşdirilməsi və neqativ hallarla mübarizə təşkil edir. Dövlət orqanlarının strukturu operativ, çevik və səmərəli siyasət aparılmasına şərait yaratmalıdır. Bir-birini təkrarlayan, yaxud bir o qədər də lazım olmayan dövlət qurumları birləşdirilməli və ya ləğv edilməlidir. İdarəçiliyin təkmilləşdirilməsi və neqativ hallara qarşı mübarizə sahəsində görüləcək işlər isə aşağıdakı məsələləri əhatə edib:

- dövlət orqanlarında idarəetmə sistemində struktur islahatlarının aparılması, daha çevik və operativ idarəçilik mexanizmlərinin tətbiqi;

- korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi və göstərilən xidmətlərin sayının daha da artırılması;

- maliyyə nəzarətinin daha da gücləndirilməsi, dövlət qurumlarının və şirkətlərinin xərclərinə ciddi nəzarətin həyata keçirilməsi, səmərəsiz xərclərin qarşısının alınması;

- istehlak qiymətlərinə nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması.

Ekspertlər də idarəçilik sahəsində həyata keçirilən struktur islahatları təqdir edirlər. Onların fikrincə, bu addımlar bir tərəfdən izafi xərclərin qarşısını alır, digər tərəfdən də dövlət idarəçiliyi sisteminin çevikliyini, səmərəliyini artırır. Bütün bunlara nail olunması və ölkə iqtisadiyyatının dayanıqlığının daha da möhkəmləndirilməsi üçün bu il ərzində qeyri-neft məhsullarının istehsalının və ixracının stimullaşdırılması, biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi sahəsində mühüm qərarlar qəbul edilib.

 

Hüquqi-siyasi sahədə

 

Bütün bunlar ondan xəbər verir ki, son illər müşahidə etdiyimiz iqtisadi yüksəlişin davamlığının təmin edilməsi, ortaya çıxan yeni çağırışların, o cümlədən dünyadakı iqtisadi kataklizmlərin vaxtında dəyərləndirilməsi və qabaqlayıcı addımların atılmasını mümkünləşdirən operativliyin təmin edilməsi qaçılmaz zərurətə çevrilib. Digər tərəfdən, Azərbaycan dövləti sosial-iqtisadi inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə ilə paralel aparıb. Bu iki istiqamət bir-birini tamamlayıb və quruculuğun inkişaf vəhdətini təşkil edib. İqtisadi yüksəlişi olmayan cəmiyyətdə demokratik meyarların intişar tapması mümkün olmadığı kimi, mükəmməl hüquqi-siyasi prinsiplərin prioritet olmadığı dövlətlərdə də əsaslı sosial-iqtisadi nailiyyətlər əldə edilə bilməz. Bu mənada Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən və sentyabr ayının 26-da ümumxalq səsverməsinə çıxarılaraq qəbul olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı göstərdi ki, 2016-cı ilin əvvəllərindən başlanan və əsasən sosial-iqtisadi sferanı əhatə edən islahatlar hüquqi-siyasi sferanı da əhatə edir.

Ümumiyyətlə, hüquqi nizamlama prosesi bəşər tarixində ilk qanunların qəbul edilməsindən etibarən cəmiyyət həyatının bütün sferalarında münasibətlərin tənzimlənməsində, sivil xarakter almasında və tərəqqisində əsas rolu oynamaqdadır. Bu prosesdə yer alan qanunlar həm çox, həm də müxtəlifdir. Əlbəttə ki, hüquqi nizamlamada yer alan sənədlər arasında ən alisi dövlətin mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivil münasibətləri müəyyən edən Konstitusiyadır.

Elə buna görə də Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu ali sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir. Bu mənada həyatın hər bir sahəsində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Konstitusiyaya zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. Çünki normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.

Azərbaycan da sivil və demokratik dövlətlər qrupunun subyekti kimi inkişaf prioritetlərindən irəli gələn çağırışlara adekvat cavab verir. Hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən ideyaların Azərbaycan Konstitusiyasının əsasında dayanması ölkəmizin bu ali sənədinin son dərəcə mütərəqqi olmasının vacib xüsusiyyətləridir. Əsas Qanunumuz ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alıb, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib. Azərbaycan Konstitusiyasının hüquqi fəlsəfəsində həm də başqa bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır.

Bu islahata əsasən Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edildi, eyni zamanda 6 maddə əlavə olundu. Bu dəyişiklik və əlavələr əsasən insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi məsələləri əhatə edirdi. Xüsusilə qeyd etməliyik ki, 23 dəyişikliyin 16-sı, yəni dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Bu mənada ümumxalq səsverməsi Azərbaycan dövlətinin və xalqımızın demokratiya yolu ilə inamla irəliləməsinin növbəti sübutu oldu.

Referendumun nəticələri - yəni seçicilərin 69,7 faizinin səsvermədə iştirakı və mütləq əksəriyyətin əlavə və dəyişikliklərə müsbət münasibət bildirməsi isə Prezident İlham Əliyevə cəmiyyətimizdə olan böyük inamın təsdiqi oldu. Başqa cür ifadə etsək, Konstitusiyaya edilən dəyişiklikləri ölkə vətəndaşlarının müsbət dəyərləndirməsi növbəti dəfə

İlham Əliyevə ümumxalq dəstəyinin nümayişinə çevrildi. Onu görə bu, xalqımızın öz Prezidentinə və iqtidarına etimadını bir daha müəyyənləşdirən tarixi səsvermə idi.

Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilən bu referendum bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə növbəti demokratik, şəffaf, ədalətli və azad siyasi hadisə kimi düşdü. Referendumun nəticələri Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Çünki ümumxalq səsverməsi ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticə etibarilə dövlət idarəçiliyinin daha da təkmilləşməsinə, yeni modelə əsaslanan inzibati institutların formalaşmasına, sosial-iqtisadi inkişafın davamlığına, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına mühüm töhfədir.

 

Strateji yol xəritələri

 

Qeyd etdiyimiz kimi, ötən il ərzində iqtisadi islahatların dərinləşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib. Əsasən qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə bir sıra vacib tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə qoyulub.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılıb. İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilib və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.

Əlavə edək ki, strateji yol xəritələrinin hazırlanmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib, 4 min nəfərlə 150-dək görüş keçirilib. Yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1000-dən çox yazılı təklif verilib. Strateji yol xəritəsinin hazırlanmasında Nobel mükafatçılarından başlamış, Azərbaycanın sadə vətəndaşlarına qədər ən müxtəlif insanlarla müzakirələr aparılıb. Hətta on-line qaydada təkliflər verilməsi üçün də imkanlar yaradılıb. Aparılan inklüziv müzakirələr strateji yol xəritəsinin həqiqətən də mükəmməl bir sənəd olmasını təmin edib.

Dekabrın 6-da isə Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Fərmanda deyilir: “Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır”.

Fərmanda həmçinin qeyd olunur ki, bununla belə, son dövrlər istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Buna görə də dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaradılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

Beləliklə, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına, habelə ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin inkişafına dair strateji yol xəritələri təsdiq olunub. Bunların hər birində strateji baxışa uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.

Strateji xəritələrin hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bundan sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının strateji yol xəritələrinə uyğun olacaq. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatında keyfiyyətcə yeni mərhələnin əsası qoyulur. İndiyə qədər qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin. Strateji yol xəritələri isə qarşıdan gələn dövrdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə və qeyri-neft ixracının artımına səbəb olacaq. Ən əsası qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqelərimiz daha da güclənəcək, beləliklə, Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 7 yanvar.- S.1, 3.